Novella Cəfəroğlu: “Mən heç istəməzdim ki, onlar Azərbaycana gəlsin”
Turizm sənayesi ölkənin iqtisadi baxımdan gəlir gətirən sahəsi hesab edilir. Turizm göstəriciləri yüksək olan ölkələr, adətən, bu sektordan gələn gəlirlərlə az qala dövlət büdcəsinə liderlik edirlər. Doğrudur, neft dövründən sonra ölkəmizin gəlirlərinin qeyri-neft sektorunun inkişafıyla birbaşa bağlı olması əsas iqtisadi məsələlərdən biridir. Bu mənada, turizmin inkişafı da qeyri-neft sektorunun inkişafına təsir edir və bu sahənin potensialını artırır.
Hələ sovet dövründən başlayaraq Azərbaycanın mövcud infrastrukturu, iqlimi, təbiəti, qədim tarixi abidələri və digər üstünlükləri hər zaman əcnəbi qonaq üçün maraqlı olub. Eləcə də, İstisu, Qalaaltı, Naftalan, Mərdəkan və s. yerlər müalicəvi xarakterinə görə digər ölkələrin məşhur məkanlarından geri qalmayıb. Postsovet dövründə bu sektorun tənəzzülü bəlli problemlərlə müşayiət olunurdu. Daha sonrakı illərdə xidmətin səviyyəsi, bu sektordakı yüksək qiymət diqtəsi bir vaxtlar turistləri ölkədən uzaqlaşdırsa da, son yaxın illərin statistikası bu sahədə irəliləyişlərin olduğunu deyir. Eləcə də viza rejiminin əlçatan olması, onun sadələşdirilməsi əcnəbilər üçün yaşıl işıq yandırır. Həmçinin, müalicəvi sanatoriyalarını, “Şahdağ” turizm kompleksinin yay-qış fəaliyyətini, otellərin standartlara uyğun tikilməsini, Azərbaycan ərazisində ümumilikdə altı beynəlxalq aeroportun da fəaliyyət göstərməsini və s. məqamları müsbət mənada qeyd etmək olar. Müsbət məqam demişkən, Azərbaycana gələn turistlərin bir neçə faizi ölkəmizdə qiymətlərin normal, bir qismi isə aşağı olduğunu deyirlər. Əlbəttə, bir qisim də var ki, xidmət sektorunun bu qiymətlərə adekvat olmadığını söyləyir. Bunların hamısını bir araya toplasaq, mənfi və müsbət cəhətləriylə bahəm, Azərbaycanın turizm sektorundan son illərdə yüksək gəlir əldə edildiyini demək mümkündür. Ən azından, 2018-ci ilin on ayı ərzində ölkəmizdə əcnəbilər tərəfindən plastik kart vasitəsilə 1 milyard 119 min manatlıq bank əməliyyatlarının həyata keçirildiyini söyləmək olar. Ölkəyə gələn 2 milyon 850 min nəfər turist isə 2 milyard dollara yaxın pul xərcləyib.
Statistikaya nəzər salsaq, ötən il Azərbaycana dünyanın 196 ölkəsindən gələn turistlərin 30 faizindən çoxu Rusiya Federasiyasını, 21 faizdən çoxu Gürcüstanı, 10 faizdən çoxu Türkiyəni, 8 faizdən çoxu İranı, 3 fazdən bir qədər çoxu Birləşmiş Ərəb Əmirliklərini, 2 faizdən çoxu Səudiyyə Ərəbistanını və s. təmsil edib. Ölkəmizə gələn turistlərin 70 faizə yaxınını isə, məhz kişilər təşkil edib. Yenə də statistikaya diqqət etsək, keçən il BƏƏ və İran istisna olmaqla, Azərbaycana daha çox Körfəz ölkələrindən turist axını olub. Bəhreyn, Küveyt, Qətər, İraq, Oman və digər ölkələrdən gələnlərin sayı artıb. Keçən il mehmanxanalarda üç milyondan çox gecələmənin keçirildiyi, bunun da 60 faizinin Bakıda (ən çox), 0,8 faizin (ən az) isə Lənkəranda qeydə alındığı bildirilib. Gecələmlərin də 14 faizə yaxını (ən çox) BƏƏ-nin payına düşüb. Azərbaycana həmçinin, vətəndaşlığı olmayan şəxslərin də turist qismində gəlməsi faktı mövcuddur. Keçən il ölkə mehmanxanalarının gəlirlərinin əvvəlki illə müqayisədə 30 faiz çox olduğu da qeyd edilir.
