Qüds Günü - dünya

müsəlmanları zülmə etiraz edir

 

ABŞ növbəti dəfə beynəlxalq hüquqa zidd addım atıb

 

Mübarək Ramazan ayının son cüməsi tarixi bir günə təsadüf edir. Bu, Ümumdünya "Qüds Günü"dür. Bu il də Ramazan ayının son cümə günü, yəni mayın 30-da "Qüds  günü" qeyd olunacaq. Bu müqəddəs günün tarixinə nəzər salaq...

Hələ qədim dövrlərdən tarixçi mütəfəkkirlərin "Vəhyin əski paytaxtı" adlandırdıqları Qüds şəhəri elə o vaxtdan bu günədək ziddiyyətlərin, çəkişmələrin mərkəzində yer almaqdadır. Bəziləri hesab edir ki, zülmkarlığın, haqsızlığın ziddiyyətin episentri olan bu müqəddəs şəhər həm də zülmə, haqsızlığa qarşı etiraz simvoludur.

"Qüds günü" isə ilk dəfə 1982-ci ildə İran islam inqilabının lideri Ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bəzi başqa müsəlman ölkələrində hər il Ramazan ayının sonuncu cümə günü belə tədbirlər keçirilir.

Son illər "Qüds günü" Azərbaycanda və İraqda şiələr yaşayan bölgələrdə də qeyd olunur. Bir çox ilahiyyatçılar  hətta Ramazan ayı ilə "Qüds Günü" arasında birbaşa əlaqə olduğunu da deyir.

Qüds günü təkcə Fələstində deyil, eyni zamanda  bütün dünyada zülmə məruz qalan müsəlman və ya qeyri-müsəlmanların  bir növ cəbhəsi sayılır. Bununla da hegemonluq edənlərə, sionizm və sionizmin təsirində olan qüvvələrə etiraz olunur.

 

Tarixə nəzər...

 

18-ci əsrdən başlayaraq 20-ci əsrin əvvəllərində İslam dünyası demək olar ki, imperialistlərin dünyanı yenidən bölüşdürülməsi mərhələsini çox ağır şəkildə yaşadı. Həm birinci, həm də ikinci dünya müharibəsi  isə müsəlmanlar üçün böyük bəlalara səbəb oldu. Orta Şərqdə xəritə üzərində sərhədləri cızılaraq yaradılan yeni dövlətlər həm də yeni ərazi münaqişələrinə, müharibələrə səbəb oldu.

20-ci əsr müsəlman dünyasının ən böyük faciəsi isə məhz Fələstində yaşandı. Min illər boyu bu torpaqlarda yaşamış Fələstin xalqı yəhudi dövlətçiliyi ideyasının qurbanına çevrildi.  XX əsrin əvvəllərindən başlayaraq Fələstində yəhudi bölgələri yaradan silahlı dəstələr Fələstin xalqına qarşı soyqırım həyata keçirdi, qəsəbələr, kəndlər yer üzündən silindi, minlərlə insan öldürüldü, 100 minlərlə insan isə didərgin salındı. Osmanlı imperiyası zamanı başlayan bu proses 1922-ci ildə Fələstin əraziləri Britaniya İmperiyasının tərkibinə verildikdən sonra daha şiddətləndi və nəhayət, 1948-ci ildə İsrail dövlətinin yaradılması ilə pik həddə çatdı. Bu gün dünyanın əksər ölkələrinə səpələnən fələstinli qaçqınların ümumi sayı 6 milyondan çoxdur. Bu isə Fələstin xalqının 68%-ni təşkil edir. Müsəlmanların ilk qibləsi, 3 müqəddəs məsciddən biri olan Əl-Əqsa məscidinin yerləşdiyi Qüds şəhəri işğala məruz qaldı və yəhudilərin nəzarəti altına düşdü.

Bir çox tarixçilər Fələstin hadisələrini XX əsrdə müsəlman dünyasının yaşadığı ən böyük fəlakət hesab edirlər. Dünyanın bütün bölgələrində yaşayan vicdanlı insanlar Fələstin faciəsinə səssiz qala bilmir, müxtəlif formalarda öz etirazlarını bildirirdilər. XX əsrin ortalarında şiə müctəhidi Ayətullah Ruhullah Xomeyni Fələstin məsələsinə ilk dəfə dini vəzifə mahiyyəti gətirdi. 1969-cu il avqustun 20-də sionistlərin Məscidül-Əqsanın bir hissəsini yandırması İslam dünyasında kəskin etirazlara səbəb oldu. Bu hadisəyə kəskin reaksiya bildirən iranlılar şahdan israrla yəhudilərin ölkədən çıxarılmasını tələb etdilər. İran şahı Məscüdül-Əqsanın məscidinin təmirini öz üzərinə götürməklə yerli narazılığı sakitləşdirməyə çalışsa da, Ayətullah Xomeyni bəyanat verərək şahın bu işini sionistlərin özbaşınalıq və vəhşiliklərini ört-basdır etməsi kimi qiymətləndirdi.

