Səttar Möhbalıyev: «Şəhərin küçələri, ətrafı meyitlərlə, can verən yaralıların ah-naləsi ilə cəhənnəmi xatırladırdı»
AHİK-də Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə AHİK sədri, millət vəkili Səttar Möhbalıyev çıxış edərək Xocalı soyğırımını ötən əsrin ən dəhşətli faciəsi adlandırıb.
AHİK sədr deyib ki, ermənilərin bu qədim türk torpağında törətdikləri vəhşiliklər nə insani, nə də müharibə qanunlarına sığmayan cinayətdir:
"Dinc şəhər sakinləri qəddarcasına qətlə yetirildi. Qocalar, qadınlar, uşaqlar süngüdən keçirildi. Meyitlərin üzləri, bədən əzaları doğrandı, kəsildi, tanınmaz hala salındı. Baş açıq, ayaqyalın qara bürünmüş çöllərdən qaçıb canını qurtarmaq istəyən xacalılar əvvəlcədən Ağdama gedən yollar üzərində qurulmuş pusqulardan müxtəlif silahlardan atəşə tutuldular.
Şəhərin küçələri, ətrafı meyitlərlə, can verən yaralıların ah-naləsi ilə cəhənnəmi xatırladırdı. Hələ bəşər tarixi belə tükürpədici mənzərə görməmişdi. Xocalı şəhəri bir gecənin içərisində yerlə yeksan edildi, qocalı, uşaqlı 613 sakini qəddarlıqla öldürül-dü, 150 nəfər itkin düşdü, 1275 nəfər əsir götürüldü. Əsirlər ağır işgəncələrə məruz qoyuldu.
Ermənilər bu mənzərəni yaratmaqla Azərbaycan xalqının gözünü qorxutmaq, Qarabağın taleyini öz xeyirlərinə həll etmək istəyirdilər. İgid xocalıların lokal müqavimətinə baxmayaraq erməni vandallarının cinayətlərinin qarşısını almaq mümkün olmadı. Çünki o dövrdə Azərbaycan hakimiyyətinin başında qorxaq, iradəsiz, fərasətsiz insanlar dururdu.
Onların fərasətsizliyi erməni separatçılarının və havadarlarının torpaq iştahasını daha da artırdı. Ölkəmizin içərilərinə doğru addım-addım, soyqırımı törədə-törədə irəlilədilər. Əgər Heydər Əliyev fenomeni olmasaydı kim bilir, bu vandalizm hara qədər davam edəcəkdi. Xalq başına gətirilən müsibətdən çıxış yolunu taleyini Heydər Əliyevə tapşırmaqda gördü.
Ümummilli lider Respublika rəhbərliyinə gələn kimi, ilk addımlarından biri sovet tanklarının, silahlarının yedəyində irəliləyən ermənilərin növbəti hücumlarını dayandırmaq oldu. Xocalı həqiqətlərini dünya-ya olduğu kimi tanıtmaq istiqamətində kampaniyaya start verdi. Bu, çox çətin məsələ idi. Çünki ermənilər Qarabağ müharibəsinin təkcə silahlı deyil, həm də siyasi əsaslarını uzun illər qabaq hazırlamışdılar.
Təsəvvür edin ki, kütləvi qırğından dərhal sonra Xocalıya ermənilər 32 ölkədən 47 jurnalist dəvət etmişdilər. Onlar xarabazara çevrilmiş Xocalını dünyaya göstərib ağlaya-ağlaya deyirdilər ki, «azərbaycanlılar Xocalını yandırıb getdilər», «azərbaycanlılar günahsız erməniləri qırdılar».
Bax belə bir şəraitdə, artıq xalqımızı dünyaya vəhşi obrazında təqdim etmiş əsl cinayətkarları tanıtmaq nə qədər çətin idi! Ümummilli lider yalan məlumatlarla formalaşmış münasibəti öz müdrik siyasi iradəsi sayəsində dəyişə bildi. Heydər Əliyevin təşəbbüsü və iradəsi ilə 1994-cü ilin fevral ayında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı Soyqırımına hüquqi-siyasi qiymət verdi."
S.Möhbalıyev daha sonra dedi ki, sonra illər ötsə də xalqımızın bu soyqırım yarası qaysaq bağlamır: "Xalqımız dünya ictimaiyyətindən, nüfuzlu beynəlxalq qurumlardan ədalətli qərarlar tələb edir. Haqqın bərpa olunması, cinayətkarların cəzalandırılması uğrunda yorulmaz mübarizə aparır. Bu mübarizənin önündə isə Azərbaycan Respublikasının Prezidenti, ümummilli liderin layiqli davamçısı cənab İlham Əliyev durur.
Düzdür, ölkə Prezidentinin, respublikamızın I vitse-prezidenti Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın səyləri nəticəsində artıq dünyanın bir çox ölkəsində Xocalı hadisələri soyqırımı kimi tanınıb. Bu istiqamətdə işlər davam edir. İnanırıq ki, yaxın gələcəkdə erməni yalanları, hiylələri, saxta göz yaşları artıq keçərli olmayacaq."
Səttar Möhbalıyev çıxışının sonunda bildirdi ki, dünya bizə doğru gəlir: "Dünya sözünə, vədinə düz, dostluqda sədaqətli Azərbaycan adlı məmləkətlə əməkdaşlığa üstün-lük verir. Yaxın, uzaq ölkələrin rəğbətini qazanmış dövlətimiz günü-gündən güclənir. Bütün xalqımız, o cümlədən onun tərkib hissəsi olan həmkarlar ittifaqı üzvləri inanırlar ki, biz hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında tarixi, əzəli torpaqlarımızın bütövlüyünü təmin edə-cək, xalqımıza qarşı törədilən cinayətlərin icraçılarının cəzalandırılmasına nail olacağıq."
Tədbirdə digər çıxışlar da dinlənildi. Çıxış edənlər Xocalı soyqırımı günahkarlarının dünyaya tanıdılması üçün səylərin genişləndirilməsinin vacibliyini vurğuladılar.
Bildirildi ki, hər il olduğu kimi bu il də həmkarlar ittifaqı təşkilatları Xocalı soyqırımına həsr edilmiş çoxsaylı tədbirlər keçirib. Bu faciədən zərər çəkmiş insanlara qayğılarını əsirgəməyiblər.
Tədbir iştirakçıları fevralın 26-da baş tutacaq yürüşdə də kütləvi şəkildə iştirak edəcəklər.
Tahir Abbaslı