O qapının astanasındayıq!
Dünyanın ən xoşbəxt ölkəsində də, xoşbəxtliyin limiti var. Çünki onun mahiyyətini anlamaq üçün verilən tərifdə xoşbəxtliyin nisbi xarakter daşıması zaman-zaman vurğulanır. Elə dünyanın ən maraqlı tərəfi də odur - bəzi nəsnələrin tam deyil, nisbi məna daşıması. Vacib olanlarda tamlığa, bütövlüyə ehtiyac var ki, bu barədə bəhs edəcəyik.
Deməli, keçən il olduğu kimi, bu il də Finlandiya dünyanın ən xoşbəxt ölkəsi seçilib. BTN-nin reytinqi finlandiyalıların xoşbəxt olduğu qənaətini ortaya qoyub. Özü də dünyanın yüzdən çox ölkəsində altı əsas parametr əsasında bu qənaətə gəlinib. Bu parametrlər isə adambaşına düşən ümumdaxili məhsul, gözlənilən ömür uzunluğu, sosial dəstək, azadlıq, korrupsiya və səxavətlilik səviyyəsini əhatə edir. Sözügedən parametrlərə müsbət çalarlarını qatan Finlandiya da 7,769 indeksiylə reytinqin ilk pilləsində qərarlaşıb.
Doğrudur, ilk beşlikdə Danimarka, Norveç, İslandiya, Niderland da var. Və yaxud, İsveçrə, İsveç, Yeni Zelandiya, Kanada və Avstriyanın daxil olduğu ilk onluqdan da bəhs etmək yerinə düşər. Amma bizim əcnəbilərlə nə işimiz?! İşimiz-gücümüz gözəlim Azərbaycanladır ki, onun doğrudan da, həqiqi və hərfi mənada, hər cür məcazlardan kənar, gözəlliyinin var olmasını istəyənlərin sırasındayıq.
Bu gözəlliklərsə, sanıram ki, daxildən boy verməlidir. Ki, vizual görüntüdə də öz əksini tapsın. Doğrudur, ölkəmizin gün-gündən gözəlləşdiyinin, inkişafının olduğunu deyənlər də tapılacaq. Bunu danmırıq da, yəni ölkəmizin həm gözəlləşdirilməsinin, həm də bunu deyənlərin var olduğunu. Amma vacib olan, heç kimə sirr olmayan, insan faktoru, onun sosial-iqtisadi, maddi-mənəvi rahatlığıdır ki, bu nisbi xoşbəxtliyə də hələlik tam şəkildə çata bilməmişik... Niyəsini təkrarçılıq olsa da, vətəndaş məsuliyyətindən dolayı, deməliyəm.
Maraqlıdır, bizim təhsil sistemimiz əksər əcnəbi, hətta Avropa ölkələrindən də mürəkkəb olmasına, şagirdlərimizi çalışmaqdan bircə anlıq da olsa boş oturmağa imkan verməməsinə baxmayaraq, problemlərlə baş-başadır. İllərdir yerində sayan problemləri həll edə bilmirik, əlavə heç nə də yoxdur, köhnələr ildən-ilə, üst-üstə yığılaraq dağ kimi adamın üstünə gəlir. Orta məktəblərin bitib-tükənməyən qayğıları ilə, valideynlərin xroniki baş ağrısına çevrilən məsələlərlə bağlı danışıqlar, söhbətlər, müzakirələr, tənqidlər, hətta qeybətlər əlaqədar qurumlardan savayı, hamının diqqətindədir. Əlaqədar qurumdan isə bu qədər yazdıqlarımıza, danışdıqlarımıza, yazılanlara, danışılanlara tutarlı bir cavab, arqument yoxdur. Yoxa çıxanların içində Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbərliyi də təmsil olunur ki, ona istənilən məsələylə bağlı yazılı, şifahi müraciətimizə cavab ala bilmirik. Hamının, kimliyindən asılı olmayaraq, hər bir ölkə vətəndaşıının nazirliyin əməkdaşından, yaxud da, “qaynar xətt”indən təhsillə bağlı istənilən sualına cavab almaq hüququ var. Bu hüquq bəndələriniz tərəfindən də keçərlidir. Amma hər bir halda, məsələyə Təhsil Nazirliyinin yeganə cavabı var - susmaqla. Mətbuat xidməti rəhbərinin mobil telefonunun və nazirliyin “qaynar xətti”nin zənglərini dinləmək də illərdir peşə fəaliyyətimizə daxildir.
Təhsillə bağlı adi, ya, mürəkkəb, hətta elementar bir sualımıza cavab ala bilmiriksə, bütövlükdə təhsillə bağlı məsələlərdə Finlandiya ilə ayaqlaşa bilərikmi?! Cavabın mənfi olacağını elə sözügedən qurumun vətəndaşlarla, mətbuatla münasibətindən görmək olar...
