İllər öncənin deyimidir, “Çörək bol olarsa, basılmaz vətən”. Bu misraları hətta orta məktəblə paralel şəkildə təhsil aldığım musiqi məktəbinin divarında bir başqa - “Çörək olarsa, mahnı da olar” formasında görəndə, o nemətin bizimçün ən qiymətlilərin hamısının var olmasına əsas şərt hesab edildiyini anlamışdım. İllər keçdikcə də bu anlayış daha müxtəlif formalarda təzahür edirdi - dərsini çətinliklə danışan sinif yoldaşıma müəllimin “nə olub, a bala, səhər çörək yeməmisənmi” iradıyla, universitetdə rəhmətlik Qulu Xəlilovun bəndənizə, “a qızım, rayon uşağısan, niyə belə zəifsən, çörək yemirsənmi” marağıyla.
İndi haqqında nə deyirlərsə desinlər (Dietoloqların bostanına daş atmaq fikrim yoxdur, əslində), o əziz nemətin, çörəyin bütün həyatımızda hansı rolda olduğuna misallar çəksəm, məşhur dram qəhrəmanımız demişkən, meşələr qələm, dəryalar mürəkkəb olsa da, onun qiymətini vəsf etməyə bəs etməz...
Bu yazını yazdıqca, uşaqlıqda bizə danışılan, indi müəllifini dəqiq xatırlamadığım bir əhvalat da (Böyük ehtimalla, keçmiş SSRİ rəhbəri L.İ.Brejnev) yadıma düşür; deməli, ağır müharibə illərində uşaqlarını başına yığan ana çox cüzi çörək payını bölüşdürəndən sonra onların doymadığını görəndə, maraqlı bir üsula əl atır. Uşaqlarına deyir ki, çörəyin “evdən qaçmasını istəmirsinizsə, onu yığın ovcunuza, atın ağzınıza”...
Bizlərdə, azərbaycanlılarda isə, çörəyin yerə düşməsi, ayaq altında qalması ən böyük, miqyası bilinməyən günahlardan biridir. Yerə düşmüş çörəyin bir qırıntısını görəndə belə, ona doğru əyilib yerdən qaldırmaq, öpüb göz üstə qoymaq böyüklərdən eşitdiyimiz ən vacib nəsihətlərdən biridir...
Bugünlərdə isə, çörəklə, daha doğrusu, onun ilkin xammalı olan taxılla bağlı müxtəlif səpkili xəbərlər eşidirik. Eşidirik ki, Aran rayonlarında, yəni əsas taxılçılıq bölgələrində məhsuldarlıq yüksək olsa da, taxılı biçməkdə çətinliklər yaranıb. Yeri gəlmişkən, taxılın əsas hissəsi, yəni 50 faizdən çoxu da Aran rayonlarındadır. Təsərrüfat sahibləri də məhsulun gün-gündən məhv olmasının əsas səbəbinin təbii deyil, süni maneələrdə olduğunu deyirlər. Yəni kombayn çatışmazlığı səbəbindən fermerlər biçin apara bilmirlər. Bu səbəbdən, yüksək məhsuldarlıq gözlənsə də, kombaynlar vaxtında biçmədiyi üçün məhsulun yarı faizi sıradan çıxıb. Bir az da keçsə, yəni texnika gec tapılsa, kombayn sahəyə girən kimi sünbüllər qırılıb töküləcək. Bir sözlə, Biləsuvar, Bərdə və İmişlidə yaşanan problem fermerləri narahat etməkdədir. Deyilənə görə, kombaynlar iri aqroparkların və vəzifəli şəxslərin sahələrini biçir və kiçik sahələrə növbə çatmır...
Bu arada “Aqrolizinq” ASC-nin balansında olan kombayn və texnikalar vasitəsilə ilk növbədə 50 hektardan aşağı sahəsi olan fermerlərin taxıl sahələrinin biçiləcəyi və bundan sonra iri taxılçılıq təsərrüfatlarına xidmət göstəriləcəyi də bildirilib. Taxıl biçinindən öncə isə, Kənd Təsərrüfatı Nazirliyindən rəsmi olaraq məlumat verilmişdi ki, bu il taxıl biçini zamanı kombayn verilməsində problem yaranmayacaq. Yəni biçin zamanı problemlərin olmaması, kombayn çatışmazlığı yaranmaması üçün müəyyən qərarlar verilib. Belə ki, “Aqrolizinq”in bazasında olan 595 kombayn operativ lizinqə verilib. Kombaynları lizinqə götürən mexanizatorlar qarşısında isə şərt qoyulub ki, ilkin mərhələdə 50 hektardan artıq sahələrdə biçin aparmasınlar. Digər tərəfdən, kombayn hansı rayon ərazisindən götürülübsə, biçin də həmin rayonun ərazisində aparılmalıdır.
Məlumatda həmçinin bildirilmişdi ki, ölkədə 1 milyon 83 min hektarda taxıl əkilib, taxıl sahələrinin 89 faizi də 50 hektardan aşağıdır. Cəmi 11 faiz 50 hektardan böyük taxıl sahəsidir. Böyük fermer təsərrüfatlarına nazirlikdən edilən tövsiyə də diqqət çəkib. Tövsiyə də odur ki, onlar öz kombaynlarını alsın, dövlətin sosial xarakterli layihələrindən yararlanmasınlar.
Hektara görə biçin qiymətinin ötən il 30 manat olduğu, amma mexanizatorların sahəni 40-70 manata da biçdikləri həmin məlumatda qeyd edilib. Bu il isə, hektara görə maksimum 38 manat müəyyənləşib, yəni bundan yuxarı qiymət olmayacaq. Rəsmi məlumata görə, kombaynlara GPS aparatı quraşdırılıb və dislokasiya ərazisindən kənara çıxmağa nəzarət olunur. Bir müddət öncə verilən açıqlamada o da qeyd edilib ki, Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, taxıl biçiniylə bağlı yaradılan operativ qərargahın əməkdaşları işə nəzarət edəcək.
Bir sözlə, taxıl biçinindən öncə verilən açıqlamada hansısa bir problemin yaranmayacağına əminlik ifadə olunurdu. O da deyilirdi ki, mexanizatorlar biçin qiymətində sərbəstdir, yəni 30-32 manata da biçə bilərlər, amma qiymət 38 manatdan yüksək ola bilməz. Onların böyük sahələrdə qalmaması üçün 6-7 manatla kiçik stimullaşdırmanın nəzərdə tutulduğu da deyilib...
Rəsmi açıqlamalar belə, qeyri-rəsmi məlumatlar başqa formada, vəziyyət isə göz qabağındadır. Uzun-uzadı danşmaq fikrimiz də yoxdur, səbəblərdən, problemlərdən bəhs etdik, nəticədən isə söz açmağa tərəddüd edirik. Yalnız real durumu təcili dəyişməklə bu tərəddüdü yox etmək mümkündür. Əlaqədar orqanlar, təşkilatlar, mərkəzlər vaxt itirmədən bu vacib problemi həll etməlidir. Səngərdəki əsgər, məktəbdəki şagird, bütün ölkə, bir sözlə, cümlə-camaatımız çörək gözləyir axı. O da bol olmasa...
Sözardı: Eh, Səməd Vurğun, torpağa o qədər dən düşüb ki... Kimsə yox ona əyilməyə...
Nigar Vaqifqızı