Problemli kreditlərin həlli yolu nədir?

 

Yaşayış minimumu və istehlak səbətinin strukturuna yenidən baxılmalıdı

 Ölkəmizdə yaşayış minimum ilə əlaqədar olaraq, müxtəlif mənfi fikirlər səsləndirilir. İqtisadçılarımızın apardıqları təhlillər də sübut edir ki, Azərbaycanda yaşayış minimumu düzgün hesablanmır. Ona görə də iddia olunur ki, Azərbaycanda yaşayış minimumu yenidən hesablanmalıdır. Bu təkliflə iqtisadçılar çıxış edib. Onların sözlərinə görə, prezidentin sərəncamı ilə minimum əmək haqqı artırılandan sonra bunun cərimə və vergilərə təsirini qabartmağa lüzum yoxdur. Çünki sosial sığorta ödənişləri istisna olmaqla, demək olar ki, digər cərimə və sanksiyaların əmək haqqının minimum həddi ilə əlaqəsi çox məhdudlaşdırılıb.

 Sadəcə, ardıcıl və daha çox sayda təklif olmalıdır ki, minimum əmək haqqından yalnız qazananların olması üçün yaxın zamanlarda minimum əmək haqqının bütün cərimə və ödənişlərlə əlaqəsi kəsilsin. Eksperin fikrincə, hazırda müzakirələr bir məqama yönəlməlidir. Azərbaycanda minimum yaşayış standartları nə dərəcədə ölkənin iqtisadi inkişaf səviyyəsinə uyğundur? Minimum əmək haqqı minimum yaşayışın real hesablanmış standartlarına nə dərəcədə cavab verir? Nəzərə alaq ki, minimum yaşayış standartları az qala, 15 il öncə təsdiqlənib. Halbuki o zamandan indiyə çox ciddi bir dəyişiklik baş verib: 2005-ci ildə Azərbaycan Dünya Bankının təsnifatında o zamankı gəlir standartı ilə adambaşına milli gəliri 3000 dollardan aşağı olan “aşağı orta gəlirli” ölkələr qrupunda idi. Bu gün isə, artıq adambaşına milli gəliri 5000 dollar ətrafında olan “yuxarı orta gəlirli” ölkələr qrupunda yer alıb.

Çox dərin və gözlə görünməyən məlumatlara ehtiyac yoxdu: 2005-ci ildə ölkədə dəyəri milyonla ölçülən villaya, dəyəri 70-80 min dolları ötən avtomobillərə sahib adamları barmaqla saymaq olardı, bu gün isə onların sayı-hesabı yoxdu. Yəni bu ölkənin zəngin 10 faizinin həyat standartları 10 dəfələrlə yüksəlibsə, yoxsul 10 faizinin yaşayış standartları nə qədər dəyişib?

Bu sualın rəsmi cavabı çox şey deyir: 2005-2007-ci illərdə rəsmi yaşayış minimumu 65-70 dollar olub, 2019-cu ildə isə 105 dollardır. Ötən 12-13 ildə ABŞ-dakı inflyasiyanı da nəzərə alsaq, 1 ABŞ dollarının alıcılıq qabiliyyətinin də alıcılıq qabiliyyətində (real mübadilə dəyərində) baş verən azalmanı da nəzərə alsaq, belə çıxır ki, Azərbaycanda minimum yaşayış dəyərində ciddi artım baş verməyib. Halbuki, məhz dolların dəyərsizləşməsini nəzərə alaraq, Dünya Bankı ötən dövrdə qlobal yoxsulluğun ölçülməsi üçün istifadə etdiyi “beynəlxalq dolların” alıcılıq qabiliyyətinə korreksiya edib.

Məsələn, 2008-2014-cü illərdə Dünya Bankı yoxsulluğu ölçmək üçün adambaşına gündəlik qazancı minimum 1.25 dollar götürmüşdü. Amma həmin məbləğ ABŞ dollarının 2005-ci ildə olan alıcılıq qabiliyyəti ilə hesablanırdı. 2015-ci ildə isə Dünya Bankı standartları dəyişdi. Adambaşına gündəlik qazancı 1.90 dollara qaldırdı və bu dəfə isə həmin məbləğ ABŞ dollarının 2011-ci ildə olan alıcılıq qabiliyyəti ilə hesablanmağa başladı. Səbəb isə qeyd etdiyimizdir: həm dolların qlobal miqyasda dəyər itirməsi var, həm də minimum yaşayış standartları yüksəlməlidi.

