Sağlığında Cənnətlə müjdələnənlər

 

İslam imanla əməlin vəhdətindən ibarət olan ilahi bir sistemdir. Onun bir tərəfində inam, digərində isə inandığına əməl etməkdir. "İnsanlar yalnız: "İman gətirdik!" - demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?" (Ənkəbut 2). Yəni təkcə dillə iman gətirmək əbədi səadət yurdu olan Cənnət üçün kifayət deyil. Rəbb insanları Allah yolunda (din, bayraq, vətən, haqq-ədalət uğrunda) mübarizədə mal, can və övladları ilə sınayır. Sınayır ki, kimin həqiqi, kimin də riyakar olduğu ayırd edilsin.

Təəssüf ki, əksər insanlar ilan kimi sakit, fəqət zəhərli olan bu dünyanın maddiliyinə uyaraq, əməllərinin tərəziyə qoyulacağından bixəbərdirlər. Can verərkən çəkilən məşəqqəti, qəbr əzabının şiddətini, böyük və adil məhkəmədə sorğu-sualın rüsvayçı xəcalətini, irinli və atəşli əbədi Cəhənnəm əzabını unudan belə talesizlər barədə Peyğəmbər(ə) buyurub: "Mənim bildiyimi bilsəydiniz, az gülüb çox ağlayardınız". Belələri həz.Məhəmməd kəlamının hikmətini yalnız vəfasız, fani və ani dünyanın ölümlə oyanıb, axirətlə əvəz edildiyi zaman - əməllərinin həqiqi və əda-lətli əvəzi onlara verildiyi vaxt biləcəklər. Fəqət tövbənin lüzumsuz, ata, ana və övladın, pul, mülk və vəzifənin, ad və sanın kara gəlməyəcəyi o durumda hər şey, dünyaya yenidən gəlib yeni tərzdə yaşamaq qədər, qeyri-real və mümkünsüz olacaqdır.

 Ən gözəl örnək Peyğəmbər(ə) əxlaqıdır

 Rəbb kəlamına görə, varlığın fitrəti və təbiəti, həyatın qanunu olan İslam qiyamətə qədər Allah təminatı altındadır. İslam həm də yaşanan və yaşadan bir həqiqətdir. Bu həqiqətin yaşayıb yaşatması isə, əməlisaleh və imanlı bəndələrin qeyrətindən asılıdır. Onlar: "Sizdən əvvəl insanların başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz?" (Bəqara 214) Rəbb kəlamının pərdəarxası hikmətini iman və bəsirət gözü ilə görüb, ona felən əməl edənlərdir. Onlar Allah, Peyğəmbər(ə) və Quran əxlaqı ilə əxlaqlanıb həz.Məhəmmədi özlərinə örnək edənlərdir. Zira deyilib: "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir" (Əhzab 21). Bu nümunəni yaşadıb, onu gələcək nəslə bir əmanət kimi ötürənlər isə Əshabi-kiramdır.

 Əshabi-kiram

 Məhəmməd(ə) ümmətinin ən üstünü Peyğəmbər(ə)-yə iman gətirib, onun mübarək üzünü görənlərdir. Onlara Əshabi-kiram deyilir. Əshab "səhabə" sözünün cəmi olub "dostlar", "rəfiqlər", "tələbələr" mənasını ehtiva edir. Kiram isə "kərim" sözündən  əmələ gəlib "səxavətli", "comərd" anlamını verir. Əshabi- kiram barədə Peyğəmbər(ə) buyurub: "Allahdan qorxun, Əshabi-kirama pis söz deməyin. Məni sevdiyiniz qədər onları da sevin. Bilin ki, Uhud dağı ağırlığında qızıl sədəqə də versəniz, onların ən kiçik savabına belə yetişə bilməzsiniz". Əshabi-kiramın bir hissəsi Hudəybiyyədə (628 il) Rəsulu-Əkrəmə biət edib, söz verənlərdir. Belə ki, Məhəmməd (ə) Mədinəyə hicrət etdikdən 6 il sonra Məkkəni ziyarət etmək üçün 1400 müsəlmanla oraya yollanır. Qureyş tayfası  (məkkəlilər) bu xəbəri eşidib silahlanırlar.  Peyğəmbər (ə) Əshabi-kiramla Hudəybiyyə adlanan məntəqəyə gəlir və orada bir ağac altında əshabdan İslam uğrunda canlarını fəda etmək üçün beyət istəyir. O zaman Əshabi-kiram Allah Rəsuluna belə dedi: "Ya Peyğəmbər! Allah sənə zəfər ehsan edənə qədər, şəhid olana qədər mübarizə aparmağa söz veririk". Quran bu hadisəni belə açıqlayır: "(Ya Peyğəmbər!) And olsun ki, ağac altında sənə biət etdikləri zaman Allah möminlərdən razı oldu. Allah onların ürəklərində olanı (Sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi. Onlara öz dərgahından xatircəmlik, rahatlıq göndərdi" (Fəth 18). Qeyd edək ki, çox çətin danışıqlardan sonra tərəflər  heyətin Məkkəni növbəti  ildə ziyarət  etməsi barədə razılıq əldə etdilər.

