63 yaşlı televiziyamızın keçmişi və bu günü

 

Azərbaycan telekanallarının bazası çox genişlənib

 Düz 63 il bundan öncə 1956-cı il fevralın 14-ü. Azərbaycanda ilk televiziya yaranıb. Xalq artisti Nəcibə Məlikova "Göstərir Bakı" kəlməsi ilə televiziyanın fəaliyyətə başladığını elan edib. O, televiziyanın fəaliyyətə  başlaması münasibətlə xalqımızı təbrik edib. Azərbacan televiziyasında İlk olaraq "Bəxtiyar" filmi nümayiş olunub. Beləliklə də, Azərbaycanda ilk televiziya öz fəaliyyətinə başlayıb. Yarandığı gündən televiziyanın əsas missiyası dövlətə və xalqa xidmət olub. Başlanğıc heç də asan deyildi, böyük çətinliklər ortaya çıxırdı. Xüsusən də peşəkar kadrların çatışmazlığı şəraitində televiziyanın fəaliyyətini davam etdirmək çox çətin idi. Televiziyaya radio və qəzetlərdən mütəxəssislər dəvət olunurdu. Lakin dəvət olunan kadrlar da kifayət etmirdi. Televiziya tam fərqli, yeni bir sahə olduğundan burada təcrübəli işçilərə çox böyük ehtiyac vardı. Lakin o zaman bu sahə üzrə ixtisaslı kadrlar tapmaq müşkül məsələ idi. Zaman keçdikcə, milli televiziyamız da öz komandasını formalaşdıra bildi.

Məlumdur ki, Bakı studiyası əvvəlcə həftədə iki, sonra isə üç dəfə 2 saatlıq proqramla tamaşaçılarla görüşə gəlirdi. Bir qədər sonra yayımın sayı artırıldı. 1957-ci ildən Azərbaycan televiziyası həftədə 5 dəfə efirə çıxırdı və verilişlərin müddəti 20 dəqiqə uzadılmışdı. Yəni efir vaxtı 2 saat 20 dəqiqə davam edirdi. 1962-ci ildə isə Milli televiziya gündəlik efirə çıxmağa başladı və proqramların vaxtı 7 saata qədər uzadıldı. 70-ci illərdən etibarən Azərbaycan Televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ilin yanvarından isə milli televiziya 24 saatlıq fasiləsiz yayıma keçdi. Milli televiziyamız mərhələlərlə inkişaf edərək, bu günümüzə qədər gəlib çatıb. Bu gün Azərbaycan teteviziyası xalqın təfəkkürünün formalaşmasında, onun maariflənməsində, mədəni irsinin təbliğində əhəmiyyətli rola malikdir. Televiziya mədəniyyət tarixinin tərkib hissəsi olmaqla yanaşı, bütövlükdə incəsənət növlərinin əyani təbliğat vasitəsi kimi çox önəmlidir. Mütəmadi olaraq inkişaf edən, dəyişən və təkmilləşən televiziyanın inkişafı cəmiyyətin tarixi mənzərəsini əks etdirir.

Sovetlər dönəmində xalqın dünyagörüşü və bədii-estetik zövqünün formalaşmasında əsaslı rol oynayan televiziya Azərbaycanda da  çətin və mürəkkəb inkişaf yolu keçərək, tədricən kütləvi əxlaq və xarakter psixologiyasından milli dirçəliş, oyanış düşüncəsinə çevrilib. Əvvəl "ev kinosu" kimi dəyərləndirilən televiziya inkişaf etdikcə cəmiyyətin ictimai-siyasi, mədəni həyatının bir parçasına çevrildi. İnsanların məlumatlandırılması, maarifləndirilməsi və əyləndirilməsi funksiyalarını uğurla üzərinə götürdü. Məsələn, 1991-ci ilin çox diqqət çəkən verilişlərindən biri "Televiziya tamaşaçılarının suallarına cavab verirlər" adlanırdı. Bütün bu veriliş və proqramlarla milli televiziya xalqın həyatının bir parçasına çevrilmişdi. Bu gün də milli televiziyamız eyni missiya və amalla xalqa xidmət göstərir, müxtəlif teledebatlar, televiziya tamaşaları, tok-şoularlarla milli ruhun möhkəmlənməsinə xidmət edir.

Hazırda Azərbaycan televiziyasında ölkədaxili və dünyada baş verən hadisələr barədə xalqın məlumatlandırılmasına xidmət edən "Xəbərlər" proqramı ilk dəfə 1960-cı ildə "Günün yenilikləri" adı ilə ekrana çıxıb. Daha sonra "Son xəbərlər", 1967-ci ildən isə "Günün ekranı" adı ilə efirə çıxan xəbər proqramı bu gün də öz aktuallığını qoruyub saxlaya bilir. Adlar müxtəlif olsa da, xəbərlər proqramının strategiyası eynidir. Məqsəd ölkədə və dünyada baş verən ən mühüm hadisələri, rəsmi məlumatları və s. informasiyaları insanlara çatdırmaqdır. Proqram indi də "Xəbərlər" adı ilə eyni vəzifəyə xidmət edir, əhalini ən son siyasi yeniliklərlə tanış etdirərək, bu şərəfli və məsuliyyətli işin öhdəsindən layiqincə gəlməyi bacarır.

