Sürücülər Dövlət Yol polisi Beyləqan bölməsinin fəaliyyətindən narazılıq edir

 

 Beyləqanda DYP əməkdaşlarının faəliyyətində olan ciddi nöqsanlar, qanunazidd hallar, haqlı olaraq sürücülərin kütləvi narazılığının artmasına səbəb olub. Narazılıq doğuran əsas səbəblərdən biri isə, heç bir əsas olmadan rayonun mərkəzi bazarının qarşısındakı darısqal yola qoşa xəttin çəkilməsi və bunun hesabına avtomobillərin hərəkətinin çox sıx olduğu yerdə hərəkətin qəsdən məhdudlaşdırılmasıdır. Sürücülər bildirirlər ki, Beyləqanla qonşu olan rayonların heç birində bazarların qarşısından qoşa xətt çəkilməsinə təsadüf edilmir və həmin rayonlarda sürücülər Beyləqandakı rəzaləti yaşamırlar.

Redaksiyamıza şikayət edən sürücülər bildirirlər ki, Azad Məmmədovun rəhbərlik etdiyi DYP Beyləqan bölməsinə məxsus 99 - YP - 636 dövlət nömrə nişanlı BMV markalı, Ələhim adlı əməkdaşın idarə etdiyi avtomobilə quraşdırılan "İ-Patrul" gün ərzində hər yarım saatdan bir bazarın qarşısında çəkiliş aparır və bu zaman bazara öz məhsulunu satışa çıxaran və alverə gələn kasıb rayon əhalisinə hər gün 50-60 manat cərimə yazılır. Beləliklə, rayon əhalisinin çox çətin şəraitdə olan maddi durumu DYP işçiləri tərəfindən daha da pisləşdirilir.

Rayondakı sürücülərin əksəriyyəti təsdiq edir ki, DYP Beyləqan bölməsinin əməkdaşları sərxoş və içkili sürücülərin müəyyən edilib cərimə kəsilməsi zamanı 500 (beş yüz) manatdan aşağı cərimə müəyyən etmirlər və aldıqları cərimələrin əksəriyyətini dövlətin hesabına keçirmək əvəzinə mənimsəyirlər.

Beyləqandan redaksiyamıza telefonla zəng edib DYP əməkdaşlarından şikayət edənlərin sayı hər gün artır. Zəng edənlər arasında Beyləqan şəhəri, rayonun Təzəkənd ( kənd əhalisi DYP əməkdaşlarının hərəkətləri haqqında ölkə Prezidentinə və digər dövlət orqanlarına etdikləri şikayətin nəticəsini gözləyirlər), Daşburun, Bolsulu, Milabad, Qəhrəmanlı yaşayış məntəqələrinin, rayondakı hərbi hissələrdə qulluq edən zabitlər çoxluq təşkil edir.

 MİRDAMƏD

0.20539879798889