Məleykə xanım millətin başın keçəl görüb, “dəlləklik” edir?!

 

Keçirilməyən dərslərin suallarını kim cavablandıracaq?

 Xəbər verildiyi kimi Dövlət İmtahan Mərkəzi (DİM) bazar günü-aprelin 7-də orta ümumtəhsil məktəblərində XI siniflər üçün buraxılış imtahanı keçirəcək. Bu baxımdan yaxşı bilirik ki, bu yazını yazmaqda gecikmişik, Məleykə xanım artıq qərar verib, amma yenə də gözlənilən fəsadları gündəmə gətirmək də pis sayılmaz. Maraqlıdır, görəsən tədris ilinin  başa çatmasına hələ iki ay, səkkiz gün qaldığı halda DİM hansı məntiqə əsaslanaraq tədris proqramı tam yekunlaşmamış şagirdləri sınağa çəkir? Məyər tədris ilini daha 15 gün o səbəbdən uzatmadılarmı ki, müəllimlər tədris proqramını çatdıra bilmir?

 Nə baş verdi, şagirdin sonrakı mövzuları ekstern öyrənməsi üçün hansı yenilikləri ortaya qoydular ki, ona istinad edib, buraxılış imtahanları qabağa çəkildi? Bəlkə ayrı-ayrı fənnlər üzrə son iki ayda müəllimin proqrama uyğun tədris edəcəyi dərslər (mövzular) imtahan sualları arasında yer almayacaq?! Bu mümkünmü? Yəqin ki, yox. Elə isə şagird o suala, yəni hələ keçmədiyi mövzudan düşən suala cavab yaza bilməsə bunun məsuliyyətini kim daşıyacaq? Məncə cavab birmənalıdır:Millətin övladları üzərində alimlər siçan üzərində tədqiqat apardığı kimi (ifadəmə görə övladlarımızdan üzr istəyirəm-Ş.S) eksperiment aparan Dövlət İmtahan Mərkəzi və ilk növbədə cəmiyyətin fikirlərinə sayğısız yanaşacaq qədər özünü bu sahənin tək və əvəzolunmaz sahibi hesab edən DİM sədri Məleykə Abbaszadə. Çünki inandırıcı deyil ki, bilavasitə təhsilə cavabdeh qurumun rəhbəri kimi təhsil naziri belə təhlükəli bir oyunun iştirakçısı olaraq, qərarı dəstəkləsin. Cənablar, bəlkə yetər bu xalqın gələcəyi olan övladlarının başında, dəlləklik etməyiniz! Axı hələ sınaqdan çıxmadığınız yeni qaydalarla bu imtahan sıradan bir imtahan deyil (gələcəyin abituriyentinin) ali məktəblərə qəbul imtahanlarına birbaşa aidiyyatı olan, təsir göstərən çox ciddi bir hadisədir. Sizə kim haqq verib və siz hansı düşüncəylə yüz mindən artıq sagirdin təhsilini tam başa vurmadan imtahana çəkir, onun gələcək taleyi ilə sözün əsl mənasında qumar oynayırsınız? Bəlkə repetitorlarla əlbirsiniz? Çünki, sizin bu qərarınız necə deyərlər repetitorların əlinə oynamaqdır. Bəli, bu gün abituriyent hazırlığı ilə məşğul olan müəllimlər gecə-gündüz çalışır ki, son iki ayın mövzularını keçib başa çatdırsınlar.

Gəlin, mövzumuzu təhsil ekspertləri ilə müzakirə edək, ola bilər ki, biz iradlarımızda haqlı deyilik. Bəlkə doğrudan da buraxılış imtahanlarının iki ay əvvələ çəkilməsi elə də təhlükəli hal deyil.