İran İslam inqilabı qələbə çaldıqdan sonra Ayətullah Xomeyninin təşəbbüsü ilə 1982-ci ildə Fələstinin azadlığına dəstək məqsədilə Ramazan ayının sonuncu cümə günü "Qüds günü" adı ilə qeyd olunmağa başlayır. Dünyanın bütün bölgələrində yaşayan şiələr həmin gün Qüds dərdinə şərik olur, Fələstin xalqı ilə həmrəylik nümayiş etdirərək aksiyalar keçirir.

Müsəlmanlar  "Qüds Günü"nü  həm də  müsəlman dünyasının üzləşdiyi problemlərin simvolu hesab edirlər. Kəşmir, Əfqanıstan, İraq, Çeçenistan, Bosniya-Hersoqovina, Fələstin və nəhayət, Qarabağ müharibəsi müsəlman aləminin yaşadığı faciələrdəndir.

Minlərlə müsəlmanın öldürül-məsinə, yüz minlərlə insanın qaçqın düşməsinə, tarixi İslam abidələri də daxil olmaqla, böyük bir mədəni irsin məhv olmasına səbəb olan Qarabağ münaqişəsi XX  əsrin sonlarında baş verən, müsəlman aləminin ən böyük faciələindən biridir.

Qarabağ münaqişəsi nəticəsində böyük bir müsəlman ərazisi işğal olunub, dinc, günahsız müsəlmanlar soyqırımına məruz qalıb. İslam abidələri talan edilərək alçaldılıb, təhqir olunub. Bu mənada mahiyyət etibarı ilə Qarabağ müharibəsi də Qüds, Fələstin, Bosniya, Kəşmir, Myanmar, Əfqanıstan qədər ağrılıdır. Çünki hər biri müsəlman torpağı, zülmə məruz qalanlar isə müsəlmanlardır.

Həzrət Məhəmmədin (s.ə.s) söylədiyi kimi "Möminlər bir-birilərini sevməkdə, bir-birilərinə mərhəmət etmək və qorumaqda bir bədənin üzvləri kimidirlər. Bədənin bir üzvü xəstə olduğu zaman digər üzvlər də yuxusuzluğa və qızdırmalı xəstəliyə tutular". Bu mənada Qüds günü həm də Qarabağ deməkdir, eləcə də digər müsəlman dərdləri deməkdir.

Məhz Ramazan ayında qeyd olunması baxımından Qüds günü məzhəb ayrılığı qoymadan, müsəlmanlar arasında vəhdət yaratmaq fürsətidir. Ramazan ayı yoxsul, məhrum, çətinlik içində olan insanların xatırlanması, yardımlaşma ayıdır. Bu baxımdan da ilahiyyatçılar Ramazan ayının bərəkətindən istifadə edərək müsəlmanlara birləşməyi, bir-birinin dərdinə şərik olmağı məsləhət görürlər.

 

ABŞ növbəti dəfə

beynəlxalq hüquqa

zidd addım atıb

 

Onu da qeyd edək ki, ABŞ-ın iki il əvvəl Qüds məsələsində, indi isə Colan mövzusunda beynəlxalq hüquqa zidd addım atıb. Bu, təbii ki, bu günə qədər onsuz da BMT və beynəlxalq hüquqa qarşı sarsılan ümidləri tamamilə sıradan çıxarır. Bu, eyni zamanda Fələstində və bütövlükdə Yaxın Şərqdə beynəlxalq sülh prosesinin işləyəcəyinə ümid edən kütlənin arqumetini əlindən alır və tək çarənin İsraillə savaşmaq olduğunu deyən cinahın əlini gücləndirir. Bu prosesdə qazanan savaşa çağıran sərt xətt tərəfdarları olacaq.

Təəssüf ki, bir neçə ay əvvəl ABŞ-ın indiki prezidenti Donald Trampın İsrailin Colan Yüksəklikləri üzərindəki suverenliyini tanıyan bəyannaməni Ağ Evdə imzalaması bəzi müsləman ölkələri tərəfindən sükutla qarşılandı. İmzalanma mərasimində İsrailin hazırkı baş naziri Benyamin Netanyahu da iştirak edib. Netanyahu "tarixi" qərar adlandırdığı sənədə görə ABŞ prezidentinə təşəkkür edib.

Tədbirdə İsrail baş naziri Benyamin Netanyahu  deyib ki, Colan Yüksəklikləri İsrail ordusunun "Suriyaya qarşı özünü-müdafiə müharibəsi gedişində ələ keçirilib" və bundan sonra daimi olaraq İsrailin nəzarətində qalacaq.

