Müstəntiq oğrunu müdafiə edir

 

Zərərçəkmiş şəxs nazir Ramil Usubovdan və Baş prokuror Zakir Qaralovdan kömək istəyir

Ölkədə insanların maddi durumu, sosial vəziyyətləri ağırlaşanda, dələduzluq halları da geniş vüsət alır. Ən maraqlısı isə odur ki, bir çox hallarda hüquq-mühafizə orqanları sadə vətəndaşları müdafiə etmək əvəzinə, dələduzlara havadarlıq edir, onları məsuliyyətdən yayındırmağa çalışırlar.

Belə hallar barədə redaksiyamıza daxil olan bir şikayət məktubu ilə sizi də tanış etmək istəyirik. Onu də diqqətinizə çatdıraq ki, dələduzluğun qurbanı olan Ucar rayon, Qazyan kənd sakini Cəfərov Cavid Tahir oğlu bu məktubu ilə Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubovdan və Azərbaycan Respublikasının Baş Prokuroru  Zakir Qaralovdan kömək istəyir.

Şikayətçi yazır:

-2017-ci ilin yanvar ayında atam Cəfərov Tahir Heydər oğluna məxsus "Mersedes Benz C 200" markalı "90 KE 568" dövlət qeydiyyat nömrə nişanlı avtomobili əzilmiş vəziyyətdə təmir olunması üçün Bakı şəhərinə gətirdim. Maşını müvəqqəti saxlanılması üçün Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yerləşən "Versal" şadlıq sarayının yaxınlığındakı yeni tikilən binanın avtomobillər üçün nəzərdə tutulan dayanacağın nəzarətçisi Rauf adlı şəxsə təhvil verdim. Dayanacaq pulu və rənglənməsi üçün maddi imkanım olmadığına görə, maşın bir müddət qaldı həmin avtomobil dayanacağında. Bu müddət ərzində bir neçə dəfə Bakı şəhərinə gələrək həmin dayanacaqda olmuşam. Bunu dayanacağın nəzarətçiləri də görüblər.

22 iyul 2018-ci il tarixində maşını götürmək üçün dayanacağa gəldikdə  avtomobilin dayanacaqda olmadığını aşkar etdim. Dərhal avtomobili təhvil verdiyim Rauf adlı şəxslə əlaqə saxladım. Rauf Bakı şəhərində olmadığını, maşının isə guya mənim yaxın qohumum olan Gürcüstan vətəndaşı və həmin binada yaşayan Nazim Musayev tərəfindən götürüldüyünü bildirdi.  Bir yolla Nazim Musayevin nömrəsini tapdım, onunla əlaqə saxladım və o da, telefonda mənə dedi ki, Gürcüstandadır, polisə şikayət etməyim, gəlib maşının pulunu verəcək. Nazım Musayev gəldi və biz görüşdükdə o mənə bildirdi ki, beş-üç günə pulumu verəcək. Lakin beş-on gündən sonra mənə zəng edib bildirdi ki, "1500 (min beş yüz) manat pulum var, gedək maşın bazarına, sənə maşın alım verim".

Mən ona etiraz etdim ki, atamın maşınının 10-12 min qiyməti vardı. Niyə 12 000 (on iki min) manatlıq maşının əvəzinə 1 500 (min beş yüz) manatlıq maşın alıb verirsən? O, mənim bu sözümü eşidib telefonu söndürdü və onun mobil nömrəsinə bir daha zəng çatmadı. Sonra eşitdim ki, o, Azərbaycanı tərk edib. Bundan sonra mənim Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə rəsmi şikayətim əsasında bu işlə əlaqədar ibtidai istintaq başlandı.

Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Nuru Həsənov həmin binada menecer işləyən Gülağa Güləliyevin izahatını aldı. Gülağa Güləliyev öz izahatında göstərib ki, atama məxsus "Mersedes Benz C 200" markalı "90 KE 568" dövlət qeydiyyat nömrəli avtomobil həqiqətəndə Binəqədi rayon 7-ci mikrorayon ərazisində olan və "Versal" şadlıq sarayının yaxınlığında yerləşən yeni tikilən binanın avtomobil  dayanacağında saxlanılması üçün yerləşdirilib. Sonra Gürcüstan vətəndaşı Nazim Musayev tərəfindən dayanacaqdan götürülüb.

