Şam, duz, kibrit qutusundan ibarət milli təcrübəmiz...
Ötən gün Şamaxıda baş verən zəlzələ ölkə vətəndaşlarını çoxdan üzləşmədiyi təbii fəlakət qorxusuyla yenidən üz-üzə qoydu. Verilən xəbərlərə görə, zəlzələ ilkin olaraq gecə saatlarında Pirqulu stansiyasından bir neçə kilometr cənub və cənub-qərbdə, Ağsu və İsmayıllı ərazilərində qeydə alınıb. Zəlzələnin episentrdə 5-6 bal olduğu, ətraf rayonlarda isə 4,4-5,3 bala qədər hiss olunduğu söylənilib. Ölkənin bir sıra rayonlarında - Neftçalada, Saatlıda, Mingəçevirdə, Şəkidə, Göyçayda, Bərdədə, eləcə də paytaxt Bakıda zəlzələnin (3-4 ballıq) hiss olunduğu bildirilib. Bir sözlə, Seysmoloji Xidmət Mərkəzi zəlzələnin baş verdiyi ərazilər, episentrdə və ətraf ərazilərdə qeydə alınan ballar, eyni zamanda, gecə saatlarından indiyədək neçə zəlzələnin baş verdiyi barədə operativ məlumatlar yayıb. Ölkənin elektrik enerjisi, mavi yanacaq təchizatı, rabitə və digər sahələrinin səlahiyyətli şəxsləri zəlzələ bölgəsində baş verən hadisələr, nasazlıqlar, bu xidmətlərin müvəqqəti kəsilməsi, verilən fasilə və bərpa-təzhizat barədə də xəbərlər veriblər. Fövqəladə Hallar Nazirliyinin tam gücüylə ərazidə işlədiyi, dağıntıları aradan qaldırmaq üçün fəaliyyətə başladığı, orta məktəblərdə dərslərin qismən də olsa, davam etdiyi bildirilib. Səhiyyə Nazirliyinin yaydığı açıqlamada isə Şamaxıdakı zəlzələylə bağlı təcili yardıma ötən gecə 30 müraciətin daxil olduğu deyilib. Belə ki, bölgədə 6 təcili-tibbi yardım briqadası işləyib, tələfat yoxdur, yalnız üç nəfərdə sınıq-əzik aşkar edilib. Həyəcandan səhhətində problem yarananlar olub, dili tutulan, beyninə qan sızan şəxslər də var.
Sonuncu məlumat digərlərinə baxanda daha ağır fəsadların gözləndiyini göstərir. Çünki, qeyd edildiyi kimi, işıq, qaz, rabitə, təhsil sahəsindəki problemlər aradan qaldırılıb və vəziyyətin stabilləşməsinə doğru işlər davam etdirilir. Zəlzələdən zərər çəkənlərin, evləri dağılan və qəzalı vəziyyətə düşənlərin köçürülməsi prosesi də rəsmi dövlət səviyyəsində nəzarətə götürülüb. Bütün bunların fonunda, fövqəladə hadisələrdə əsas ziyanın insan faktoruyla ölçüldüyü, onun səhhətində hazırda və sonra yaranan fəsadlar daha çox diqqətdə saxlanmalıdır. Çünki xəbərlərin sırasında təbii hadisələrin bir-biriylə əlaqəli şəkildə baş verəcəyinin mümkünlüyü də söylənilib.
Belə ki, Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri, professor Adil Əliyev mətbuata açıqlamasında bir məqamdan danışıb. A.Əliyev güclü zəlzələnin vulkanları oyatdığını söyləyib. Yəni zəlzələ vaxtı yaranan gərginlik enerji toplayan vulkanların püskürməsinə səbəb ola bilər. Şöbə rəhbəri hazırda zəlzələnin vulkanlara necə təsir etdiyi barədə rəsmi şəkildə dəqiq məlumatın olmadığını da bildirib. Bununla belə, o, dünənki zəlzələdən sonra Şamaxıda və Qobustanın şimalında bəzi vulkanların püskürəcəyini də istisna etməyib. Məlumata görə, hazırda Azərbaycan ərazisində quru və dəniz sahələrdə 350-dən çox palçıq vulkanı mövcuddur. Hər il bir neçə vulkanda müxtəlif intensivlikdə püskürmələrin baş verdiyini, seysmik aktivliyin artdığı dövrlərdə isə, püskürmələrin sayının çoxaldığını nəzərə alsaq, baş verən fövqəladə hadisələrə hazırlıqlı olmalıyıq. Şamaxıda baş verən zəlzələdə şükürlər olsun ki, insan tələfatı olmayıb, lakin səhhətində ciddi narahatlıqlar və fəsadlar yaranan şəxslərin olduğu da gələn xəbərlər sırasındadır. O zaman, baş verəcək istənilən hadisəyə qarşı hazırlıqlı olmaq, qabaqlayıcı tədbirlər görmək təkcə əlaqədar qurumların işi deyil. Qeyri-rəsmi, qeyri-hökumət təşkilatları da əhalinin fövqəlhadisələrə hazırlanmasında birbaşa iştirakçı olmalıdır.
