Dünya mədəniyyətinin ən möhtəşəm abidəsi və təkrarolunmaz ədəbi-tarixi səlnaməsi olan Qurani-Kərim sahili görünməz, dibi bilinməz, inciləri tükənməz, ecazı bitməz ilahi bir ümmandır: "Onun ecazının əsasını nəzmi təşkil edir" (Cürcani, v.e. 1413). Quranın hərf, ayə və surələrinin vəhdəti onun bəhs etdiyi hər şey və hadisəni tutduğu yerə uyğunlaşdırır.
Quranda hər kəlam ilahi məbədin şifrələnmiş səmavi kərpicləri olduğu üçün, yerli-yerindədir. Kəlamlar oxucuya müqəddəs sevgi və məhəbbət aşıladığı kimi, həm də onu tərbiyələndirir, islah edir. Kurtubiyə (v.e.1273) görə, Quranın möcüzəliyi əsasən bunlardadır: mənasındakı bəlağət, dilindəki fəsahət, nəzmindəki cəzalət, qeyb xəbərlərindəki həqiqət, hökmlərindəki isabət (dəqiqlik), elmlərindəki fəzilət. Bəzi quranşünaslar Qurandakı təşbih və təmsilləri də onun möcüzələrindən hesab edirlər.
Bəlağət
Bəlağətin qısa mənası "effektli, təsiredici, yığcam söz" deməkdir. Klassik anlama görə, bəlağət fasih (gözəl və aydın danışılan) bir sözün lazım gələn anda, lazım gələn hala uyğun yığcam ifadəsidir. Yəni bəlağət fikri incə, aydın və gözəl ifadələrlə anlatma qabiliyyəti, natiqlik məharətidir. O, bir fənn olaraq, sözün fəsahət qaydalarına, məani, bəyan və bədii əsaslara uyğun olmasından bəhs edən elmdir. Fəsahət isə sözlə əlaqəlidir və o, sözün axıcılığını ifadə edir. Fəsahətdəki gözəllik insanın ruhunu oxşayan bülbül səsidirsə, zaman və mənanı nəzərə almayan quru söz yığını da qarğa səsinə bənzər. Fəsahətli sözün hətta ahəngi, ritmi belə, nələr dediyi bilinməyən şırıl-şırıl axan çay kimi ruhumuzu oxşayır, bizi düşündürür. Göründüyü kimi, bəlağətdə ən ümdə məsələ sözün fəsahəti - gözəl və aydın ifadəsidir. Deməli, bəlağət fəsahətdən əmələ gəlir. Lakin ifadənin effektli ola bilməsi üçün söz yerində, sahibinə, hala və şəraitə uyğun deyilməlidir. Əgər sözü eşidən adam sözü qəbul edəcəksə, bu zaman təkidə ehtiyac yoxdur. İnkarçıya, alternativi olan bir şəxsə isə təkidli, danılmaz dəlillərlə anlatmaq lazımdır. Burada sözü eşidənin ağlının dərəcəsi də nəzərə alınmalıdır. "Ağlının dərəcəsini nəzərə alaraq, insanlarla danışıb söhbət etmək bizə əmr olunub" (həz. Peyğəmbər).
Bəlağət əsasən üç bölümdən ibarətdir: Məani, Bəyan və Bədii. Məani (mənalar) sözün yerində, hal və zamana görə işlədilməsini, qarşı tərəfin (sözü eşidənin) ağıl səviyyəsi və psixologiyasına uyğunluğunu tələb edir.
Bütün mənaları açdığı üçün ən böyük Məani Qurandır. Məani dərzinin sifarişçinin əyninə uyğun paltar tikməsinə bənzər. Yaxşı dərzi paltarı sifarişçinin əyninə uyğun tikdiyi kimi, bəlağətli insan da qarşı tərəfin durumuna, səviyyəsinə uyğun söz söylər. Məs., "Boşanmaq iki dəfə olur..." bir Quran ayəsidir (Bəqara 229 - V.C.). Lakin bu ayə nikah prosesində, toyda deyilməz" (Mövlana, v.e. 1273) ifadəsi, sözün yerində deyilməsinin vacibliyinin göstəricisidir. Əgər alay komandiri alaya hərbi qayda üzrə müraciət edirsə, aşiq məşuqəsinə heç vaxt belə müraciət edə bilməz.
