Əli Orucov: "Çeçenlər və azərbaycanlılar öz sadəlövhlükləri üzündən məkirli düşmənin qurduğu tələyə düşdülər"
Fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında baş vermiş kütləvi dava geniş səs-küyə səbəb olub. Xırda narazılığın səbəb olduğu kimi görünən insident maraqlı quruplar tərəfindən körüklənərək genişlənməsi məqsəd kimi qarşıya qoyulmuşdur. Lakin Çeçen və Azərbaycan dövlətinin vaxtında məsələyə müdaxiləsi prosesi cilovladı.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada bir qrup çeçen və azərbaycanlı arasında baş vermiş insidentlə bağlı deyib ki, sosial şəbəkələrdə təxribat xarakterli saxta xəbərlər yayılır. Səfir məsələ ilə bağlı Moskva Şəhər Baş Polis İdarəsində olub və polis rəisi ilə görüşüb. O, məsələnin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən nəzarətə götürüldüyünü də açıqlayıb.
Polad Bülbüloğlu deyib ki, sosial şəbəkələrdə təxribat xarakterli saxta xəbərlər yayılır. O, ölkə əhalisini o cür xəbərlərə inanmamağa çağırıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə hadisə ilə bağlı dərhal Çeçenistanın rəsmi dairələri ilə əlaqə saxlayıb. Hadisə barədə ilk xəbəri aldıqdan sonra Qafqaz Xalqları Ali Dini Şurasının sədri olan Şeyxülislam dərhal Rusiyadakı çeçen icmasının nüfuzlu din və ictimai liderləri ilə danışaraq, baş verən prosesi dayandırmaq üçün birgə işin zəruriliyini bildirib.
Mənbə qeyd edib ki, bir sıra maraqlı qüvvələr Rusiyada adi kriminal hadisəni məzhəb davasına keçirməyə cəhd ediblər. A.Paşazadə Çeçenistanın rəsmi dairələri və nüfuzlu din xadimləri ilə də təmas yaradaraq, onları bu təhlükəli amilin qarşısını almaq üçün birgə səy göstərməyə çağırıb. Şeyx eyni zamanda Azərbaycan diasporu və rəsmi dairələri ilə mütəmadi əlaqə saxlayıb.
QMİ sədrinin və dövlət qurumlarının birgə iştirakı ilə aparılan təxirəsalınmaz işlər öz nəticələrini verib. Müəyyən qüvvələrin məişət kriminalını məzhəb davasına keçirmək cəhdləri baş tutmayıb. Çeçen və azərbaycanlı icması bir stol arxasında oturaraq dostluq və qardaşlıq mesajlarını veriblər. Moskvada toplaşan hər iki tərəfin nümayəndələri azərbaycanlılarla çeçenlər arasında heç bir ədavətin olmadığını bəyan ediblər. Çeçenlərin nümayəndəsi törədilən hadisələri təxribat adlandırıb və hər iki tərəfi bu təxribata uymamağa çağırıb.
Azərbaycanlılarla çeçenlər arasında düşən kütləvi davanın KİV-lərdə yayılan ssenarisinə baxanda elə təsir bağlışayır ki, bu bir təsadüfdür, bir qrup arasında yaranan narazılıq əsasında baş verib. Lakin hadisənin sonrakı inkişaf onu göstərdi ki, bu heç də təsadüfi hadisə deyil. Lakin bu barədə hələ rəsmi təstiq də yoxdur. Yəqin ki, aparılan istintaq-əməliyyat tədbirləri olayın pərdəarxasına işıq sala biləcək. Biz buna siyasi qiymətin verilməsi üçün başlığa çıxardığımız sualı politoloqlara ünvanladıq.