İndilikdə isə, istər zəlzələ ocaqlarında yaşayan, istərsə də bütün ölkə əhalisinin belə təbii, fövqəladə hadisələrə qarşı hazırlıq səviyyəsi görəsən, nə həddədir? Güman ki, Bakıda sonuncu dəfə baş verən və panik miqyasına görə çoxlarının xatırladığı zəlzələ hadisəsi yaddaşlardan silinməyib.
Baş verəcək istənilən fövqəladə hallara hazırlıqla bağlı psixoterapevt, ekspert Azad İsazadəyə müraciət etdik. Ekspert sorgumuza cavab olaraq söylədi ki, təbii fəlakətlərə tam hazır olmaq əslində, çox çətindir. Sıravi vətəndaşlarla müqayisədə, fövqəladə hallarla bağlı qurumlarda, xilasedici, yaxud, hərbçi kimi çalışan peşəkar şəxslər nisbətən belə vəziyyətlərdə daxilən hazırlıqlı olurlar: “Aydındır ki, bütün insanlar üçün təbii fəlakətlərə tam hazır olmaq mümkün deyil. Çoxumuz belə hallarda özümüzü itiririk, həyəcan keçiririk, panika yaranır. Təhlükə keçəndən sonra isə bu proses öz-özünə aradan qalxır, çünki panika, həyəcan hardasa özünümüdafiə sistemidir. Ona görə də belə hadisələr baş verəndə qaçırıq, özümüzü xilas edirik və s. Təhlükə sovuşandan sonra isə, bu hisslər çox insanda tez keçir. Bəzi şəxslərdə, yəni emosional baxımdan zəif, çox həssas insanlarda isə bu, sonradan qorxuya çevrilə bilər. İnsan uzun zaman həmin qorxuyla yaşayır, daimi şəkildə hər tərpəniş və silkələnməyə reaksiya verir, otaqda adicə çilçırağın tərpənməsini zəlzələ hesab edərək qorxuya düşürlər. Həmin şəxslərə kömək etmək lazımdır. Belə vəziyyətlərdə profilaktik işlər aparmaq bir qədər qeyri-mümkündür. Çünki zəlzələnin nə vaxt baş verəcəyini bilmək dəqiqliklə mümkün deyil. Amma zəlzələnin baş verdiyi, aktiv və ehtimal edilən ərazilərdə əhaliylə hansısa formada tədbirlər keçirilməli, onlara izahatlar verilməlidir”.
Ekspert qeyd edir ki, bu mövzuda treninq və seminarlar keçirəndə həmişə Yaponiyanı nümunə gətirirlər. Çünki məşhur zəlzələ və sunamilər olanda onlar hamısı sakit vəziyyətdə qoruyucu baş örtükləri, çantaları, jiletləri və növbə ilə hara getməli, nə etməli olduqlarını bilirlər: “Bizdə isə keçmişdən qalma təcrübəmiz var ki, evdə ehtiyat üçün şam, duz, kibrit qutusu, neft məhsulu saxlayırıq. Deməli, bizim ayrı təcrübəmiz var. Amma təbii fəlakətlərə qarşı təcrübəmiz, eləcə də, belə vaxtlarda “nə etməli” sualına izahat verən yoxdur. Yəni insanlar fövqəladə vəziyyətlərdə evdən çıxarkən sənəd, dərman, vacib geyimlər götürməyi və hara getməli olduğunu bilmirlər. Biz hamımız zəlzələ vaxtı küçəyə qaçırıq. Lakin küçədə də evin, binaların altında dayanmağın lazım olub-olmadığını, hara toplaşmalı və sığınmalı olmağımızı bilmirik. Bu vəziyyətlərlə bağlı izahatlar olsa, əhalinin təbii və fövqəladə hadisələri qarşılaması da asanlaşar”.
Nigar Orucova