Uşaqlar niyə məcburi əməyə cəlb edilir?
Qeyd-şərtsiz hamımız küçədə, yol kənarlarında azyaşlı uşaqlarla tez-tez rastlaşırıq. Onlarla necə rastlaşmamaq olar ki? Paytaxtın istənilən rayonunda orta məktəblər, bağçalar, uşaq-əyləncə mərkəzləri fəaliyyət göstərirsə, deməli, azyaşlılarla və yaxud, yeniyetmələrlə rastlaşmamaq da qeyri-mümkündür. Amma indilikdə heç də bağçayaşlılardan, məktəbdə təhsil alanlardan, əyləncə yerlərindən, uşaqların hər mənada rifahı üçün nəzərdə tutulan mərkəzlərdən bəhs etmirik. Onlar zatən, hər yerdə mövcuddur və övladlarını həmin ünvanlara gətirəsi valideynlərin yolunu gözləyir...
Bu gün çox yerlərdə mövcud olan və əsasən, xırda alverlə, sadə əməklə məşğul olan uşaqlardan danışırıq. Hansı ki ailələrinə kömək etmək məqsədi artıq onları çoxdan təhsildən və ən acısı - uşaqlıqlarından ayırıb.
Bəndənizin yolu üstə demək olar ki, hər gün belə balalar dayanır, kimisi ötüb-keçənlərə quru, nəm salfet təklif edir, kimisi də analarının böyür-başında fırlanaraq keçib-gedənlərdən pul istəyir. Bu sadaladıqlarım uşaq əməyinin bir qədər sadə, ağır zəhmət tələb etməyən hissəsidir. Hələ də kart sisteminə keçməyən köhnə avtobuslarda bu azyaşlılar hazırda da konduktor kimi işləyirlər. Bundan başqa, svetoforlarda dayanan maşınların şüşələrini silməyi təklif edən azyaşlılar bu gün də mövcuddur. Bir vaxtlar kütləvilik daşıyan belə hallara indi bəzən mərkəzi, bəzən də ara küçələrdə rast gəlmək mümkündür. Lap azyaşlıların, yasliyə və bağçaya gedəsi uşaqların isə analarının qucağında dilənçiliyə məcbur edilməsi mövcud problemin lap çətinidir. Çünki uşağın belə demək mümkünsə, gözünü açandan, ətraf aləmlə tanışlığa başladığı zamandan gördüyü, qavradığı anasının insanlara əl açmasıdır. Belə hallarla gündəlik rastlaşan və onu artıq adi həyat tərzi bilən körpələrə və azyaşlılara sonradan başqa məqamlardan, dəyərlərdən və s. kimi mətləblərdən danışmaq, onu başa salmaq və bu yoldan uzaqlaşdırmaq çox çətin olur. Deməli, təkcə uşaqların küçə əməyinə, ağır və ya yüngül işlərə cəlb edilməsinin fəsadı deyil, mənəvi aşılanma da sonradan nəticəsi ağır olan hallara çevrilir. O cümlədən, mümkündürmü ki, soyuqda-sazaqda, yaxud, yayın qorabişirənində saatlarla küçədə dayanan uşağın sağlamlığı yerində olsun?! Əməyin ağırlığından və yüngüllüyündən asılı olmayaraq, azyaşlının fiziki, mənəvi, tibbi sağlamlığı üçün onu “barındığı” küçələrdən, metro keçidlərindən, svetoforlardan, dayanacaqlardan, bazarlardan və digər yerlərdən uzaqlaşdırmaq lazımdır. Qarşısına valideynlərinə kömək etmək məqsədi qoyan uşaqlara bununçün hələ uşaq olduğunu demək vacibdir. Bəzi hallarda övladlarını məcburi əməyə sövq edən valideynlərə isə, sadəcə, ata-ana olduqlarını demək gərəkdir. Yeri gəlmişkən, keçən ilin cəmi doqquz ayında 973 azyaşlı polis tərəfindən müəyyən edilərək məntəqəyə gətirilib. Onların arasında valideyn himayəsindən məhrum edilənləri də, ata-anası olanlar da olub. Bu uşaqların əsasən, dilənməyə məcbur edildiyi aydınlaşdırılıb...
