Vətəndaş Şəki Apellyasiya məhkəməsindən niyə narazıdır?
Dövlət başçımızın Azərbaycan xalqının yaşamının, rifah səviyyəsinin yüksəldilməsi istiqamətində atdığı addımlar xalq tərəfindən təqdirlə qarşılansa da, bəzi məmurların fəaliyyəti bütün bu işlərə gölgə salır. Ələlxüsus da insanlar daha çox güvəndikləri ədalət məhkəmələrində haqq və hüquqları pozulduqda bilavasitə Prezidentə müraciət etmək zorunda qalırlar. Və həmin müraciətlərin bir surətini müxtəlif KİV redaksiyalarına göndərməklə kömək istəyirlər. Belə müraciətləndən birini də redaksiyamıza Göyçay rayon, Potu kənd sakini Səlimov Ağalar İlyas oğlu göndərib. Onun dövlət başçısına ünvanladığı şikayəti olduğu kimi dərc edirik:
-Hörmətli Prezident!
2013-cü ilin sonlarında kredit üçün "AccessBank" QSC-ə müraciət etdim və 13 dekabr 2013-cü il tarixində həmin bankla aramızda bağlanan kredit müqaviləsinə əsasən, mənə 500 000 (beş yüz min) ABŞ dolları kredit xətti açıldı. Elə həmin gün ikinci bir müqavilə ilə "AccessBank" QSC-dən 36 ay müddətinə aylıq iki faiz olmaqla 30 000 (otuz min) ABŞ dolları məbləğində kredit götürdüm. Eyni zamanda, həmin gün bankla aramızda ipoteka müqaviləsi bağlandı və bu müqaviləyə əsasən, mənə məxsus Göyçay rayon Potu kəndində yerləşən 0,08 ha torpaq sahəsinin ərazisində inşa olunmuş bir mərtəbəli, üç otaqlı 70 kv.m yaşayış, 42,6 kv.m yardımçı, 112,6 kv.m umumi sahədən ibarət fərdi yaşayış evi kredit öhdəliklərinin icrasını təmin etmək üçün bankın xeyrinə yüklü edildi.
14.08.2014-cü il tarixdə "AccessBank" QSC ilə yeni bağlanan kredit razılaşmasına əsasən, 28 ay müddətinə yenidən aylıq iki faiz olmaqla 4940 (dörd min doqquz yüz qırx) ABŞ dolları məbləğində kredit götürdüm.13.10.2015-ci il tarixdə yeni sazişlə 13.12.2013-cü il tarixdə götürdüyüm kreditin ödəniş planına dəyişiklik edildi. 2015-ci ildə baş verən dolların dəyərinin qalxmasından sonra banka olan kredit borcumu ödəyə bilmədim. Kredit borcumu ödəyə bilməməyimin səbəblərindən biri də, bank tərəfindən cərimə borcunun yüksək hesablanması oldu.
"AccessBank" QSC tərəfindən mənə və kredit götürməyim üçün zaminlik etmiş İsrəfilov Siyavuş Kamal oğluna qarşı 28617 (iyirmi səkkiz min altı yüz on yeddi) ABŞ dolların tutularaq bankın xeyrinə verilməsi üçün Göyçay rayon məhkəməsində qaldırdığı iddia qismən təmin olundu.Yəni Zəfər Quliyevin sədrliyi ilə Göyçay rayon Məhkəməsi 11.10.2018-ci il tarixli iş nömrəsi 2(046) -835/2018 olan qərarı ilə 21 498 (iyirmi bir min dörd yüz doxsan səkkiz) ABŞ dolları məbləğində pulun bizdən tutlaraq banka ödənilməsi qərarını verdi. Mən Göyçay rayon Məhkəməsinin qərarından Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verdim. Hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə Şəki Apellyasiya Məhkəməsidə 16 yanvar 2019-cu il tarixli iş nömrəsi 2(107)-520/2019 olan qərarı ilə Göyçay rayon Məhkəməsinin qərarını qanunsuz və əsassız olaraq qüvvədə saxladı.
Mən Şəki Apellyasiya Məhkəməsinin hakimi Mirbahəddin Hüseynovun bu qətnaməsini ona görə qanunsuz və əsassız hesab edirəm ki, işi aparan məhkəmə kollegiyası maddi və prosesual hüquq normalarını pozub və düzgün tətbiq etməyib.. Çünki mənim banka etdiyim ödənişlər borcdan deyil, faiz və cərimədən silinib. İşə birinci instansiyada baxılarkən mühasibatlıq ekspertizası təyin olunub və rəy alınıb. Lakin bu ekspertizanın rəyində ekspert qoyulan sualları tam həll edərək aydınlıq gətirməyib. Buna görə də təkrar ekspertiza təyin edilməlı olduğu halda, hakim Mirbahəddin Hüseynov bu ekspertizanı təyin etməyib.