Beləliklə, yuxarıda deyilənlər bir ölkədə turizmin inkişaf göstəricilərini, bu sektorun iqtisadi baxımdan rentabelliyini müəyyən etmək üçün yetərli sayıla bilər. İstənilən ölkədən turist axınının olmasının Azərbaycana böyük investisiya gətirdiyi, turistlərinin gəlişindən otelçilik sektorunun, əyləncə-istirahət mərkəzlərinin, bar-restoran şəbəkəsinin, nəqliyyat-taksi xidmətinin, turizm şirkətlərinin qazandığı şəksizdir. Turistlərin əksəriyyətinin mədəniyyət səviyyəsi, etik-davranış qaydaları və yaşayış tərzindən doğan müxtəlif məqamlar, fərqli məişət mədəniyyəti yerli əhaliylə tərs-mütənasib olsa da.
Lakin turizmlə bağlı bir məqam var ki, onu heç nə ilə - nə iqtisadi, nə də maddi göstəricilərlə eyni səviyyədə tutmaq olmaz. Bu da Azərbaycana gələn turistlərin bir qisminin ölkə vətəndaşlarına qarşı hansı formada olursa-olsun, sərgilədikləri mənfi, xoşagəlməz münasibətlərdir. Əslində, bu münasibətin əsasının, mənbəyinin hardan qaynaqlandığını, burda öz vətəndaşlarımızın da birbaşa iştirakı və günahı olduğunu, ümumiyyətlə, bu məqamlar barədə bəhs etmək uzun vaxt aparar. Onsuz da bu barədə indiyədək çox deyilib-yazılıb. Fəqət ictimailəşdirilsə də, əcnəbilərin əksəriyyətinin bura turizm məkanı kimi gəzib-görməyə deyil, vətəndaşlarımıza alçaldıcı münasibət göstərmək, onlardan öz iyrənc məqsədləri üçün istifadə etmək üçün gəlməsi, Azərbaycanı məhz bu müstəvidə görmələri, bəzən də tanımaları çox acınacaqlı haldır. Bakının küçələrində yaz-yay aylarında daha da çoxalan bu şəxslərin ətrafdakı insanlara münasibətdə elə də əxlaqlı davranmadığı, öz daxili məziyyətlərindən doğan baxışlarla nəzər yetirdiyi danılmaz faktlardır. Bir zamanlar ağbəniz rusiyalıların nəzərində bizim millətdən olanlar necə “qaralar” idisə, indi də “qara millət”dən olanlar bizim yerli “ağdərili”lərə münasibətdə eyni mövqeni nümayiş etdirirlər. Lap açıq desək, bəzi azərbaycanlıların Rusiyaya rus qızları üçün axın etməsi vaxtilə acı reallıq idisə, əcnəblərin, daha çox da ərəblərin Azərbaycana elə bizim qızlar üçün gəldikləri ondan da ağır faktdır. Mental baxımdan.
Doğrudur, bir neçə ildir ki, ərəb turistlərinin Azərbaycana kütləvilik təşkil edən çoxsaylı səfərləri hazırda bir qədər səngiyib. Bunu bəzi turizm şirkətləri mövsümlə bağlayaraq, qış aylarında belə səfərlərin azaldığını söyləyirlər. Yəni ötən illərin təcrübəsinin əksinə olaraq, hazırda Azərbaycandakı otellərin əksəriyyəti Novruz bayramı üçün hələ də sifariş edilməyib. Azərbaycanda əsasən, indiyədək ərəb turistlərinin kütləvilik təşkil etdiyini nəzərə alsaq, hazırda sayın azalmasının bir məqamla bağlı olduğu deyilir. Bu da İraq turistləri üçün sadələşdirilmiş viza rejiminin ləğv edilməsidir. Yəni vizanı sadələşdirilmiş şəkildə sərhəddə alan turistlər üçün indiyədək Azərbaycana səfərlər olduqca asan idi. Onlara aeroportda verilən vizalar artıq dayandırılıb və bu addım da Azərbaycan tərəfinin təşəbbüsüylə olub.