Dünya üzrə qanunazidd əməllərdə uşaqlardan istifadə edilir
Qeyd edək ki, istənilən formada və adda olan mənfi hallara azyaşlıların cəlb edilməsi, eləcə də hüquqazidd əməllər üçün uşaqlardan istifadə edilməsi faktları bütün dünyada mövcuddur. Uzağa getməyək, qonşu Türkiyədə bu problem elə bir həddə çatıb ki, dövlət rəsmi şəkildə bütün rıçaqlarını məlum problemə yönəldib. Belə ki, ötən il Türkiyədə “Uşaq əməyindən istifadəyə qarşı mübarizə ili“ elan olunub və ölkənin bütün dövlət strukturları uşaq əməyinin istismarına qarşı mübarizəyə qoşulub. Mətbuatın yazdığına görə, Türkiyədə iki milyona yaxın uşağın əməyi istismar olunur. Beynəlxalq aləm isə hazırda silahlı münaqişələrdə uşaqlardan istifadə edilməsi, pornoqrafik materialların istehsalına azyaşlıların cəlb edilməsi kimi ciddi problemlərdən əziyyət çəkir. Bir sözlə, gələcəyimizin hər mənada sağlam olması üçün onu indidən mühafizə edib qorumalıyıq; fərd və cəmiyyət olaraq.
Ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiya və qurumların qətnamələrində də uşaqların hüquqları tam surətdə təsbit edilib. Uşaq hüquqlarıyla bağlı ölkəmiz Beynəlxalq Əmək Təşkilatının “Minimum yaş həddi” və “Uşaq əməyinin ən pis formaları ” haqqında konvensiya və tövsiyələri ratifikasiya edib. Bu istiqamətdə çoxsaylı qanunlarımız da mövcuddur. Yəni ölkə qanunvericiliyi uşaqların həyat və sağlamlığına, mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilməni, uşaq əməyinin istismarını qadağan edir. Eləcə də, rəsmi və qeyri-rəsmi şəkildə fəaliyyət göstərən təşkilatlar var ki, onlar uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə vaxtaşırı seminar və treninqlər keçirirlər. Bu barədə geniş danışmaq fikrimiz yoxdur, çünki sözügedən fəaliyyət həmin qurumların birbaşa vəzifəsi və öhdəliyidir. Sadəcə, onu xatırladaq ki, uşaqların məcburi əməyə cəlb edilməsiylə bağlı konkret müddəalar mövcuddur. Onların işə qəbul edilməsi üçün minimum hədd 15 yaşdır ki, o da Əmək Məcəlləsində təsdiqini tapıb. Bu yaş dövrünə qədər uşaqların əmək münasibətlərinə cəlb edilməsi qanunla QAĞANDIR! 15 yaşdan 18 yaşadək olan şəxslərlə əmək müqaviləsi isə onların valideynlərindən və ya qəyyumlarından birinin, qanunla onları əvəz edən şəxslərin yazılı razılığı əsasında bağlanmalıdır. Belə yaş qrupunda olanların əmək şəraiti zərərli və ağır olmamalı, onlar şaxtalarda, tunellərdə və digər yeraltı işlərdə çalışmamalıdır. Eyni zamanda, bu yaş qrupunda olanlar əxlaqi kamilliyin inkişafına mənfi təsir edən işlərə cəlb edilməməlidirlər. Məsələn, yeniyetmənin spirtli içki, tütün məmulatlarının satıldığı yerlərdə, yaxud gecə klublarında çalışması hansı məntiqə sığır? Uşaq əməyinin istismarının, məcburi əməyə cəlb edilmənin gələcəkdə narkomaniya, insan alveri kimi dəhşətli fəsadları hamımızı narahat etməlidir. Çünki küçədə, yaxud, yaşlarına uyğun olmayan iş yerlərində çalışanların orada hansı durumla üzləşəcəyinə, hadisələrə necə reaksiya verəcəyinə kimsə zəmanət verə bilməz. Belə bir vəziyyətdə, ölkədə uşaqların məcburi əməyə cəlb edilməsi problemini kökündən necə həll etmək olar?
