Reklam üçün ayrılan pul hara gedir?
Öncə qeyd edim ki, ölkədə qəzetlərin bağ-lanması barədə yayılmış xəbərlər kökündən yanlışdır. Qəzetlər bağlanmır, sadəcə, yardım şərtlərinin ağırlaşdırılması hesabına dövlətdən yardım ayrılan qəzetlərin sayının 3 qat, yəni 32-dən 10- a qədər azaldılması və guya, keyfiyyətcə (söhbət yalnız rəngdən gedir) yaxşılaşması planlanır. Göründüyü kimi, heç kim heç bir qəzet redaktoruna çağırıb demir ki, get, qəzetini bağla və ya dayandır. Amma yardım şərtlərini dəyişdirib ağırlaşdıranlar müstəqil qəzetlərin satış və yayım sturukturlarının tam sıradan çıxardıqlarına əmin olduqlarına görə, onların 5000 tirajla 2000 nüsxə satış və ya abunə tələbini realizə edə bilməyəcəyini yaxşı bilirlər deyə, (çünki bu şəraiti özləri yaradıblar) ona görə də müstəqil qəzetlərin müflisləşməsindən tam arxayındılar. Zatən, indiyə qədər qəzetlərə verilən yardımların bir məqsədi də elə müstəqil qəzetlərin çökdürülməsinə xidmət edirdi və çökdürüldü də.
Müstəqil qəzetlərə qarşı kəskin tədbirə əl atanlar çox yaxşı anlayırlar ki, hökumətin nöqsanlarını ciddi tənqid etməyən, ölkəni talayan məmurların ifşasına səhifəsində yer ayırmayan qəzeti hansı oxucu alıb oxuyar ki? 2015-ci ilə qədər kəskin tənqidi yazıları ilə yalnız ölkədə yox, dünyada tanınmış bəzi qəzetlər deyə bilərsinizmi indi hardadı? Uzun müddət müxtəlif təzyiq vasitələri ilə həmin qəzetlər ya bağlandı, ya da yardıma cəlb edilib ələ alındı. 30 min tirajla çıxan və 80 faizi satılan həmin qəzetlər baxın görün, indi hardadılar?!..İndiyədək dövlətdən yardımı alan qəzetləri bir gecə həmləsi ilə sıradan çıxarmağa girişən hökumət nə iş gördüyünü, gör-düyü işin ona hansı uğur və ya uğursuzluq bəxş edəcəyini düşün-məmiş deyil. Hökumətdən bir köynək aralı olan müstəqil qəzetləri yardımdan kənarlaşdıranlar, əslində ciddi səhvə yol verdiklərini bir qədər sonra dərk edəcəklər. Bu səhvin çox ciddi problemlərə səbəb olacağını indidən görmək çətin deyil.
Görəsən, müstəqil qəzetləri dövlət yardımından qəflətən, hazırlıqsız halda uzaqlaşdıranlar 20-yə yaxın qəzetin hər birində ortalama 15-20 nəfər insan çalşdığını, beləliklə 250-300 ailənin hər birinin orta hesabla 4 nəfər olduğunu nəzərə almaqla, 600-800 nəfər insanları bir təhər, çətinliklə də olsa, 300-400 manatla yola vermək imkanından məhrum etdiklərinin məsuliyyətini dərk edirlərmi?!.. Əgər bu cür düşünülməmiş qərar verənlər, bu qərar onlara və onların ailəsinin çörəyini kəsməyə yönəlmiş olsaydı, görəsən, bunu necə qarşılayardılar, sakit dayanıb acından ölməyimi gözləyərdilər?! Bu cür çörəkkəsənlik edib, qələmini dövlətinin tərəqqisi, inkişafı naminə silaha çevirib düşmənlərə qarşı mübarizə aparan insanları çörəklə imtahana çəkmək ən böyük ədalətsizlikdən başqa bir şey deyil! Pulu sağ-sola, yola, daşa-divara xərcləyən hökumətdən yardım alan qəzetlərin sırası 3 dəfə azalacaq, 10 qəzet çıxacaq, ölkədə haqqı pozulan insanların səsi eşidilməyən, dövləti talayan məmurların əməllərindən bir kəlmə belə, yazmayan yalnız hökuməti mədh etməklə məşğul olan belə qəzetlərə kim abunə olacaq və yaxud kökşkdən kim 40-60 qəpiyini verib alacaq?!
Son dörd ildə dövlətdən ayda 10 min manat alıb, 2500 tiraj əvəzinə 1000 tiraj çıxan, köşkdə bir nüsxəsi belə, satılmayan, heç 200 abunəçisi olmayan və yaxud zorla abunə yazdırılan qəzetlər ayda dövlətdən 20 min manat yardım alandan sonra nə dəyişəcək?!.. Yardım alan qəzetlərin rəngindən başqa heç nəyi dəyişməyəcəyinə indidən varlığım qədər əminəm! Elə son bir ayda 5 min tirajla çıxdığını bəyan edib, yardım almaq üçün hazırlanan hökumətə yaxın qəzetlərin heç biri də abunə və satış şərtini ödəməmələri bir yana, heç 5 min tirajla çap olunmaq şərtini yerinə yetirə bilmir, bunu da bütün aləm görür və bilir! Belə olmaz, cənablar, heç olmasa, etdiyiniz radikal hərəkəti əvvəlcədən ölçün-biçin və kiməsə qarşı həmlə etməzdən əvvəl həmin həmlənin nə ilə nəticələnəcəyini müəyyən edib, sonra hərəkətə keçin. Ən azı, insafınız olsun, maddi baxımdan zəngin ölkəmizin kasıbçılıq həddində yaşayan jurnalistlərinin haqqını özlərinə vermək üçün heç olmasa, müstəqil qəzetlərə reklam verilməsinə şərait yaradır!..
Röyal