Oruc - imsak vaxtından iftar vaxtına qədər yemək, içmək və cinsi əlaqədən imtina edilən niyyətli ibadət formasıdır. İmsak, sübh namazını qılmaq və eyni zamanda yemək-içməyi dayandıraraq, oruca başlamaq vaxtıdır. İftar isə orucun açıldığı və axşam namazına başlamaq vaxtıdır. Səhər (sübh) namazının başlanğıcını fəcir təşkil edir və günəş doğması ilə namazın vaxtı bitmiş olur. Fəcir - dan yerinin ağarması, yəni Günəşin doğacağı yerdə ətrafa açılan bəyazlıqdır. Axşam namazının vaxtı isə, Günəşin batmasından üfüqdəki qırmızımtıl rənglərin yox olmasına qədərki zamandır.
Orucun icra mexanizmi
- Oruca niyyət. Hər bir ibadətdə olduğu kimi, orucda da əsas şərt niyyətdir. Zira «əməllər niyyətə görə yaxşı və pis olur». Xalis niyyət qəlb ilə olur. «Dil ilə niyyət etmək bidətdir, yəni sonradan əmələ gələndir» (İmam Rəbbani). Oruc tutacaq şəxs belə niyyət etməlidir: «Allah rizası üçün Ramazanın sabahkı günündə oruc tutmağı niyyət edirəm».
- İmsak vaxtına, yəni oruca başlamaq vaxtına qədər səhər yeməyini tamamlamaq lazımdır. Buna Sahura qalxmaq deyilir. Peyğəmbər (ə) buyurub: «Sahur yeməyini yeyin. Zira bu yeməkdə bərəkət var». İslam orucu ilə yəhudi və xristian orucunun fərqini həz. Məhəmməd belə açıqlayıb: «Bizim orucumuzla əhli kitabın orucu arasındakı fərq, Sahur yeməyini yeməkdədir». Göründüyü kimi, 24 saat ərzində bir dəfə qidalanan əhli kitabdan fərqli olaraq, İslamda səhər tezdən yeyilən yemək, oruc tutmağı yüngülləşdirir.
Qeyd
Sahur - Günəşin batmasından imsak vaxtına qədər olan zamanın son 1/6-i, oruc tutmaq üçün yeməyə qalxılan vaxtdır. Tutaq ki, iftar 18:00-a, imsak isə 06:00-a təsadüf edir. Bu, 12 saatın 1/6-i 2-dir. İmsak vaxtı 06:00 qəbul edildiyindən, Sahur (obaşdan) 04:00-dan 06:00-a qədər olan zamandır.
- Sahuru mümkün qədər gec yemək, iftarı isə tez, yəni günəş batan kimi açmaq müstəhabdır (bəyəniləndir).«İnsanlar iftarı tez açıb, Sahuru da gecikdirdikləri müddətdə xeyirlə yaşayarlar», - Peyğəmbər (ə) kəlamıdır. Rəbb isə buyurub: «Qullarımın ən sevimlisi iftarı tez açanlardır».
Rəsulu Əkrəm adətən iftarını bir xurma və ya bir-iki qurtum su ilə açdıqdan sonra namaz qılardı. O, şam yeməyini namazını bitirəndən sonra yeyərdi. Həmin səbəbdən, iftarı yüngül bir şey ilə açaraq, namaz qıldıqdan sonra şam etmək sünnətdəndir. Kitab əhli adətən iftarı ulduzlar görünəndən sonra açırlar. İslamda isə onlara bənzəməmək üçün iftar tez açılır. Sahurun nə qədər gecikdirilməsi barədə səhabədən gələn hədisdə deyilir: “Biz Rəsululləh ilə birlikdə sahur yeməyini yedik. Sonra sübh namazını qıldıq: «Sahur ilə sübh namazı arasındakı vaxt nə qədərdir» - sualına, həz. Peyğəmbər cavab verdi: «O, təxminən 50 ayə oxuyacaq və ya bir abdəst alınacaq müddətə bərabərdir». Bu isə 8-10 dəqiqə vaxt deməkdir. Göründüyü kimi, obaşdan yeməyi üçün ayrılan bu qısa müddət mədəni doldurmaq üçün deyil, orqanizmin optimal fəaliyyətini təmin edəcək minimum qidanı qəbul etmək üçündür.
