Niyyət bir şüur, qəsd və əzm deməkdir. Niyyət bir şeyə yönəlmə, nə edəcəyini qəlbən istəməkdir. Qəsd-təşəbbüs insanın bildiyi və istədiyi bir işi görməsi üçün plan tərtib etməsidir. Günah etməyə az da olsa belə, qəsd etmək, o işdə israrlı olmaq deməkdir. Kiçik günahlara israr etmək isə böyük günahdır. Əzm niyyət və qəsd etdikdən sonra bir işə başlamağa qəti qərar verməkdir. Elə tövbə də, haram iş gördükdən sonra peşiman olub, Allahdan qorxaraq, bir də o işi görməmək üçün əzm etmək deməkdir.
"Bir işə əzm etdiyin zaman, Allaha təvəkkül et" (Ali-İmran 159). Deməli, əzm Allaha təvəkkül və təslim səmasına ucalan nərdivanın ilk pilləsidir. Bu pilləkanla qalxan insan işin sonunu Allaha tapşırıb, "lütfün də xoş, qəhrin də xoş" əqidəsilə yaşayaraq, əlindəki riza kasası ilə Rəbbdən gələn hər şeyi qəbul edib, ondan məmnun olur. Bu baxımdan ən böyük niyyət Bismilləhdir.
İnsan niyyəti vasitəsilə nə istədiyini, haraya gedəcəyini planlaşdırır. Fərdin bütün əməllərinin əsası niyyət olduğu kimi, onun bir işə sahib çıxıb "mənimdir" - deməsi də, niyyətlə reallaşır. Niyyət daxildən gələn bir bəyan, istək olduğu üçün, o, insan mənəviyyatının yaxşı və pis tərəfinin göstəricisidir. Fərd həmin mənəviyyatla ya rəhmət və şəfa üfüqündə, ya da əzab və mərəz çuxurunda olur. Elə kiçik iş var ki, o, niyyət sayəsində böyük - bir buğda ikən bir xırman, bir damla ikən bir dərya olur. Və dağlar boyda elə böyük işlər də var ki, pis niyyət vasitəsilə səmərəsiz və qısır olur. Bu baxımdan, yaxşı niyyət yalnız Allah rizası üçün edilən niyyətdir. Əksinə, əgər yaxşı əməl Allah rizası üçün edilməyibsə, onun bəndəyə heç bir savabı yoxdur. Deməli, "əməllər niyyətə görə yaxşı və ya pis olur" (həz.Məhəmməd).
Niyyətsiz ibadət mötəbər deyil
Əksər İslam alimlərinə görə, niyyətdə dörd şərtin yerinə yetirilməsi vacibdir: "Niyyət edən adam müsəlman və ağlı başında olmalı, nə edəcəyi işi yaxşı bilməli və bunu istəməlidir. Ağlı ba-şında olmayanın niyyəti batil olduğu kimi, niyyətsiz ibadət də mötəbər deyil" (Qəzzali 1058-1111). Belə ki, namaz qılarkən niyyətimiz Allah rizasını qazanmaq, Ona qulluqsa, onda bu niyyət bizə savab qazandırar. Əksinə, bədəni hərəkət etdirmək naminə qılınan namaz, ibadət yox, bədən tərbiyəsidir. Və ya, həccə getməkdə məqsəd gəzmək, yaxud bazarlıqdırsa, onda bu, ya səyahət, ya da ticarət adlanır. Yemək yeyən şəxs də, əgər yeməyini Allaha qulluq edən bədənini yaşatmaq üçün yeyirsə, o zaman həmin yemək bəndəyə savab qazandırar. "Qul bəzi yaxşı əməllər edər. Bu əməllər möhürlü zərfdə mələklər tərəfindən Allahın hüzuruna aparılar. Rəbb buyurar: "Bu zərfi atın. Çünki burada yazılan əməl Mənim rizam üçün edilməyib". Sonra Allah mələklərə deyər: "O biri qulumun əməl dəftərinə filan əməli yazın". Mələklərin: "Ya Rəbb! Axı o bu əməllərin heç birini etməyib" - cavabına isə Allah buyurar: "Etmədi, lakin etməyə niyyət etdi" (həz.Məhəm-məd).