Azərbaycanda fəaliyyət göstərən çoxsaylı telekanalların hər birini AzTV-nin övladı saymaq olar. Çünki AzTV ölkəmizdə ən yaxşı peşəkar təcrübə məktəbi kimi, bütün kanalların formalaşmasına öz təsirini göstərib. Cənab Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Televiziyası bu gün nəinki ölkə daxilində, eyni zamanda peyk vasitəsi ilə dünyanın bir çox regionlarında və ölkələrində yayımlanır. Verilən operativ və şəffaf informasiyası ilə özünə çoxsaylı tamaşaçı kütləsi toplayan Dövlət Televiziyamız daima öz izləyicilərini istər dünya xəbərləri, istərsə də ölkə daxilində baş verən ən son hadisələrlə məlumatlandırır. Cənab Prezident televiziyamıza daim hiss olunan qayğısını dünən bir daha nümayiş etdirərək, dünən AzTV-yə 3 milyon manat pul ayırdı. Bu da yuxarıda bəhs etdiyimiz dövlət qayğısının parlaq təzahürüdür. Təbii ki, Azərbaycan Dövlət Televiziyası öz örnək fəaliyyəti ilə missiyasını layiqincə davam etdirir, televiziya, radio sahəsində peşəkar kadrlar yetişdirməklə, dünyanın qabaqcıl televiziya mütəxəssisləri ilə rəqabətə girə biləcək işlər görür.

Qeyd etdiyimiz bütün müsbət keyfiyyətləri ilə insanların maraqlarını cəlb edən televiziyalarımız nə qədər inkişaf etmiş olsalar belə, AzTV və digər kanallar hələ də tamaşaçı auditoriyasının ciddi tənqid və iradlarına tuş gəlməkdə davam etməkdədirlər. İnkaredilməz həqiqətdir ki, telekanallarımızın müxtəlif əyləncəli verilişlərini idarə edən aparıcılar öz yanlış və milli-mənəvi dəyərlərimizlə, əxlaqla uzlaşmayan hərəkətləri ilə əhalinin əsəbləşməsinə səbəb olurlar, buna görə də, əksər hallarda tamaşaçı məcburiyyət qarşısında xarici telekanallara üz tutmaq zorunda qalır. Bu barədə dövlət və elm adamlarının, incəsənət xadimlərinin ölkə mediasında yer alan tənqidi fikirləri MTRŞ tərəfindən nəzərə alınaraq, televiziya kanalları haqqında qanun müstəvisində ölçü götürülməsini zərurətə çevirir. Lakin MTRŞ tərəfindən qəbul olunan qərarlara əməl edilməməsi faktları da çoxdur, əxlaqazidd hərəkət yenə də var və bu mənfi tendensiyaları telekanalların fəaliyyətindən çıxarmaq üçün daha ciddi və qəti tədbirlərin görülməsinə hər zaman ehtiyac hiss olunur.

Hər bir televiziya rəhbəri verilişlərin proqramlarını tərtib edərkən milli-mənəvi dəyərlərimizi çeynəyən, islam əxlaq-ənənəsi ilə ziddiyyət təşkil edən halların ekranlarımıza çıxarılmasına imkan verməməlidirlər. Məsələn. "Xəzər TV"-də yayımlanan Zaur Kamalın apardığı "5-də 5" verilişində baş verən ədəbsiz hərəkətlərə görə, xalqın kanal rəhbərliyinə narazılıq etməsinə əhəmiyyət verilməməsi olduqca naqis hərəkətdir. Xüsusən verilişə dəvət olunan əksər xanımların az qala yarılüt geyimdə ekrana buraxılması qəti yolverilməz haldır. Verilişin aparıcısı Zaur Kamalın müğənni və aktirisalarla davranışlarında, danışıq ritorikasında yol verdiyi ciddi qeyri-etik hərəkətlər yaşlılar öz yerində, uşaqların və yeniyetmə gənclərin tərbiyəsinə də mənfi təsir göstərir. Zaur Kamal özü bu cür mənfi halları hiss etməyə bilər, lakin hər bir tamaşaçının bu cür yanlış halları üsyanla, qəzəblə qarşıladığını telekanal rəhbərləri də seyr edirlər.

Yenə də "Xəzər TV"-də Xoşqədəm Hidayətqızının rəhbərlik etdiyi və hər gün efirə çıxan proqramından da əhali çox da məmnun deyil, verilişin təşkili qaydalarında və aparılmasında ciddi nöqsanlar var. Bu nöqsanlar haqqında mətbuatda kifayət qədər tənqidi yazılar getməsinə baxmayaraq, kanal rəhbərliyi verilişdə ictimaiyyəti narahat edən məqamların aradan qaldırılmasına heç bir əhəmiyyət vermir və bu da insanlarda təbii qəzəb və etiraz hissi doğurur. Yəqin ki, bu cür mənfi hallara qarşı mübarizə aparmamaq və tamaşaçı auditoriyasının rəyinə məhəl qoymamaq kanal rəhbərliyinin adətinə çevrilib.

Hər iki halda "Xəzər TV"- dən misal gətirməyimiz, ölkədə fəaliyyət göstərən digər televiziya kanallarında buna bənzər və bundan da pis halların mövcud olduğu barədə tənqidi fikirlərimizi bu yazıda qeyd etməməyimiz heç də o anlama gəlməməlidir ki, həmin telekanallarda nöqsanlar, qüsurlar yoxdur, əksinə, telekanallar arasında babatı varsa, elə o da "Xəzər TV"- dir. Yerdə qalan digər televiziya kanallarında vəziyyət daha acınacaqlı və daha rüsvayçı haldadır. Bu barədə növbəti yazılarda daha geniş bəhs edəcəyik.

Bu gün Azərbaycan Dövlət televiziyasının yaranış günü olduğuna görə, AzTV-nin bütün kollektivini təbrik edir və fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.

 

Şahnaz Salehqızı

0.19576907157898