Ananı övladlarından ayıran qohumlar...

 

Yalçın Rasim oğlu İsgəndərovu psixi xəstə adı ilə hərbi xidmətdən kim yayındırıb?

 Ölkəmizdə baş alıb gedən məmur özbaşınalıqlarından media orqanlarına daxil olan şikayətlərin nə sayı bilinir, nə də hesabı. Çünki bu şikayət ərizələrinin hansı yüksək instansiyalara ünvanlanmasından asılı olmayaraq, yenə də şikayət olunan şəxsin üzərinə göndərilir ki, guya "tədbir görülsün, araşdırılsın". Kim özünün törətdiyi əməli, yaxud cinayəti etiraf edər? Bu səbəbdən də sadə insanların mediaya müraciət etməkdən başqa bir yolu qalmır.

Bu günlərdə Xəzər rayonu, Qala qəsəbəsi, "Zeytun bağları" Yeni yaşayış massivində yaşayan Fərəcullayeva Afət Vəzir qızının, Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İ. Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım M.Əliyevaya, Prezident Administrasiyası Hüquq Şöbəsinin müdiri cənab F.Ələsgərova, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova, Azərbaycan Respublikasının müdafiə naziri cənab Z.Həsənova, AR Hərbi Prokuroru cənab X.Vəliyevə, Ombudsman Aparatının rəhbəri xanım E.Süleymanovaya ünvanladığı, oğlu Yalçın Rasim oğlu İsgəndərovu psixi xəstə adı altında hərbi xidmətdən yayındıran məsul şəxslərin qanunsuz hərəkətlərindən bəhs edən şikayət məktubu daxil olub.

Şikayətçi yazır:   

«-Mən, Afət Vəzir qızı Fərəcullayeva 1996-cı ildən İsgəndərov Rasim Xanəkbər oğlu ilə ailə qurmuşam və iki övladımız olub. 5-6 ildən sonra Rasim xəstəlikdən vəfat edib. Həyat yoldaşım Rasimin vaxtilə işlədiyi Zeytun Sovxozu tərəfindən ona ev tikintisi üçün verilən torpaq sahəsində iki otaqlı ev tikib ailəmizlə yaşamışıq. Çox təəssüflər olsun ki, Rasim rəhmətə gedəndən sonra onun bacısı Vəzixanım İsgəndərova və qardaşı Rais İsgəndərov məni qardaşının yetim qalan uşaqlarla birlikdə yaşadığımız evdən qovmaq üçün müxtəlif təzyiqlər göstərdilər ki, başsız qalan ailəni yaşadıqları evdən və torpaq sahəsindən didərgin salsınlar.

Bu plan baş tutmadıqda onlar məni iki övladımdan zorla məhrum edərək, onları yaxınlıqda yaşayan Vəzixanımın evində girov saxlayırlar ki, ana tək qalsın və bezib evi tərk etsin. Ailə başçısını itirdiyinə görə dövlətin övladlarıma ayırdığı və mənim adıma verilən təqaüd kartını da 10 ildir ki, ələ keçirib və pullar baldızım Vəzixanım tərəfindən mənimsənilir. Evin sənədlərini də ələ keçirib gizlədirlər ki, mən hər hansı bir formada bu mülkdən istifadə edə bilməyim.

Bu günə kimi atam və qardaşlarım mənə yardım ediblər ki, təki evimdə babat yaşaya bilim. Atam Vəzir kişi dəfələrlər mənə dolanmaq üçün yanı balalı sağılan mal verib ki, yaşaya bilim. Lakin baldızım və qaynım mənim evdə olmadığından istifadə edərək, heç bir razılığım olmadan mal-qaranı özbaşına 2500 manata satıb, pulun yarsını mənimsəyiblər. Verdikləri pulu da qaynım Rais gəlib 2018-ci ilin ortalarında borc adı ilə alıb getdi, 11 aydır ki, qaytarmır. Pulu da məndən o adla aldı ki guya oğlum Yalçını hərbi xidmətdən qurtaracaq.

Əvvəl buna inanmırdım ki, tam sağlam bir gənci rüşvət yolu ilə hərbi xidmətdən yayındırmaq olar. İndi görürəm ki, boyu 180 sm olan və tam sağlam oğlum Yalçın İskəndərov Xəzər rayon Hərbi Səfərbərlik İdarəsindən hərbi xidmətə çağrılsa da, əmisi onu məndən malımı satıb əldə etdiyi pul müqabilində psixi xəstə adı ilə saxtakarlıq edərək hərbi xidmətdən yayındırıb. Bir ana kimi bilirəm ki, bu saxtakarlıqdır və istəyirəm ki, oğlum da gedib kasıb balaları kimi öz vətəndaşlıq borcunu yerinə yetirsin. Heç bir normal ana istəməz ki, boylu-buxunlu sağlam oğluna dəli damğası vurulsun. Xatırladım ki, Yalçın hazırda "Azbadam" MMC-də adi bir işçi kimi çalışır və 400 AZN maaş alır.

Odur ki, dövlətimizin başçısı, Ali Baş komandan cənab İlham Əliyevdən və digər səlahiyyət sahiblərində xahiş edirəm, oğlum Yalçının hərbi xidmətə göndərilməsinə qəsdən maneçilik törədən Hərbi Həkim komissiyasının, Xəzər rayon Hərbi Səfərbərlik İdarəsinin məsul şəxslərinin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi üçün ciddi araşdırma aparılmasına göstəriş verəsiniz.

Oğlum Yalçın Rasim oğlu İskəndərov həqiqi hərbi xidmətə tam yararlıdır və onun heç bir pisixi xəstəliyi yoxdur».

 P.S. Yazıda adları hallanan hər kəsin movqeyini dərc etməyə hazırıq.

 Tahir Abbas

0.18809008598328