"Möminin niyyəti əməlindən xeyirlidir" - şərhi
Peyğəmbər (ə)-nin "Möminin niyyəti əməlindən xeyrlidir" kəlamını şərh edən Qəzzaliyə görə, həz.Məhəmməd bu ifadə ilə əməlsiz niyyətin niyyətsiz əməldən üstün olduğunu demək istəməyib. Çünki niyyətsiz əməl ibadət (geniş mənada: Allahın əmrlərini yerinə yetirib, yasaqlarından qaçmaqla Onun rizasına uyğun hərəkət etmək) olmadığı kimi, əməlsiz niyyət də itaət deyil. Hədisdə demək istənilən budur ki, ibadət həm bədən, həm də qəlblə edilir. Və bunlardan qəlblə edilən ibadət bədənlə ediləndən xeyrlidir. Bunun da səbəbi bədənlə edilən əməldə məqsədin qəlbin hallarını, durumunu dəyişdirməkdir. Başqa sözlə, qəlbin niyyətindən məqsəd, bədənin halını dəyişdirmək deyil.
Əksər insanlar zənn edirlər ki, niyyət əməl üçün lazımdır. Əslində isə əməl niyyət üçün lazımdır. Çünki qayə, məqsəd qəlbin dəyişməsi, onun Allahın məskəni halına gətirilməsi məsələsidir. Bədən həccə gedən şəxsin altındakı dəvə kimidir. Məqsədinə qovuşub hacı olan dəvə deyil, həmin şəxsdir.
Qəlb halının dəyişməsi bədənin üzünü dünyadan axirətə çevirməsi halıdır. Dünya qəlbə hakim olduqda qəlb üzünü dünyaya çevirir, əlaqəsi, arzusu dünya nemətləri olur. Əksinə, Allahu-Təalaya olan meyl və istək hakim olduqda, qəlbin durumu - sifəti dəyişir, qurtuluşa dönür və üzünü axirət tərəfə tutur.
Deməli, bütün əməllərdən məqsəd qəlbin Allaha dönüb dəyişməsidir. Məsələn, səcdədən məqsəd sadəcə alnın yerə toxunması deyil. Məqsəd qəlbin durumunu dəyişdirmək, təkəbbürdən təvazöyə meyl etməkdir. Burada olduğu kimi, bütün ibadətlərdə də qəlbə etibar edilir. Belə ki, qəlbin xeyrli işlər görmək arzusu bədən üzvləri tərəfindən yaxşı qarşılanarsa, yəni bədən qəlbə tabe olarsa, o zaman qəlb şahə qalxar, halı daha sabit və qüvvətli olar. Məsələn, qəlbdə yetimə mərhəmət doğduqda, başını oxşayır və bu mərhəmət daha da qüvvətli olur, qəlbin oyaqlığı artır.
Göründüyü kimi, əməl niyyətdən meydana gəlsə də, o, istək və niyyəti felən qüvvətləndirmək üçündür. Bu isə niyyətin əməldən xeyirli olduğunu sübut edir. Çünki niyyət qəlbin özündə, əməl isə qəlbə keçmək üçün başqa üzvlərdə olur. Əgər əməl qəlbə keçərsə, işə yarayar; keçməzsə, niyyət istədiyində qalar. Həmin səbəbdən əməlsiz niyyət boş, faydasız olmaz.
