Televiziya və internet resursları uşaq psixologiyasını pozur

 

Zeynal Məmmədli: “Narahatlıq üçün əsaslar var”

 “Su daşı itiləyər” deyib atalar. Nəhayət ki, uzun illərdir yazdıqlarımıza, ictimaiyyət arasında gedən söz-söhbətlərə rəsmi şəkildə münasibət sərgilənməyə başlayıb.

Bu məqamda hansısa əməli işdən söz açmağa tələsməyək, çünki məsələ hələlik araşdırma səviyyəsindədir. Belə ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilliyi mətbuatda gedən məlumatlar və quruma daxil olan müraciətlər əsasında uşaq hü-quqlarının pozuntusuyla əlaqədar araşdırmalar aparmağa qərar verib.

Ombudsman Elmira Süleymanova ötən il üzrə illik məruzəsində bu barədə danışıb. Əsasən də telekanallarda uşaqların psixikasına zərər gətirə bilən məlumatların qanunla müəyyən olunan vaxtlarda verilməsi və ya xüsusi qeydlərlə göstərilməsi ilə bağlı müvafiq qurumlara müraciət edildiyi bildirilib. Bundan başqa, uşaqların kütləvi informasiya vasitələri, internet saytları və digər vasitələrlə əldə etdikləri zərərli məlumatların onların psixoloji inkişafına zərər vurduğu qeyd edilib.

Həmçinin, KİV-də uşaqların hüquqlarının pozulması hallarının qarşısını almaq məqsədilə media sahəsində mövcud olan qanunlara əlavə və dəyişikliklər edilməsi təklif edilib. Daha bir məqam kimi, qanunla ziddiyyətdə olan uşaqların hüquq və maraqlarının müdafiəsi məqsədiylə “Yuvenal ədliyyə haqqında” qanunun qəbul edilməsinin sürətləndirilməsi bildirilib.

Qeyd edilənlər hələlik sənəd formatında olan tezislərdir. Ordan həyata, reallığa baxanda, gələcəyimiz dediyimizi necə, hansı formada hazırlayıb sivil cəmiyyət qurmaq istəyimizin namüəyyən olduğunu görərik. Onsuz da hər sahədə istisnalar var, lakin onlar az saydadır. Əksəriyyət isə eyni maraqda, eyni baxışda və total şəkildə eyni zövqün daşıyıcısıdır. Doğrudur, zövqlər haqqında mübahisə etməzlər. Lakin aforizmə çevrilən bu fikrə bugünümüzdə azacıq korrektə etmək vacibdir. Çünki söhbət uşaqlardan və onların formalaşdıracağı gələcək cəmiyyətdən gedir.

Həmişə demişəm və təkrar edirəm, uşaqların yetişdirilməsində ailə-məktəb və cəmiyyət olaraq hamımızın toplum şəklində zəhmətimiz, rolumuz, məsuliyyət və iştirakımız var. Heç kim də bu fərdi, ümumi və ictimai vəzifədən boyun qaçırmamalıdır. Heç kimin də əməyini itirmədən deməliyik ki, təkcə müsbət xarakterlərdən ibarət olmayan həyatda uşaqların hazırlanması üçün sözügedən üçbucağın vahid müstəvidə nəzarəti və iştirakı vacibdir. Yoxsa gələcək cəmiyyətin aynasında günahımız, məsuliyyətsizliyimiz, laqeydliyimiz, bəzən hətta savadsızlığımız da əks oluna bilər ki, sivil, normal gələcəkdə onlara yer yoxdur.

Adi bir həyat nümunəsi göstərək, istənilən ailədə uşaqların təxəyyülünün, psixologiyasının, xarakterinin, hətta davranış və vərdişlərinin formalaşmasında əsas rol oynayan televiziya və internet resurslarıdır. Sözügedən resurslar, imkanlar uşaqların müasir texnologiyalarla tanışlıq və ondan istifadə bacarığında deyil, daha çox, şəxsiyyət kimi formalaşmasında əsas rol oynayır.

