İntiharlar və yanğınlar - cəmiyyətin uniforması

 

Cəmiyyət özündən çıxış yolu tapmalıdır. Bu, indiki qədər belə vacib olmamışdı. Artıq şüarların, dərskeçmələrin, qarşılıqlı, qarşılıqsız ittihamların, qulaq asılmayan məsləhətlərin, yaş həddini tanımayan nəsihətlərin zamanı keçib. Daha doğrusu, bütün kitablar oxunub, elmlərin “Everest”i fəth edilib, üzdə və dərində olan biliklər qazanılıb, mentallığımızın mühazirəsini isə dinləyən yoxdur daha.

 Suçu olanlar kiçik günahdan özünə don biçərkən, onu birdəfəlik istifadə üçün hesablayır, böyük günahlarasa baha qiymətlisini, uzun müddətlisini axtarır. Sınmış qürurların addımlarından daha yer-göy titrəmir, səssizlikdir, çünki insanlığın ziddinə atılan addımlardan ayaq basmağa yer qalmayıb.

Xəstə cəmiyyətdən sağlam insan gözləmək dərsini də bitirmək lazımdır. Psixologiyanın kitabını bağlayın, onun səhifəsini son dövrün hit ifadəsi olan “qaldığı yerdən davam” etdirmək də lazım deyil. Çünki psixoloqlar da kimsəni, heç kimi xəstə düşüncələrdən müalicə və müdafiə edə bilmədilər. Hərçənd, günahı bu gün psixoloqların bir peşə, ixtisas, nə bilim, ştat olaraq təyinatının mövcud olmamasında görürlər. Olsaydı, nə baş verəcəkdi? Gün-gün artan, yaşı cavanlaşan intiharlarmı azalacaqdı, köhnə-təzə binalarda, anormal səbəblərlə əlaqələndirilən yanğınlarmı baş verməyəcəkdi?

Psixoloqların bir mütəxəssis kimi formalaşmadıqlarını deyənlər, onların öncə özünü formalaşdırmalı olduğunu təkid edəndə buna gülənlər də, ağız büzənlər də, az halda, qəbul edənlər də oldu. Birinci və ikincilər müasir dövrdə ümumiyyətlə, heç kimə psixoloq lazım olmadığını bəyan etməklə, hər kəsin özü-özünə loğman olduğunu demək istədi. Qəbul edənlərin siyahısı isə, məhdud olsa da, onlar inananlar idilər. Gördükləri, rastlaşdıqları hər çür çirkinliyə rəğmən, yaxşılıqların qələbəsinə olan utopist inamı itirmək istəmirdilər, yoxsa özləri də intihara gedəcəkdilər. Qarışıq bir toplum olaraq psixologiyanın hansısa vərəqini çevirənlərə ümid edərək yaşayırdılar, ta ki dalana dirənənədək.

Dalan da labirint misallıdır, ha fırlanırsan, yenə eyni nöqtəyə gəlib çıxırsan. Ailə-məktəb-cəmiyyət anlayışlarının hansının çıxış yolu kimi seçilməsi heç vaxt indiki qədər məchul olmamışdı. İlk dəfə psixoloqları bəh-bəhlə geniş auditoriyalara çıxaranda, ordan şöhrəti yayılanların qəbulunda qandonduran qiymətlərlə qarşılaşanda itirdilər özlərini. Adətən, psixoloqlara sosial-iqtisadi, psixoloji, maddi və digər hallarda vəziyyəti çətin olanlar ümid qapısı kimi baxır. Bu cür həyat şəraiti ağır, çıxış yolunu psixoloqların qəbulunda axtaranda qiymətləri qaldıra bilməyin ağırlığı, mentallıqdan doğan, lakin məcburiyyətdən qaçılmaz olan psixoloqlara üztutmağın ağırlığı, “görən nə deyər”lərin utancaqlığından doğan ağırlıqlar, əziyyət çəkilən problemin özünün ağırlığı...

Psixoloji travmanın ən ağırı isə insanların güvənc yerinə inamının sarsılması oldu. Ən azını desək, psixoloq Dəyanət Rzayevin timsalında nə qədər insan intiharı qaçılmaz hesab etdi. Psixoloji sarsıntı əziyyət çəkdikləri problemə qoşulub sıraları genişləndirdi. Kolleq və kolleqalarının onun haqqında dediklərinin fərqinə yaxşı-pis mənada varmayan cəmiyyətin bəzi kəsimi Dəyanət bəyi hələ də hörmətlə xatırlayır. O, öz ölümüylə, daha doğrusu, seçdiyi ölümlə nəyi demək istədi? Ariflər bilər...

İndi hamı öz-özünün psixoloqu olmaq istəyr. Çünki stressdən, aqressiyadan, çıxılmazlıqdan, ağır borcdan, hər dürlü çatışmazlıqdan dolayı üz tutduğu psixoloqdan ona kömək yox. Psixoloq olsa-olsa, valideyn üçün uşaq hüquqlarının təminatçısı kimi, carçısı kimi çıxış edəcək, özü də övladın yanında. Valideynin bütün hüquqlarını yerlə bir edərək onu övladın üzünə durğuzacaq, özünə qarşı qaldıracaq. Guya indiyədək hamı öz övladının düşməniymiş, psixoloqlar meydana çıxandan sonra isə ovladlara müdafiə qapısı tanıdıblar.

Bu qapılardan hər gün neçə-neçə insan keçir - dərdinə əlac, məsləhət, çarə axtarır. Hələ də axtarışdadırlar, kimisi övladına “yaxşı bir psixoloq”, mütəxəssis axtarır, tapa bilmir. Kimisi də tapır, yeni problem şəklində. Psixoloq qəbulundan gələn azyaşlı uşağın, ya da fərqi yox, yetkin yaşlı xəstənin himayəçisinə düşmən kimi baxmasını, öz hüquqlarını olmayan yerdən tələb etməsini azmı müşahidə etmişik?

İndi söz mütəxəssislərindir, amma psixoloq-mütəxəssislərin deyil, onları indən belə hazırlayacaq mütəxəssislərin. Sizlər, cəmiyyətimizin xəstə obrazına yeni yaralar vurmayın, daha kimsədə taqət qalmayıb, həyatı intiharlarla məhdudlaşan, psixoloji yardımdan məhrum olan bizlərə rəhm edin! Elə edin ki, məktəblərdə maaşa baxan psixoloq ştatlarına göz dikənlərin sayı azalsın! Reklamlarla özünə müştəri, məhz müştəri yığan psixoloji yardım və reabilitasiya mərkəzlərinin ünvanları yerlə-yeksan edilsin! İntiharlar və yanğınlar biçarələrin sığındığı yataqxanalarda, icarəyə götürdükləri obyektlərdə, “tolkuçka”larda alovlanmasın. Hər şeyin üstündən xətt çəkən özünəqəsd və yanğın kimi fövqəladə hadisə psixoloqları təyinatına aid, mahiyyətinə uyğun yetişdirməyənlərin vicdanında baş versin. Yetər ki, dayansınlar, universitetlərin istənilən fakültəsini bitirib də “iş tapmasam, uzaqbaşı, psixoloq olaram” iddiasıyla, cəmiyyətə qənim kəsilənlərin qarşısı alınsın! Və deyilənlərin (bu artıq təklif deyil, tələbdir!) icrasını ona məsul olanlar icra etsin, vəzifələrinin nə olduğunu nəhayət ki dərk edərək.

 Nigar Vaqifqızı

0.22629904747009