- İftar açmazdan öncə bu dua oxunmalıdır: «Allahummə ləkə sumtu, və bikə əməntu, və aleykə təvəkkəltu və alə rizqikə əftərtu». Anlamı: «Allahım, Sənin üçün oruc tutdum. Və Sənə iman etdim və sənə güvəndim, təvəkkül etdim. Və verdiyin ruzi ilə orucumu açıram». Əgər həmin duanı ərəb dilində söyləmək çətindirsə, o zaman oruclu duanı ana dilində də ifadə edə bilər. Zira Allah insana onun qəlbi ilə baxar.
- Nəfsi kölə edən orucun ən mühüm ədəblərindən biri də insanın mənəvi pəhriz saxlaması, mənəvi orucudur. Yəni bəndə gözünü, əlini, ayağını, qulağını, qəlbini, dilini elə saxlamalıdır ki, o, orucdan umulan kamal və fəzilətə qovuşa bilsin. Peyğəmbər (ə) buyurub: «Beş şey oruc və dəstəmazı batil edər: yalan danışmaq, qeybət və xəbərçilik etmək, harama şəhvətlə baxmaq və yalandan and içmək».
Zira yalançı şəxsdə rəhm və mərdlik olmadığı kimi, harama şəhvətlə baxmaq da həmin haramı etməyə bərabərdir. İslamda qeybət və xəbərçilik nifaq olduğu üçün pis əməl sayılır. Yalandan and içmək isə ən böyük günahlardan biridir. Başqa sözlə, tam və kamil oruc, bütün günahlardan və Allahın yasaqladığı şeylərdən uzaq olmaqdır. Zira müqəddəs Ramazana layiq olan ehtiram, ancaq kamil insanın kamil orucudur.
Kim oruc tutmaya bilər
Ən humanist bir din kimi, İslam heç kimi gücündən artıq işə mükəlləf etmir. Belə ki, «Allahın məbədi olan insan» (həz. İsa) bəzi ibadətlərdə bioloji varlığına xələl gətirərsə, o zaman ibadət ya ən yüngül halda, (məsələn, şikəst və xəstə insanın yataqda namaz qılması kimi), ya da məkan və səhhətin imkan verdiyi vaxtda edilir. Həmin səbəbdən şəriət bəzi hallarda oruc tutmamağı və ya başlanan orucu pozmağı caiz hesab edir (icazə verir). Bu hallar aşağıdakılardır: xəstəlik, səfərdə olmaq, məcbur edilmə və ya zor tətbiq edilmə, hamiləlik və ya uşaq əmizdirmə dövründəki çətinliklər, şiddətli aclıq və susuzluq, həddən artıq qocalıq və s. və i. Həmin şəxslər pozulan və ya tutulmayan orucun qəzasını sonradan tutmalıdırlar. Peyğəmbər (ə) demişkən: «O şəxs ki, mütəmadi surətdə oruc tuta bilmir, hər ay üç gün oruc tutsa, bir ayın orucuna bərabərdir». O ki qaldı heç vaxt oruc tutmağa taqəti olmayan insanlara, belələri üçün Peyğəmbər (ə) buyurub: «Toxluğuna şükür edən adam, səbrlə oruc tutan dərəcəsindədir».
Ramazan orucu kimlərə
fərzdir (vacibdir)
Oruc həddi-buluğa çatan və ağlı başında olan hər bir müsəlman üçün fərzdir. «Ey iman edənlər! Oruc sizdən öncəki ümmətlərə fərz qılındığı kimi sizə də fərz qılındı» (Bəqəra, 183).