Hudəybiyyə andlaşmasında iştirak edən 1400 nəfərin ən üstünü sayı 113 nəfər olan Əshabi-Bədr, Bədr döyüşünün (623 il) iştirakçıları olublar. Döyüşdən qabaq həz.Peyğəmbər belə dua etdi: "Ya Rəbb! Mənə vəd etdiyin yardımı bu gün lütf et! Allahım, əgər bu insanlar şəhid olsalar, Yer üzündə Sənə ibadət edəcək kimsə qalmayacaq". Bu duadan sonra Rəbbin Peyğəmbərini əmin edən: "(Bədr vuruşunda) səninlə vuruşan dəstə mütləq məğlub  olacaq və arxa çevirib qaçacaqdır" (Qamər 45) ayəsi  nazil oldu. 113 nəfərin ən üstünü isə İslamı ilk qəbul edən 40 müsəlmandır. Bu 40 nəfərdən də ən üstünü Cənnətə girəcəkləri sağlıqlarında bəyan edilən 10 nəfərdir. Onlara Aşərai Mubəşşəra deyilir.

 Aşərai Mubəşşəra

 Peyğəmbər(ə) tərəfindən hələ sağlığında Cənnətlə müjdələnən 10 nəfər bunlardır: 1) Əbu Bəkr; 2) Ömər; 3) Osman; 4) Əli; 5) Talha, 6) Zubəyr bin Avvam; 7) Abd Rahmən bin Avf; 8) Sad ibn Əbu Vəqqas; 9) Said bin Zəid; 10) Əbu Ubəydə bin Cərrah. Həz.Ömər deyib: "Xəlifə olmağa bu on nəfərdən layiqlisi yoxdur. Çünki Rəsulu Əkrəm onlardan daha çox razı idi". Təsadüfi deyil ki, bu on nəfərdən 4-ü xəlifə olub. Digərləri barədə isə buyurulub: "Hər peyğəmbərin bir həvarisi var. Mənim də həvarim Zubəyr bin Avvamdır" (həz.Məhəmməd); "Rəsulu Əkrəmin: "Heç kimə atam-anam sənə fəda olsun" - söylədiyini eşitmədim. Həz.Peyğəmbər yalnız Uhud döyüşü günü (625 il) Sada dedi: "Atam-anam sənə fəda olsun, (ox) atmağa davam et" (həz.Əli); "Hər ümmətin bir əmini var. Mənim ümmətimin əmini də Ubəydə bin Cərrahdır" (həz.Məhəmməd); "həz.Peyğəmbərdən eşitdim: "Talha və Zubəyr Cənnətdə mənimlə qonşudurlar" (həz.Əli); Peyğəmbər (ə) isə buyurub: "Yer üzündə canlı şəhidə baxmaq istəyən Talhaya baxsın" (Bir döyüşdə Talha 70-dən artıq yara aldı. Həmin səbəbdən ona canlı şəhid deyilib).

Lakin Peyğəmbər (ə)-nin hələ sağlıqlarında 10 nəfəri Cənnətlə müjdələməsi  onların arasında heç bir narazılığın, hətta qarşıdurmaların  olmamasına dəlalət etmir. Allahın  seçdiyi sonuncu peyğəmbər olan Məhəmməd (ə) vəfatından  qabaq  qızı Fatimənin, əmisi oğlu və kürəkəni  həz.Əlinin, nəvəsi həz. Hüseynin necə öləcəyini bildiyi kimi,  10 nəfərdən hansının həz. Əliyə qarşı qiyam edəcəyini də bilirdi. Mənbələr yazır: "Həz. Əli Zubeyrdən  soruşdu: Yadındamı, Rəsululləh (ə) məni göstərib səndən  soruşdu ki,  onu sevirsənmi? Sən dillənincə  o buyurdu: Sən onun əleyhinə qiyam edəcək, onunla savaşacaqsan və bununla  da zalımlardan  olacaqsan". Belə də oldu. Bəsrədə məskunlaşan  Aişə (həz. Peyğəmbərin arvadı), Talha və Zubeyr həz. Əlini xəlifə  kimi tanımayıb qiyam etdilər. Danışıqlar fayda vermədiyindən həz. Əli Bəsrəyə hücum etdi və  "Dəvə vaqiəsi" adlanan həmin döyüşdə (659-cu il) qalib gəldi. Talha və Zubeyr öldürüldü, Aişə isə 40 seçkin  qadınla Mədinəyə göndərildi... Halbuki, vaxtilə həz. Əli demişdi: "Həz. Peyğəmbərdən eşitdim: "Talha və Zubeyr Cənnətdə mənimlə qonşudurlar".

