Mübariz Əhmədoğlu: "Təzad ondan ibarətdir ki, seçki kampanyasında bu cür qızışdırıcı bəyanatla
çıxış edən siyasətçi indi regionda ilk səfərini Azərbaycana etmək məcburiyyətində qalıb"
Son zamanlar Azərbaycan və Gürcüstan arasında müəyyən soyuqluq yaranıb. Bu soyuqluğa ilkin səbəb Gürcüstanın indiki prezidenti Salome Zurabişvilinin təbliğat kampaniyasındakı anti-turk və anti-azərbaycan elementləri oldu.
Bunun ardınca isə Azərbaycan xalqı "20 Yanvar" faciəsini qeyd etdiyi gün Gürcüstanın Axalkalaki bölgəsindəki Buqaşin kəndində əli azərbaycanlıların qanına batmış, Qarabağ döyüşlərində "Kobra" ləqəbi ilə tanınan erməni döyüşçüsü Mixal Avakiyanın büstünün açılış mərasimi oldu. Daha sonra Tiflis şəhərində erməni şairi Hovenes Tumanyana yaşadığı evin içində heykəl ucaldıldı. Bundan əvvəl isə Marnauli rayonunda bir mədəniyyət evindən Nəriman Nərimanovun adı götürüldü. Ötən il avqustun 6-sında həmin mədəniyyət evinə yenidən Nəriman Nərimanovun adının verilməsi ilə bağlı Gürcüstandakı soydaşlarımız şəhər rəhbərliyiniə muraciət ünvanlasa da, hələ də müraciətə cavab verilmir. Bu azmış kimi, şəhər rəhbərliyi mədəniyyət evinin qarşısındakı parkdan da Nəriman Nərimanovun heykəlini götürdü və həmin praka başqa bir gürcü siyasi xadimi Mirab Qustavanın adının verilməsi təşəbbüsü hələ də gündəmdədir. Belə bir şəraitdə Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildiriblər. İkigünlük səfər zamanı S.Zurabişvili ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edəcək. Qeyd edək ki, bu, onun ölkə Prezidenti seçilməsindən sonra ilk regional səfəridir.
Zaman-zaman Gür-cüstan prezidenti ermənipərəst mövqe nümayiş etdirsə də, çox maraqlıdır ki, ilk regional səfərini Azərbaycana edir. Bunun səbəblərini çözmək, bu təzadlı addıma aydınlıq gətirmək üçün politoloq Mübariz Əhmədoğluna müraciət etdik. Politoloq bildirdi ki, hazırda Azərbaycanla Gürcüstan arasında müəyyən gərginliklər var və bu problemlərin üzə çıxmasının səbəbkarı prezident Salome Zurabişvili oldu: "Ermənilərin cəsarət göstərib azərbaycanlılara qarşı çıxmasına səbəb Salome Zurabişvilinin təbliğat kampaniyası zamanı, Cavaxetiya bölgəsində ermənilər qarşısında səsləndirdiyi bəyanat oldu. O, belə bir qızışdırııcı bəyanat vermişdi ki, ölkədə türklərə vətəndaşlıq verilir, amma ermənilərə verilmir. Zurabişvili həmin vaxt bilərəkdən "türk" sözünün açıqlamasını vermədi. Ona görə də belə anlaşıldı ki, Gürcüstan hökuməti Cavaxetiyada türklərə - Azərbaycan və Türkiyə vətəndaşlarına vətəndaşlıq, yer, mülk verir, amma yerli ermənilər belə imkandan məhrum edilib və sıxışdırılır. Əslində isə Zurabişvilinin dedyi türklər məhsəti türkləridir ki, onlar vaxtı ilə Cavaxetiyada yerli aborogen xalq olublar, Stalinin təşəbbüsü ilə Orta Asiyaya və Azərbaycana sürgün ediliblər. Gürcüstan hazırda beynəlxalq ictimaiyyətin təzyiqi ilə məhsəti türklərinə vətəndaşlıq verir, onlar da vətəninə qayıdır. Təzad ondan ibarətdir ki, seçki kampanyasında bu cür qızışdırıcı bəyanatla çıxış edən siyasətçi indi regionda ilk səfərini Azərbaycana etmək məcburiyyətində qalıb. Gürcüstan prezidenti indiyə qədər, Bürüsseldə, Fransada və Almaniyada səfərdə olub. Zurabişvilinin bu səfər zamanı sərgiləyəcəyi mövqe hər iki ölkə üçün çox önəmlidir. Çünki Gürcüstan hakimiyyəti içərisində də Azərbaycana qarşı mövqedə ciddi narazılıq var, bu hətta, komandanı parçalaya bilər. S.Zurabişvili Fransadakı erməni mühitində böyümüş gürcüdü, ona görə də ermənilərə simpatiyası var. Zurabişvilinin həmin bəyanatla qoyduğu təməl erməniləri heykəl qoymağa həvəsləndirdi.
