Azər Mehtiyev: "Azərbaycan bələdiyyəsi seçicilər qarşısında deyil, Ədliyyə Nazirliyi qarşısında hesabat verməli olur"
1999-cu ildə bələdiyyələr yarananda ekspertlər bu qurum barədə çox nikbin danışırdılar. Bu qurum barədə fikir söyləyərkən bildirirdilər ki, bələdiyyələr yerli idarəetmə orqanı kimi müstəqil fəaliyyət göstərəcək, bu qurumun keçmiş kəndxudalardan fərqi onun kəndin, qəsəbənin və ya şəhərin sahibi deyil, yerli inzibati ərazinin problemlərinin sahibi olacağıdır. İlk seçilən bələdiyyələr elə bu ideyanın eyforiyası altında bəzi kəndlərdə müstəqil fəaliyyət göstərərək doğrudan da ərazinin problemlərinin sahibi olmağa çalışdılar. Elə "Bələdiyyələrin statusu haqqında" qanunun ilkin variantında buna geniş imkanlar da var idi. Lakin sonradan bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunlara edilən dəyişikliklər və düzəlişlər onu yerli icra hakimiyyətinin əlavəsinə çevirdi. Bu gün medianın trendinə çevrilən xəbərlərdə bələdiyyələrin nəinki vəzifəli şəxsləri, hətta, üzvləri haqqında cəzaların statistikası dərc edilir.
Həmin xəbərdə bildirilir ki, ötən il 256 ha torpaq sahəsinin qanunsuz olaraq mülkiyyətə, 5657 ha torpaq sahəsinin icarəyə, 8 ha torpaq sahəsinin istifadəyə verilməsi haqqında qərarlar Ədliyyə Nazirliyinin təklifləri və ya iddiaları əsasında bələdiyyələr və müvafiq məhkəmələr tərəfindən ləğv edilib. Bu, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzədə əksini tapıb.
Sənəddə həmçinin bildirilib ki, bütövlükdə 5921 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb. Bu da 2017-ci illə müqayisədə 2.2 dəfə çoxdur.
2018-ci il ərzində bələdiyyə aktlarının vaxtında təqdim edilməsi üzərində inzibati nəzarətin gücləndirilməsi üçün bir sıra tədbirlər görülüb. Bələdiyyələrin 143 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Bu, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2018-ci ilə aid məruzədə əksini tapıb.
Qeyd olunub ki, həmin protokollar üzrə 133 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 10 protokol isə baxılmaqdadır.
Bir sıra bələdiyyələrin işində nöqsanlara və qanun pozuntularına yol verilib. İnzibati nəzarət icraatı qaydasında 31 araşdırma aparılıb, araşdırmaların bir qismində müraciətlərdə göstərilənlər öz təsdiqini tapmayıb və ciddi qanun pozuntuları müəyyən edilməyib. Sənəddə bildirilib ki, 26 araşdırmada cinayət əməlinin əlamətləri aşkar edildiyindən toplanan materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Həmin materiallardan 18-i üzrə cinayət işi başlanılıb, digərləri isə baxılmaqdadır.
Sənəd Milli Məclisin fevralın 12-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Xəbərlərin ritorikasından, məsələnin müzakirəsinə hazırlıqdan belə qənaətə gəlinir ki, müstəqil yerli özünüidarəetmə orqanı haqqında deyil, icra hakimiyyətinə daxil olan dövlət orqanları haqqında danışılır. Lakin yerli özünüidarəetmə orqanının beynəlxalq statusu, onun Avropa xartiyası mövcuddur. Belə bir quruma sahib olan ölkələr üçün bu xartıya bir meyardır. Həmin meyarlara əsasən isə yerli özünüidarəetmə orqanı - bələdiyyələr hökumət qarşısında deyil, öz seçiciləri qarşısında hesabat verməlidir, yalnız onların sualları qarşısında cavabdeh olmalıdırlar.
