Keçmiş məhbusların ali təhsil almaları necə reallaşdırılır?

 

“Məsələ fərdi xarakter daşıdığı üçün məsuliyyət də vətəndaşın üzərinə qoyulur”

 Ölkə vətəndaşlarının bütün hüquq və azadlıqları kimi, onların təhsil almaq hüququ da qanunla təsbit edilib. Lakin əhali qrupu arasında təhsil almaq hüququndan məhrum olan şəxslər də var. Bu sıraya heç də universitetlərə ödənişli əsaslarla qəbul olunsa və ya ali təhsil ocaqlarına yüksək ballı ixtisaslar tələb etsə də, maddi gücü zəif olduğu üçün sözügedən prosesdən kənarda qalanlar aid deyil. Bu şəxslər azadlıqdan məhrum edilmiş şəxslər, məhkumlardır.

Onların doğrudur, orta təhsil müəssisələrinin buraxılış imtahanlarında iştirak etmək hüququ mövcuddur. Yəni həbsxanada olan, hansısa səbəbdən attestat ala bilməyən məhkumların yalnız natamam orta və tam orta təhsil bazası əsasında imtahanlarda iştirak edərək sənəd əldə etmək hüququ var. Dövlət İmtahan Mərkəzi də onlar üçün imtahanlar keçirir. Qurumdan da rəsmi şəkildə bəyan edilir ki, buraxılış imtahanlarını versələr də, məhbuslar ali təhsil müəssisələrinə qəbul oluna bilmirlər.

Əslində, məsələnin bu tərəfini anlamaq elə də çətin deyil. Ən azı ona görə ki, buraxılış imtahanını verərək orta təhsil barədə sənədin əldə edilməsinə elə həbsxana mühitində şərait yaradılıb. Fəqət ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilsə belə, məhbəs həyatı yaşayan şəxslərin ali təhsil alması bəlli bir məqama görə mümkün deyil. Onların həbsdə olması, bu müddətin başa çatmaması məsələni əngəlləyən əsas şərtdir. Ona görə də müxtəlif səbəblərdən həbsxanaya düşən, lakin oxuyub ali təhsil almaq arzusu və qanunla belə hüququ olan şəxslərin onu gerçəkləşdirməsi yalnız həbs müddətinin bitməsindən sonraya qalır. Əfsus ki, bu sahədə də çətinliklər yetərincədir.

Çətinliklərin ən böyüyü məhbus həyatı yaşamış şəxslərin ən birinci, cəmiyyətə inteqrasiyasındadır. Bizim cəmiyyət həbsə düşən şəxsləri dəyərləndirmədə də onları kateqoriyalara bölür. Yanaşmalar da burdan başlayır. Məsələn, təkcə azadlıqda deyil, elə həbsxanada da namus üstündə, şər və böhtanın güdazına gedən, bəzi səbəblərdən günahsız yerə həbsə düşən, eləcə də vicdan məhbusları və digərləri hörmətlə qarşılanırlar. Bu yanaşma azadlıqda da keçərlidir. Lakin məhbus həyatı yaşayan şəxslərin əksəriyyətinin işlə təminatında, ali təhsillə bağlı yetərli problemləri mövcuddur. Problemin biri - onların ali təhsil almaqla bağlı üzləşdikləri çətinliklərin həll edilməsi görəsən, bizdə hansı səviyyədədir? Ümumiyyətlə, ölkəmizdə belə bir praktika varmı və bu məsələlər necə reallaşdırılır?

Təhsil sahəsi üzrə ekspert Etibar Əliyev qeyd edir ki, məhkumluğu olan şəxslər müəyyən müddət təhsildən, mövcud proseslərdən ayrı düşdükləri üçün onların bu istiqamətdə iştirakları müəyyən çətinliklər yaranır. Eyni zamanda, sözügedən məsələ fərdiliyilə də diqqəti çəkir: “Bu məsələ fərdi xarakter daşıdığı üçün məsuliyyət də vətəndaşın üzərinə qoyulur. Yəni konkret olaraq onların məhkum olunduğu vaxt, məhkəmə qərarıyla çəkdiyi cəza hesab olunduğundan, məhbusluq müddəti başa çatandan sonra həmin şəxslərə hansısa güzəştlər tətbiq edilmir. Onların da adi vətəndaşlar kimi tam orta məktəbi və yaxud, təhsilin icbari hissəsini bitirib kolleclərə və digər təhsil müəssisələrinə sənəd vermək hüquqları var. Yəni bütün vətəndaşlar kimi, onlar da eyni, təhsil almaq hüququna malikdirlər. Amma heç bir halda onların təhsildən ayrılıb sonradan davam etməsini nəzərə alan hansısa bir güzəşt, kömək göstərilməsi kimi məsələlər Dövlət İmtahan Mərkəzində və “Təhsil haqqında” qanunda öz əksini tapmayıb. Ali təhsil almaq istəyən keçmiş məhbuslar öz istəyindən asılı olaraq adi vətəndaşlar kimi kurslara, repetitor yanında hazırlığa gedərək imtahanlarda iştirak edə bilərlər. Yəni hansısa səbəbdən həbsxanaya düşən şəxslərin həbs müddəti bitəndən sonra ölkədə keçirilən ali məktəblərə qəbul imtahanı prosesində iştirak edə bilməmək kimi məhdudiyyəti yoxdur. Bu şəxslərin Konstitusiyada təsbit olunan təhsil hüququnu heç kim məhdudlaşdıra bilməz”.

Ekspert əlavə edir ki, qəbul prosesində iştirak etmək üçün konkret olaraq həmin şəxslərin həbsdə olmaları barədə hansısa sənəd tələb olunmur. Bir sözlə, vətəndaşın həbsdə olması onun təhsil hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Bu, bütün ölkə vətəndaşlarının qanuni haqqıdır. Sözügedən şəxslərin özlərinin və təhsilalanların məsələyə münasibətinə gəlincə, heç bir yanaşma, kənar rəy, təcridolunma və s. məqamlar istənilən şəxsin ali təhsil almaq arzusuna sədd çəkə bilməz. Konstitusiyada təsbit edilən qanuni hüquqları gerçəkləşdirməklə bərabər, buna kimsənin mənəvi haqqı da yoxdur.

Nigar Orucova 

0.18821811676025