Müstəntiq Nuru Həsənov obyektiv araşdırma aparmadan tək Gülağa Güləliyevin izahatı ilə kifayətlənib və qanunsuz olaraq 09 oktyabr 2018-ci il tarixli "cinayət işinin başlanmasının rədd olunması haqqında" qərarını verib. Bu qərarı verəndən sonra müstəntiq Nuru Həsənov mənə bildirdi ki, "bu, mülki işdir, get ver məhkəməyə". Halbuki, ibtidai istintaqdan məlum olur ki, maşın Nazim Musayev tərəfindən oğurlanıb. Avtomobillər üçün dayanacağın nəzarətçiləri isə Nazim Musayevlə əlbir olaraq ona bu maşını oğurlamağa şərait yaradıblar.

Baş müstəntiq Nuru Həsənov isə bu cinayətkarların mənə qarşı etdikləri cinayəti obyektiv araşdırmaq əvəzinə törədilən cinayəti ört-basdır edib. Bütün bunlardan görünür ki, Binəqədi RPİ-nin baş müstəntiqi polis mayoru Nuru Həsənov işi obyektiv araşdırmadan bir nəfər, Gulağa Güləliyevin izahatını almaqla kifayətlənib. Ancaq araşdırılması zəruri olan digər hallara nəzər yetirməyib. Belə ki, avtomobillər üçün dayanacağın nəzarətçisi olan Rauf adlı şəxsin və oğurluq cinayətini törədən Musayev Nazim Xaləddin oğlunun izahatlarını almayıb.

Eyni zamanda, Nazim Musayev atama məxsus maşını dayanacaqdan götürəndə deyib ki, mənim qohumumdur. Bu, onun öz törətdiyi cinayətini ört-basır etmək üçün uydurduğu bir yalandır. Mənim Nazim Musayev adında qohumum yoxdur. Maşını dayanacağa yerləşdirəndə Nazim Musayev orda iştirak etməyib. Mən Nazim Musayevi maşını oğurlayandan sonra tanımışam. Bütün bu halları müstəntiq Nuru Həsənov araşdırmayıb.

Mən Binəqədi Rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi Nuru Həsənovun 09 oktyabr 2018-ci il tarixli "cinayət işinin başlanmasının rədd olunması haqqında" qərarının qanunsuz hesab edilməsi və ləğv olunması üçün Binəqədi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim və mənim bu müraciətim icraata götürülərək iddiam təmin olunub. Yəni Binəqədi Rayon Məhkəməsinin (hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun) 18 dekabr 2018-ci il tarixli 6(001)50/2018 iş nömrəli qərarı ilə Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi polis mayoru Həsənov Nuru Əziz oğlu tərəfindən "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 09 oktyabr 2018-ci il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edildi və qərar material üzrə araşdırmanın davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə göndərildi.

Binəqədi Rayon Məhkəməsinin bu qərarını alana kimi müstəntiq Nuru Həsənov mənə deyirdi ki, hakim Mirheydər Zeynalov Bakı şəhəri Binəqədi RPİ-nin qərarını qüvvədə saxlayıb. Aprel ayında Binəqədi rayon Məhkəməsinin qərarını gətirdim Binəqədi Rayon Polis İdarəsinə. Polis İdarəsinin İŞ-nin rəisi Müşviq müəllimlə görüşərək ona bildirdim ki, Binəqədi Rayon Məhkəməsinin bu qərarını niyə icra etmirsiniz?

