Prezidentin seçdiyi kurs resurslardan minimum istifadə etməklə, maksimum nəticə əldə etməyə hesablanıb
Azərbaycan dövləti müstəqillik qazandıqdan sonra vətəndaş cəmiyyətinin və hüquqi dövlət quruculuğu istiqamətində ciddi addımlar ataraq, demokratik inkişaf yolu seçmiş dövlət kimi, belə bir cəmiyyətə malik olan ölkə üçün lazım olan bütün hüquqi dövlət sənədlərinin qəbul edilməsini təmin edib.
O da heç kimə sirr deyil ki, Azərbaycanın son 50 illik tarixində əldə etdiyi bütün uğurlar mərhum ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda vətəndaş cəmiyyətinin və hüquqi dövlət quruculuğunun mahir memarı olan Heydər Əliyev 1993-cü ilin iyununda xalqın israrlı tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra bu prosesin sürətlənməsinə təkan verdi. Ölkəmizdə vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun inkişaf etməsi üçün baza yaradılmasına başlandı.
Ölkəmizdə bütün sahələrin sürətlə inkişaf etdirilməsi istiqamətində yeni imkanlar açıldı. Xalqımız öz taleyini həll etmək fürsəti qazandı. Təsadüfi deyildi ki, 12 noyabr 1995-ci ildə bilavasitə ulu öndər Heydər Əliyevin müəllifliyi ilə demokratik dəyərlər və prinsiplərə uyğun hazırlanmış, ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk milli Konstitusiyamızın müddəalarının dörddə biri insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilib, hakimiyyət bölgüsü prinsipi təsbit olunub.
İlk Konstitusiyamızın 24-cü maddəsində əsas insan hüquq və azadlıqlarının toxunulmaz, pozulmaz, ayrılmaz olması qeyd edilməklə yanaşı, təbii hüquqların əsas xüsusiyyətləri öz əksini tapıb. Konkret sosial şəraitdən və dövlətdən asılı olmayaraq, təbii hüquqlara insanlar doğulduğu andan yiyələnirlər. Yaşamaq hüququ, bərabərlik hüququ, azadlıq hüququ, mülkiyyət hüququ və təhlükəsiz yaşamaq hüququ-bunlar insanların təbii hüquqlarıdır.
Konstitusiyada əsas insan və vətəndaş hüquqlarının və azadlıqlarının təsbit edilməsi hər bir şəxsin başqaları, o cümlədən dövlət qarşısında məsuliyyət və vəzifələrinin müəyyən edilməsi ilə uzlaşır. Bu hüquqlar Azərbaycanın 1995-ci il Konstitusiyasında əsas müddəalar kimi öz əksini tapıb.
Bundan əvvəlki illərdə Azərbaycanın Avropa Şurasına qəbul edilməsində müəyyən əngəllər yaradılırdısa, Heydər Əliyevin bu sahədə apardığı gərgin və səmərəli iş, nəhayət bəhrəsini verdi. 2001-ci ilin yanvarında Azərbaycan bu mötəbər təşkilata tamhüquqlu üzv olaraq Avropa dövlətləri sırasında özünəlayiq yer tutdu. Respublikamız "Avropa evi"nin tamhüquqlu və etibarlı üzvünə çevrildi.
Bünövrəsi Ulu öndər tərəfindən qoyulan islahatları uğurla davam etdirən Preziden İlham Əliyev ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nəzərə alaraq, ölkənin hüquq-mühafizə orqanlarında islahatların daha da dərinləşməsinə ciddi ehtiyacı olduğunu hiss edərək, bu prosesə start verdi. Ölkə Prezidenti bildirdi ki, demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yer tutması, dünya təsərrüfat sisteminə inteqrasiya etməsi mümkün deyil. Eyni zamanda, iqtisadi sahədə inkişafa nail olmayan dövlətin demokratikləşməyə, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu sahəsində atdığı addımlar bəribaşdan uğursuzluğa məhkumdur.
Məhz bu reallıqdan çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki istiqamətə vəhdət şəklində yanaşılmasını vacib sayır və ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların paralel davam etdirilməsi şərtilə real hesab edir. Dövlət başçısının demokratik inkişaf konsepsiyası kifayət qədər təkmil səciyyə daşıyır və inkişaf etmiş dünya dövlətlərinin təcrübəsindən qaynaqlanır: "Əsl açıq demokratik cəmiyyəti ancaq maddi rifah əsasında qurmaq mümkündür. İqtisadi cəhətdən geridə qalmış dövlətlərdə demokratik proseslər də geridə qalır".
Prezident çıxışlarında dəfələrlə qeyd edib ki, iqtisadi baxımdan güclü inkişaf etmiş ölkədə demokratiyanın inkişafı da yüksək olur. Ona görə də iqtisadi islahatların davam etdirilməsi, xalqın maddi rifahının yaxşılaşdırılması, demokratik cəmiyyətin və hüquqi dövlətin qurulması və formalaşması üçün başlıca şərtdir. Lakin, yalnız iqtisadi məsələlərə diqqətimizi yönəltsək, siyasi islahatlarda gecikməyə yol versək, bu da Azərbaycanın qarşısında duran təxirəsalınmaz vəzifələrin həlli üçün bizə müvafiq fürsətiı yaratmayacaq. "Siyasi islahatlar mütləq aparılmalıdır və Azərbaycan müasir ölkəyə çevrilməlidir".