Sakit olsun deyə uşaqları saatlarla televiziya qarşısında oturdub mövzusu və süjeti çox vaxt uşaqlara aid olmayan, zərərli vərdişlər aşılayan cizgi filmlərinə baxmağa, yaş qrupu fərqi bilinmədən istifadə edilən internet oyunlarına cəlb etmək birbaşa valideynlərin günahıdır. Uşaqların psixologiyasının, xarakterinin formalaşmasında valideyn nəzarətindən də çox rol oynayan, onu üstələyən televiziyaların fəaliyyətinə gəlincə, burda vəziyyət ümumiyyətlə, mənfidir.

“Danışan yeşik”lərdən aldığı məlumatlarla, görüntülərlə gör-götür dünyasına qədəm qoyan məktəbyaşlılar, azyaşlılar və yeniyetmələr görəsən, nədən “Əsrarəngiz qəsəbə”, ”Vinks”, “Gözəl və bədheybət”, “Yatmış gözəl”, “Barbi” və digər adını saymadığımız, bu qəbildən olan cizgi seriallarına baxmalıdır? Həmin cizgi filmlərinə baxan və onunla formalaşan, aqressiv davranışları təkrar edən uşaqlardan sonra hansı ağıllı hərəkəti tələb etmək olar?

Bir sözlə, əsas təsir vasitəsi olan televiziya uşaqların davranışında və xarakterinin formalaşmasında olduqca böyük rol oynayır. Hazırda daha çox Avropa və Türkiyə məhsulları olan “cizgilər”lə böyüyən bugünün uşaqlarından sabaha hansı nəsli apardığımızın fərqində olmalıyıq; hər kəs də öz fəaliyyət dairəsi və səlahiyyəti çərçivəsində.

Bir sözlə, hansı dəyərlərlə, istiqamətlərlə quracağımız cəmiyyətdə baş rol oynayacaq uşaqların xarakterini indidən formalaşdırmalıyıq. Bu məqamda inanmıram ki, kimsə ölkə telekanallarında, ayrıca uşaq kanalında uşaqlara dilimizlə, tariximizlə, dəyərlərimizlə, adət-ənənələrimizlə bağlı və digər vacib məsələlər aşılayan verilişlərin adını çəkə bilər. Bu istiqamətdə hərdən işartılar olsa da, əfsus ki, iri formatlı layihələr gözə dəymir.

Qeyd edilənlər məsələyə müəyyən mənada öz mövqeyimizi əks etdirir. Peşəkar mütəxəssis rəyinə gəlincə, burda daha bir məqam üzə çıxır. O da sözügedən təkliflərin reallıqda necə həll ediləcəyidir.

Media sahəsi üzrə ekspert Zeynal Məmmədli hesab edir ki, ombudsmanın qeyd etdikləri və təklifləri özlüyündə müsbət anlam daşıyır. Lakin məsələnin başqa bir tərəfi də var ki, bu barədə daha geniş araşdırma aparılmalıdır: “Bu məsələni çox dərindən izləmək lazımdır, çünki narahatlıq üçün əsaslar var. Amma iş ondadır ki, televiziyada təkcə uşaqlar üçün deyil, böyüklər üçün də hansı məlumatlar verilməlidir, ya da əksinə, verilməməlidir. Mənimçün maraqlıdır, ölkə psixoloqları uşaqların psixi sağlamlığıyla bağlı məqamları niyə indiyədək qaldırmayıb? Niyə bu məsələ birdən-birdən ombudsmanın diqqətini cəlb edib? Bu məsələ özlüyündə normal olsa da, niyə məhz indi üzə çıxıb? Bunun cavabını bilmək lazımdır. Üstəlik, uşaqlar üçün vaxt deyəndə, nəyi nəzərdə tuturlar?

Uşaqlar üçün yatma saatı əslində neçədir və Azərbaycanda nə qədər uşaq saat necədə yatır, onlar bu verilişləri görəcək, yoxsa yox?!. Uşaqların psixoloji sağlamlığı üçün verilən təklifləri normal qarşılayıram, amma onun həyata keçmə mexanizmi mənə çox müəmmalı gəlir. Ona görə ki, təkliflər vermək olar, amma onu nə dərəcədə həyata keçirə biləcəklər, məsələ bax, bundadır. Ona görə də bu məsələyə daxil olan digər məqamlar da çox ciddi araşdırılmalıdır, incələnməlidir. Mənim ilkin reaksiyam belədir”.

 Nigar Orucova

0.21216988563538