Azərbaycanda isə sözügedən xartiyanın prinsiplərinə zidd olaraq bələdiyyələrə inzibati nəzarətin həyata keçirilməsi haqqında qanun qəbul edilib. Həmin qanuna əsasən, bələdiyyələrə Azərbaycanda inzibati nəzarəti Ədliyyə Nazirliyi həyata keçirir. Digər tərəfdən isə hökumət hər il bələdiyyənin yerli büdcəsinə dotasiya verilməsi üçün vəsait ayırır. Məsələyə münasibət öyrənmək üçün əvvəllər bələdiyyələrin fəaliyyətini tədqiq etmiş iqtisadçı ekspert Azər Mehtiyevə müraciət etdik. Ekspert bildirdi ki, hər il Azərbaycan dövləti illik büdcəsindən bələdiyyələr üçün 4-5 milyon civarında vəsait ayırır: "Həmin vəsaitlər bələdiyyələrin yerli büdcələrinə dotasiya verilməsi üçün nəzərdə tutulur. Bu il isə əlavə olaraq bələdiyyələrə subvensiya verilməsi üçün bir milyon manat vəsait ayrılıb. Bu ayırmaların arasındakı fərq ondan ibarətdir ki, dotasiya ərazisinə və əhalisinə görə hər bir bələdiyyəyə veriləcək, lakin subvensiyanı hər hansı bir bələdiyyə öz ərazisində konkret layihə həyata keçirmək üçün istəyə bilər. Məsələn, kənd və ya qəsəbənin ərazisində körpü salmaq, biznes-plan üzrə hər hansı obyektin tikilməsi və s. üçün istənilə bilər. Bu vəsait o halda istənilə bilər ki, həmin layihəni həyata keçirmək bələdiyyənin yerli büdcəsinin imkanları xaricində olsun.
O ki qaldı bələdiyyəyə inzibati nəzarətin həyata keçirilməsinə, bu nəzarət bələdiyyələri yerli icra hakimiyyətinin bir əlavəsinə çevirib. Bələdiyyələri icra hakimiyyətindən fərqləndirən əsas əlamət onların yerli əhali tərəfindən seçilməsi və onların seçiciləri qarşısında hesabat verməsidir. Bələdiyyələrə inzibati nəzarət də ola bilər, lakin bu, yalnız onların qərarlarının dövlətin qanunları çərçivəsində olub-olmamasına şnəzarət şəklində həyata keçirilməlidir. Azərbaycan bələdiyyələri qəbul etdikləri qərarları Ədliyyə Nazirliyinə göndərməlidir. Nazirlik isə bu qərarın qanunlar çərçivəsində olub-olmamasını təhlil etməli, ya təsdiqləməli, ya da iradlarla geri qaytarmalıdır. Bizdə isə Ədliyyə Nazirliyi bələdiyyənin tam fəaliyyətini təftiş edir. Yəni bugünkü Azərbaycan bələdiyyəsi seçicilər qarşısında deyil, Ədliyyə Nazirliyi qarşısında hesabat verməli olur. Digər tərəfdən isə bələdiyyələrə seçkilər də formal xarakter daşıyır. Ona görə də, bu gün bələdiyyələrin müstəqilliyindən danışmaq mümkün deyil. Reallıqda bələdiyyələr yerli icra hakimiyyəti ilə razılaşdırmadan heç bir addım ata bilmir. Ona görə də, yerli idarəetmə orqanları inkişaf edə bilmirlər".
Müraciət etdiyimiz digər mütəxəssislər də bu fikirdədirlər ki, yuxarıda qeyd edilən problemlər üzündən Azərbaycanda bələdiyyələrin inkişaf perspektivi görünmür. Mütəxəssislərin qənaətincə, vəziyyət fərqli olsaydı, ötən otuz il ərzində, artıq yerli özünü idarəetmə orqanları fəaliyyətləri üçün əsas vəsaitləri formalaşdıraraq öz xərclərini özləri ödəməli idilər. Lakin çox təəssüflər olsun ki, bu gün Azərbaycanda bələdiyyələri əhali yalnız torpaq satan və vergi yığan dövlət orqanı kimi tanıyır. Hətta, bir sıra sorğuların nəticələrinə görə, əhalinin bələdiyyələrin dövlət orqanı olub-olmadığını ayırd edə bilmədiyi üzə çıxıb.
Murtuza Abbasov