Əlbəttə, bəşər məntiqinə sığmayan  belə ilahi istisnalar Rəbbin hikmətlərindəndir. Şübhə yox ki, Peyğəmbər (ə)-nın həmin 10 nəfəri  Cənnətlə müjdələməsi də, Rəbbin istəyindən doğub, onun iradəsi  ilə  baş verib.  Bunu Rəbbin aşağıdakı kəlamı da sübut edir. Belə ki, bir-birinə antoqonist düşmən olan Övs və Xəzrac tayfası Peyğəmbər (ə)-yə iman gətirərək onun uğrunda döyüşürdülər  Peyğəmbər (ə) onları barışdıra bilmədiyindən əziyyət çəkirdi. Bu zaman: "(Allah) Onların (bir-birinə düşmən olan Övs və Xəzrac tayfasından  olan ənsarın) ürəklərini (ülfətlə, dostluqla) birləşdirdi. Əgər sən yer üzündə  nə varsa, hamısını xərcləsəydin belə, yenə də  onların ürəklərini birləşdirə  bilməzdin. Lakin Allah onları birləşdirdi (aralarında ülfət yaratdı). Həqiqətən, O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (Ənfəl 63). Göründüyü kimi, müəyyən səbəbdən bu dünyada bir-birinə kin bəsləyib silah qaldıranlar belə, istisna hal kimi hətta Cənnətlə müjdələnə bilərlər.

 “Aşərai  Mubəşşəra”dan dörd xəlifə

 Hələ sağlığında Cənnətlə müjdələnən Əbu-Bəkr İslam dövlətinin ilk xəlifəsidir (632-634). O, həz.Peyğəmbərin ən yaxın dostu və qaynatası, söz və əməlilə Allah Rəsuluna ən sadiq adamlardan biri olub. "Mən Allah və Peyğəmbərə itaət etdikcə, siz də mənə itaət edin. Əgər mən Allah və Peyğəmbərə itaət etməsəm, siz də mənə itaət etməyin" kəlamı, həz. Əbu-Bəkrin inauqurasiya (biət) mərasimindəki çıxışındandır.

Sağlığında Cənnətlə müjdələnən həz.Ömər, həm də ikinci xəlifə olub (634-644). Həz.Ömər müstəsna ədalət və təşkilatçılıq qabiliyyətinə malik bir dövlət başçısı olmaqla yanaşı, həm də Peyğəmbər(ə)-nin qaynatası idi. "Məndən haqlarını tələb edəndən Allah razı olsun" - kəlamı da həz.Ömərə məxsusdur. O, İslam aləmində ölkə başçısının ilk dəfə parlament üsulu ilə seçilməsi haqqında fərman və bu fərmanın bilavasitə həyata keçirilməsinin müəllifidir.

Mənbələrə görə, mədinəli münafiqlər həz.Ömərin ədalətini sınamaq üçün xəlifəyə söz verdilər ki, onun xəstə oğlunu sağaldacaqlar. Həz.Ömər bu vədə inanıb, oğlunun müalicəsini onlara həvalə etdi. Münafiq xəstəni evinə aparıb, şərabla sərxoş edəndən sonra qızını ona təqdim etdi. Xəlifənin oğlu gecə nə baş verdiyini yalnız səhər anladı. Lakin artıq gec idi. Zaman keçdi və hamilə olan münafiqin qızı doğdu. Münafiq qızı və nəvəsini götürüb həz.Ömərdən ona sahib çıxma-sını tələb etdi. Məsələnin doğruluğuna əmin olan xəlifə, şəriətin tələbinə görə oğluna 100 çubuq vurulmasını əmr etdi. 40 çubuqdan sonra gəncin halı xarablaşdı. Səhabənin israrlı xahişini rədd edən həz.Ömər, cəzanın tamamlanmasını tələb etdi. 80 çubuqdan sonra onsuz da xəstə və zəif olan gənc öldü. Xəlifə meyitə daha 20 çubuğun vurulmasını əmr edib, ağlaya-ağlaya dedi: "Görəsən, atalıq vəzifəmi yerinə yetirib, onu axirət əzabından xilas etdimmi?"

Sağlığında Cənnətlə müjdələnən həz.Osman həm də üçüncü xəlifə olub (644-656). Quranın vahid kitab halında tərtib edilməsi həz.Osmanın xidmətlərindəndir. Peyğəmbər(ə) buyurub: "Əgər qırx qızım olsaydı, onların hamısını bir-birindən sonra (biri öləndən sonra digərini) Osmana verərdim". Yeri gəlmişkən, Məhəmməd(ə)-nin bir qızı həz.Osmanda ərdə ikən vəfat etdikdən sonra Peyğəmbər(ə) ikinci qızını da ona verib.