Müşviq müəllim mənə bildirdi ki, o qərar bizə gəlməyib. Nə vaxt qərar bizə gələcək, biz onun icrasına başlayacağıq. Onun bu cavabından sonra mən Binəqədi Rayon Məhkəməsində oldum. Məhkəmədən mənə bildirdilər ki, qərar göndərilib Binəqədi rayon Prokurorluğuna. Eyni zamanda məhkəmədən 07 yanvar 2019-cu ildə məhkəmə qərarının Binəqədi rayon Prokurorluğuna göndərilməsi ilə bağlı bildirişi mənə verdilər.  Elə həmin gün mən bununla bağlı Binəqədi rayon Prokurorluğuna müraciət etdim.

Prokurorluqdan mənə bildirdilər ki, biz həmin qərarı Binəqədi Rayon Polis İdarəsinə göndərmişik. Mən təkrar Binəqədi rayon Polis İdarəsində olduqda isə mənə bildirdilər ki, məhkəmənin qərarı müstəntiqə bu gün "votsap"la göndərilib. Sonra Nuru Həsənovla bir dəfə Nazim Musayevin evinə getdik. O, Nazim Musayevin evində onun valideynlərinə bildirdi ki, məndən bunu xahiş etmişdilər ona görə bu işin üstünə getmirdim. Amma şikayətçi əl çəkmir.

Ona dəymiş ziyan ödənilməlidir. Əks təqdirdə, Nazim Musayevə cinayət işi açılacaq. Orda müstəntiq Nuru Həsənov mənə söz verdi ki, narahat olmayım, mənə dəyən ziyan ödəniləcək, ya da maşını dayanacaqdan oğurlayan Nazim Musayev haqqında cinayət işi açılacaq. Lakin may ayının əvvəllərində mənə Binəqədi rayon Prokurorluğundan məktub daxil olur ki, Binəqədi RPİ-nin İŞ-nin 29 dekabr 2018-ci il tarixli qərarı ilə «cinayət işinin başlanması təkrarən rədd olunub və sizə də izah olunub".

Cənab Nazir, Cənab Baş Prokuror!

Binəqədi RPİ-nin İŞ-nin 29 dekabr 2018-ci il tarixli cinayət işinin rədd olunması ilə bağlı qərarı bu günə kimi də mənə verilməyib. Binəqədi rayon prokurorunun müavini Elgiz Qənizadənin beş cümləlik məktubu mənə göndərilib və mən bu məktubu mətbuat vasitəsi ilə sizə çatdırıram ki, bu məktubda mənə nəyi izah ediblər? Utanmadan mənə yazdıqları məktubda qeyd edirlər ki, mənə izah ediblər. Eyni zamanda Binəqədi rayon Məhkəməsi "18 dekabr 2018-ci il tarixli 6(001)50/2018 nömrəli qərarı" Binəqədi rayon Prokurorluğuna yeddisi yanvar 2019-cu il tarixində göndərirsə, Binəqədi RPİ-nin İŞ-i təkrar olaraq cinayət işinin başlanmasının rədd olunması haqqında 29 dekabr 2018-ci il tarixində necə qərar verə bilər? Belə təhqiqat və istintaq nəinki real həyatda, heç insanın xəyal dünyasında da reallaşa bilməz. Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Nuru Həsənovun verdiyi bu qərar, ölkəmizin hüquq-mühafizə orqanlarına qara ləkədir.

Binəqədi Rayon Məhkəməsinin "18 dekabr 2018-ci il tarixli 6(001)50/2018 nömrəli qərarı" Binəqədi Rayon Polis İdarəsinə göndərilməsinə baxmayaraq, bu günə kimi hər hansı bir araşdırma aparılmayıb. Ona görə də sizdən xahiş edirəm, Binəqədi rayon Prokurorluğunun və Binəqədi RPİ-nin mənə qarşı etdikləri qanunsuzluqların qarşısını alasınız və atama qarşı dələduzluq etmiş Nazim Musayevin cinayət əməllərini ört-bastır edən müstəntiq Nuru Həsənov haqqında ciddi tədbirlər görəsiniz.

Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm!
Hörmətlə, Ucar rayon,
Qazyan kənd sakini
Cəfərov Cavid Tahir oğlu
Redaksiyadan: Məktubda adları çəkilən bütün tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

T.Abbaslı

0.16988897323608