Siyasi partiyalara dövlət büdcəsindən ayrılan vəsait yetərlidirmi?

 

Millət vəkilləri sorgumuza cavab verir

 Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsi üçün 2018-ci ilin dövlət büdcəsindən 3 milyon manat vəsaitin ayrıldığı bildirilib. Qeyd edək ki, Milli Məclisdə təmsil olunan siyasi partiyalara vəsait “Siyasi partiyalar haqqında” qanunun müvafiq maddəsinə əsasən bölünür. Orada bir sıra məqamlar var, konkret desək, qanunvericiliyə əsasən, siyasi partiyaların maliyyələşdirilməsi üçün ayrılmış vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatların sayına proporsional olaraq bölünür. Milli Məclisdə hazırda 12 siyasi partiya mandat sahibidir. Parlamentdə 69 deputatla təmsil olunan Yeni Azərbaycan Partiyasına keçən ilin dövlət büdcəsindən 1 milyon 367857 manat, Vətəndaş Həmrəyliyi Partiyasına 235714 manat, qalan 10 partiyanın hər birinə 117 min 857 manat ayrılıb.

Maraqlıdır, görəsən, millət vəkilləri partiyalara dövlət büdcəsindən ayrılan vəsaiti qənaətbəxş hesab edirmi? Yeri gəlmişkən, yazının yazıldığı müddətdə əksər deputatla əlaqə saxladıq, bəziləri sualı birbaşa partiya sədrlərinin cavab verməli olduğu söylədi, bəziləri ümumi cavablar verdi, bəzisi mesajla “bağışlayın, cavab vermək imkanım yoxdur” dedi, bəziləri isə aramsız zənglərimizə rəgmən, telefonu da açmadı. Beləliklə, həmsöhbət olduğumuz millət vəkillərinin sorğumuza maraqlı hesab etdiyimiz cavablarını təqdim edirik.

Millət vəkili, professor Fəzail İbrahimli (Vətəndaş Həmrəyliyi Partiyası) öncə sözügedən vəsaiti partiyanın büdcəsinə daxil olan məsələ adlandıraraq məsələylə bağlı fikirlərini belə ifadə etdi: “Ümumiyyətlə, insanlarda pula münasibət fərqlidir. Aylıq gəliri 5-10 min manat olan adamlar var ki, dindirəndə göz yaşları axıdır. Adam da var ki, az məbləğə də şükür edərək “Allah min bərəkət versin” deyir. Yəni şükürlü adamlar hər şeyə “min şükür”, naşükürlər isə “çox azdır” deyir”.

Millət vəkili Sabir Hacıyevin (Vətəndaş Birliyi Partiyası) məsələyə münasibəti isə belə oldu: “Biz ilk gündən həmin vəsaiti götürməmişik. Yəni könüllü olaraq həmin vəsaitdən istifadə etmirik. Söhbət tək keçənilki vəsaitdən getmir. 7-8 ildir ki, həmin qanun qəbul edilib. Hələ keçən çağırışda da həmin qanun qüvvədə idi. Bizim siyasi təşkilat bu vəsaitdən istifadə etmir. Məbləğ nə qədərdirsə, hər il elə büdcədə də qalır. Hesab edirik ki, həmin vəsaiti dövlət başqa sahələrə xərcləyə bilər. Yəni həmin məbləğ istər Qarabağ müharibəsində ziyan çəkmiş məcburi köçkünlərə və qaçqınlara, istərsə də hərbi sahəyə yönləndirilə bilər”.

Millət vəkili Araz Əlizadənin (Azərbaycan Sosial Demokrat Partiyası) məsələyə münasibəti isə belə oldu: “Belə bir misal var: “Aclığa dözmüşük, bolluğa da dözə bilərik”. Nəzərə alaq ki, bizim partiya Azərbaycan tarixində ən yaşlı və qədim partiyadır. Partiyamız 1989-cu ildə yaradılıb və 1990-cı ildə qeydiyyatdan keçib. Bizim partiyaya ilk dəfə 2015-ci ildən vəsait ayrılır. Allaha şükür, hər halda çulumuzu sudan çıxara bilirik”.

Sonda Milli Məclisdə təmsil olunan siyasi partiyaların siyahısını təqdim edirik. Onlar aşağıdakılardır: Yeni Azərbaycan Partiyası (sədr İlham Əliyev, 69 deputat), Vətəndaş Həmrəyliyi Partiyası (sədr Sabir Rüstəmxanlı, iki deputat - Fəzail İbrahimli, Rafael Hüseynov),Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (sədr Qüdrət Həsənquliyev, bir deputat), Demokratik İslahatlar Partiyası (sədr Asim Mollazadə, bir deputat),Böyük Qurtuluş Partiyası (sədr Fazil Mustafa, bir deputat),Milli Dirçəliş Hərəkatı Partiyası (sədr Fərəc Quliyev, bir deputat), Ana Vətən Partiyası (sədr Fəzail Ağamalı, bir deputat),Vətəndaş Birliyi Partiyası (sədr Sabir Hacıyev, bir deputat),Azərbaycan Sosial Rifah Partiyası (sədr Xanhüseyn Kazımlı, bir deputat),Vəhdət Partiyası (sədr Tahir Kərimli, bir deputat, Azərbaycan Demokratik Maarifçilik Partiyası (sədr Elşən Musayev, bir deputat),Azərbaycan Sosial Demokrat Partiyası (sədr Araz Əlizadə, bir deputat).

 Nigar Orucova

0.17705011367798