Kamran Əsədov: “İlk növbədə qeyd edim ki, 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarındakı yeniliklərdən biri də buraxılış imtahanlarının tədris ili bitməmiş, yəni 11-ci sinif proqramı tam mənimsənilməmiş keçirilməsi oldu. Xatırladım ki, əvvəlki illərdə qəbul imtahanları tədris ili başa çatmamış, may ayında keçirilirdisə, buraxılış imtahanları tədris ili başa çatandan sonra, iyun ayında keçirilirdi. Bu ildən etibarən isə həm buraxılış imtahanı, həm də qəbul imtahanı tədris idi başa çatmamış keçiriləcək. Dövlət İmtahan Mərkəzi analoqu olmayan “yeniliyə” imza atmaqla abituriyentlərin əslində universitetlərə yalnız repetitor hesabına qəbul olunduğunu təsdiqləmiş oldu. Yəni tədris proqramı tədris ili başa çatmamış ancaq repeititor və hazırlıq kurslarında mümkündür. Bir məqamı xüsusi qeyd edim ki, buraxılış imtahanındakı test tapşırıqları arasında şagirdlərin orta məktəbdə hələ keçmədikləri, standartların reallaşmadığı dərslərdən də suallar ola bilər. Əvvəlki illərdə biz bunun şahidi olmuşuq. Buraxılış imtahanları tədris ili başa çatmadan aprel ayında, qəbul imtahanları may ayının əvvəlində baş tutacaq. Onu da qeyd edim ki, keçən ilki imtahanlar göstərdi ki, Dövlət İmtahan Mərkəzi bu ehtimalları hələ də keçirilməyən mövzulardan, reallaşmayan standartlardan imtahan iştirakçılarının bilik və bacarıqlarını yoxlayıb. Belə ki, 2018-ci ildə keçirilən qəbul imtahanlarında bütün ixtisas quruplarına daxil olan fənlərdə istifadə olunmuş test tapşırıqlarının azı ikisi imtahana qədər keçirilməyən, tədris proqramında mayın sonu, iyunun əvvəllərində nəzərdə tutulan mövzulardır. Belə olan halda çox maraqlı bir vəziyyət yaranır. Bildiyiniz kimi, bu il 2017-2018-ci il üçün keçirilən qəbul imtahanlarında I ixtisas qrupu üzrə 5 abituriyent, II ixtisas qrupu üzrə 2 abituriyent, III ixtisas qrupu üzrə isə 1 abituriyent , IV ixtisas qrupu üzrə isə 2 abituriyent hazırda orta məktəbdə oxumasına və tədris proqramını bitirməməsinə baxmayaraq bütün mövzulardan təqdim olunmuş test tapşırıqlarına doğru cavab verib. 2018-2019-cu tədris ilində isə 19 abituriyent tədris ili başa çatmamış tədris proqramını mənimsəyib 700 bal toplamışdı. Əlbəttə abituriyentlərin yüksək bal toplaması sevindirici haldır. Amma bu onu göstərir ki, qəbul imtahanlarında iştirak edən iddiaçılar imtahanda orta məktəbdə əldə etdikləri biliklərlə yox, məktəbdən kənar, repetitor yanında mənimsədikləri biliklərlə iştirak edirlər. Bu da onu göstərir ki, Azərbaycanda qəbul imtahanları çox çətin bir prosesdir, şagirdlər üçün əlçatan deyil. Qəbul imtahanlarını tədris ili başa çatmamış təyin edən Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarını orta məktəb proqramına, dövlətin təsdiq etdiyi tədris cədvəlinə uyğun olaraq yox, repetitor proqramına uyğun olaraq həyata keçirir. Burda bir ziddiyyətli məqam da ortaya çıxır. Əgər şagird aprel ayında keçirilən buraxılış imtahanından və may ayında keçirilən qəbul imtahanında yüksək nəticə göstərsə və müsabiqə şərtlərini ödəsə, o, orta məktəbdə dərsə getməyə bilər. Çünki o potensial tələbədir. Ancaq Azərbaycanda bir adam eyni zamanda həm şagird, həm də, tələbə ola bilər. Qəbul və buraxılış imtahanlarının tədris ili başa çatmamış keçirilməsi orta məktəblərin 11-ci siniflərində davamiyyətə mənfi təsir göstərə bilər.”

