Dindarlarımız İran üləmalarına, alimlərimiz Şamaxı rəsədxanasına inanır
Bəzən başımız dünya işlərinə o qədər intensivliklə qarışır ki, başımızın üstündə ulduzlardan da ucada dayanaraq bizə nəzarət edən fövqəlqüvvənin - Tanrının olduğunu belə unuduruq. Bu unutqanlıq cəmiyyətin sadə, orta təhsil və balasına çörək qazanmaq üçün hansısa peşə qazanan insanlar səviyyəsində olanda, bəlkə də Tanrının qəzəbi o qədər də şiddətə yüksəlmir. Lakin bu cür "yaddaş zəifliyi" ali səviyyədə biliklərə yiyələnən, elmi dərəcə alan, hamı tərəfindən alim kimi qəbul edilən şəxslər tərəfindən nümayiş etdiriləndə, bəndə bir yana, Tanrının qəzəbi, dünənki hadisə kimi "tərs şilləsi" daha güclü olur. Bir bəndə olaraq Tanrı fəlsəfəsini tam dərk etmək qüdrətinə malik ola bilmədiyimiz üçün Yaradanın alətləri olan hər hansı bir təbiət hadisəsinin məqsəd və məramını tam dəqiqliklə izah edə bilməsək də, bəzən düşüncəmizdə reallığa çox yaxın olan gümanlar formalaşır. Bu günlərdə Şamaxı Astrofizika Rəsədxanasının yaxınlığında baş verən zəlzələ də bir sıra gözü, qulağı və dili möhürlənmiş alimlərimizə xəbərdarlıqdır.
Düzdür, Şamaxı Astrofizika Rəsədxanasının direktoru deyir ki, rəsədxananın bəzi yerlərində üz daşlarında çatlar əmələ gəlib, bir-iki daş qopub. Lakin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov hələ də qavraya bilmir ki, bu təsadüfi təbiət hadisəsi deyil, Allahın qəzəbidir. Direktor hadisənin miqyasını kiçiltmək məqsədilə vurğulayır ki, rəsədxanada ciddi dəyşiklik olmayıb, güclü zəlzələ idi, bir neçə dəfə təkrarlandı, üçüncü zəlzələ isə digərlərindən güclü oldu. Biz əraziyə daha yaxınıq, zəlzələ ocağından 10 kilometr məsafədəyik, təbii ki, rəsədxanada hiss olundu. Ancaq binalarımız yenidən qurulduğu üçün çox möhkəmdir, bu səbəbdən də elə bir ciddi ziyan dəyməyib. Sadəcə, bəzi yerlərdə üz daşlarında çatlar əmələ gəlib, bir-iki daş qopub. Amma içəridə heç nə yoxdur. Direktor sonda qeyd edir ki, teleskoplar yoxlanılıb və narahatlıq üçün səbəb yoxdur.
Əslində isə bu məsələdə ciddi narahatlıqlar var, cənab direktor, siz qurğularınızı bir qədər də diqqətlə yoxlayın. Hər il Ramazan ayında ayın başlanma vaxtının müəyyən edilməsi məsələsində Qafqaz Müsəlmanları İdarəsi ilə oynadığınız "siçan-pişik" oyunu neçə-neçə inanclı insanın qəlbinə xal salıb. Təsəvvür edin ki, bir müsəlman gecə səhərə kimi ibadət edərək Qədir gecəsinin min aylıq ibadətə bərabər savabını qazandığını güman edir. Səhəri günü isə Qurban Yetirmişli hər hansı bir verlişdə eyham vurur ki, ötən gecə Qədir gecəsi deyildi. İnanclı insanların bu ehamdan necə sarsıldığını Qurban Yetirmişli hiss etməsə də, görməsə də, Yaradan bunu çox gözəl bilir, duyur və sezir.
Biz din-inanc məsələsini elmi əsaslar üzərinə daşımağın əleyhinə deyilik, əksinə tərəfdarıyıq. Əlbəttə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının mükəmməl bilgiyə malik mütəxəssisi istənilən təqvimə əsasən təqvim günlərinin nə zaman daxil olduğunu Qafqaz Müsəlmanları İdarəsinin dindarlarından daha dəqiq bilir. Amma, bu dəqiq bilgilərdən istifadə edərək inanclı insanları ibadət məqamlarını qaçırdıqlarını çatdırmaqla onları sarsıtmaq böyük günahlardan biridir. Bu məsələni hər iki dövlət orqanı birlikdə müzakirə etməli, ortaq məxrəcə gəlməli və hər iki orqanın birgə təsdiqi ilə təqvim təsdiqlənməlidir. Lakin bizim dindarlarımız İran üləmalarına, alimlərimiz isə Şamaxı rəsədxanasına inanır. Biçarə müsəlman isə qalır ortalıqda, bilmir kimə inansın, kimin dediyinə qulaq assın. O üzdən, hələ də inanclı insanlarımız Ramazan ayından əvvəl ehtiyat orucu tutmaq məcburiyyətində qalır. Lakin bu da çıxış yolu kimi həmişə kara gəlmir. Məsələn, Tanrı buyurur ki, Ramazan bayramı günü oruc tutmaq günahdır. Ancaq Azərbaycan müsəlmanlarının yarısı bu gun, yarısı isə sabah bayram edir. Deməli, belə çıxır ki, bizim müsəlmanların tən yarısı Ramazan bayramında oruc tutmaqla günah qazanır, amma bizim fikrimizcə bu günahın günahkarı yuxarıda adları çəkilən dövlət qrumları və onların yetkililəridir. Allah onların da qəlbinə iman yetirsin ki, Yetirmişin eyhamları günaha deyil, savaba səbəb olsun!
Akif Nəsirli