Onu bağışlamaq olarmı?

 

Fevral ayının gənclər üçün xüsusi özəlliyi var. “Gənclər günü” və “Sevgililər günü”nü bu mənada, birbaşa gənc nəslin adına yazmaq olar. Adını çəkdiyim birinci təqvim günündə ölkə gəncləriylə bağlı çoxsahəli, müxtəlif səpkili tədbirlər keçirildi, onlardan yazıldı, görüntüləndi, danışıldı. 14 fevral təqvim gününün isə xüsusi reklama ehtiyacı yoxdur. Sanki gənclərimiz çoxdandı belə bir dünyəvi sevgi gününün beynəlxalq səviyyədə keçirilməsinin arzusundaymış. Ona görə, mən yada salmasam, yazmasam da, bu günü bayram edəcəklər, gənclər öz günlərində sevinəcəklər, təbrikləşəcəklər, əl-ələ gəzəcəklər, bəziləri bir-birindən hələ böyük məhəbbətlə də küsəcək, əlindəki tək qızılgülü atmadan çıxıb gedəcək, yarısının bundan təsirlənməsini gizli təbəssümlə, oğrunca seyr edəcək...

 Yazmıram söylədim, deyəsən, əksinə oldu. Yazının yüyəni əldən getməmiş, gecikmədən 14 fevral təqviminin mənə və çoxlarına əziz olan mahiyyətindən danışım.

Bəziləri, bəlkə də çoxları, ya da hamı bilir ki, 14 fevral Beynəlxalq Kitabbağışlama Günüdür. Adı qəribə səslənsə də, mahiyyətcə çox cəlbedici və maraqlı bir təqvimdir. Onu deyərdim, hətta bayram da adlandırmaq olar. Kitabla, onun bizə öyrətdikləriylə, ondan öyrəndiklərimizlə və həyatda tətbiq etməklə böyüyənlərdən olaraq, ayrılmaz dostları, sevənləri üçün “Kitab böyük müəllimdir, sinəsində min aləm var”...

Bu aləmin sehrinə düşənlər, kitablardan öyrənənlər, həyata, yaranışa da onun zənginliyindən baxanlar, zənnimcə, heç vaxt nə cinayətkar, nə də qatil ola bilər. Bir qisim oxu məmulatını çıxmaq şərtilə, ədəbiyyatın əsas missiyası ədəbdən doğan xüsusiyyətlər, humanizm, insan adına layiq hiss-duyğular aşılamaqdırsa, o zaman, kitabsevərlər üçün bu gün böyük bayramdır. Müasir texnologiyanın işıq sürətinin fonunda robot-həyata məcburi adaptasiya olunanlar, hələ kitabların unudulmadığı bu günün xüsusi təqvimə salınmasından necə təsirlənməyə bilər?!

Ən böyük təsiredici xüsusiyyəti özündə daşıyan kitablara sevgi yaşlı və ortayaşlı nəsil üçün hər şey deməkdir. Doğrudur, on ildən bir nəsil dəyişir, bir nəslin qəbul etdiyini digəri inkar edir, ehkam bilinənlər yeni gələnlər üçün adi təsir bağışlayır, başqa biri üçünsə xüsusi önəm kəsb eləmir. Lakin sanıram, kitab oxuyan nəslin davamçılarının hər zaman, istənilən onilliklərdə var olması fərdin deyil, külli-dünyanın xeyrinə olardı. Şairin nəzmini nəsrə çevirsək, nə olsun ki dili yoxdur, amma danışır, hər bir yerdən xəbər verir və yaxşı kitab ata kimi, bizə doğru yol göstərir.

İstisnalar həmişə olub və onların varlığını da inkişaf etdirməklə böyük bir kitaboxuyanlar nəslinin formalaşmasına səbəb ola bilərik. Hər kəs bir kitab alıb evində saxlamaqla heç də kasıb düşdüyünü zənn etməsin. Bugünümüzdə elə adamlar var ki, yaşayış, həyat tərzi baxımından bütün, lazımi şərtlərlə təmin olunsalar da, evlərində bircə kitab da yoxdur. Yeyib-içirlər, geyinib-kecinirlər, bəzənib-düzənirlər, gəzib-dolanırlar, amma gəzib-gördükləri, külli miqdarda pul sərf etdikləri ölkələrdən balaca bir kitab alıb gətirmirlər. Həm də axı evdə kitab sevgisiylə alınan dolab, şkaf, adicə bir rəf belə yoxdur. Bəli, mədəniyyət də elə ordan başlayır, geyimimizin yerləşdiyi, ərzağımızın doldurduğu, parfümlərimizin düzüldüyü avadanlığın fonunda, kitaba kiçik bir yer tapa bilmirik. Bəzilərimiz ona ehtiyac da görmür. Maddi, ağır çəkililərlə müqayisədə mənəvi çəkisi olanların əhəmiyyətsizliyini düşünənlər üçün, kitab elə onların evində olmasa, əzab çəkib darıxmasa yaxşıdır...

