Baş direktoru Vaqif Mustafayevin, görəsən bundan xəbəri varmı?
Sən demə, bütün şikayətçilər mediada haqq-ədalət axtardıqları zaman, elə media qurumları da var ki, öz çalışanlarının hüquqlarını pozaraq onları müxtəlif instansiyalara şikayət etməyə məcbur edirlər. Belə media qurumlarından biri də Space TV-dir.
Belə ki, bu qurumda çalışan, Bakı ş., Binəqədi rayonu, 2-ci Mədən. korpus 93, ev 71-də yaşayan Ağayev Vüqar Böyükağa oğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri S.Babayevə, Azərbaycan Respublikasının Baş prokuroru cənab Z.Qaralova, Azərbaycan Respublikasının Müdafiə naziri Z.Həsənova, Ombudsman Aparatının rəhbəri xanım E.Süleymanovaya, Space TV-nin baş direktoru cənab Vaqif Mustafayevə ünvanladığı şikayət məktubunun bir nüsxəsi də redaksiyamıza göndərilib.
Məktubda deyilir:
«Hörmətli redaksiya, yazıb sizə bildirmək istəyirəm ki, mən, 2018-ci ilin aprelin 20-dən etibarən Space TV-də mühafizə xidmətində rəsmi işə başlamışam və 2019-cu ilin aprelin 8-də işimdən ayrılmağa məcbur oldum. Buna səbəb aylarla maaşlarımızın verilməməsi, qəsdən ləngidilməsi idi. Aylıq maaşım 400 manat idi. 2018-ci ilin dekabrın 1-dən aprelin 8-dək olan maaşımı, cəmi 1701 manat pulumu müxtəlif bəhanələrlə vermədilər. Səbəblərdən biri kimi də bunu göstərdilər ki, Space TV-nin büdcəsində pul yoxdur. Amma görürdük ki, reklamlardan kifayət qədər gəlir əldə edirlər.
Digər bəhanələri isə bu idi ki, Space TV kino filmlər çəkməklə məşğuldur və bütün pullar bu istiqamətdə xərclənir. Onda sual olunur, bəs dövlət büdcəsindən ayrılan 3 milyon manat necə oldu? Başımızı aldadırlar ki, guya Hollivuddan çox sayda aktyorlar dəvət ediblər, pul çatdıra bilmirlər. Pulun ödənilməsi üçün Space TV-nin icraçı direktoru Kamil müəllimə dəfələrlə müraciət etdik.
Hər dəfə də müxtəlif bəhanələrlə 3-5 günə maaşlarımızın ödəniləcəyi barədə vədlər versə də nəticəsini görmədik. Şəxsən mənə də bildirdi ki, gözlə, sənin maaşının hamısını verərik. Amma nə fayda.
Bizim şirkətin, yəni, P.S.S şirkətinin rəhbərliyi çox çalışsalar da, onları da süründürməçiliyə salırdılar. Son ayda iqtisadi vəziyyətimiz daha da pisləşdiyi üçün artıq işə gedib gəlməyə yol pulu tapa bilmədik və məcbur olub 6 nəfər işdən çıxdıq.
Cənab Prezident! Space TV bizim kimi ancaq məvaciblə ailələrin dolandıran insanlara (13 mühafizə işçisi) maaşlarını verməməklə qəsdən pis vəziyyətə saldılar. Ona görə də, Space TV rəhbərliyində olan arxayınçılığı nəzərə alaraq, yalnız Sizdən xahiş edirk ki, bizə çatacaq, şəxsən mənə çatacaq 1701 manat pulun hesablanıb verilməsinə köməklik göstərəsiniz. Space TV bizim halal əmək haqqımızı tam şəkildə dərhal ödəsin ki ailələrimizi maliyyə çətinliyindən çıxara bilək.
Əvvəlcədən minnətdarlığımı bildirirəm, çox sağ olun!»
P.S. Yazıda adları hallanan hər kəsin movqeyini dərc etməyə hazırıq.
T. Abbaslı