Daha sonra gürcü hökuməti səhv addımlarını davam etdirərək, Rusiyadan qaz almaq məsələsini ortaya atdı. 5 ildi Gürcüstanla Rusiya arasında Ermənistana ötrülən qazın müqaviləsi bağlana bilmir, mübahisə davam edir. Hökumət bu işə yekun vurmaq məqsədi ilə Saakaşvilinin enerji məsələlərini bilən mütəxəssislərini işə dəvət etdi. Lakin bu da çıxış yolunun tapılmasına gətirib çıxarmadı. Saakaşvilinin dövründə Rusiya Ermənistana ötürdüyü qaz müqavilində Gürcüstana ötrülən qazın 10 faizini verirdi. Bu, dünyada ən yüksək tranzit haqqı sayılır. Sonradan Moskva qazın həcmini azaltdı, tranzit haqqını natura ilə deyil, dollarla ödəməyə, daha sonra tranzit haqqının yarısını dollarla, yarısını isə rus rublu ilə ödədi. İndi Rusiya Gürcüstana Ermənistana ötrülən qazın tranzit haqqını tamamilə rublla ödəmək və ya nəyləsə barter etmək istəyindədir. Gürcüstan isə həmin tranzit haqqını qazla almaq istəyir. Baxtadzenin sözlərinə görə, sözügedən müqavilə yanvarın sonuna qədər imzalanmalı idi, lakin hələ də bir nəticə yoxdur.
Hazırda Gürcüstan Rusiyadan qaz almaq istəyir, rəsmi Moskva isə yəqin ki, qazı Tiflisə İrəvana satdığı qiymətdən - min kubmetrini 165 dollardan aşağı satmayacaq, Azərbaycan isə qazı avropalı qonşularımıza 110 dollara satır. Əgər Gürcüstan Rusiyadan 165 dollara qaz alacaqsa, onda Gürcüstanın Azərbaycandan əvvəlki qiymətə qaz almaq haqqı olmayacaq, bizim ən azı 55 dollarlıq manevr imkanımız yaranacaq. Yəni Gürcüstan qaz bazarında Azərbaycanın rəqibi yaranacaqsa, onda bu bazar bizim üçün ümumi bazarlardan seçilməyəcək, qiymət konyukturaya uyğun tənzimlənəcək. Bilirsiniz ki, biz həm Türkmənistandan, həm də "Qazprom"dan qaz alırıq. Türkmənistandan alınan qaz İran İslam Respkblikasının ərazisindən Naxçıvana ötrülür.
Düşünürəm ki, Gürcüstan bu addımı ilə ölkənin ehtiyatı olmayan enerji balansını zəribə altına qoya bilər. Yəqin ki, bu səfərdə bütün məsələlər müzakirə ediləcək, Zurabişvili seçki kampaniyasında "bişirdiyi sıyığı" Bakıda özü "yeyər" və Tiflisə qayıdandan sonra erməniləri yerində oturdar. Düşünürəm ki, iki ölkə arasındakı bütün məsələlər detallı şəkildə müzakirə ediləcək, qaydasına qoyulacaq və ölkələrimiz arasındakı əvvəlki isti münasibət bərpa olunacaq. Gürcüstan prezidentinin ilk regional səfərinin Azərbaycana reallaşdırması onun göstəricisidir ki, rəsmi Tiflis artıq səhvini başa düşüb və bu səhvin düzəldilməsində maraqlıdır".
Akif Nəsirli