Musa Quliyev: “Sosial araşdırmalar aparılmalı və cəmiyyətdə gedən proseslər öyrənilməlidir”
Maksim Musayev: “Bu məsələlərin halal, düzgün, şəffaf tədqiqatı lazımdır”
Ölkədə sosial sahə qədər digər geniş spektrli sektor yoxdur. Əhalinin bütün qruplarının problem və ehtiyacları məhz sosial sferada üzə çıxır və həllini tələb edir. İctimai-siyasi prosesləri, iqtisadi əsasları da elə sosial sifariş kimi qəbul etmək olar. Hər halda, bütün bunlar birbaşa və dolayısıyla sosial sektorla bağlıdır. O zaman hər bir ölkə üçün sosial istiqamətdə aparılan işlər, yeniliklər qədər ikinci maraq doğuran sahə tapmaq çətindir. Azərbaycanda sosial yönümlü istənilən adda idarə-təşkilat, rəsmi və qeyri-rəsmi qurumlar mövcuddur. Bununla belə, dövlət başçısının fərmanıyla ölkədə Sosial Tədqiqatlar Mərkəzi yaradılması qərara alınıb.
Mərkəzin yaradılmasında əsas məqsəd ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaqdır. Mərkəzin bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işini daha da səmərəli etmək, sosial tədqiqatlarda müasir infotexnologiya və elmi-metodoloji resurslardan geniş istifadə etmək nəzərdə tutulur. Sosial Tədqiqatlar Mərkəzinin ictimai münasibətlərin inkişafını təhlil edəcəyi, bu sahədə mövcud tendensiyanı müəyyənləşdirərək, dəyişiklikləri proqnozlaşdıracağı, bu dəyişikliklərin cəmiyyətə təsirlərini araşdırmaqla, informasiya texnologiyaları və elmi yanaşmalarla ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edəcəyi qeyd edilir. Bütün bunların nəticəsində isə, həyata keçirilən elmi-analitik təhlilin yekunu dövlət orqanlarına təqdim ediləcək.
Milli Məclisin deputatı Musa Quliyev belə bir mərkəzin yaradılmasına bu gün ciddi ehtiyac olduğunu söyləyir. Millət vəkili qəzetimizə açıqlamasında deyir ki, ölkə üzrə sosial araşdırmalar aparılmalı və cəmiyyətdə gedən proseslər öyrənilməlidir: “Cəmiyyəti narahat edən məsələlər, vətəndaşların təklifəri öyrənilməli, təhlil edilməli, proqnozlaşdırılmalı və müvafiq addımlar atılaraq tədbirlər görülməlidir. Bu mənada belə bir mərkəzin olması çox vacibdir. Onun dövlət təsisatı kimi yaradılmasının heç bir problemi yoxdur. Mərkəz şübhəsiz ki, istənilən sosial qruplarla, o cümlədən, vətəndaş cəmiyyətləri, qeyri-hökümət təşkilatlarıyla əlaqəli işləyəcək və yerlərdə də elektron kommunikasiya texnologiyaları vasitəsilə, virtual qoşulmalar, virtual münasibətlər olacaq. Bütövlükdə bizim vətəndaş-dövlət münasibətlərinin daha yüksək müstəviyə qalxması, cəmiyyətin problemlərinin, arzu və istəklərinin öyrənilməsi, hökumət qərarlarının vaxtında proqnozlaşdırılması üçün təkliflər hazırlanması məqsədiylə belə bir mərkəzin olması zəruridir. Hesab edirəm ki, mərkəz müsbət istiqamətdə də fəaliyyət göstərəcək”.