Xatırladaq ki, Colan Yüksəkliklərini İsrail ərazisi olaraq tanıyacağı barədə açıqlamanı ABŞ prezidenti martın 21-də elan edib. Ancaq Trampın bu barədə açıqlaması dünyada etirazla qarşılanıb. Rusiya, Türkiyə, Avropa İttifaqı, İran və BMT Trampın bu addımın pisləyib. Lakin bu çağırış və qınaqlar ABŞ prezidentinin mövqeyinə təsir etmədi.

Suriya hökuməti bəyan edib ki, Donald Trampın bu addımını "Suriya dövlətinin suverenliyinə açıq bir hücum" kimi qiymətləndirmək olar.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə deyib ki, ABŞ beynəlxalq hüququ bir daha yox saydı.

BMT də Donald Trampın Colan qərarını pisləyib. Baş katib Quttereşin adından yayılan rəsmi açıqlamada qeyd olunur ki, BMT TŞ-nin qərarları ilə müəy-yən olunmuş siyasətdə hər hansı dəyişiklik olmayacaq.

Rusiya XİN sözçüsü bəyan edib ki, Trampın Colan qərarı beynəlxalq hüquqa ziddir və Yaxın Şərqdə gərginliyi daha da artıracaq.

Trampın imzaladığı sənəd BMT TŞ-nin 1967-ci ildə imzaladığı və Ərəb-İsrail münaqişəsinin həllində əsas sənəd hesab olunan 242 saylı qətnaməyə ziddir. Çünki qətnaməyə əsasən, dövlətlər 1967-ci il "altı günlük" müharibə zamanı işğal etdiyi əraziləri azad etməli idi.

Qeyd edək ki, İsrail-Suriya sərhədində yerləşən Colan Təpələri və ya Colan Yüksəklikləri adlı bölgənin böyük bir hissəsi 1967-ci il "altı günlük" müharibə nətcəsində İsrail ordusu tərəfindən işğal olunub. 6 il sonra, 1973-cü ildə Suriya və Misir işğal olunmuş torpaqlarını (Misir "altı günlük" müharibədə Sina yarımadasını itirmişdi) geri almaq üçün oktyabrın 6-da yəhudilərin "Youm Kippur" bayramı günü İsrailə hücum etdi.

Suriya ordusu savaşın ilk günlərində Colana girsə də, sonradan məğlub olaraq geri çəkildi, eyni ilə Misir kimi. Ancaq Misir sonradan Ənvər Sədatın ABŞ-la əməkdaşlığa getməsi (ABŞ və İsraillə barışması Sədata həyatı bahasına başa gəldi) səbəbi ilə Sinay yarımadasını geri alsa da, SSRİ ilə yaxınlaşan Hafiz Əsəd Colanı ala bilmədi. 1981-ci ildə isə İsrail Colanı öz ərazisi kimi tanıdı.

İsrail 52 ildir BMT TŞ-nin qətnaməsini icra etmir, indi isə ABŞ prezidenti birbaşa 242 saylı qətnaməyə zidd olaraq işğal olunmuş ərazini İsrail torpaqları kimi tanıdı. Amma bu, ABŞ prezidentinin Yaxın Şərq məsələsində ilk "sürprizi" deyil.

2017-ci ilin dekabrında Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyanda dünya daha böyük çaşqınlıq içərisində idi. Amma ABŞ prezidenti bütün qınaqlara, çağırışlara, etirazlara baxmayaraq geri çəkilmədi, hətta onun qərarının əksinə gedən dünya ölkələrini yardımı kəsəcəyi ilə hədələdi. İslam Əməkdaşlıq Təşkilatının (İƏT), BMT Baş Assambleyasının qınaqlarına baxmayaraq artıq ABŞ İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürüb. İndi isə Colanı İsrailin ərazisi kimi tanıdı.

Əlbəttə, bu qərar faktiki vəziyyətə təsir etmir. Çünki Colan onsuz da 52 ildir İsrailin nəzarətindədir, İsrail burada yaşayış məskənləri salıb, infrastruktur qurub. Colanda Suriya ərazilərini izləyən radiolokasiya stansiyası, kəşfiyyat mərkəzi və hərbi hissələr var. Bu gün Ağ Evdə imzalanan qərar faktiki vəziyyətə təsir etməyəcək. Lakin ortaya çox pis bir presedent çıxır.

Onu da xatıfrladım ki, bir neçə gün əvvəl səhər saatlarında İsrail ərazisinə raket atılmasını əsas gətirərək İsrail ordusu aviasiyası Qəzzaya havadan zərbələr endirib. İndi İsraildə də yaxşı anlayırlar ki, geri çəkilmək və ya zəif görünmək ölümə bərabərdir, çünki hər iki tərəfdə qalib olan nifrət və döyüşmək arzusudur.

 

Tahir Abbaslı

 

Yazı "Qələm" Yazarlar Birliyinin hər il olduğu kimi, yenə də mübarək Ramazan ayının son cüməsi - Beynəlxalq Qüds Günü ilə əlaqədar elan elədiyi məqalə müsabiqəsinə təqdim ediləsi üçün çap olunub.

0.21194696426392