Namaz və orucdan üstün ibadət
Niyyət elə bir cövhərdir ki, "yox" onunla "var", "var"da "yox" ola bilər. "Birisi Peyğəm-bər(ə)-dən soruşur: "Kimisi qənimət, kimisi şan-şöhrət, kimisi də şücaətini göstərmək üçün döyüşə gedir. Bunlardan Allah yolunda olanı hansıdır?" həz.Məhəmməd buyurur: "Kim Allah kəlamının ən uca olması üçün çalışırsa, o, Allah yolundadır". Doğrudan da özünü reklam etmək üçün iclaslarda mikrafondan sallanan, KİV-lərdə "stop" bilməyən və hətta döyüşdə belə ölən lovğa, həris, riyakar insanlar az olmadığı kimi, dupduru niyyətlərilə yumşaq yataqlarda vəfat edən Cənnət sahibləri də kifayət qədərdir. Və sözsüz ki, vətən, bayraq, din yolunda niyyət edib, cihada hazır olan və özünü potensial şəhid hesab edən əsgər bilavasitə döyüşdə iştirak etməsə də, cihadda iştirak edənlərin savabını qazanır. Özü də həm namaz, həm də orucdan üstün olan savabı. "Birisi Peyğəmbər(ə)-yə deyir: "Mənə cihada bərabər bir əməl göstər". Həz.Məhəmməd "Belə əməl tanımıram" - deyib, ondan soruşur: "Sən mücahid cihada gedib-gələnə qədər fasiləsiz namaz qılıb, iftar etmədən oruc tuta bilərsən?" Həmin adam cavab verir: "Buna heç kimin gücü çatmaz".
Hər kəs niyyət etdiyi şeylə dəyərlənir
Niyyət bu ani və fani dünyada əbədiyyət qapılarını açan bir açardır. Həmin açardan düzgün istifadə edənlər son nəfəslərində belə, Allah rizası üçün saleh işlər görmək istərlər. "Möminin niyyəti əməlindən xeyirlidir" Peyğəmbər(ə) kəlamına görə, belə xoşbəxtlərin həyata keçməyən niyyətləri yaxşı əməl kimi qəbul edilir. Əslində bu kəlam möminin bütün ömrünə şamil edilir. Çünki imanlı bəndə niyyətinin xeyirliliyinin miqyası, onun görəcəyi işin miqyasından daha böyükdür. Elə məhz buna görə, möminin bu və ya digər səbəbdən arzu etdiyi bütün yaxşı işləri niyyət etdiyi səviyyədə həyata keçirə bilməməsi, təbii və başa düşüləndir. Bunu "Ya Rəbb! Sənə layiq olduğun qədər qulluq edə bilmədik" Davud (ə) kəlamı da sübut edir. Saleh şəxslərdən fərqli olaraq, pis işlərdə öndər olan zalım və kafirlərin niyyətləri əməllərindən də bəd olur. Belələri iblis qəlblərində gizlətdikləri pislikləri arzu etdikləri kimi həyata keçirə bilmirlər. Onlara görə, edilən hər bir zülm nəzərdə tutulduğundan azdır. Həmin səbəbdən Peyğəmbər(ə) buyurub: "Kafirin, zalımın niyyəti əməlindən pisdir".
Kafir şeytanın dostu, mömin isə düşmənidir. Və onların niyyətləri də bəllidir. Necə deyərlər, dost dostdur, düşmən düşmən. Bir də zahirən mömin, daxilən kafir olan münafiqlər (riyakarlar, ikiüzlülər) var. Maskalanan münafiqlər əmanətə xəyanət etdiklərinə, yalan danışdıqlarına, vədə xilaf çıxdıqlarına və əhdə vəfa göstərmədiklərinə görə, onların niyyət və əməlləri bilinməz. Münafiqlər kafir və zalimlərin içində yox, saleh insanlar arasında olduqlarına görə daha qorxuludurlar. Onlar xalq, vətən, torpaq və dindən ağız dolusu danışaraq, özlərini zahirən yaxşı adam, mömün kimi qələmə verən ikiüzlülər, hətta çoxüzlülərdir. Xalqın cibində yaşayan belə məmurlar haqqında mərhum Xudu Məmmədov (Allah rəhmət eləsin) deyib: "Yunan allahları da bizim (bəzi - V.C.)"ministr"lər kimi əxlaqsız imişlər".
