Elxan Şahinoğlu: "Ermənistandakı son hadisələr
Azərbaycanda 1990-cı illərin hadisələrini xatırladır"
Mübariz Əhmədoğlu: "Bu, Dağlıq Qarabağ probleminin Ermənistan üçün müəyyən
etdiyi taledir - problem həll edilməyənədək Ermənistanda xaos bitməyəcək"
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə fəaliyyət göstərən məhkəmələrin binalarına girişin bağlanılması fikrindən imtina etməyib. Bu barədə Paşinyanın özü məlumat verib.
Erməni baş nazir dünən səhər erkən rəsmi Fb.com səhifəsində bunları yazıb: "Xalqım, utancaq olma! Evdən çıxarkən çətirləri unutma, hamınızı sevirəm".
Qeyd edək ki, Nikol Paşinyan ilk dəfə dünən insanları ölkədəki bütün məhkəmələri bağlamağa çağırıb.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistanın eks-prezidenti Robert Köçəryanın gözlənilmədən həbsdən azad edilməsini şərh edərkən deyib ki, birincisi, bu, Qarabağ klanının gücünü göstərir - Ermənistanda bir hakim tapılmadı ki, Köçəryanın həbs müddətini uzatsın. Köçəryanın məhkəməsini aparmaqdan ən az 3 hakim imtina etmişdi, məhkəməni aparmağa razılaşan sonuncu hakim isə Qarabağ klanının liderini həbsdən azad etməyə qərar verdi. Çünki həmin hakim Köçəryan və onun arxasındakı güclərin hazırki baş nazir Nikol Paşinyandan güclü olduğunu düşünərək qərar verdi: "Həmin hakim özünün və ailəsinin gələcəyini təhlükə altına atmamaq üçün belə qərar verib. Bu cür, yalnız Köçəryanı həbsdən azad edən hakim düşünmür.
İkincisi, Köçəryanın həbsdən azad edilməsi Rusiya amilinin Ermənistanda və Dağlıq Qarabağda gücünü ortaya qoydu. Köçəryanın həbsi onun dostu - Rusiyanın prezidenti Vladimir Putini narahat edirdi. Putin bir neçə dəfə Paşinyana mesaj göndərmişdi ki, mənim dostumu azad et. Paşinyan hər dəfə bu mesajı qulaqardına vururdu. Ancaq məhkəmə bu mesajı qulaqardına vurmadı, Paşinyanın yox, Rusiyanın maraqlarını nəzərə aldı. Bu mənada Köçəryanın azad edilməsi, həm də Putinin Paşinyan üzərində qələbəsi oldu.
Üçüncüsü, Köçəryanın həbsdən azad edilməsi Ermənistanda Paşinyanla Köçəryan arasındakı mübarizənin yeni və gərgin mərhələyə qədəm qoyacağını göstərir. Köçəryan Qarabağ klanının əsas fiqurudur. O, ətrafında anti-Paşinyan qüvvələrini cəmləşdirəcək. Köçəryan iki gücün - Moskvanın və Xankəndidəki separatçıların dəstəyinə arxayındır. Ancaq Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün ona daha bir gücü formalaşdırmaq lazımdır. Köçəryan Ermənistan daxilində Paşinyana qarşı müxalif siyasi və hərbiləşdirilmiş qüvvələrin birliyini təmin etməlidir. Moskvanın və Xankəndinin dəstəyinə arxalanaraq Köçəryanın Ermənistan daxilində yeni müxalifət formalaşdıracağını proqnozlaşdırmaq olar.
Dördüncüsü, Paşinyan-Köçəryan mübarizəsi müxtəlif ölkələrdəki erməni lobbisinin təmsilçilərini də parçalayacaq. Bir qisim Paşinyana, digəri Köçəryana dəstək verəcək. Paşinyan belə vəziyyətdə erməni lobbisinin tanınmış simaları ilə əlaqələrini gücləndirməyə çalışacaq. Ancaq Qarabağ klanı da boş dayanmayacaq, erməni lobbisi ilə təmaslarını artıracaq.
Beşincisi, Moskvanın Köçəryana verdiyi və verəcəyi dəstək Paşinyanı Qərbdən dəstək axtarışına sövq edə bilər. Ancaq bu, Paşinyan üçün təhlükəlidir. Çünki, özü istəməsə də, ölkəsi Rusiyanın ən azı, enerji və hərbi nəzarəti altındadır. Rusiyanın İrəvandakı hərbi bazasındakı generalların və kəşfiyyat xidmətinin Ermənistan ordusundakı dostları da az deyil. Paşinyan cəmi 1 ildir hakimiyyətdədir və bu müddətdə orduda təmizlik işi apara bilməyib. Ona görə də ordudakı generallar da bir gün ona qarşı çıxa bilərlər. Kreml Paşinyanın Qərblə təmaslarını diqqətlə izləyib və izləyəcək.
