Erkən nikah və boşanma emoqrafik tarazılığı pozur

 

Bu sahədəki qüsurları aradan qaldırmaq vacibdir

 

Ötən ilin statistikasını nəzərdən keçirəndə ölkədə erkən nikah və boşanma hallarının ilbəil artması diqqətimi cəlb etdi. Keçən il ərzində 17452  boşanma qeydə alınıb. Bu, müsəlman ölkəsi olaraq, Azərbaycan üçün çox böyük təhlükədən xəbər verən amildir. Əgər dövlət tərəfindən uyğun ciddi tədbirlər görülməsə, yaxın illərdə erkən nikahların və buna uyğun boşanmaların daha yüksək göstəriciləri ilə tanış olmaq zorunda qalacağı olacağıq.

Erkən nikahların ölkəmizdə baş vermə səbədləri hər kəsə bəllidir. Bunun günahkarları isə birmənalı olaraq valideynlərdir. Yuxarıda boşanma barədə qeyd etdiyim məlumat rəsmi nikahda olmuş ailələr haqqındadır. Məlumdu ki, adəti üzrə erkən nikaha girənlər yalnız molla kəbini ilə qeyri-rəsmi şəkildə ailə qururlar və bu ailələrin durumu barədə qeyri-hökumət təşkilatlarının məlumatları mötəbər hesab olunur. Adətən, gənc qızlar ailənin nə demək olduğunu dərk etsə də, onlar erkən yaşda ərə getmək haqda yox, uşaqlığını yaşamaq və təhsil almaq haqqında düşünürlər. Lakin, yenə də mentalitet dediyimiz adət-ənənələr hələ nikah yaşında və həvəsində olmayan bir qıza valideynlərinə etiraz etməyə imkan vermir. Beləcə, könülsüz ailə qurulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunu, həmçinin 1989-cu il tarixli Uşaq hüquqları haqqında Konvensiyaya görə tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. UNİSEF-in təklifi ilə Azərbaycan qanunvericiliyində 2011-ci il dən qadın üçün nikah yaşı 17-dən 18-ə qaldırıldı. Bu, həmçinin Uşaq Hüquqları Konvensiyasına da uyğundu. BMT-nin Uşaq Fondu hökumətin dini liderlərlə yaxından əməkdaşlıq edərək, insanların hazırkı düşüncə tərzinin dəyişdirilməsinə nail olmağa çağırıb. Hazırda daha çox azərbaycanlı erkən nikahları məqbul hal sayırlar. Erkən nikah qanunvericiliyin müəyyən etdiyi minimal yaş həddini keçmədən qurulan bütün ailələri əhatə edir. Belə ailələrin sayı konkret bilinməsə də, dövlət rəsmilərinin, bu sahə ilə məşğul olan qeyri-hökümət təşkilatlarının dilə gətirdikləri narahatlıqlar sayın hədsiz çox olduğunu deməyə əsas verir. Nikahda iki tərəf- kişi və qadın iştirak etsə də, erkən nikah dedikdə beyinlərdə qız uşaqlarının yetkinlik yaşına çatmamış ərə verilməsi canlanır. Azərbaycanda son 16 ildə 50 976 erkən nikah bağlanıb. Erkən nikah qızların tükəndirilməsi, fizioloji olaraq qadınların istismar edilməsi, onların fundamental hüquqlarının pozulmasıdır. 13-16 yaşda olan uşaqların haqqları var kı, ömürlərinin bu müddətini birbaşa özlərinə, təhsillərinə, əyləncələrinə sərf edib, bu dövrdə heç olmasa, ailənin nə olması haqda nəzəri biliklərə yiyələnsinlər. Digər tərəfdən də erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır deyillər. Anaya ehtiyacı olan qızlar özləri erkən yaşda ana olurlar. Azərbaycanda nikah və boşanma sayının son illərdə necə dəyişməsinə nəzər salmaq üçün Dövlət Statistika Komitəsinin saytında yer alan hesabata diqqət yetirib, 2016-cı ildə Azərbaycanda 66771 nikah, 13114 boşanma qeydə alınması ilə tanış oluruq. Əvvəlki illərlə müqayisədə də nikahlar azalıb, boşanmalar artıb. 2015-ci ildə ölkədə 68773 nikah bağlanmış, 12764 boşanma rəsmiləşmişdi. 2013-cü və 2014-cü illərlə müqayisədə də nikahların sayında azalma, boşanmalarda artım nəzərə çarpır. “Azərbaycanın Demoqrafik Göstəriciləri” nəşrinə görə, 2013-cü ildə Azərbaycanda 86852, 2014-cü ildə 84912 nikah qeydə alınıb. Həmin illərdə müvafiq olaraq 11730 və 12088 boşanma rəsmiləşib. Daha əvvəlki illərin göstəriciləri belədir: 2007-ci il – 81758 nikah, 8340 boşanma, 2008-ci il – 79964 nikah, 7933 boşanma, 2009-cu il – 78072 nikah, 7784 boşanma, 2010-cu il – 79172 nikah, 9061 boşanma, 2011-ci il – 88145 nikah, 10747 boşanma, 2012-ci il – 79065 nikah, 11087 boşanma, 2016-cı ildə nikahların sayında (66771) 2013-cü illə (86852) müqayisədə 20081 azalma olub. 2017-2018-ci illər üzrə hər iki mənfi hal artan ardıcıllıqla davam edir.

Erkən nigahların və boşanmaların ilbəil artmasından müvafiq dövlət qurumlarının rəhbərlərinin narahatçılığı neç də boşuna deyil. “İnzibati Xətalar Məcəlləsində rəsmi nikah sənədi olmadan kəbin kəsən mollalar üçün məsuliyyətin müəyyən edilməsi zərurəti var,”- bu fikiri bu gün Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova bildirib. Onun sözlərinə görə, Azərbaycanda bütün məscidlərdə dini kəbin kəsdirən şəxslərdən Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVAQ) şöbələrinin rəsmi nikah sənədi tələb olunur. H.Hüseynova deyib ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası ilə rəsmi nikahsız kəbin kəsilməsinə qadağa qoyub: “Lakin bununla yanaşı, biz görürük ki, çoxlu sayda cütlüklərin rəsmi nikahı olmasa da, dini kəbinləri var. Əlbəttə ki, belə ailələrin hüquqlarını müdafiə etmək bir qədər çətinlik yaradır. Xüsusilə də erkən yaşda nikaha girən qızların hüquqlarının müdafiəsi çətin olur. Buna görə də İnzibati Xətalar Məcəlləsində rəsmi nikah sənədi olmadan kəbin kəsən mollalar üçün məsuliyyətin müəyyən edilməsi zərurəti yaranır. Nəzərinizə çatdırım ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyinin bütün formalarının ləğv edilməsi üzrə Komitəsinin ölkəmizlə bağlı tövsiyələrində də bu öz əksini tapıb”.

Apardığımız qısa araşdırmadan göründüyü kimi, erkən nikahların və boşanmaların səbəbləri aradan qaldırılmazsa, ölkədə ailə institutunun nə qədər pis duruma düşəcəyini təsəvvür etmək o qədər də çətin deyil.

 

Səkinə Mehtiyeva

0.17431402206421