Özəl provayderlər istifadəçilərə fiber optik internet verə biləcəklərmi?

 

Connect şirkəti fiziki şəxslərə və koorporativ müştərilərə genişzolaqlı fiber optik internet xidmətləri göstərdiyini bildirir. Şirkətin yaydığı xəbərə görə fiber optik internet şəbəkəsi ən müasir tələblərə cavab verən avadanlıqlar üzərində qurulub.

Fiber optik şəbəkənin çəkilməsi insanların daha sürətli, daha keyfiyyətli və daha sərfəli internet xidmətlərindən istifadə etməsinə imkan yaradacağını bildirir. Çünki bu texnologiya məhdudiyyət tanımır.

Məlumata görə, fiber optik şəbəkə vasitəsi ilə ötürülən informasiyanın həcmi digər şəbəkələrə nisbətən qat-qat yüksəkdir. Fiber optik internetə qoşulma abunəçilərə məlumatı 100 Mbit/saniyəyə qədər sürətlə qəbul etmək və ötürmək (upload, download) imkanı verir. Fiber optik şəbəkə vasitəsi ilə təmin olunan internetdə sürət itkisi də olmur. Bildirilir ki, məlumatın ötürmə sürəti hava şəraiti və ya telefon xətti kimi amillərdən asılı olmur. Bu da yüksək keyfiyyətli xidmət göstərilməsini təmin edir.

Özəl provayderlər istifadəçilərə fiber optik internet verə biləcəklərmi, yoxsa SpaceX-Starlink və ya OneWeb provayderlərini gözləyək? Məsələ ilə bağlı Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz www.paralel.az –la fikirlərini bölüşdü:

«Bir neçə ildir ki özəl provayderlərimiz, hətta dövlət qurumları da dövlətə məxsus olan kabel-kanal sistemindən istifadə edə bilmirlər. Dövlətə məxsus bu yeraltı və yerüstü rabitə sistemindən yalnız Baktelecom və AzTelekom bəhrələnir. Nəticədə bizdə keyfiyyətli fiber optik internetin inkişafı geridə qalır. Nə zaman bu problem həll olunacaq? Yəni , nə zaman NRYTN söz verdiyi kabel-kanal sistemindən bərabər əsaslarla istifadə Qaydalarını hazırlayacaq ?- bu kimi sualların cavabını biz də bilmək istərdik. Belə görünür ki, heç dövlət qurumları buna artıq inanmırlar. Bir neçə gün öncə Təhsil Nazirliyi artıq NRYTN-dən əlini üzərək Bakcell ilə anlaşma imzalayıb. Çox güman ki, onun infrastrukturundan istifadə edib məktəblərə normal internet verəcək. İndiyədək 4500 məktəbdən cəmi 250-dək məktəbə fiber-optik internet çəkilib.

Bəs digər yerlərdə, xüsusilə də regionlarda nə zaman keyfiyyətli internet olacaq ? Yəqin özəl provaydrelərimiz də SpaceX-Starlink və ya OneWeb kimi iki Peyk Provayderini gözləmək məcburiyyətində qalacaqlar. Məlum olduğu kimi artıq hər iki Peyk Provayderi dünyanın istənilən yerini internetlə təmin etməyi planlayırlar. Böyük vəsaitlər, milyardlarla dollar vəsait ayrılıb bu layihələrə. Minlərlə kiçik ölçülü peykin bu məqsədlə orbitə qaldırılması gözlənilir. Təxminən 700-dək peyk kifayət edir ki bütün yer kürəsi internetlə təmin olunsun. Artıq hər iki operator bir neçə peykləri sınaq üçün orbitə qaldırıblar. Düşünürəm ki bu layihələr gerçəkləşsə dünya düzəni tamamilə yenidən dəyişəcək. Ən azı, ümid edirəm ki, NRYTN-nin bərk-bərk yapışdığı kabel-kanal sistemindən bərabər əsaslarla digər özəl provayderlərimzin də istifadəsinə ehtiyac qalmayacaq.

 Şahnaz Salehqızı

0.43641805648804