Rəbbin yazdırdığı yaxşılıq və pisliklər
Məlumdur ki, demokratik, sivil, açıq cəmiyyətdə azad, sərbəst fikrə görə insan təqib edilə bilməz. Əslində, bu humanist bəşər qanunu mütləq qanundan - Rəbb kəlamından qaynaqlanır. Həmin qanuna görə, Rəbb əmələ çevrilməyən pis fikrə görə bəndəsinə cəza vermir. Cəza ancaq pis fikrin felən əməllə reallaşmasından sonra verilir. Cəbrayıl(ə)-nin həz.Məhəmmədə söylədiyi rəvayətə (buna hədisi Cəbrail deyilir) görə: "Allah (günah və savabları yazan) mələklərə buyurur: "Qulum pis fikrini əmələ çevirənə qədər həmin pisliyi ona yazmayın. Əgər bunu Mənim üçün etməzsə, ona bir yaxşılıq yazın". Peyğəmbər(ə) isə buyurub: "Allah yazdırdığı yaxşılıq və pisliklə-rin durumunu belə açıqlayır: 1) Kim bir yaxşılıq etməyə qərar verdikdən sonra bunu etməzsə, edə bilməzsə Allah onu həmin şəxs üçün bir yaxşılıq kimi qəbul edər; 2) Kim bir yaxşılıq etməyə qərar verdikdən sonra, bunu əmələ çevirərsə, Allah həmin bəndəyə gördüyü işin 700 misli qədər savab verər; 3) Kim bir pislik etməyə qərar verdikdən sonra həmin pisliyi etməzsə, Allah onu həmin bəndə üçün bir yaxşılıq kimi qəbul edər; 4) Kim bir pislik etməyə qərar verdikdən sonra onu yerinə yetirərsə, Allah bunu həmin bəndə üçün bir pislik kimi qəbul edər". Görəsən bir pis əmələ gö-rə adekvat cəzanı, bir yaxşı əmələ görə isə onun 700 mislini Allahdan başqa kim verə bilər? Haşə! Əlbəttə heç kim! Görəsən insanları yaxşı işlərə dəvət, pis işlərdən çəkindirmək naminə kimdə belə səxavət, dəyanət, rəhm, sevgi və məhəbbət ola bilər? Haşə! Əlbəttə, heç kimdə.
İnsanlar niyyətlərinə görə diriləcəklər
"Allah bir cəmiyyətə əzab verdikdə, bu əzab ümumə verilər. Lakin onlar niyyətlərinə görə dirildilərlər". Peyğəmbər(ə)-nin bu kəlamını Buxari (v.e.870) belə açıqlayıb: "Hər hansı bir cəmiyyətdə pislik və haramlar çoxaldıqca, həmin toplumun içindəki yaxşı insanlar şərə qarşı mübari-zə aparmağa məsuldurlar. Əgər onlar gücləri çatdıqları halda, həmin mübarizədən vaz keçib, laqeyd mövqe tutsalar, o zaman yaxşı insanlar da pislərlə birlikdə həlak olarlar. Lakin yenidən dirilişdə yaxşı niyyətlərini fani dünyada əmələ çevirə bilməyənlər niyyətlərinə görə diriləcəklər. Yəni, pis insanların yanında olan digər insanlar hansı niyyətdə olublarsa, həmin niyyətlə də diriləcəklər". Bu kəlamın hikməti işığında deyə bilərik: Azərbaycanın tarixi torpaqlarının zərurət və ya qeyri-zərurətdən iki imperiya (İran, Rusiya) arasında bölüşdürülməsini istəyən və istəməyənlər də niyyətlərinə görə dirilib, sorğu-sual olunacaqlar. Əlbəttə, bu kəlama görə, 1988-93-cü illərdə doğma yurdlarından zorən didərgin salınan xoş niyyətli çoxluq da, yaranmış vəziyyətdən siyasi və şəxsi mənafelər üçün yararlanmaq istəyən bir qrup da niyyətlərinə görə dirilib, məhşərdə cavab verəcəklər.