Uzun illər rəsmi dövlət vəzifələrində çalışan, vaxtilə Milli Məclisin deputatı olan, tanınmış ictimai-siyasi xadim Maksim Musayev belə bir qurumun yaradılmasını müsbət qiymətləndirir. Müsahibimiz həmçinin qeyd edir ki, əslində, belə bir qurum 10-15 il öncə yaradılmalı idi. Çünki hazırda sosial məsələləri ölkə, şəhər və rayon masştabında öyrənən elə bir rəsmi təşkilat yoxdur: “Bunun da təqsiri rayon icra hakimiyyətləri və nazirliklərdədir. Rayon və şəhər icra hakimiyyətlərində çox böyük ştatları tutan şəxslər yerlərdə alın təriylə evinə halal ruzi aparan əliqabarlı insanlarla təmasda olmalıdırlar. Lakin onlarla təmasda olmurlar. İcra hakimiyyətinin elə işçiləri var ki, aylarla öz kabinetindən çıxmırlar. Onların ərazidə nə baş verdiyindən xəbərləri də yoxdur. Halbuki, onlar kabinetlərdə oturmamalı, daim insanların arasında olmalı, camaatın problem və qayğılarını öyrənməli, hansı məsələdən əziyyət çəkdiyini, çətinliklərin həlli yollarının kimdən asılı olduğunu müəyyənləşdirməli, insanlara istiqamət verməlidirlər. Yaxud, elə asan və cüzi problemlər var ki, onu məsləhətlə də həll etmək olar. Amma onu etmirlər. Necə ki, Milli Məclisin bəzi deputatları xalqdan ayrı düşüb, eynilə də yüksək vəzifəli məmurlar xalqdan ayrı düşüblər. Mən beş il sovet, beş il keçid, beş il də müstəqillik dövründə, ümumilikdə on beş il deputat olmuşam. Biz camaatla söhbət edəndə onlardan nə isə öyrəndiyimizə sevinirdik. İndi iş o yerə çatıb ki, deputatlar aylarla öz seçiciləriylə görüşmürlər və onların problemlərindən danışmırlar. Ona görə də ağırlıq, çətinlik, yük Prezidentin və Prezident Administrasiyasının üzərinə düşür. Bunu da edənlər az öncə qeyd etdiyim şəxslərdir. Onların başı öz bizneslərinə, sahibkarlıq məqsədiylə gördükləri işlərə qarışıb. Tutduqları kreslo, kabinet və vəzifələri xalqa xidmət göstərmək, xalqın çətin günündə problemləri həll etmək üçün olsa da, ondan yalnız öz məqsədləri üçün istifadə edirlər. Ona görə də Sosial Tədqiqatlar Mərkəzinin yaradılmasıyla bağlı fərmanın verilməsi təqdirəlayiq addımdır. Lakin bu mərkəzin işləməsi üçün əsas şərtlər var. Həmin quruma sağlam təfəkkürlü, saf niyyətli insanlar cəlb edilsə, onlar öz şəxsi mənafelərini dövlətin mənafeyindən üstün tutmasalar, vətənpərvər, millətini sevən olsalar çox gözəl olar. Fərmanın icra olunmasıının ölkənin inkişafında böyük əhəmiyyəti var. Biz kartofu, taxılı, şəkəri başqa ölkələrdən alırıq. Çünki bizim zəhmət adamlarının, əliqabarlı insanların təkliflərini, istəyini öyrənən yoxdur. Burdan Ağstafaya və ya Qusara gedəndə görün yol kənarında nə qədər boş torpaqlarımız, işsiz insanlarımız var. Onların hamısını işlə təmin etmək olar. Bəs onu kim təmin etməlidir?! Büdcədən vəsait alan, ailəsini dolandıran, üstəlik, büdcədən mənimsəmələr edənlər onları işlə təmin etməlidirlər. Ona görə də sosial məsələlərin halal, düzgün, şəffaf tədqiqatı lazımdır. Reallığı görmək və problemləri həll etmək vacibdir. Sosial Tədqiqatlar Mərkəzinin yaradılması müsbət haldır, əsas isə, yenə də deyirəm, onun reallığı əks etdirməsi, fəaliyyətinin və real nəticənin olmasıdır”.
M.Musayev yaradılacaq mərkəzin fəaliyyətiylə bağlı tövsiyələrini də söylədi. Həmsöhbətimiz söyləyir ki, mərkəz kvartalda olmasa da, ayda bir neçə dəfə ölkədə və yaxud, hansısa rayonda sosial tədqiqatın aparılıb-aparılmaması barədə xalqın qarşısında hesabat versə müsbət olar. Yəni mövcud vəziyyətin qiymətləndirilməsi mümkün olsun, hansı problemlərin olması müəyyən edilsin, bu sahədə yaxşı işləyənlərin təcrübəsi öyrənilsin, işləməyənlər də üzə çıxarılsın. Bir sözlə, sosial tədqiqatlar təkcə kağız üzərində yatıb-qalan bir fərman deyil, işlək mexanizmi olan, çətinlikləri həll edən və inkişafa hesablanan bir sənəd kimi həyata vəsiqə alsın.
Nigar Vaqifqızı