Həddi-buluğa çatmayan uşaqlar üçün bu ibadət fərz olmasa da, fəqət onları namazda olduğu kimi, kiçik yaşlarından tədricən oruc tutmağa həvəsləndirmək təqdirəlayiq işdir. Peyğəmbər (ə) buyurub: «Kim inanaraq və mükafatını Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar».
Orucu pozmağın cəzası:
qəza və kəffarə
Ramazan orucu Quranla təsbit olunan Allah əmridir. Obyektiv səbəb olmadan bu ibadəti yerinə yetirməmək günah sayılır. Əgər bəndə orucunu qəza edərsə, bu zaman o, orucunu sonradan günə-gün tutmalıdır. Qəza hökm vermə, Allahın təqdir etdiyi əməli icra etmək deməkdir. Orucun kəffarəsi isə, qəsdən tutulmayan bir günlük Ramazan orucunun əvəzinə cəza olaraq, iki ay ardıcıl oruc tutmaq deməkdir. Yaşlı, xəstə və zəif insanlar oruc tutmadıqları təqdirdə, 60 yoxsulun axşam və səhər yeməyini və ya bir yoxsulun 60 gün ərzində iki dəfə yeməyini verməlidirlər. Onlar bu yeməyin dəyərini 60 yoxsula da verə bilərlər. Kəffarə cəzası oruc tutmağa səhhəti imkan verməyən şəxslərə şamil edilmədiyi kimi, bu cəza maddi imkanları olmayan şəxslərə də şamil edilmir. Bu zaman onların edəcəyi ibadət yalnız Allahdan əfv və məxfirət diləməkdir. Kəffarə oruc tutmamağın yox, tutulan orucu qəsdən pozmağın cəzasıdır. Bu baxımdan Ramazan orucunu tutmağa niyyət etməyən şəxs, tutmadığı bu orucları sadəcə qəza edər, kəffarə isə verməz. Orucda kəffarə cəzası, mübarək Ramazan ayının hörmət və namus pərdəsini yırtmanın qarşılığıdır.
Məcbur olmayan, məcbur edilməyən və unutqanlıq halları istisna olmaqla, bilərəkdən (qəsdən) pozulan orucda qəza və kəffarəni gerçəkləşdirən hallar: Cinsi münasibətdə olmaq, yemək, içmək, ağıza düşən yağış və qarı bilərəkdən udmaq, siqaret, qəlyan çəkmək, onları qəsdən iyləmək və ya tüstüsünü qəsdən udmaq və s. Bu hallar bədənin qidalanması, bəslənməsi və ya zövq və ləzzət alması olduğu üçün, pozulan orucun həm qəzası, həm də kəffarəsi var.
Orucu pozmayan şeylər: a) unutqanlıq üzündən yemək-içmək, əgər bu səbəbdən yeyib-içən adam zəif, ixtiyar yaşındadırsa, ona xatırlatmamaq daha yaxşı olar. Çünki bu, bəlkə də Allahın həmin bəndəsinə orucunu qəsdən unutduraraq, ona verdiyi ruzidir. Əgər unudaraq yeyib-içən şəxs sağlamsa və qoca deyilsə, bu zaman ona xatırlanmalıdır; b) qan aldırmaq; v) bədəndəki yaralara qoyulan dərmanlar; q) özündən asılı olmayaraq, siqaret çəkən müsahibinin tüstüsünü udmaq və s. və i.
Orucun növləri
6 növ oruc var.
1.Quranda fərz sayılan Ramazan orucu. Bu orucun tutulması da, qəzası da fərzdir.
- Vacib oruc. Bu oruclardan biri də nəzir orucudur. Məsələn: «Filan iş düzələrsə, filan günə qədər oruc tutacağam» - kimi. Əgər insanın dilədiyi həmin iş düzələrsə, onun oruc tutması vacibdir.