Reytinqdə adı keçən korrupsiya elementinə gəlincə, bu barədə danışmağına dəyməz. O mənada yox ki, ölkəmizdə rüşvətə və korrupsiyaya yer yoxdur. O mənada ki, bizdə rüşvətsiz və korrupsiyasız heç nə yoxdur. İstənilən sahəni araşdırsaq, ordan korrupsiya və rüşvət əməlləri çıxacaq. Belə olmasaydı, vergi ödəmələrində, sosial ayırmalarda və sözügedən təyinatlı məsələlərdə hesabatlılığın səviyyəsi ürəkaçan olardı, kəsirli olmazdı. Qara mühasibatlığın at oynatdığı, rüşvətin meydan suladığı bir cəmiyyəti təsəvvürümüzə gətirmək istəyiriksə, uzağa getməyək, zatən onun iştirakçıları, müşahidəçiləri, tamaşaçılarıyıq. Sadəcə, bir misal: “şirinlik”, “cibxərcliyi”, “çaypulu”, hətta “qanpulu” və bu kimi ifadələrin müəllifinin başqası olmasına imkan verərikmi?!
“Şirinlik”lər bizimlə bərabər “dünyaya gəlir”, doğum evindən orta məktəbəcən, ordan da müstəqil həyata vəsiqə alır. Çətin işimzi asan eləməyə açar sandığımız “cibxərclik”lərlə rüşvətin, ondan sonra da korrupsiyanın bünövrəsini qoyuruq. Yaşı çatmayanların nikahına rüşvətlə “nail oluruq”, bu ilk yalanla onların evlilik həyatına “mübarəkdir!” deyirik. Azyaşlıların rüşvətlə satın aldığımız nikahından nədən xəstə, anormal övladların dünyaya gəlməsinin günahını da özümüzdə axtarmırıq. “Xoşbəxt olun!” deyimini qorxusuz-ürküsüz, ürəklə, zamanında demək olarsa, cəmiyyəti hər dürlü mərəzlərdən təmizləmək mümkündürsə, niyə rüşvətlə gələcəyimizə, genefondumuza qənim kəsilirik, özümüzə, ömrümüzə balta çalırıq?!
İstərdiq yazdıqlarımız, danışdıqlarımız, müzakirələrimiz yuxarıda qeyd edilən, xoşbəxtlik reytinqinin parametrlərindən biri sayılan səmərəlilik anlayışının həqiqi mənasını özündə təcəssüm etdirsin. Amma yox. Bu xoşbəxtlikdən də bizi məhrum etdilər - bölgələrin yol təsərrüfatına ayrılan milyonlarla dövlət vəsaitinin əsaslı hissəsini mənimsəməklə, çəkilən yeni yolları az keçmədən çökdürdülər. Yollarımızı ayırdılar özlərindən. Həmin yolların ölkə vətəndaşına xidmət etməli olduğunu, məhz bu məsuliyyətin onlara verilməsini yada salmadılar. Ona görə də dövlətin ayırdığı, məbləği milyardlarla ölçülərin vəsaitin qarşılığında, elə bir yandan yollar, körpülər sınır, dağılır, sıradan çıxır... O zaman istəsək belə, dünyanın xoşbəxt ölkələrinin siyahısına düşmək şansını səmərəsiz fəaliyyətlə qaçırmışıq.
Bəli, azadlıq gözəl nemətdir. Və nə yazıq ki, cəmiyyətimizdə istənilən sahədə rüşvət və korrupsionerlərə meydan, məsuliyyətsizlərə imkan vermək azadlığı qazandırmışıq. Reytinqin bu parametrini da adına uyğun qazanmağa gecikmişik...
Xoşbəxt olmaq üçün tələb olunan, reytinqdə adı keçən sosial dəstəyin müəyyən çalarlarını bir müddətdir ki, müşahidə etməkdəyik. Bu da pensiya və təqaüdlərin, müavinətlərin bəlli bir həddə artırılması, aztəminatlı ailələrə, şəhid və veteran ailələrinə, əlillərə və digər kateqoriyadan olan insanlara mənzillərin, avtomobillərin verilməsidir. Doğrudur, bu müsbət tendensiyalarla bahəm, iş yerlərinin açılması, ölkədə bir nəfərin də işsiz statusunda qalmaması məsələsinin həlli hamının ürəyincə olardı. Sosial dəstək kimliyindən asılı olmayaraq, hamını birləşdirən əsas məqamdır axı...
Xoşbəxt adlanmaq üçün reytinqin parametrlərindən hesab olunan gözlənilən ömür uzunluğundan isə, danışmaq istəmirəm. Yuxarıda bəhs etdiklərimin yarı faizini müsbət istiqamətdə həll edə bilsək, ömrümüz də uzanar. Ola bilsin, bundan sonra, yüzlərlə ölkənin sıralandığı siyahıda hansısa parametrə görə, biz də xoşbəxt adlana bilərik.
Bəlkə də onun astanasındayıq, özümüzdə qüvvə tapıb, problemləri həll, mənfilikləri də məhv edib ayağımızı içəri qoya bilərik. Bir də ki, öz millətim millətlərin hamısından yaxşıdırsa, bu xoşbəxtliyi nədən ona rəva görməməliyik? Özü də çətin, ağır, əbədi deyil, az, məhdud və nisbi olanı. Prinsipcə, işin ən yünğül olanını...
Nigar Orucova