Mətbuatın işi sələflərimiz demişkən, zindəganlıq olsa da, müəyyən zamanlarda onu əlavə yükdən, çətinliklərdən xilas etmək mümkünatı da yaranır. Bu mənada, kütləvi informasiya vasitələrinin fəaliyyəti, durumu, yaşaması, ayaq üstə qalması kimi məsələlər həmişə vacib olub. Bu məsələ son günlər daha da aktuallaşıb. Lakin sözügedən istiqamətdə məsələnin birtərəfli olmadığı da hamıya məlumdur. Yəni təkcə mətbuat və onunla bağlı şəxslər, qurumlar deyil, ictimaiyyət də bizim cameədəki mövcud vəziyyətlə yaxından tanışdır. Zatən, bizlər cəmiyyətin aynası rolundayıq və gərəkdir ki, cəmiyyətdə baş verənlər də orada əyri güzgülərdəki kimi əks olunmasın. Söz-mətbuat azadlığına azacıq korrektə etsək, onun bəzi yüklərdən qurtulmasını, azad olmasını elə yerindəcə deməliyik. Söhbət çap məhsulları üzərindəki əlavə dəyər vergisindən (ƏDV), bu yükü mətbuatın çəkə bilməməsindən gedir.
Mövzuya keçməzdən öncə, qonşu Türkiyədə prezident RəcəbTayyub Ərdoğanın yaxın zamanda ölkəsində qəzet və kitaba ƏDV-nin ləğv ediləcəyini bəyan etdiyini söyləmək istərdik. Prezident parlamentdə yaxın zamanda bu barədə müvafiq qanunun qəbul ediləcəyini də söyləyib. Atatürk Mədəniyyət Mərkəzinin təməlatma mərasimində bu barədə danışan, kitab, jurnal və qəzetdə ƏDV-nin olmayacağını söyləyən Ərdoğan, bu addımla rəqəmsallaşma şəraitində yayımçılara dəstək verildiyini söyləyib.
Azərbaycanda isə hələ də çap məhsulları üzərindən ƏDV götürülməyib. Zənnimizcə, mətbuatın hazırkı durumunda bu məsələ öncül və vacib yerlərdən birini tutur. Xatırladaq ki, Nazirlər Kabineti idxal olunan KİV məhsullarının ƏDV-dən azad edildiyi barədə 2005-ci ildə qərar qəbul edib. Eləcə də, idxal olunan KİV məhsulları Vergi Məcəlləsinin müvafiq müddiaları ƏDV-dən azaddır. Üç il öncə isə NK-nın məlum qərarı ləğv edilib, lakin Vergi Məcəlləsinin maddələri qüvvədə qalıb. Buna baxmayaraq, Azərbaycana gətirilən qəzet-jurnallardan və qəzet kağızından əlavə dəyər vergisi tələb edilir; Vergi Məcəlləsinin müvafiq maddələrində əksini tapan, idxal olunan KİV məhsullarının alqı-satqısı üzrə bütün məsələlər üzrə ƏDV-dən azad olsa da. Lakin mövcud durum mətbuatın xeyrinə deyil, ziyanına işləyir. Onu da qeyd edək ki, məsələyə yanaşmada müxtəlif baxış bucağı da mövcuddur.
O zaman, KİV məhsulları üzərindən ƏDV götürülsə və ya əksinə, qalarsa, nə baş verəcək?
“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlının fikrincə, ƏDV-nin ləğv edilməsi təbii ki, müsbət addım olardı. Çünki qəzet çapında xeyli əlavə xərclər var. Bu da məhsulun maya dəyərinə xeyli dərəcədə təsir edir. Bu mənada, ƏDV aradan qaldırılsa, xüsusilə, indiki dövrdə qəzet çap etmək xeyli asanlaşa bilər: “Kağızın özünün 18 faiz dəyər vergisiylə alınması, çap məhsuluna tətbiq edilən əlavə dəyər vergisi, reklamdan da 18 faiz dəyər vergisi məsələsi çox çətindir. Xatırlayırsınızsa, mərhum pirizdent Heydər Əliyevin vaxtında bütün qəzetlər bir neçə illik əlavə dəyər vergisindən azad edilmişdi. O vaxtlar bu məsələylə bağlı xeyli rahatlıq yarandı. Lakin sonradan yenidən əlavə dəyər vergisi tətbiq edildi”.
“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu söyləyir ki, kitab üzərindən ƏDV-nin götürülməsi kitabların qiymətinə təsir edə bilər. Yəni belə olan halda, kitabların qiyməti 20-30 faizə qədər enə bilər: “Eyni zamanda, kitabların say həcmi də arta bilər. Nəticədə, kitab da əlçatan olar. Kitabın satışından, istehsalatından, ümumiyyətlə, kitab üzərindən ƏDV götürülsə, müsbət olar. Bu məsələ çox aktualdır, yəni Türkiyədə də bu məsələ gündəmdədir”.
İqtisadçı-ekspert, “Güzəran” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli qeyd edir ki, əslində, KİV məhsulları üzərindən ƏDV-nin götürülməsi ciddi bir dəyişikliyə səbəb olmayacaq: “Çünki qəzetlərin satış bazarı daralıb, reklam bazarı yoxdur. ƏDV-nin götürülməsi indi çıxan qəzetlərin işini bir az yüngülləşdirə bilər. Amma bu, bütövlükdə vəziyyətdən çıxış yolu deyil və qəzetlərin indiki durumuna yaxşı mənada heç bir təsiri olmayacaq. ƏDV ləğv edilsə, müəyyən mənada, yəni nisbi götürsək, cüzi şəkildə yüngüllük ola bilər. Amma bütövlükdə ümumi prosesə heç bir təsir göstərməyəcək”.
Nigar Vaqifqızı