Bəyan mənanın fərqli üslublarla ifadə edilməsidir. Dərzi paltarı fərqli modellərlə tikdiyi kimi, bəlağət sahibi də eyni mənanı müxtəlif tərzlərdə anladır. Məs., "Həsənin yuxusu gəlir" ifadəsini, "Həsənin gözündən yuxu tökülür" kimi də, "Həsən bütün gecəni uşaq əmizdirib" kimi kinayəli sözlə də demək olar. Məanidə olduğu kimi, ən böyük Bəyan da Qurandır. Bədii isə söz və mənanın gözəlləşdirilməsi, qulağa xoş gələcək və ruha həyəcan verəcək şəkildə bəzədilməsidir - dərzi müştərisinin tikdiyi paltara bəzək vurduğu kimi. Millətin dilinə, mədəniyyətinə edilən qəsdin onun namusuna təcavüz kimi qəbul edilməsinin yığcam, təsirli və genişmənalı "Lüğətə uzanan əl, namusa uzanır" ifadəsi, bir bəlağətdir. Əgər bu ifadə "dil millətin namusu kimidir" şəklində söylənsə, bəlağət zədələnər, ifadə yağdan ayrılan ayrana dönər. Deməli, hər hansı kəlamın bədii sənət ilə bəzədilməsi, yalnız bəlağəti olan cümlələrdə mümkündür. Bəlağəti olmayan ifadənin bəzədilməsi ya bir çirkinə son dərəcə yaraşıq verməyə, ya da azəri kişisinin sırğa taxmasına bənzər.
Bəlağətdə ümumən iki gözəllik axtarılır: Hüsni-Zati (zati gözəllik) və Hüsni-arizi (əmələ gələn gözəllik). Zati gözəllik Məanı və Bəyan elmi, arizi-gözəllik isə Bədii elmilə bəzədilir. "Söz bir dilbərsə, Məani və Bəyan həmin dilbərin əndamının mütənasibliyi, hərəkətlərinin incəliyi, Bədii isə onun xarici gözəlliyidir" (Mövlana).
Söz-məna vəhdəti
İnsan bədən və ruhdan ibarət olduğu kimi, kəlam da söz və mənadan ibarətdir. Söz bir sədəfsə, məna o sədəfdəki inci; söz bir zərfsə, məna o zərfdəki məktub; söz bir paltarsa, məna həmin paltardakı dilbərdir. Mənası olmayan ifadəyə kəlam deyilməz. "Kəlamda məqsəd mənanı ifadə etməkdir. Söz sadəcə bir xidmətçidir" (Cürcani). Bəlağətsiz ifadəni söz yığını ilə gözəlləşdirmək, adi bir məktubu ifrat bəzəkli zərflə göndərmək və ya ağbirçək bir qadına gəlinlik paltarı geyindirmək kimidir. Qəzzaliyə (v.e 1111) görə: "Söz yığını ilə mənanı açmaq istəyənlər yanılırlar. Həqiqəti görən insan mənanı əsil bilib, sözləri ona tabe edər. Elmsiz adam isə həqiqəti söz yığınında axtarar". Başqa sözlə, "Sorğuya verilən cavab çoxaldıqca, doğru gizli qalar" (həz.Əli).
Quranda ən gözəl mənalar ən gözəl sözlərlə ifadə olunduğu üçün, o, kəlamlar məcmuəsidir. Müqəddəs kitabda yer alan hər bir ayə tutduğu yerin canlı simvoludur. Məs., şeytanın vəsvəsəsindən bəhs edən "Nəs" surəsində tez-tez təkrarlanan "s" səsi, adətən şeytanın fısıltısını; yerdən suyun çıxmasını anladan "yəşşəqqaqu" ifadəsi (Bəqərə 74) çatlamanı - suyun yerdən çıxma tərzini ifadə edir. Və ya kafirlərə qorxulu bir tərzdə xitab edilən Qaf surəsinin kəlamları cəza və əzabverici sözlərdən ibarətdirsə, Cənnətdən bəhs edən ayələrdəki kəlamlar isə Cənnət lətafətindən pay alıb. Quran şeirlə yazılmasa da, fəqət onu oxuyanların aydın gördüyü kimi, ayələrdə şeirin də fövqündə dayanan ilahi bir şeir axıcılığı və səlasəti (səlisliyi) var. Bu ilahi Bəyan mənasını dərk etməyənləri ahəng və həzinliyilə özünə cəlb etdiyi kimi, mənaya aşiq olanları da dərin və zəngin hikmətlərlə özünə cəzb edir.
