Biləsuvarda 23 nəfər qolugüclü balıqyetişdirmə "kralı"

 

Rayon rəhbərliyi Prezident Administrasiyası rəhbərinin tapşırığını necə "icra" edir?

 Azərbaycanın qeyri-neft sektorunda, xüsusilə aqrar sahədə vəziyyət bir o qədər də ürəkaçan deyil. Hər il bu sahəyə ayrılan maliyyə vəsaitlərinin həcmi artsa da, aqrar sahədə vəziyyət dəyişmir. Hökumət hər il bu sahəyə ayrılan maliyyə vəsaitlərinin həcmini artırsa da, ölkə xaricindən idxal olunan ərzaq məhsullarının asıllığından qurtara bilmir. Halbuki, Azərbaycanın iqlim şəraitinə və büdcəsinə görə kənd təsərrüfatı sahəsində güclü inkişafa nail olmaq mümkündür. Bəs, buna mane olan nədir? Nəzərə alsaq ki, bu sahə ölkə iqtisadiyyatının inkişafında mühüm rola malikdir. O zaman aqrar sektora hazırki münasibət təəccüb döğurmaya bilməz. Biləsuvar rayonunda bu sahədə saç-saqqal ağardan qocaman mütəxəssislərlə söhbətim zamanı dedilər ki, aqrar sahəyə yönəldilən vəsait konkret adamların cibinə, onların yırtıcı iştahına deyil, düzgün istifadə olunaraq xərclənsə, müsbət nəticələr əldə etmək olar. Təcrübəli kənd təsərrüfatı mütəxəssisinin sözlərinə  görə, dünyada istesal edilməsi mümkün olan kənd təsarrüfatı məhsullarının  90%-dən coxunu Azərbaycanda istehsal etmək mümkündür. Buna ölkənin iqlim şəraiti də tam imkan verir, dövlət büdcəsində də istənilən qədər vəsait var, təki istək olsun. Bu istək isə yoxdur. Məmurların kənd təsərrüfatına biganəliyi, ögey münasibətləri, ayrılan vəsaitlərin məqsədəmüvafiq xərclənməməsi nəticəsində bu gün ölkəmiz bu sahədə ən geridə qalmış ölkələr səviyyəsindədir. Ölkəmizdə mövcud olan böyük potensiallar müqabilində adambaşına gündə təxminən 1 manat 80 qəpik dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunur. Onun da qeyri-ərzaq hissəsini çıxanda bu rəqəm daha aşağı düşür. Bunu mən yox, statistik məlumatlar deyir. Mütəxəssislərin qənaətincə kənd təsərrüfatında xüsusi mülkiyyətə əsaslanan istehsala əngəllər yaradılmasa, insanlar kifayət qədər yüksək məhsuldarlıq əldə edə bilərlər. Bu sahəyə ciddi təsir göstərən amillərdən biri də kənd təsərrüfatının maliyyə təminatı məsələsidir. Ölkə iqtisadiyyatına qoyulan sərmayələrin cəmi 5-6% kənd təsərrüfatına yönəldilir.

Kənd təsərrüfatı ilə məşğul olan insanlar hesab edirlər ki, torpaqlar şoranlaşmadan təmizlənsə, erroziyanın qarşısı alınsa, ekoloji problemlər həll edilsə, kənd təsərrüfatının inkişafına sözün həqiqi mənasında bu sahədə bilikləri olan  mütəxəssislərin hesablamaları ilə lazımı miqdarda vəsait ayrılsa, təxminən 5-6 il sonra müsbət nəticələr əldə etmək mümkündür. Biləsuvarlılar yaxşı xatırlayırlar ki, rayonun İmişli rayonu ilə sərhəddə təxminən 2500-3000 ha sahə əkinə yararsız vəziyyətdə olduğundan hələ sovet dönəmində istifadəsiz ,atılmış vəziyyətdədir. Həmin sahələr "Azərsun Holdinq"ə verilib. Orada bir müddət aqrotexniki və meliorasiya işləri aparıldı, Türkiyədən mütəxəssislər dəvət olundu. Bir necə ilə yararsız torpaq tam münbit sahəyə cevrildi. Hazırda "Azərsu Holdinq" respublikamızı ərzaq və kənd təsərrüfatı məhsulları ilə təchiz edir.

