Hər könüldəyerin var...

 

Onun haqqında nə qədər yazılsa da, bəs etməz. Bir ömür boyu lazım olanları öyrəndiyimizi sansaq da, yenə də gündə nəsə öyrənmək lazım gələr. Onun adı yada düşər xatirələrlə bahəm. Çünki o öyrədərdi hər zaman. Ondan öyrənərdik həyatı, cəmiyyəti. Bəlli yaşdan həyata tam formalaşana qədər, bizi məhz o hazırlayardı. Onun adı - Müəllim!

Lap çoxdan onun əsas missiyasını obrazlı şəkildə belə ifadə etmişdim - “Cəmiyyətin bel sütunu”. Həmin fikrimdə yəqin ki həmişə qalacağam. O vaxta qədər ki, həyatda o uca adı əbədi yaşadanlar, onu doğrudan da doğruldanlar var olacaq. Bizi dünyaya gətirəndən sonrakı insan, həyatı, dünyanı bizə tanıdan. Onun adı Müəllim!

Bəlkə də aşağıda qeyd edəcəklərim bəzi şəxslərin, ələlxüsus da Təhsil Nazirliyi yetkililərinin xoşuna gəlməyəcək. Haqlı söz üçün kimlərinsə qəzəbindən qorxmayan kəslərdən olmağı, haqqı-nahaqqa verməməyi, düzgün, vicdanlı və həqiqətpərəst olmağı bizə öyrədən var bu həyatda, cənab rəsmilər. Müəllim peşəsi var olduğu üçün nazirlik də mövcud deyilmi?! O zaman, söyləyəcəklərimizə diqqət edib əsassız aqressiya göstərməyin, naxoş hala düşməyin!

Bilin, məhz “Bilik günü”ndə, “Müəllimlər günü”ndə, bütün bayramlarda əksər valideynlərin müəllimlərə hədiyyə təqdim etməsi öz istəkləriylə olur. Bunu ona görə deyirəm ki, hər il bayramlar ərəfəsi nazirlikdən orta məktəblərdə hədiyyələrə, pul yığılmasına imkan verilməməsi barədə tapşırıqlar verilir, qadağalar qoyulur, onsuz da kiminsə əhəmiyyət verməyəcəyi bəyanatlar səsləndirilir...

İlbəil təkrarlanan belə trafaret açıqlamalardan yorulmadınızmı? Hələ də aydın olmayıb ki, müəllimləri təbrik etmək fürsətini qaçırmaq istəməyən, bəlkə onlara illər öncəki mənəvi borcunu qaytarmaq istəyən valideynlər var? Hər halda, müəlliminin öz üzərindəki əməyini unutmayanlar bayramları intizarla gözləyir, onu sıradan bir təqvim, ödənişə cəlbetmə, yaxud, icrası məcburi kollektiv bir tədbir hesab etmir. İllərin əziyyətinin qarşılığında bir neçə bayramda müəllimə hörmətinin olduğunu göstərmək, bu əziyyəti yerə salmadığını hiss etdirmək nə böyük iş imiş, əcəba?!

Bizlər, onların əziyyətinin bəhrəsini ömür boyu görənlər müəllimlərimizi qiymətləndiririk. Qiymətləndirəcəyik də. Qiymətləndirmə vəzifəsi eyni zamanda, sizə də aiddir, cənab məmurlar. Bayramlarda hədiyyə verilməsinə, pul yığılmasına mane olmaq əsas vəzifəniz deyil, yaxşı bilirsiniz. Onsuz da öz hüquqlarını bilən insanları kimsə məcbur etmir məktəblərə hədiyyə aparmağa, pul verməyə. İnsanları hər il məktəblərə “fondpulu” verməyə, sinifləri təmir etməyə məcbur edirlər, agah olun. Direktorların istiqaməti bəlli olmayan “fondpulu” yığımına, təmir adıyla toplanan vəsaitlərə qadağa qoymağa addım atın. Hədiyyə təqdimatını müəllim peşəsinin gözdən salınması hesab edirsinizsə, öz növbənizdə müəllimlərə başqa xidmətlər göstərin. Hökumət, dövlət, nəhayət, ölkə səviyyəsində məsələ qaldırın, müəllimlərin əməkhaqqısını on faizlərlə deyil, yüz faiz yüksəldilməsini tələb edin. Valideynlərin qarşısında istədiyi müəllimi təbrik etmək yasağı qoymayın! Müəllimə hörmət edirsinizsə, öz növbənizdə, siz də bunu maaşların yüz faiz qaldırılması formasında edin!

Müəllimlərin daha çox Azərbaycanda əziyyət çəkdiyi bəlli məsələdir və ona rəğmən, daha az maaşın da verildiyi elə öz ölkəmizdir.Uzağa getməyək, şimal qonşumuz Rusiyanın təhsil sektorunda uşaq bağçasından ali məktəblər daxil olmaqla bütün təhsil səviyyəsində çalışan müəllimlərin ötənilki orta maaşı 30-37,8 min rubldan, yəni 735-926 manatdan ibarət olub. Cədvəldən o da aydın olur ki, təhsil sahəsində çalışanların 12,3 faizi 50 min rubldan çox maaş alır. Paytaxt Moskva reytinq cədvəlinə başçılıq edir, belə ki, ölkə üzrə 50 min rubldan çox əməkhaqqı alan təhsil işçilərinin 60 faizə yaxını məhz paytaxtın payına düşür. Ümumilikdə isə, ölkənin on bölgəsində təhsil işçilərinin 30 faizdən çoxunun maaşı hələ 50 min rublu da aşır.

Rusiyanın təhsil sektorunda 5,5 milyon nəfər çalışır. Və onların maaş həddini də yuxarıda açıqladıq.

Azərbaycanda isə hazırda ölkə üzrə ümumilikdə iki şəhər təhsil idarəsi, iki şəhər təhsil şöbəsi, 60 rayon təhsil şöbəsi və bu qurumların tabeliyində 4445 məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə də 144 min müəllim çalışır. Rusiyadakı milyonlarla müqayisədə bizdə bütövlükdə təhsil sektorunda çalışanların ümumi sayı bir milyona da çatmır. Şimal qonşumuzda təbiət, hava nə qədər soyuq olsa da, sayı milyonlarla ölçülən təhsil işçilərinə isti bir münasibət var. Bizdə, “Odlar yurdu”nda isə öyrətmənlərimizin sayı da, maaşı da azdır, çox az...

Öz növbəmdə, “hər kənddə, hər şəhərdə meyvələri olan” əziz müəllimlərimiz haqda bu qədər yazmaq görəsən, az olmadı ki?

 Nigar Orucova 

0.18135714530945