Azərbaycan Prezidenti belə düşünür ki, demokratiya vətəndaşların sosial-siyasi, mədəni və iqtisadi rifahına, bu sahələrdə baş verən müsbət dəyişikliklərə adekvat reaksiya verməlidir. Demokratik dövlətin bir təsisat kimi, başlıca vəzifəsi bütövlükdə cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, onların sosial müdafiəsi, layiqli həyat səviyyəsinin təmin olunması, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanların yaradılmasıdır. Hər kəsə məlumdur ki, ölkə Prezidenti vətəndaş cəmiyyətinin və hüquqi dövlət quruculuğunun Azərbaycanda müasir tələblər səviyyəsinə yüksəlməsi üçün daim islahatlar aparılmasına ciddi önəm verir. Bu prosesin bu gün də davam etdirilməsi ön palana çəkilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il yanvarın 14-də struktur islahatları istiqamətində mühüm qərarlar qəbul edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı sualımızı cavablandıraraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan struktur islahatlarını belə şərh edib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatlar ölkəmizə "dünyada ən islahatçı" ölkə imici qazandırmaqla yanaşı, həmçinin davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin edib.
Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident yeni islahat istiqamətləri barədə danışarkən qeyd edib ki, "İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü.
Cənab Prezidentin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. Prezidentin müəyyənləşdirdiyi yeni iqtisadi modelə uyğun olaraq institusional altyapı mütəmadi şəkildə yenilənir. Beləliklə, idarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur. Dövlət başçısının apardığı struktur islahatları iqtisadiyyatın əsas prinsipi olan səmərəliliyin daha da artırılmasına xidmət edir. Məhz səmərəli dövlət idarəetmə aparatı Prezidentin seçdiyi kurs resurslardan minimum istifadə etməklə, maksimum nəticə əldə etməyə hesablanıb. Struktur islahatları, əsasən institusional və tənzimləyici çərçivəni iqtisadiyyatın tarazlı inkişafına xidmət etməyə yönəldib.
Struktur islahatlarından gözlənilən faydalardan biri də, ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsidir. Çünki yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə, daha çox bazar tənzimlənməsinə şərait yaradır. Beləliklə, dövlət və bazar tənzimlənməsinin optimal nisbəti müəyyənləşir. Bu da özəl sektorun lokomotiv olan iqtisadi inkişafın sürətlənməsini təmin edir.
Xüsusilə, "Azərsilah" ASC, Aqrar Xidmətlər Agentliyinin yaradılması ölkədə aparılan şaxələndirmə siyasətinə xidmət göstərməklə, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına, qeyri-neft ixracının genişlənməsinə, idxalın əvəzlənməsinə, ərzaq təhlükəsizliyinin gücləndirilməsinə və ordunun hərbi-texniki təchizatının kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsinə xidmət edəcək. Dövlət aparatının yığcamlaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların isə yenidən təşkili büdcə vəsaitinə qənaət deməkdir. Əslində, dövlətin apardığı struktur islahatları həm biznesə, həm də ictimaiyyətə idarəetmənin səmərəliliyinin artırılması ilə bağlı yaxşı bir nümunədir.
Prezident tərəfindən aparılan struktur islahatları çərçivəsində vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə, xidmət göstərilməsi üçün dövlət xidmətləri daha əlçatar və keyfiyyətli olacaq. "Bir pəncərə" və rəqəmsallaşma kimi prinsiplər struktur islahatları boyunca keçən əsas xətdir. Prezident İlham Əliyevin apardığı iqtisadi islahatlar zamanı sosial tarazlıq daim qorunub. Bu dəfə də struktur islahatlarına dair sənədlərdə iş yerləri ilə təminat məsələsi diqqətdə saxlanılıb. Dövlət başçısı müvafiq qurumlara və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə bununla bağlı xüsusi tapşırıqlar verib. Struktur islahatları "yaxşı idarəetmə" və "açıq hökumət" prinsiplərinə uyğun olmaqla, dövlət idarəetməsinin dünya standartlarına uyğun həyata keçirilməsini təmin edir. Davos İqtisadi Forumunun "Qlobal Rəqabətlilik 2019" hesabatına əsasən Azərbaycan 140 ölkə arasında "Dövlət tənzimlənməsinin yükü" alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yerdə qərarlaşıb və Avstriya, Belçika və Danimarka kimi ölkələri geridə qoyub. Təkcə bu fakt onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə effektiv dövlət idarəetmə aparatı formalaşıb"
Ekspertin şərhindən də göründüyü kimi, cənab Prezident tərəfindən ölkəmizdə vətəndaş cəmiyyətinin və hüquqi dövlət quruculuğunun inkişaf etdirilməsi istiqamətində ciddi islahatlar aparılır. Bu islahatların dövlətimizin daha da sürətlə inkişaf etməsinə, xalqımızın rifahının yüksəlməsinə güclü təkan verəcəyinə dərin zəmin yaradır.
Mahir Abbaszadə
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün çap olunub.