Yüksək vəzifəli dövlət rəsmilərinin kənd təsərrüfatına laqeyd münasibəti və yerli məmurların özbaşınalığı səbəbindən bu gün bazarları geni dəyişdirilmış məhsullar bürüyüb. Belə getsə, bir necə ildən sonra yerli bitki sortlarına-qarpız, yemiş, pomidora, soğana və digər məhsullara rast gəlmək müşkül məsələyə çevriləcək. Çünki geni dəyişdirilmiş məhsullar bütün region bazarını belə bürüyüb. Amma bu məhsullar insanların başına nə oyunlar gətirəck bunu hec kim bilmək istəmir. Yaxşı olardı ki, boş vaxtlarında hörmətli kənd təsərrüfatı naziri İnam Kərimov, meliorasiya və su təsərrüfatı acıq səhmdar cəmiyyətinin sədri Əhməd Əhmədzadə, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Biləsuvar rayonuna da baş çəksin və rayonun Xırmandalı kəndinin Mahmudcala deyilən ərazisidə qeyri-leqal yollarla Balıq Yetişdirmə göllərinin yaradıldığını öz gözləri ilə görsün. 500 ha-dan cox ərazini əhatə edən bu qanunsuz göllərin sahibləri hec bir dövlət orqanını "tanımır", bununla belə, onlara "gözün üstə qaşın var"deyən də yoxdur. İlin bütün fəsillərində, əkin sahələrinin suyu bu göllərə axıdılır. Göllərə yaxın əkin sahələri şoranlaşdırılır. Buradakı sular əkin sahələrinin ətrafındakı mühafizə kanallarına axıdılır. Biləsuvar rayonun, Cərcili deyilən ərazisindəki əkin sahələri də balıq yetişdirmə gölləri ilə mühasirə olunub. Yəni 23 nəfər qolugüclü balıqyetişdirmə göllərinin "kralları"dır. Bir necə il bundan əvvəl, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev rayon rəhbərliyinə qanunsuz balıq yetişdirmə göllərinin ləğv edilməsi barədə məktub göndərmişdi. Bir- iki nəfər haqqında məhkəmədə qanunsuz göllərin ləğv edilməsi haqqında məhkəmə qərarı da cıxarıldı. Amma, amması ondan ibarətdir ki ,guya göllər ləğv edildi, əvvəlki vəziyyətinə gətirildi. Əslində, birindən alındı, başqa birisinə satıldı, vəssalam-şüttamam. Prezident Administrasiyasının rəhbərinin tapşırığı da beləcə "icra" olundu... Bu anormal şəraitin dəyişdiyi, kənd təsərrüfatına diqqət və qayğının düzgün formada qurulduğu halda, 5-6 ildən sonra Azərbaycanda kənd təsərrüfatı sahəsində inqilabi nəticələrə nail olmaq mümkündür. Mütəxəssislər qeyd edirlər ki, bu halda hər il orta hesabla 12 məhsul üzrə 8-10% real artım ola bilər. Bunun da nəticəsində aqrar sahə dirçəliş yoluna qədəm qoyar. Nəticədə ölkə əhalisi özünü ərzaq məhsulları ilə, həm yünğül sənayeni  xammala təmin edəcək, həm də idxal imkanları genişlənəcək.

Bunun üçün əsas olan aqrar sahə üzrə müsbət məqamları inkişaf etdirməyə, mənfi maraqları aradan qaldırmaq istiqamətində islahatlar proqramının işlənib hazırlanmasına və onun sistemli şəkildə mərhələlərlə 4-5 il müddətində həyata kecirilməsinə ciddi ehtiyac var. Bu zaman kicik, orta və iri təsərrüfatlara xüsusi yerlər ayrılmalıdır ki, aqrar sektorda iri, orta və kicik kapitalın effekti kombinasiyasına nail olunsun. Söhbətləşdiyim ağsaqqalların sözlərinə görə,  Azərbaycanda kənd təsərrüfatını nəinki 10 milyonluq, hətta bundan 2-3 dəfə cox əhalini təmin etmək səviyyəsində inkişaf etdirmək olar. Bunun ücün məmurlardan şəxsi maraqları bir kənara qoyub, mili maraqları önə çəkmələri ücün iradə tələb olunur. Əgər bu varsa ...

 

Əlizadə Nəhmədağaoğlu

0.19835209846497