Prosesin əksinə inkişafı mümkündürmü?
Urbanizasiya məsələsi çoxşaxəli olmaqla özündə bir sıra məqamları birləşdirir. Öncə, onun bir qolu olan, əhali sıxlığı məsələsindən bəhs edək. Statistikaya görə, keçən il ölkə əhalisinin sayı 0,8 faiz artıb. Bu isə 2019-cu ilin yanvarın 1-nə olan məlumata görə, 9981457 nəfər deməkdir. Statistikada diqqətçəkən məqam odur ki, əhalinin 50 faizdən çoxunu şəhər sakinləri (52,8 faiz), ondan az isə kənd sakinləri (47,2 faiz) təşkil edib. Bundan başqa, əhalinin 22,8 faizi Bakıda, 20,3 faizi Aran bölgəsində, 4,6 faizi Naxçıvanda məskunlaşıb. Əhalinin 12,9 faizi Gəncə-Qazax bölgəsinin payına, 9,4 faizi Lənkəranın, 30,0 faiz isə qalan iqtisadi rayonların payına düşüb. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 115 nəfər təşkil edib ki, bu istiqamətdə ən böyük göstərici yenə də paytaxtın üzərinə düşüb (1064 nəfər). Naxçıvanda bu rəqəm 83, Gəncə-Qazaxda 104, Aran iqtisadi rayonunda 96, Dağlıq Şirvan iqtisadi rayonunda 52 nəfər olub. Digər bölgələr üzrə yerləşmə isə müxtəlif rəqəmi ifadə edib.
Xatırladaq ki, vaxtilə kənddən şəhərə baş verən kütləvi axının mənbəyində müxtəlif səbəblər dayanır. Keçid dövrünün çətinlikləri, müharibə, müstəqilliyin ilk illərində bölgələrdə olan hərbi, iqtisadi və sosial şərait əhalinin kəndlərdən köç etməsinə səbəb oldu. Təhsillə bağlı həmin illərdə şəhərə axın elə də görünən həddə deyildi. Əsas olaraq, müharibənin yaratdığı qaçqın və məcburi köçkün problemi, çətin iqtisadi vəziyyət, işsizlik və s. köklü problemlər kəndlərdən şəhərə axına gətirib çıxardı. Təkcə işğal edilmiş ərazilərimizdən məcburi şəkildə çıxarılan vətəndaşlarımız deyil, işğal altında olmayan bölgələrin əhalisi də nicat yolu kimi paytaxtı seçdilər. Bakıda fabrik-zavodların fəaliyyətinin dayanmasına, iş yerlərinin bağlanmasına, əsas iqtisadi faktor kəsb edən müəssisələrin böhran durumundan çıxa bilməməsinə rəğmən, ümid yenə də paytaxta idi. Bu sadalananlar da Bakıda əhali sıxlığının yaranmasında, bölgələrin boşalmasında əsas göstəricilərindən birinə çevrildi.
Hazırda təkcə Bakıda deyil, bölgələrdə də bir sıra müəssisələrin, zavodların inşa edilməsinin, köhnələrin bərpa edilərək fəaliyyətə başlamasının fonunda, vəziyyət yenə də ciddi şəkildə müsbətə doğru dəyişməyib. Əhalinin məşğulluq proqramı çərçivəsində bölgələrdə həyata keçirilən tədbirlərlə, kənd təsərrüfatının inkişafı istiqamətində verilən subsidiyalarla, eləcə də, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün görülən bütün işlərə baxmayaraq, bu gün də bölgələrdə kifayət qədər ciddi canlanma hiss olunmur. Paytaxtdan kənarda yaşayış üçün şəhərciklərin salınması, əhalinin müəyyən qrupunun köçürülməsi də, mövcud sıxlıq problemini həll etməyib. Bu gün də dövlətimiz bu istiqamətdə müvafiq işlər aparır, tədbirlər görür. Fəqət, paytaxtın sosial-iqtisadi həyat tərzinin yaxşılaşdırılması, iş yeriylə təminat mənasında nicat, ümid-pənah statusu hələ də dəyişməyib. Bu, yuxarıda göstərilən rəqəmlərdən, Bakının əhali sıxlığına görə digər ərazilərə liderlik etməsindən də aydın görünür.
Qeyd edilənlər paytaxtın sıxlıq probleminin görünən tərəfidir. Paytaxtda məskunlaşma fəqət, özgə bir problemlə də müşayiət olunub ki, bununla bağlı zaman-zaman yerli və belə demək mümkünsə, bölgələrdən gələn vətəndaşlar arasında çətinliklər yaranır. Bu da urbanizasiya, yəni şəhərləşmə anlayışıdır ki, onun tam həll edilməsi də, hələlik mümkün deyil. Ekspertlər problemin vaxt gəldikcə qabarmasını, görülən işlərin məntiqsiz aparılmasında görürlər. Yəni yuxarıda qeyd etdiyimiz sosial-iqtisadi şərtlərin diqtəsi altında Bakıya gələn insanların axını hələ də davam edir. Ekspertlərə görə, əhalisi nəhəng ölkələrlə müqayisəyə gəlməyən Azərbaycanda əslində, kənd əhalisinin sayı ən çoxu 20 faiz olmalıdır. Ona görə də, prosesin davamlı olacağı mümkündür. O halda ki, Bakıdan bişqa ikinci bir şəhər olmalıdır ki, müxtəlif səbəblərdən bölgələrdən gələn əhalinin axınını qarşılaya bilsin.