Beləliklə, Paşinyanın ətrafındakı halqa daralır. Köçəryanın həbsdən azad edilməsi bu bir ildə Paşinyana ən böyük zərbə və ilk böyük məğlubiyyəti idi. Paşinyan bundan yeganə çıxış yolu kimi insanları məhkəmə qarşısında etiraza səsləyib. Qəribə situasiyadır. Paşinyan müxalifət lideri kimi tərəfdarlarını meydanlara çağıranda bu, anlaşılan idi, çünki o, hakimiyyəti devirmək istəyirdi və buna nail oldu. Ancaq indi Paşinyan hakimiyyətin başındadır və onun insanları küçələrə çağırışı Ermənistanı qeyri-sabitliyə sürükləyə bilər. Buna baxmayaraq, Paşinyan bu üsuldan istifadə etmək məcburiyyətində qalıb. Ancaq Qarabağ klanı da tərəfdarlarını hərəkətə gətirə bilər.
Ermənistandakı son hadisələr Azərbaycanda 1990-cı illərin hadisələrini xatırladır. O zaman erməni separatçıları Rusiyadakı havadarlarının dəstəyi ilə Azərbaycandakı siyasi xaosdan və hakimiyyət boşluğundan istifadə edərək torpaqlarımızı işğal etdilər. İndi biz də Ermənistandakı və Dağlıq Qarabağdakı hadisələri diqqətlə izləyib yaranan fürsətdən istifadə etməyə çalışmalıyıq".
Politoloq Mübariz Əhmədoğlu düşünür ki, son hadisələrə Ermənistan prezidentinin bəyanatı daha dəqiq qiymətdir: - "Ermənistanı bu günə salan Azərbaycanın gördüyü işlərdir".
O, hesab edir ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsi Ermənistanda dövlətçiliyin dağılmasının bir mərhələsidir - nə qədər ki, Ermənistan Azərbaycanla münasibətlərini normallaşdırmayıb, orada sağlam, qurucu proses gedə bilməz, dövlətçilik inkişaf etməyəcək: "Paşinyanı xalq ona görə hakimiyyətə gətirdi ki, onun "Dağlıq Qarabağa" mövqeyi Qarabağ klanından fərqli idi. Amma o, hakimiyyətə gələndən sonra bir qrup ekstremistin təsiri altına düşdü və özü də ekstremistlərdən bir qədər irəli getdi, daha sərt fikirlər səsləndirdi. Bu, Dağlıq Qarabağ probleminin Ermənistan üçün müəyyən etdiyi taledir - problem həll edilməyənədək Ermənistanda xaos bitməyəcək".
Rusiyanın böhranda marağının olub-olmamasına gəldikdə isə, politoloq o qənaətdədir ki, rəsmi Moskvanın Paşinyanı devirmək fikri yoxdur, Rusiya hazırda Dağlıq Qarabağı Azərbaycana hansı dəyərə - hansı işin müqabilində qaytarmaq - satmaq barədə düşünür: "Rusiya üçün Dağlıq Qarabağ kontekstində Ermənistan yoxdur. Rusiyanın Köçəryanın eks-prezident kimi müdafiəsində Paşinyana təsir imkanlarını əldə saxlamaq maraqlıdır, amma onu yenidən prezident kürsüsünə əyləşdirmək fikri yoxdur.
Bu növbəti mərhələdir, bir azdan daha ciddi məsələlər ortaya çıxacaq. "Çiçəklənən Ermənistan" partiyasından olan deputat, parlamentin AŞPA-dakı nümayəndə heyətinin keçmiş rəhbəri Nayro Zoqrabyan deyib ki, istənilən proses artıq Ermənistanı dağıdacaq. Qeyd edək ki, xanım Zoqrabyan müxalifətdə olsa da, parlamentdə olan, barmaqla sayıla biləcək dövlətçi parlamentarilərdən biridir. Əgər o, bu gün "SOS" siqnalı verirsə, deməli, narahatlığa əsas var".
Əhmədoğlu düşünür ki, Azərbaycanın hərbi-siyasi məsələyə nəzarət edən görəvliləri prosesi olduqca diqqətlə izləməlidir: "Ötən il Mehridə 900 nəfərlik polkda qiyam baş verdi. Həmin qiyamın Azərbaycana bəlli olmayan təfərrüatları da var, amma erməni ekspertlər bu qiyam barədə danışarkən deyirdilər ki, Azərbaycanın xəbəri olsaydı, bir güllə belə atmadan Mehrini ala bilərdi. Məhz biz belə məqamlarda düşməni yaxalamalıyıq, bundan sonra bu cür situasiyalar çox yaşanacaq. Ona görə biz çox diqqətli olmalıyıq.
Bununla yanaşı, bazar günü "DQ"-nın təhlükəsizlik şurasının katibi Vitali Balasanyan gecə saatlarında İrəvandakı restoranlardan birindən çıxarkən saxlanılıb, maşını yoxlanılıb, maşında qeyri-qanuni silah aşkarlanıb və o, polisə aparılıb. Qeyri-rəsmi məlumatlara görə, Balasanyan restoranda müxalif politoloqlarla görüşüb və onları hakimiyyətə qarşı mübarizəyə təlimatlandırırmış. Onun saxlanmasının əsas səbəbi də, məhz elə bu olub. Bu hadisənin özü də onu göstərir ki, "DQ" və Ermənistan rəhbərliyi arasında ciddi qarşıdurma var. Biz bu qarşıdurmadan yeri gəldikcə istifadə etməliyik".
Hazırladı: Akif Nəsirli