Əli Orucov
Müsahibimiz politoloq Əli Orucov bildirdi ki, çeçenlərlə azərbaycanlılar arasında baş verən inisident heç də təsadüfi hadisə deyil, bu düşünülmüş və iyrənc formada həyata keçirilən bir oyundur: "Artıq bu intriqanın arxasında kimlərin olduğu tədricən üzə çıxır. Çeçenlər və azərbaycanlılar öz sadəlövhlükləri üzündən məkirli düşmənin qurduğu tələyə düşdülər. Onlar təxribata gedərək düşünmədən addımlar atıblar. Azərbaycanlıları təhqir edən çeçeni aparıb döyüb, videosunu sosial şəbəkələrdə yayılmasının özü də səhvdir, baxmayaraq ki, ilk səhvi çeçenlər etmişdi. Məsələn, azərbaycanlıları təhqir edən şəxsi öz ağsaqqalları, öz soydaşlarının əli ilə cəzalandırmaq daha düzgün olardı. Bu mənfur düşmənlərin planlarını yarımçıq qoyardı, amma təəssüflər olsun, bu məqam qaçrılıb. Hər iki xalq bu oyuna salındı və hər iki tərəfin sonradan müdrik davranışı hadisələrin davamını cilovlaya bildi. Bundan sonra hər iki xalq diqqətli olmalı, mənfur niyyətlərin təxribatına gedilməməlidirlər. Hər iki xalq rus imperyasının tapdağı altında bərabər zülmə məruz qalıb, Stalin dönəmində öz vətənlərindən didərgin salınaraq Qazaxıstana sürgün edilib və s. Hər iki xalq ortaq dəyərləri paylaşır, hər iki xalq müsəlmandır. Ona görə də bizim əleyhimizə olan qüvvələrə qarşı daha sıx birləşməliyik. Çox yaxşı haldır ki, hər iki dövlətin nüfuzlu şəxslərinin səyləri nəticəsində prosesin qarşısı alında. Amma düşmən heç vaxt yatmır, onlar məkirli planlarını tamamilə başqa ssenarilər üzərində qura bilər, ona görə də hər iki xalqın nümayəndələri ayıq-sayıq olmalıdır. Arman Abovyanın sosial şəbəkələrdəki paylaşımlarını elə ermənilərin ümumi mövqei kimi qəbul etmək lazımdır. Onlar Qafqazda tək azərbaycanlıların əleyhinə deyillər, ermənilər ümumiyyətlə bu regionda daha çox gərginliyin, münaqişə ocaqlarının yaranmasını istəyirlər. Bu məsələdə ermənilər tək deyil, onların havadarları da var. Münaqişənin genişlənməsinin qarşısının alınmasında Azərbaycan dövlətinin gərəkən və vaxtında atılan addımları da öz sözünü dedi. Bundan sonra hər iki xalqın nümayəndələri, siyasi xadimlər və ziyalılar ayıq-sayıqlığı əldən verməməlidirdər".
Politoloq Qabil Hüseyinli məsələyə münasibət bildirərkən qeyd etdi ki, çeçen və azərbaycan xalqlarının dostluq münasibətləri tarixin sınağından çıxıb: "Məsələn, Şeyx Şaminin həyat yoldaşı türk idi, Cövhər Dudayev kabardin-balkar türkü idi, Şamil hərəkatının döyüş dəstələrində onlarla azərbaycanlı döyüşüb, qəhrəmanlıq göstərib. Birinci çeçen müharibəsində də Azərbaycandan gedən könüllülər vardı və s. Bununla yanaşı biz müsəlmanıq, eyni dinə biət edirik. Bu nöqteyi-nəzərdən çeçen və azərbaycanlılar arasında heç bir etnik münaqişə olmayıb. Şamil Basayev birinci Qarabağ müharibəsində iştirak etdi və kişi kimi də qəhrəmanlıq göstərdi. İndi Rusiyada maraqlar, bazarlar uğrunda nəsə baş verə bilər, amma son hadisə onu göstərir ki, kimlərsə bunu qızışdırır. Artıq üçüncü tərəfin ortada olduğu sübuta yetrilib, bu ermənilərdir. Rusiyanın siyasi dairələrində, xüsusilə KİV-lərdə çalışan insanlar öz imkanlarından istifadə edərək prosesləri qızışdırıb. Hər iki xalqın prezidentləri, ictimayi-siyasi xadimləri vaxtında məsələyə müdaxilə etdilər, prosesləri cilovlamağa müyəssər oldular. Rusiyadakı Çeçen və Azərbaycan icmasının rəhbərləri danışıqlar masası arxasında oturdular, danışdılar, razılaşdılar və çörək kəsdilər. Müsəlman aləmində çörək kəsmək çox müqəddəsdir. Zənnimcə, Rusiyada çeçen-azırbaycan qarşıdurması yaratmaq istəyənlərin cəhdi əbəsdir, bu alınmayacaq. Çünki bu iki qardaş xalq həmişə yaxın münasibətdə olub, gələcəkdə də belə olacaq".
Akif Nəsirli