Eyni zamanda məhkəmə mənə məxsus bir mərtəbəli, üç otaqlı, 70 kv.m yaşayış, 42,6 kv.m yardımçı, 112,6 kv.m umumi sahədən ibarət olan fərdi yaşayış evimin satış qiymətini 45 000 (qırx beş min) manat müəyyən edib. Halbuki bu evin real bazar qiyməti 85 000 (səksən beş min) manatdır. Mənə məxsus bu yaşayış evinin qiymətləndirilməsi mütəxəssis rəyi ilə tək fərdi yaşayış evinə olub. Sonra təkrar məhkəmə tərəfindən bu fərdi yaşayış evinin 0,08 ha həyətyanı torpaq sahəsi ilə birlikdə qiymətləndirici təyin olunub. Lakin qiymətləndirici tərəfindən mənə məxsus fərdi yaşayış evi ilə birlikdə 0,08 ha həyətyanı torpaq sahəsinin real bazar qiymətini 45 000 (qırx beş min) manat müəyyən edib. Belə olduğu halda, Şəki Apellyasiya Məhkəməsinin hakimi Mirbahəddin Hüseynov ipoteka predmeti olan fərdi yaşayış evimin qiymətləndirilməsini digər müstəqil qiymətləndiriciyə həvalə etməli idi ki, bunun nəticəsində də mənə məxsus fərdi yaşayış evinə qoyulan 45 000 (qırx beş min) manatın üzərinə 0,08 ha torpaq sahəsinin real qiyməti əlavə olunaraq 85 000 (səksən beş min) manat müəyyən olunacaqdı.
Bundan başqa hakim Mirbahəddin Hüseynovun ipoteka predmeti olan mənə məxsus Göyçay rayonunun Potu kəndində yerləşən 0,08 ha torpaq sahəsinin və onun üzərində olan bir mərtəbəli, üç otaqlı, 70 kb.metr yaşayış, 42,6 kv.metr yardımçı,112, 6 kv.metr umumi sahədən ibarət fərdi yaşayış evi satıldıqdan sonra bir ay ərzində boşaldılması ilə bağlı gəldiyi nəticədə qanunsuz və əsassızdır. Bu nəticə ona görə qanunsuz və əsassızdır ki, hakim Mirbahəddin Hüseynov bu nəticəyə gələrkən öz şəxsi mülahizələrinə əsaslanıb və güman etdiyi halın baş verməsi nəticəsində mənə məxsus yaşayış evinin boşaldılması qərarını verib. Halbuki bu yaşayış evinin açıq hərracda satışa çıxarılarkən hərracın qalibinin kim olduğu, bu günə kimi də heç kimə məlum deyil. Qanunvericiliyə əsasən "fərdi yaşayış evinin boşaldılması" üçün əvvəlcə ona tutma yönəldilməli və satılmalıdır. Sonra ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməli və yeni mülkiyyətçinin hüquqi sahibliyinə verilməlidir. Bundan sonra yaşayış evində yaşayan şəxslər alqı-satqıdan sonra bir ay ərzində könüllü tərk etmədikləri halda, həmin evin hüquqi sahibi olan yeni mülkiyyətçi həmin yaşayış evinin boşaldılması barədə məhkəmədə iddia qaldırmalıdır. Sonda bu tələblərə yeni icraatda baxılmalıdır. Göründüyü kimi, mənə məxsus yaşayış evi bu günə kimi satılmayıb. Buna görə də münasibətlərə yeni mülkiyyətçi daxil olmayıb, mənim və ailə üzvülərimin yeni mülkiyyətçi qarşısında bir ay ərzində yaşayış evimizin könüllü tərk etməyimizədən imtina etməmişik. Yeni mülkiyyətçi yoxdursa, yeni kreditorun hal-hazırda olmayan və gələcəkdə olub-olmayacağı məlum olmayan hüquqi faktlar üzrə belə tələb hüququ olmadığına görə, bu evin boşaldılması barədə tələb bu məhkəməyə aid mübahisə olmadığından icraata qəbul edilməli deyildi. Lakin hakim Mirbahəddin Hüseynov falçılar kimi gələcəyi görərək öz fərziyyəsi əsasında bu qərarı verib.
Hörmətli Prezident!
Siz 3 aprel 2019-cu ildə Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi üçün fərman imzalamısınız. Həmin fərmanda qeyd olunur ki, "cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədi ilə məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, ədalət, qanunçuluq, qərəssizlik, aşkarlıq hər kəsin qanun qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət muhakiməsinin digər prinsiplərinə əməl edilməlidir".
Amma təssüf ki, Şəki Apellyasiya Məhkəməsinin hakimi Mirbahəddin Hüseynov bu fərmanda yazılanlara əsaslanmadan hansısa maraqlara uyğun olaraq qətnamə çıxarıb.
Mən Şəki Apellyasiya Məhkəməsinin hakimi Mirbahəddin Hüseynovun qanunsuz verdiyi bu qətnaməsindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermişəm və 30 may 2019-cu il tarixində Ali Məhkəmənin inzibat- binasında mənim kassasiya şikayətimə baxılacaq.
Hörmətli Prezident!
Yuxarıda göstərdiyim sü-butlar və faktlar əsasında mənim kassasiya şikayətim təmin olunmalıdır. Şəki Apellyasiya Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli 2(107)-520/2019 iş nömrəli qətnaməsi ləğv olunmalı, bu sübutların və faktların yenidən araşdırılması (təkrar mühasibatlıq ekspertizasının, mənə məxsus yaşayış evinin yenidən qiymətləndirilməsi üçün digər müstəqil qiymətləndiriciyə həvalə etmək şərti ilə yeni qiymətləndirmə ekspertizasının təyin olunması və evin boşaldılması tələbinin icraatdan çıxarılması) üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmalıdır. Hələ ki, ümüdümü üzməmişəm.
İnanıram ki, 30 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati binasında keçirilən iclasında bu məhkəmə işinə obyektiv baxılacaq və işin yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə ədalətli qərar verəcək. Bu məsələni diqqətinizdə saxlamanızı Sizdən xahiş edirəm.
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
T.Abbaslı