Ekspertlərin dediyinə görə, bu yanaşmadan çıxış etməklə, Azərbaycanda 2005-2007-ci illərdə 65-70 dolların alıcılıq qabiliyyəti ilə hazırkı 105 dolların alıcılıq qabiliyyətini də hesablamaq çox maraqlıdır. Məsələn, 2005-ci ildə Azərbaycanda ətin qiyməti orta hesabla 4 manata yaxın idi, təxminən 5 dollar. İndi isə 12 manata yaxındır, hardasa 7 dollar. Bu cür hesablamalar aparılsa, məlum olacaq ki, ölkə nəhəng gəlirlər əldə etsə də, iqtisadi imkanlar böyüsə də, aztəminatlı insanlar üçün hazırlanan rəsmi minimum yaşayış standartları demək olar ki, dəyişməyib.

Başqa bir müzakirə ediləsi məsələ kimi, ekspertlər minimum istehlak səbətinin strukturunun dəyişməsini qeyd edirlər. İndi Azərbaycanda 3 istehlak səbətində minimum istehlak üçün nəzərdə tutulan ərzaq, qeyri-ərzaq və xidmətlərin sayı 150 çeşid ətrafındadı. Halbuki, inkişaf etmiş ölkələrdə həmin göstərici 300-350 ətrafındadı. Yeri gəlmişkən, bu məsələdə çox ciddi qeyri-şəffaflıq var. Nazirlər Kabinetinin istehlak səbətinin strukturu ilə bağlı qərarında mal qruplarının əmtəə sturkturu açılanmır. Məsələn, “meyvə və giləmeyvə” üzrə illik istehlak bir nəfər üçün 38 kq müəyyən edilib. Amma konkret meyvə və giləmeyvə növlərinin adı və norması ilə bağlı qərarın əlavəsi ictimaiyyətdən gizli saxlanır.

Başqa bir problem qida normalarının səviyyəsi ilə bağlıdır. Məsələn, bir nəfər üçün ət və ət istehlakı qonşu Rusiyada 58.6 kq, Azərbaycanda 32.9 kq, meyvə və giləmeyvə istehlakı Rusiyada 60 kq, Azərbaycanda 38 kq, balıq və balıq məhsulları Rusiyada 18.5 kq, Azərbaycanda 7.7 kq minimum norma kimi təsdiqlənib. Bu normalara yenidən baxılması çox vacibdir

Başqa bir vacib məqam isə, yaşayış minimumu haqda qanuna görə, ölkə üzrə yaşayış minimumunun 4 göstəricisi təsdiqlənir: ölkə üzrə orta göstərici – hazırda 180 manatdır, əmək qabiliyyətli əhali üçün hazırda 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün isə hazırda 160 manatdır. Halbuki, Nazirlər Kabinetinin qərarında orta normalar yoxdur, yalnız 3 demoqrafik qrup üzrə səbətlər müəyyən edilib. Əgər orta normalar yoxdursa, o zaman yaşayış minimumunun orta dəyəri necə hesablanır?

Deməli, yaşayış minimumunun dəyəri ilə yanaşı, ərzaq səbəti ayrıca olaraq təsdiqlənməli, ölkədə ərzaq yoxsulluğu ilə bağlı göstərici ayrıca olaraq bəyan edilməlidir. Fərd və ailə üçün yaşayış minimumunun da ayrıca təsdqilənməsi çox vacibdir. Yeri gəlmişkən, yoxsulluğun hesablanması metodikasına bütövlükdə yeni yanaşma olmalıdır. Bu, təkcə yuxarıda qeyd elədiyim yolla, yaşayışın dəyərini dəyişməklə baş verməməlidir. Eyni zamanda, qeyri-monetar faktorlar da, yoxsulluğu müəyyən etmək üçün istifadə edilməlidir. Məsələn, mənzili olmayan, yaxud adambaşına yaşayış sahəsi ən azı 12 kvadratmetrdən aşağı olan ev təsərüraftları yoxsulluq riski yüksək olan ailələr kimi statistikaya daxil edilməlidir.

Apardığımız təhlildən göründüyü kimi, ölkədə yaşayış minimumunun düzgün hesablanmaması nəticəsində yoxsul təbəqənin vəziyyəti ağırlaşır, varlıların varı isə dəfələrlə çoxalır.

 Tahir Abbaslı

0.1675591468811