Qeyd edək ki, statistika hazırda azalsa da, Azərbaycana mövsümlə bağlı yenə də turistlər gələcək və bu tendensiya istənilən halda, davam edəcək. Bu mənada, turistlərə münasibətdə indiyədək yayılan şayiələr, yaxud həqiqəti əks etdirən məqamlar istər-istəməz onlara qarşı bəlli bir ictimai baxış müəyyənləşdirib. Turistlərə gözü öyrəşməyən əksər vətəndaşlarımız üçün də onları qəlbən qəbul etməməyə elə bircə məqam yetərli olub. Bu da mental dəyərlərin daşıyıcısı olan əhalimiz üçün bütövlükdə millətin adının mənfi olaylarda hallanmamasının daha vacib olmasıdır; belə faktlar barmaq sayı qədər olsa da.
Maraqlıdır, qarşılıqlı olaraq nələr etmək lazımdır ki, turistlərə qarşı münasibətdə müsbət nəticələr əldə edilsin? Eləcə də, ərəb turistlərinin gözündə millətin xoşagəlməz obrazını dəyişmək üçün onlara qarşı hansı - maarifləndirmə tədbirləri, yoxsa, inzibati formada yasaqlarmı qoymaq gərəkdir?
Həmsöhbətimiz, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyir ki, ərəblərin Azərbaycandakı davranışları əksəriyyətin xoşuna gəlmir. Çünki onlar burda özlərini çox kobud və tərbiyəsiz aparırlar: “Onların pulunun çox olmağı özlərini bu cür aparmasına əsas vermir. Onun üçün də ölkə vətəmdaşlarımızın onlara münasibətinin dəyişməsi üçün özlərini etik qaydalara uyğun aparmalıdırlar. Ən pisi odur ki, nə qədər ağır olsa da, deməyə məcburuq, onlar bizim ölkənin qız-qadınlarına fahişə gözüylə baxırlar. Ərəblərin millətimizə qarşı münasibəti bu səviyyədə olduğu üşün, ölkə əhalisi də haqlı və qarşılıqlı olaraq ərəblərə qarşı aqressiv mövqedədir. Onlar bizə qarşı mənfi baxışlarını dəyişməlidirlər ki, münasibətlər də qarşılıqlı olsun”.
N.Cəfəroğlu deyir ki, müxtəlif ölkələrdən gələnlərin hesabına ölkə iqtisadiyyatına turizmdən külli miqdarda gəlir gəlir. Lakin bu məqam heç də əsas vermir ki, onlar Azərbaycanda özlərini mədəni-etik müstəvidən kənar aparsınlar. Bu mənada, elə bir mənzərə yaranıb ki, sanki ərəblər aborigen, biz isə gəlmə xalqıq: “Onlar heç Türkiyədə də özlərini normal aparmırlar. Bir dəfə Türkiyədə oteldə gördük ki, onlar öz bayraqlarını asıblar. Həmin gün polis əməkdaşları gəlib bayrağı yığışdırdı. Yəni onlar imkanlı olduğu üçün hər yerdə özlərini sərbəst, kobud aparırlar. Hər yerdə elə hərəkət edirlər ki, elə bil ev sahibidirlər. Onlara qarşı vətəndaşlarımızın münasibəti o zaman dəyişər ki, ərəblər də öz növbələrində bizim xalqın istənilən nümayəndəsinə qarşı etikadan kənar davranmasınlar və onlara pis gözlə baxmasınlar. Şəxsi fikrimə gəlincə, mən heç istəməzdim ki, bizə qarşı pis xislət bəsləyən ərəb turistləri bura gəlsin”.
Nigar Orucova