Media dövlətə hökumətdən daha çox lazımdır

 

Reklam isə azad medianın yaşam mənbəyidir

 Ölkə Prezidenti medianın inkişafını və jurnalistlərin fəaliyyətini daim diqqətdə saxlayır. Çap mediasına maddi dəstək verir, bütün media quruluşlarında çalışan jurnalistlərin sosial durumunun, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı qayğı göstərir. Bu sahədə prezidentin sərəncamlarını yerinə yetirən bəzi icraçı məmurların tutduqları mövqedən sui-istifadə halları görülən işin keyfiyyətinə xələl gətirsə də, bu ümumilikdə əldə edilmiş uğurların üzərinə ciddi kölgə salmır. Əsas məqsədə nail olmaq istəqamətində yetərli nəticələrə çatmaq. Göstərilən diqqət və qayğıya baxmayaraq, ölkə mediasının hazırkı durumunu, həm iqtisadi, həm siyasi, həm də azadlıq noqteyi-nəzərincə, qonşu dövlətlərin mətbu orqanlarının durumu ilə müqaisə edərkən, mediamızın xeyli geri qaldığını hiss edirik və bu sahədə ciddi islahatların aparılmasının zəruri olduğunu duyuruq. Bir sözlə, son zamanlar həm ictimaiyyət, həm də hakimiyyət çap və internet medianın hazırkı durumunun müasir tələblərindən geri qalmasından şikayətlənir. Bunu nəzərə alan dövlət qurumu KİVDF son iclasında ölkədə ictimai rəyin formalaşmasına təsir edən gündəlik qəzetlərə maddi yardım ayrılmasının şərtlərində ciddi dəyişiklik etmişdir. Edilmiş sərt dəyişiklik dövlətdən maddi yardım alan qəzetlərin kollektivlərində xeyli dərəcədə narazılıq yaratdığı ölkə mediasının gündəmini zəbt etməsi də təsadüfi deyil. Xeyli, əsasən müstəqil qəzetlər fəaliyyətini dayandırması nəticəsində yüzlərlə jurnalist iş yerini, dolanışıq mənbəyini itirdiyinə görə, bu qərarın qəbul olunmasına etiraz edir və narazılığını bildirir.

Əslində, medianın hazırkı xoşagəlməz duruma düşməsinin günahkarı bu gün qəzetlərin forma və məzmunu ilə razılaşmayan bəri icra strukturlarıdır. Ona görə onları günahkar hesab edirəm ki, ölkədə müstəqil mətbuatın istehsalını və satışını indiyədək qəsdən çətinləşdirdi, köşklər ləğv edildi, metroda qəzet satışı qadağan olundu, qəzetlərin əldə satşı polis təzyiqi ilə üzləşərək, küçələrdə fəaliyyətini dayandırdı, yayım və satış firmalarına nəzarət hökumətin əlinə keçdi, oxucu üçün hər zaman mətbuatı maraqlı və cəzbedici edən tənqidi media ortadan qaldırıldı. Çap materiallarının qiyməti bir neçə dəfə bahalaşdı, bahalaşma ilbəil davam etdiyi halda qəzetlərə ayrılan dövlət yardımları donub yerində qaldı. Son iki ildə qəzetlərə 1 milyon manat pul ayrılsa da, bu da problemlərin həll olunmasına yetmədi və nəhayət, qəzetlərin durumu gəlib bu günkü pis vəziyyətə düşdü.

Sadaladığım faktların yükü o qədər ağırdır ki, jurnalistikada uzun illər qazandığım təcrübəmə əsasən, qeyd edə bilərəm ki, istənilən ölkədə müstəqil media heç zaman bu qədər ağırlığı daşımayıb və heç zaman daşıya da bilməz. Təbii ki, hakimiyyət medianı hazırkı çıxılması çətin olan durğunluğa salmaqda səbəbkarı olduğunu bilməmiş deyil. Ona görə də narahatdır. Narahatçılığın əsas səbəblərindən biri də odur ki, yalnız hakimiyyəti tərifləməkdən, gördüyü işləri təbliğ etməkdən bəhs edən qəzetləri nəinki ictimaiyyət nümayəndələri, heç hakimiyyət kürsüsündə əyləşmiş məmurlar da alıb oxumurlar. Zorla abunə yazdırılan hökümət qəzetlərinin satış kökşklərində vəziyyəti ilə maraqlanın baxın, görün, heç olmasa, onların bir nüsxəsi satılırmı?! Əsla!..