Göründüyü kimi, niyyətin yaxşı və ya pis olması insanın axirəti üçün xüsusi önəm daşıyır. Xoş niyyət və fəaliyyətini Rəbb kəlamları ilə nizamlayan bəndə əbədi səadət evinə namizəd olduğu kimi, pis niyyəti özünə adət edib haramlarla yaşayan bəxtiqaralar da ölümsüz əbədi əzaba namizəddirlər.
Hər bir iş nəticəsilə ölçülür
Məlumdur ki, əkinçinin əməli görünməzsə əkilməz, biçilməz. Alimin elmi fayda verməzsə, o, toz basmış yazıdan başqa bir şey olmaz. Məqsədinə qovuşub hacı olan dəvə olmasa da, fəqət dəvəsiz zəvvarın həccə gedib-gəlməsi də müşkül olar. Əksinə, "Hər bir iş nəticəsilə ölçülür" Peyğəmbər(ə) kəlamına görə, xalis niyyət yalnız saleh əmələ çevrildiyi halda sahibini daha xeyirli və bərəkətli edər. Deməli, əməl birinci olmasa da, fəqət ikinci də deyil. Bu isə niyyətdən bilavasitə işə keçən bəndənin həm də hansı metod və üsullardan istifadə etməsindən asılıdır. Peyğəmbər(ə) bilirdi ki, onun təbliği, məqsədi, hədəfi, haqq və niyyəti də Allah rizasını qazanmaqdır. Lakin o, Məkkədəki çətinlikləri nəzərə alaraq, kafirlərin təcavüzünə qarşı cihad etmədi. Çünki, o dövrdə kafirlərlə vuruş barədə niyyət haqq olsa da, fəqət qələbəni yetişdirən faktorlar hələ hazır deyildi. Mədinədə isə həmin faktorlar yetişdiyi üçün, o, Allahın əmrilə kafirlərlə açıq-aydın müca-diləyə girişib, təcavüzə cavab verdi. Deməli, niyyətin xalis və saf, məqsədin də aydın olması, hə-lə saleh əməl üçün kifayət deyil. Zira, niyyəti reallaşdırmaq üçün zaman, məkan, birlik, qüvvə və s. faktorlarla yanaşı, istifadə olunan metod və üsullar da İslami olmalıdır. Başqa sözlə, müsəlman haqq olan hədəfinə batil metodlarla gedərsə, məğlubiyyət qaçılmazdır. Əksinə, qeyri-müsəlmanın pis niyyətini əmələ çevirməsinə səbəb, onun istifadə etdiyi metod və vasitələrin İslami - doğru, düzgün olmasıdır. Yəni vəsiləsi haqq olan batilin qələbə şansı maksimum olduğu kimi, vəsiləsi batil olan haqqın da məğlubiyyət şansı o qədərdir.
Xoş niyyətini qəsd, əzm mərtəbəsindən iradə, qeyrət mərtəbəsinə - saleh əmələ çevirmə-yən bəndə, azadlıq barədə cildlərlə kitab yazan qula bənzər. Belələri vaxtilə Musa(ə)-nin səhrada 40 il gəzdirib, tərbiyə edə bilmədiyi əməlsiz, özünə inanmayan bir zümrə kimidir. Həmin səbəbdən, Rəbb öz kitabında hansı ayədə imandan bəhs edibsə, onu saleh əməllə vəhdətdə təqdim və təqdir edib. Elə biz də bu ilahi həqiqəti rəhbər tutaraq, işğal edilən torpaqlarımızı inşəallah, xalis niyyət və saleh əməllə geri qaytaracağıq. Başqa cür ola da bilməz! Çünki "Vətən imandandır" (həz.Məhəmməd).
Vaqif Cəliloğlu
Tex. elmləri üzrə fəlsəfə doktoru