- Sünnət, yəni Peyğəmbər (ə)-nin tutduğu oruclar. Məhərrəm ayının 9 və 10 və ya 10 və 11-ci günləri oruc tutmaq sünnətdir. Bu oruca Aşura orucu da deyilir. Məhərrəmin yalnız 10-cu günü (9-u və ya 11-i olmadan) oruc tutmaq məkruhdur. “Aşura orucu keçmiş ilin günahlarına kəffarədir” (həz.Məhəmməd).
- Məndub, yəni tutulması savab, tutulmaması isə günah olmayan oruclar. Məsələn, hər qəməri ayın 13, 14 və 15-ci günləri tutulan oruclar həmin qisimdəndir. Hər həftənin bazar ertəsi və cümə axşamı günləri, həmçinin Şəvval ayında 6 gün oruc tutmaq da məndubdur. Rəsulullah (ə)-dən bazar ertəsi günü oruc tutması barədə soruşduqda o, «həmin gün mənim doğulduğum, peyğəmbərliyim və Quran nazil olduğu gündür» demişdir. Yeri gəlmişkən, Peyğəmbər (ə) məhz bazar ertəsi günü vəfat edib.
- Məkruh (bəyənilməyən) oruc. Məhərrəm ayının yalnız 10-cu günü, baharın ilk günü, cümə günü, bayram günləri və s. oruclar bu qismə daxildir. Fitr və Qurban bayramlarında oruc tutmaq isə haramdır.
- Nafilə, yəni fərz və vacib olmayıb, sırf fəzilət və savab üçün tutulan oruclar.
Allahın rəhməti zəhmətin
halallarda olmasındadır
Ramazan ayı yardımlaşma, paklaşma, tövbə, yaxşı işlərin görülməsi və təbliği baxımından ilahi bir ərməğandır. «Əvvəli rəhmət, ortası məxfirət, sonu cəhənnəmdən qurtuluş» olan bu ay, həm də KİV-lər üçün gözəl bir fürsətdir. Zira KİV-lərin dinin vacibləri və onun istinad etdiyi əsasları təbliğ etmələri ayrı-ayrı fərdlərin yas məclislərində Quran hikmətinə söykənməyən özfəaliyyətilə müqayisədə həm auditoriya, həm də keyfiyyət baxımından daha fəzilətdir. «(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işləri görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun!. Bunlar (bu camaat) həqiqətən nicat tapmış şəxslərdir» (Ali İmran 104). Əslində bu kəlam varlığı və onun ən kamili olan insanı yaradılış qayəsinə aparan yoldur. Zira Allah kainat sarayını bu uca vəzifə üçün yaradıb və insanı da həmin vəzifəni icra etmək üçün xəlifə edib. Elə Qurandakı 114 surə, 6204 (və ya 6236) ayə və 77934 sözün hikmət və qayəsi də, məhz insanları pis işlərdən çəkindirib, yaxşılığa dəvətdən ibarətdir. («Əmr-i bil-məruf nəhyi anil-münkər»).
Allah və Peyğəmbər (ə) kəlamlarının irşad və təbliği olmayan yerdə namaz və həcdən, oruc və zəkatdan söhbət gedə bilməz. Əgər namaz, oruc, zəkat fərdin şəxsi ibadətləridirsə, irşad və təbliğ isə çoxsaylı xalq və millətlərə, bütöv bir ümmətə xidmət edir. Bu baxımdan Kütləvi İnformasiya Vasitələri, o cümlədən TV-lər, xüsusən bu ayda Allahın uca adını yüksəltmək və həm də özlərinin «nicat tapmaları» üçün Ramazan, Quran və Peyğəmbər (ə)-yə həsr olunan proqramlar nümayiş etdirməlidirlər. Bu ayda onlar haqqı, ədaləti təbliğ etməklə yanaşı, həm də Rəbbin haram buyurduğu şeyləri çoxmilyonlu tamaşaçıya şayən etməməlidirlər. Zira Peyğəmbər (ə) buyurub: «Gizli şəhvətin şayən edilməsi bağışlanmaz günahdır».