Amma pessimist olmağa dəyməz, insanlara yaxşı və sədaqətli dost olan kitablar da bunu təlqin edir. Yuxarıda istisnalardan bəhs etdim, onlar həmişə var olub - kitabın tütyə kimi tutulduğu və kitabın heç nə hesab edilərək, makulatura kimi təhvil verildiyi bütün dövrlərdə...

Gənclərdən biri hörmət etdiyi orta məktəb müəlliməsinə hədiyyə üçün bəndənizdən məsləhət istədi bugünlərdə. Onun seçimini öz üzərinə qoyub hədiyyə olaraq nəyi düşündüyünü soruşdum. Sadalanan hədiyyələr içində nə bahalı parfüm, nə geyim, ev-məişət əşyası, nə də zərgərlik məmulatı vardı. Müəlliməsinə bədii ədəbiyyat külliyyatını hədiyyə etmək istəyən gənc, onun yerinə düşüb-düşməyəcəyini bilmək istəyirdi. O həmin gəncdir ki, babasının böyük, şəxsi kitabxanasını nəvələrin içində yalnız ona vermək istəməsini fəxrlə demişdi. Müəlliməsinə ad günü hədiyyəsi olaraq kitab mağazalarından birlikdə hədiyyə seçməyi deyəndə də, bunu sanki dünyaya, Marsa, yaxud, kosmosun ənginliklərinə səyahət təklifi kimi sevinclə qəbul etdi.

Dediyim kimi, kitabsevər gənclərimiz nə xoşbəxtik ki, hələ var. Elə günümüzün acı reallıqları, sosial problemləri də orta və yaşlı nəslin daxilində kitab oxumağa marağı, həvəsi tamamilə öldürməyib. Bütöv bir ömrü şəxsi mənada qurban verən, ailəsi və övladlarının güzəranı üçün çalışıb-çabalayan bir xanımla söhbətimizi də yerindəcə xatırlatmaq istərdim. Övladlarının hamısını oxutdurub işlə təmin edəndən və evləndirəndən sonra, günlərin-bir günü həmin xanımın səsini telefonda eşitdim: “Daha rahatam, öhdəliyimi bitirdim, indi də özüm üçün yaşamaq istəyirəm”. Açığı, “özü üçün yaşamaq” deyərkən, fikrində nə tutduğunu anında bilmədim. Yalnız o vaxtacan, onun sualını eşidənədək: “Mənə oxumaq üçün bədii kitab verə bilərsənmi?”. Bu rica artıq cavabı bəlli olan sual idi. Və mənimçün əziz, evdar, ailəsinə ömrü boyu külüng çalan sədaqətli bir insana, əsası da, kitabların dostuna hazırda istədiyi, fəqət özümdə olmayan bir kitabı tapmaq axtarışındayam.

Kitablar bizim, hamımızın dostudur. Bu aksiomu bilən də, bilməyən də olacaq. Babam danışırdı ki, dahi Nizami ömründə Gəncədən heç yerə çıxmayıb, amma Azərbaycan ədəbiyyatının incilərini bütün dünyanın səyyahı olaraq qələmə alıb - oxuduğu kitabların sayəsində. Ona görə də, dostumuzu onu başa düşənə hədiyyə olaraq, kitablardan qaçana isə sadəcə, ona bir addım yaxınlaşmaq, dosta çevrilmək fürsəti olaraq verək. Bəlkə də səhv edirəm, oxucu, amma əbədi, sadiq dostumuzu, həmişəyaşar dəyərlini ilin hər günündə hamıya təqdim edə bilmirik. Heç olmasa, Kitabbağışlama Günündə hər kəsə “Onu bağışlamaq olarmı”?

 Nigar Orucova 

0.15086889266968