Nadir İsrafilov: “Tədris ilinin müddətinin artırılması, buraxılış imtahanlarının vaxtının dəyişdirilməsi bu günün məsələsi olmayıb, bütövlükdə cəmiyyət üzvləri tərəfindən heç də birmənalı qarşılanmayan, geniş müzakirə və polemika predmetinə çevrilən məsələlərdən biridir. Yəqin çoxları xatırlamamış deyillər ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının icrası barədə Təhsil Nazirliyinin ümumtəhsil məktəbində dərs məşğələlərinin sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatması barədə əmri həmin ərəfədə cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmamış, genış müzakirə və polemikalara yol açmışdı. Bununla belə müəyyən müddət keçməsinə baxmayaraq, sonralar da sosial şəbəkələrdə dərs günlərinin başlanma və bitmə tarixlərinin dəyişdirilməsi ilə bağlı valideynlər tərəfindən geniş müzakirələr aparılmış, müzakirələrə müəllimlərdən, digər struktur nümayəndələrindən qoşulanlar da olmuşdu. Hətta iş o yerə çatmışdı ki, Təhsil nazirinə, digər səlahiyyətli orqanlara müraciət üçün petisiyaya və imza toplama kampaniyasına başlanılmışdı. Çoxsaylı müraciətlərdə dərslərin əvvəlki kimi 1 sentyabr - 25 may arasında keçirilməsi xahiş olunurdu. Təhsil Nazirliyi isə, "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi barədə 2004 –cü il avqust qərarına və dəyişikliyin əsas məqsədinin şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılması arqumentinə əsaslanaraq, öz mövqeyində israrlı idi. Belə ki, məktəblərdə dərs günlərinin miqdarının az olması fənlər üzrə mövcud təlim proqramlarının şagirdlər tərəfindən səmərəli mənimsənilməsində çətinliklər yaradır, xüsusilə yuxarı siniflərdə həftəlik tədris yükünün artmasına səbəb olur. Səbəb kimi gətirilən arqumentlər içərisində beynəlxalq təcrübəyə istinad edilməsi də özünə yer almışdı. Başqa sözlə, əsas məqsəd dünyanın inkişaf etmiş ölkələrindən tədris həftələrinin (müvafiq olaraq 38-40 həftə ) sayına görə geri olan ölkəmizin (əvvəl 32 tədris həftəsi olub) tədris ili müddətində müəyyən ahəng yaratmaq idi. Əvəlki illərdən (1 sentyabr-25 may) fərqli olaraq tədris ilinin 2 həftə uzadılması, yəni sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə bağlı belə bir dəyişiklik şübhəsiz ki, o zamankı TQDK-nın (DİM) iş ahənginə də təsirsiz ötüşmədi. DİM rəsmiləri buraxılış imtahanların qabağa çəkilməsini, iş qrafikinin sıxlığı ilə izah etdikləri halda, bir çox valideynlər isə övladlarının zəif nəticə göstərməsinin günahını dərs ilinin başa çatmamaması ilə əlaqədar proqram materiallarının tam mənimsənilməməsində görürlər. Görünür, bu və digər obyektiv və subyektiv uyğunsuzluqların aradan qaldırılması üçün müəyyən dəyişikliklər aparılmasına zərurət var.”

 Şahnaz Salehqızı

 P.S. Gülümsərov demiş, indi gördünüzmü alimlər də bizim dediyimizi deyir?! Bəlkə «yuxarılar» da öz sözünü deyib, təhsili təcrübə «poliqonu»na çevirən sədrə «işləri təhvil versin, gedib pensiyasın alsın»,- deyə!

0.19885993003845