Eldar Əzizovun Mer vəzifəsinə gətirilməsi bu problemi həll edəcəkmi?
Bakı şəhərinin problemləri həddindən çoxdur. Mərkəzi küçələri çıxmaq şərti ilə, şəhərdə elə yaşayış məhəllələri var ki, ona ölkənin ən ucqar, inkişafdan geri qalmış əyalətində belə, rast gəlmək mümkün deyil. Şəhərin müxtəlif yerlərində tullantılardan axan suyun nəticəsində ətrafında "üfunət gölü" yaranan zibil qutuları əsl xəstəlik mənbəyidir. Tullantının paytaxtda yaratdığı xoşəgəlməz mənzərə, dəhşətli qoxu zibil qutullarına hələ xeyli uzaq məsafə qalmış ürək bulandırır. Bütün bu hallar isə yoldan keçən sakinlər üçün müxtəlif problemlər yaradır.
Tullantılardan ətrafa sızan su böyüklərin və uşaqların ayaqqabılarına bulaşır, binalara, bloklara, həyətlər, hətta evlərə gəlir və problemə çevrilir. Yasamal rayonu, Mirəli Seyidov küçəsində yaşayan Nazim Quliyev adlı şəhər sakini deyir ki, evinə gedərkən qaranlıq olduğu üçün ayaqqabıları tullantı suyuna batıb: "Gecə vaxtı evə gələndə ayaqqabılarım zibil qutularından həmişə axan tullantı suyuna batdı. Su şirəli olduğundan yapışqanlıq yarandı, evə qədər yolda olan bütün toz-torpaq ayaqqabılarımın altına yapışdı. Evə gələndə onların altını xlorla təmizləmək məcburiyyətində qaldım". Başqa bir şəhər sakini isə deyir ki, zibil qutusunun yanından keçə bilmək üçün uzaqdan bir neçə dəfə dərindən nəfəs alır. Beləliklə, yaxına çatanda burnunu bağlayıb keçir. Şəhərin bir çox yerlərində zibil qutuları boş olduğu halda, tullantıların qutuların ətrafına səpələnməsinin şahidi oldum. Sakinlərin verdiyi məlumata görə, onlar zibil qutularının ətrafında hər hansı bir dezinfeksiya işlərinin aparıldığını heç vaxt görməyiblər.
Şəhər sakini, ixtisasca infeksionist R. Əliyev bildirir ki, zibil qutularının yeri və ətrafı vaxtlı-vaxtında dezinfeksiya olunmaldır: "Hər rayonun Mənzil-Kommunal Təsərrüfat Birlikləri (MKTB) ərazi dezinfeksiya şöbələri ilə bu xidməti həyata keçirmək üçün müqavilə bağlamalıdırlar. MKTB-lər həmin müqavilələri bağlamağa təşəbbüs göstərmir. Müqavilələrin sayı sıfır səviyyəsindədir. Ona görə də ağcaqanad, həşəratlar artır. artmasından və məişət tullantılarının mütəmadi daşınmamasından şikayət edirlər. Vaxtında daşınmayan və yeri dezinfeksiya olunmayan zibil atılan ərazilər xəstəlik mənbəyidir". Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamenti kommunal və ticarət obyektlərini məcburi müqaviləyə cəlb etməlidir. Bu məsələ ilə bağlı rəy almağa çalışsaq da BŞİH-dən, eləcə də MKTB-lərdən cavab almaq mümkün olmadı. Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentindən isə bildirilidi ki, müqavilələrin bağlanması onlara aid olmayan məsələdir.
"Kommunal Xidmətlər Müəssisəsi" MMC-nin hüquqşünası isə bildirdi ki, yay aylarında tullantıdan çıxan suyun yerə tökülməsinin qarşısını almaq mümkün olmur: "Problemin qarşısını almaq üçün qutuların qoyulduğu yer düzgün tikilməlidir. Altı betonlanmalı, tullantıdan axan suyun kanalizasiya xəttinə birləşdirilməsi təmin olunmaldır. Bakı şəhərində bu cür şəraitin yaradıldığı zibil atılan yerlər az saydadır və bu şəraitin yaradılması onların səlahiyyətində deyil". Onun sözlərinə görə, əhali sıra ilə qoyulmuş 10 zibil yeşiyindən ilk sırada olan ikisi dolduqdan sonra onların önündən keçib zibili boş qutuya atmaq əvəzinə, dolu qutuların üstünə atır. Nəticədə tullantllar ətrafa səpələnir.
Müəssisənin şöbə müdiri isə vurğuladı ki, yay aylarında sulu tullantılar çox olur: "Meyvə-tərəvəzin, xüsusilə bostan məhsullarının suyu zibil qutularının dibinə çökür. Bu da zibil boşaldılanda ətrafa dağılır. Tullantıdan suyun çıxması müvəqqəti, mövsümi problemdir. Yay ayları başa çatdıqdan sonra bu problem də aradan qalxacaq". Nəzərə alsaq ki, qış aylarında yağıntılar çoxalır və zibil qutularının əksəriyyətinin üstü də açıq vəziyyətdədir. O zaman problem elə qışda da davam edir. Bu gün yağan yağışdan sonra zibil qutularını maşına boşaldan fəhlələr dedilər ki, hər yağış yağandan sonra zibil qutularından axan suyun üfunətdən nəfəs ala bilmirik və boğuluruq. Qeyd edək ki, Tarif Şurasının “Məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri tariflərinin tənzimlənməsi barədə” qərarına əsasən 1 m3 məişət tullantısının daşınma tarifi əlavə dəyər vergisi ilə birlikdə 10 manat müəyyən edilib. Paytaxt sakinləri isə məişət tullantılarının daşınması üçün adambaşına 30 qəpik ödəyirlər. Apardığımız araşdırma nəticəsində Bakı şəhərinin Yasamal rayonu ərazisində zibil probleminin həll olunmasının vacibliyini müəyyən etdik. Rayon icra hakimiyyəti son zamanlar xeyli iş görsə də, zibil qutuları üçün müəyyən edilmiş yerlərin təmiz saxlanmasına ciddi fikir verilmədiyi hər kəs tərəfindən müşahidə olunur. Müvafiq icra hakimiyyətləri, Bakı şəhəri Mənzil- Komunal Departamenti yerlərdəki təşkilatlarının bu sahədəki işləri qənaətbəxş deyil və əhali haqlı olaraq onların fəaliyyətindən narazıdır.
Şəhərin zibil problemini həll etmək məqsədi ilə dövlətin, özəl sektorun və insanların kifayət qədər pul vermələrinə baxmayaraq, Bakı şəhərinin təmizliyinin təmin edilməsi sahəsində ciddi problemlər hələ də qalır və pis haldır ki, bu, şəhər rəhbərliyini, rayon icra hakimiyyətlərini qətiyyən narahat etmir. Deməli, arxayınçılıq sanki bu sahəyə məsul olan şəxslərin xarakterində daimi yurd salıb. Görəsən, Bakı şəhərinə prezident tərəfindən mer təyin edilmiş Eldar Əzizovun işçiləri linc etmiş bu arxayınçılığı aradan qaldırmağa gücü çatacaq, yoxsa sabiq mer Hacıbala Abutalıbovdan miras qalmış nimdaş kadrlar əvvəlki kimi işləməyə davam edəcəklər?!..
Əsədli Röyal