«Vücudu təmiz olaraq yatan insan, ibadətlə məşğul olan oruc tutana bənzər» - Peyğəmbər (ə) kəlamıdır. Ruh və bədən vəhdətini təşkil edən vücudun təmizliyi isə, həm də onun təbliğ etdiyi mövzu ilə tanınır. Zira əməllər xarakterlərin aynasıdır. Və hər kəs xarakterinə, düşüncə tərzinə, əxlaqına görə hərəkət edir. Bu baxımdan KİV-lər haram reklam və verilişlərdən alacağı qonorar naminə Ramazanın ülvi pərdəsini yırtmamalıdırlar. Ramazanda «Oruclunun yuxusunu ibadət, sükutunu təsbih, günahını məxfirət, duasını məqbul və ibadətini qəbul edən» Rəbb, Onun rizası üçün həmin qonorarlardan imtina edənləri də, İnşaallah, qiymətləndirər. Kim bilir, bəlkə də qonorardan imtina edib, haramları göstərməyən KİV-lər üçün bu bir kəffarə sayılar?
Ramazan kainatın Rəbbə həmd-səna, şeytan və onun əməllərinə isə «veto» ayıdır. Bu səbəbdən o, Allah rizasını qazanmaq naminə gələcəyi çiyinlərində bayraqlaşdıracaq gənc nəslin dini maarifləndirilməsi ayı olmalıdır. Ramazan ayı mallarını KİV-lərdə reklam edən iş adamları üçün də gözəl məqamdır. Xüsusən bu ayda Quranda haram kimi təsbit olunan müxtəlif spirtli içkilər, çılpaq və yarıçılpaq qadınların sərgiləndirilməsi, həyaya zidd əşyalar, donuz ətindən hazırlanan qida məhsulları və s. münkərlər reklam sahibləri tərəfindən əhaliyə sırınmamalıdır. Əksinə, həmin haramlara həsr olunan TV vaxtları Allah kəlamları və Ramazanın fəzilətlərindən bəhs edən yazı, telesüjet, Davud (ə)-nin səsinə bənzər həzin və düşündürücü müsiqilə əvəzlənməlidir. Kim bilir, bəlkə bu onlar üçün də bir kəffarə kimi qəbul olunacaq?!
Nəfsə köləliyi yox, nəfsin köləliyini təşviq edən Ramazan, həm də «rəhmət zəhmətdədir» Peyğəmbər (ə) kəlamının təntənəsi ayı olmalıdır. Yəni Allahın rəhməti o zəhməti çəkənlər üstündə olur ki, onlar zəhmətinin bəhrəsini haramlardan yox, halallardan alırlar. Deməli, müqəddəs Ramazanda Allah kəlamlarına, milli adət-ənənələrimizə və mədəniyyətimizə zidd həyat və iş prinsipləri, haramları satmaq və onları təbliğ etmək, ən azı Rəbbi unutmaq (haşə!), xalqı isə pisliyə dəvət etmək deməkdir. Əslində bu, bəzi başıpozuq, fəqət imkanlı fasiqlərin, xalq və deməli, bizim hər birimiz üçün əkdikləri zəqqum ağacıdır. Onun meyvəsini isə hamımız hər gün yeyirik. Özü də etiraz etmədən yeyirik. Və əgər yeyiriksə, deməli «içərinizdə pis əməlləri qadağan edən bir camaat olsun» Rəbb kəlamlarına məhəl qoymuruq. Əbədi və əzəli qanunlara zidd olan bu etinasızlıq isə şübhəsiz ki, bəlaların hələ bizdən uzaqlaşmadığından xəbər verir. Necə deyərlər: «Qəza gəlməz Haqq yazmayınca, bəla gəlməz qul azmayınca».
Günahdan tövbə etməyi unudanlara xatırlatma, onlara verilən şans və bərəkətdir, Ramazan. Orucu da pis əməllərdən çəkinmək üçün əmr etdi YARADAN. Elə isə Allah tövbə, dua və orucunuzu qəbul etsin. Amin.
Vaqif Cəliloğlu
Tex. elmləri üzrə fəlsəfə doktoru