“Repetitorla hazırlaşmaq üçün pul lazımdır axı”
Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov mövcud problemin başlıca səbəbini Azərbaycanda uşaqların sosial vəziyyətinin aşağı olmasıyla bağlayır. Həmsöhbətimiz deyir ki, sosial vəziyyəti ağır olan ailələrdə bu problem kökündən həll edilə bilməz: “Uşaqlar əslində, harda olmalıdır? Əlbəttə ki, məktəbdə. Amma gəlin diqqət edək, ölkədə təhsil sistemi hansı vəziyyətdədir? Təhsil sistemi korrupsiyaya qərq olub və uşaqların orta təhsil alaraq ali məktəblərə istiqamətlənməsinə imkan vermir. Etiraf edək, ölkədə təhsil pulludur. Orta məktəbin yuxarı siniflərində repetitorla hazırlaşmayan şagirdin ali məktəbə qəbul olunmaq şansı çox aşağıdır. Ali təhsil almağa gedən yol maddi imkandan keçir, ona da bütün ailələrin imkanı yoxdur. Pul olmasa, alim ola bilməzsən. Ona görə də belə hallarda valideyn övladını əməyə cəlb etməyə məcbur qalır”.
Liqa sədri məcburi əməyə cəlb edilmənin müxtəlif növləri olduğunu da deyir. O qeyd edir ki, pambıqçılıq rayonlarında yaşayan valideynlər övldlarını məcburi əməyə, pambıq yığmağa cəlb edirlər. Yaşları çatmasa da, onlar bu halda, ağır işlərə cəlb edilirlər və nəticədə, uşaq hüquqları istismar olunur. Digər tərəfdən, həmsöhbətimiz deyir ki, bu gün uşaq əməyinin istismarının dəqiq monitorinqi yoxdur: “Azərbaycan uşaq əməyinin istismarı haqqında müvafiq konvensiyaya qoşulduğundan, belə hallarla bağlı mütəmadi şəkildə məlumat verməlidir. Lakin bunun əyani təcrübəsini görə bilmirik. Uşaq hüquqlarının pozulması, əməyin istismarı və məcburi əməyə cəlb edilmə hallarıyla bağlı problemlər çoxdur. Onları yaradan amillərdən ən başlıcası, təkrar edirəm, əksər ailələrin sosial vəziyyətinin ağır olmasıdır”.
Problemə hansı inzibati məsuliyyət nəzərdə tutulub?
Doğrudur, uşaqların istismarı, məcburi əməyə cəlb edilməsi kimi problemli məsələlərə məharətələ müvafiq dövlət qurumları məsuldur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ƏƏSMN yanında Əmək Müfəttişliyi və regional idarələr sözügedən problemlə məşğul olur. Lakin yerlərdə birbaşa bu işə əmək müfəttişlərinin cəlb edilməsi daha məqsədəuyğun olardı. Çünki məmurlar və vəzifəli şəxslərdən fərqli olaraq, hər birimiz gündəlik olaraq cəmiyyətin içindəyik və belə uşaqlarla zaman-zaman rastlaşırıq. Bu istiqamətdə fəaliyyət göstərən “qaynar xətt”lərin mahiyyətinə uyğun işləmədiyini də nəzərə alsaq, problemin əlaqədar qurumlara çatdırılmasında əlavə çətinliklərin yaranması da şübhəsizdir. O mənada, belə faktların üzə çıxarılmasına təhkim edilən müfəttişlərin olması problemin həllinə birbaşa kömək edər.
Qaldı ki, uşaq əməyilə bağlı ölkə qanunvericiliyində hansı cərimələrin mövcudluğuna, konkret olaraq İnzibati Xətalar Məcəlləsində bununla bağlı müvafiq maddələr var. Orada göstərilir ki, sözügedən məsələylə bağlı fiziki şəxslərə 3000-5000, hüquqi şəxslərə isə 20000-25000 manata qədər cərimə nəzərdə tutulub. Sayın artması isə cinayət məsuliyyətinin yaranmasına gətirib çıxarır. Yəni 3 ildən 7 ilədək məsuliyyət , eləcə də 10000 manata qədər cərimə...
Belə. Pafosla səsləndirdiyimiz, “Uşaqlar bizim gələcəyimizdir” deyiminə adi bir korrektə etsək, onlar elə bizim bugünümüzdür. Sabaha necə adlamağımız, necə adlanmağımız da elə bugünün addımlarından asılıdır.
Züleyxa Əsədli