Sağlığında Cənnətlə müjdələnən həz.Əli İslam dövlətinin dördüncü xəlifəsi olub (656-661). Əli kəramət, səxavət, ibadət, mərdlik, sadəlik və idrak rəmzidir. Onun "Nəhcül-Bəlağa" kitabı İslam aləmində müqəddəs Qurandan sonra ikinci kitab sayılır. Peyğəmbər(ə) sevimli qızı Fatiməni həz.Əliyə vermişdi. Həz.Məhəmməd buyurub: "Əli haqqında pis söz söyləyən, bunu mənim haq-qımda söyləyir. Mənim haqqımda pis söz söyləyən isə, Allaha pis söz söyləyənə bərabərdir. Allah da o kimsəni üzüqoylu Cəhənnəmə atar"; "Mən kimin ağasıyamsa, Əli də onun ağasıdır". "Əli olmasa idi, mən həlak olardım" kəlamı həz.Ömərə məxsusdur.Həz. Əli İslam dünyasında ümumxalq seçkisi ilə seçilən ilk xəlifədir.

 Allah dörd xəlifəni sevməyi əmr edib

 Peyğəmbər(ə) özündən sonra İslam dövlətinə 29 il xəlifəlik edən  dörd cənnətməkan barədə ümumiləşdirdiyi bu açıqlamanı verib: "Mən elmin şəhəri, Əbu-Bəkr bu şəhərin təməli, Ömər divarı, Osman tavanı, Əli də qapısıdır. Əbu Bəkr İslamın tacı, Ömər bəzəyi, Osman cövhəri, Əli gözəl qoxusudur. Allah namazı, orucu, zəkatı, həcci fərz etdiyi kimi, Əbu-Bəkri, Öməri, Osmanı və Əlini sevməyi də əmr edib". Yeri gəlmişkən, Peyğəmbər(ə)-nin Əshabi-kiram və Rəşidi-xəlifələr barədə söylədiyi kəlamlar təriqətindən asılı olmayaraq, İslam dini və onun tarixindən danışan hər bir din xadimi üçün bir örnək olmalıdır. "Bilin ki, Uhud dağı ağırlığında qızıl sədəqə də versəniz, onların ən kiçik savabına belə yetişə bilməzsiniz" (həz. Peyğəmbər).

 Yurdumuzdan başqa, hansı  yurddan düşməni qovacağıq?

 Əshabi-kiram istər Peyğəmbər(ə) sağlığında, istərsə də onun vəfatından sonra İslamın beş varlıq qayəsini təmin edən cənnətməkan varislər olublar. Bu baxımdan, Məkkənin həz.Məhəmmədin, Qüdsün həz.Ömərin rəhbərliyilə müşriklərdən azad olunması, "nə qədər ki, Allah evi (Beytül Müqəddəs-Qüds) düşmən torpağı altındadır, mən sarayda yox, hərbi çadırda yaşamalıyam" Sultan Səlahəddin Əyyubi əqidə və əməli, həmin beş qayə (ərazi bütövlüyü, əhalinin yaşamaq haqqı, onun nəsli, dini və vicdan azadlığının qorunması) uğrunda canlarını fəda edən  şəhidlərimizin  şücaəti  bizim üçün oxunmalı və tətbiq edilməli bir kitab olmalıdır. Olmalıdır ona görə ki, hələ də torpaqlarımız  və dini-tarixi abidələrimizin bir hissəsi işğal altındadır.Unutmayaq ki, "Yurdumuzdan başqa, hansı yurddan düşməni qovacağıq ki?" (həz.Əli) kəlamına görə, əslimizin bizə əmanət verdiyi torpaqları azad etməyənə qədər bizim Peyğəmbər (ə) şəfaətinə nail olmağımız da sual altındadır. Çünki Allah əmanətlərini qoruya bilməyən bir quruma bəzən Peyğəmbər (ə) şəfaəti də kömək etmir. Zira şəfaətin bilavasitə sahibi Allahdır. Səhih hədisə görə: "Qiyamət günü cəza veriləcək ümməti barədə həz.Məhəmməd Allahdan xahiş etdi: "Ya Rəbbim, axı onlar mənim ümmətimdir". Rəbb buyurdu: "Bilmirsən onlar səndən sonra nələr etdilər. Onlar doğru yoldan dalı-dalı çəkildilər".

Elə isə Allahım, işğal olunan torpaqlarımızı geri qaytarmaq üçün iman, elm və qeyrət atlarımızı şahlandır ki, Peyğəmbərinə buyurduğun kəslərdən - dalı-dalı çəkilənlərdən olmayaq. Amin!

 

Vaqif Cəliloğlu

Tex. elmləri üzrə fəlsəfə doktoru

0.31819105148315