Vaxtaşırı meydana gələn urbanizasiya problemi müxtəlif ölkələrdə infrastruktura uyğun həll edilir. Bu məqamda bir neçə ölkənin timsalında urbanizasiya məsələsinin necə reallaşdırıldığını görmək mümkündür. Misal üçün, keçmişə baxsaq, qonşu Türkiyənin vaxtilə aqrar ölkədən böyük sənaye dövlətinə çevrilməsində urbanizasiyanın müstəsna rolu olub. Çində isə hazırda urbanizasiyanın sürətli inkişafı nəticəsində hökumətin hədəfi tamam fərqlidir. Hökumət bütün resursları nəzərə almaqla bir-iki il ərzində bir milyard yarım əhalinin əlli faizdən çoxunun şəhərlərdə yaşamasını təmin etmək məqsədi güdür. Hindistana gəlincə, ölkədə 2030-cu ilədək şəhər əhalisinin 75 faizə çatdırılması qarşıya əsas məqsəd kimi qoyulub. Yəni urbanizasiya problemləri ölkələr üzrə müxtəlifdir. İstər coğrafi konfiqurasiyasına, istərsə də iqtisadi göstəricilərinə görə eynilik təşkil etməyən istənilən ölkə bu problemlə üzbəüz qala bilər.
Azərbaycanda isə, yuxarda qeyd edildiyi kimi, bəlli hadisələr və iqtisadiyyatın keşmiş və hazırkı durumu bu problemin bir neçə istiqamətdə getdiyini göstərir. Statistikaya inansaq, ölkə iqtisadiyyatının əsas hissəsi bu gün Bakının payına düşür. Regionların sosial-iqtisadi inkişafı da əslində, bölgələr üzrə şəhərlərin, kənd rayonlarının və digər resursların hesabına həyata keçirilməlidir. Bu mənada, ölkənin sosial-iqtisadi siyasəti də bu məsələylə uzlaşmalıdır. Özəl sektorun iştirakı olmadan kiçik və orta şəhərlərin inkişaf etməsi mümkün deyil. Bu gün regionlarda, iri rayon və şəhərlərdə infrastrukturla bağlı, yəni təbii qaz, elektrik təchizatı, yol tikintisi və s. məsələlər üzrə müxtəlif layihələr reallaşdırılır, abadlıq işi aparılır, biznes strukturları yaradılır. Eyni zamanda, quşçuluq təsərrüfatları, ət kəsimi və emalı müəssisələri, çörək istehsalı zavodları, südlük və ətlik yönümlü cins heyvandarlıq kompleksləri, müxtəlif kateqoriyalar üzrə emal müəssisələri yaradılır. Bunların hamısının regionların sənaye potensialının inkişafına xidmət etdiyi bildirilir. Amma bununla belə, məsələ tam həllini tapmayıb.
Qeyd etdiyimiz kimi, bölgələr üzrə iş yerlərinin yaradılması, müvafiq infrastrukturun yaradılmasıyla bu problemin həllinə start verilməlidir. Kənd təsərrüfatının inkişaf etdirilməsi, sahibkarlığa kömək istiqamətində layihələrin gerçəkləşdirilməsi vaxtilə kütləvilik təşkil edən daxili miqrasiyanın geri dönüşünə imkan yarada bilər, bəlkə də. Doğrudur, insan kapitalının inkişafı və beyin iqtisadiyyatının realizəsi üçün şəhərlərin rolu danılmazdır. Lakin iqtisadi göstəricilər də onunla paralel şəkildə getməlidir. Bu isə təkcə paytaxtın daşıyacağı yük deyil.
İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, ölkə vətəndaşlarının sosial rifah halının yüksəldilməsi və digər müsbət inkişafın baş verməsi üçün urbanizaiya məsələsi birtərəfli deyil, regionlar üzrə hərtərəfli araşdırılmalıdır.
Yeri gəlmişkən, Birləşmiş Millətlər Təşkilatı bu xüsusda dünya əhalisinin yarıdan çoxunun şəhərlərdə yaşaması məqamına diqqəti çəkərək maraqlı bir açıqlama yayıb. Məlumata görə, yüzilliyin ortalarında dünya əhalisinin 70 faizə qədəri urbanizasiyaya uğrayacaq və şəhərlərdə yaşayacaq. Ölkəmizdə bu xüsusda mövcud məsələləri həll etməsək, vəziyyətin necə olacağını təxmin etmək çətin deyil.
Hər halda, statistik göstəricilərə inanmasaq da, alternativ variant Azərbaycanda düzgün məlumatı əldə etmək baxımından ciddi çətinliyin yaşanmamasıdır.
Nigar Orucova