Sözün əsil mənasında hökumətin qəzetlərə indiyə qədər göstərdiyi maddi yardımın (“qayğı”) qəzetlərin cəmiyyətdə nüfuzdan düşməsinə daha çox xidmət etdiyini hər kəs yaxşı bilir. Hər kəs onu da bilir ki, qəzetə kim pul verirsə, qəzet də pulverənin maraqlarına xidmət edir. İndiy kimi, yəni son on ildə qəzetlərin maliyyəsini hakimiyyət verib deyə, qəzetlər də hakimiyyətin maraqlarına köklənib. Hakimiyyətin maraqlarına xidmət edən qəzet isə, təbii olaraq cəmiyyətin maraqlarna uyğun gəlmədiyinə görə, vətəndaş qəzetdən uzaqlaşır, qəzet oxumaq vərdişini itirir. Əksəriyyət qəzetlərə marağın azalmasını internet medianın inkişafı ilə bağlayır. Bu, çox yanlış yanaşmadır. Qəzetlərin ölkədə nüfuzdan düşməsinin bir sıra səbəblərindən bəhs etdik. Qəzet hər zaman dövrün ən qiymətli təbliğatçı, təşviqatçı və təşkilatçısı olduğunu isbat edib.

Gəlin düşünək, insanlar problemlərini işıqlandırmayan, yaşamına maneə olan ünsürləri ifşa etməyən, cəmiyyət düşündürən nöqsanları hədəf seçməyən qəzetlərə nə üçün pul verməlidirlər?! Başqa sözlə, media bir qrupun maraqlarının xidmətçisinə çevriləndə, həmin media cəmiyyət tərəfindən rədd edilir. Bu istər müxalifyönlü qəzetlər olsun istərsə də iqtidar Dünyanın hər yerində mediaya münasibət onun azadlığı ilə müəyyən olunur. Media azadlığının təmin edilməsi üçün ilk növbədə ölkədə azad iqtisadiyyatın tam formalaşması, inhisarçılığın tamamilə aradan qaldırılması təmin olunmalıdır. Əgər ölkədə inhisarçılığın və gizli iqtisadiyyatın olduğunu bütün cəmiyyət deyirsə, deməli, azad iqtisadiyyatın boğulması qaçılmazdır və bu da ölkədə azad iqtisadi rəqabət aparılmasına əngəl yaradır. O da məlumdur ki, azad iqtisadiyyata malik olan ölkədə reklamın cəmiyyətdə vacib rəqabət vasitəsinə çevrilməsini qaçılmaz edir ki, bu hadisə də mətbuatın, medianın maddi bazasının möhkəmlənməsinə təkan verərək, ölkədə azad medianın inkişafı üçün əsas sərmayə mənbəyinə çevrilir. Bu, ölkəmizdə hələ ki, çatışmır.

ABŞ dövlətinin banisi T. Ceferson hələ o dövrdə dövlətin tərəqqisi və güclənməsi üçün hökumətlə azad mətbuatı müqaisə edərək, dövlətdə mətbuatın daha böyük önəm kəsb etməsini etiraf edib. Əgər hazırda dünyanın ən böyük superdövləti sayılan ABŞ kimi qüdrətli dövlətin banisi hələ 230 il öncə dövlətin güclü və qüdrətli olmasında mətbuatın rolunu bu qədər önə çəkmişsə, deməli, Ceferson medianın əhəmiyyətinə verdiyi üstünlükdə yanılmayıb. Onun qurduğu dövlətin bu gün nə qədər yüksək inkişaf səviyyəsinə çatması göz önündədir. Əgər biz dövlətimizin güclü və qüdrətli olmasına nail olmaq istəyiriksə, bütün sahələrdə, o cümlədən media azadlığına ciddi önəm verməliyik. Hakimiyyətin müxtəlif kürsülərində əyləşən və əksəriyyətinin fəaliyyətində mənfi hallar mövcud olan məmurların fəaliyyətinə bütün cəmiyyətin nəzarət etməsi funksiyasını təmin etmək üçün azad medianın reklamla təmin olunmasını tezləşdirmək ən vacib məsələ kimi həll olunmalıdır. Yoxsa qəzetlərin maklaturaya çevriləcəyi şübhə doğurmayan tirajını, abunə və satış sayını qaldırmaqla, rəngini boyamaqla heç bir inkişafa nail olmaq mümkün olmayacaq...

 Mahir Abbaszadə

0.16444993019104