Üslub
Üslub ifadə tərzidir. Üslubu tanınan hər kəs, harada olmasından asılı olmayaraq, ifadələrindən tanınır. "Müəllif tanınır əsərindən" və ya "üslubu bəyan, eynilə insan" şəklində ifadə olunan bu durumu belə də şərh ediblər: "Hər dəfə ağzınızı açanda, başqaları oradan içinizi görür (Mövlanə)". Başqa sözlə, tanınmış ədibin üslubu "yazılarının altındakı imza ilə yox, sətirlərinin arasında tanınır". Məsələn, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Musa Yaqub və Ramiz Rövşənin şeirlərinin aşiqi olan hər kəs, onların istənilən şeirini oxuyarkən, müəlliflərin adı olmasa belə, həmin incinin sahibini tanıyır. "İnsan dilinin altında gizlənir" həz.Əli kəlamına söykənən Mövlana deyib: "Dil könülə pərdədir. Pərdə tərpəndimi, sirlər aşkar olur. Dil ruh qapısının pərdəsidir. Rüzgar pərdəni qaldırdıqda, evin içi görünür". Bəşər bəlağətinin öndəri həz.Əli isə buyurub: "Sözün yeri könüldür, ismarlandığı yer düşüncədir, onu qüvvətləndirən ağıldır, meydana çıxaran dildir, bədəni hərflərdir, canı isə məna; bəzəyi biçimli söylənməsidir, düzgünlüyü isə doğruluğundadır; ağıllının dili könlünün altında, axmağın könlü də dilinin altındadır".
Ümumiyyətlə, hər bir insanın mahiyyət aynasında bu aləmin bir görüntüsü var. Nəşəli dünyaya onun nəşəli, ağlayan isə ağlayan tərəfindən baxar. Deməli, insanın mahiyyət aynası onun ictimai-sosial və mənəvi durumundan asılıdır. Həmin səbəbdən, ariflər hər bir insanı danışığından tanıyırlar. Quranda bu barədə kifayət qədər ayə var. Məs., "(Ya Peyğəmbər!) Əgər Biz istəsəydik, onları (münafiqləri) mütləq sənə göstərər, sən də onları mütləq tanıyardın. Sən onsuz da onları danışıq tərzlərindən mütləq tanıyacaqsan" (Məhəmməd, 30). Yəni münafiq danışarkən belə, mütləq özünü büruzə verəcək. Mömin də fərasətilə münafiqi tanıyacaq. Zira deyilib: "Möminin fərasətindən qorxun. Çünki o, Allahın nuru ilə baxar" (həz.Peyğəmbər).
Üslubun mərtəbələri
Üslub əsasən üç dərəcədən ibarətdir: Mücərrəd (sadə, açıq, qarışıqsız), muzəyyən (yaraşıqlı, bəzəkli) və ali. Mücərrəd üslub mənanın sadə, açıq ifadələrlə anladılmasıdır. Gündəlik danışıqlar, rəsmi yazışmalar, dərsliklər bu üslub çərçivəsindədir. Müzəyyən üslubdan adətən xatib, şair və yazıçılar istifadə edirlər. Ali üslub isə yüksək mənaların möhtəşəm ifadələrlə anladılmasıdır. Quranın tam mətni, peyğəmbərlər və onların möhürü olan həz.Məhəmmədin əksər kəlamları, bəlağətin zirvəsində olan vəlilərin, xüsusən həz.Əlinin nəsihətli sözləri ali üslubdan xəbər verir. "Göylərə aparan yolları tapmaq istəyənlər, Allahın elçisinin yerdəki ayaq izlərini təqib etsinlər"; "Düha, imkansız zənn edilən şeydə mümkünü görmək qabiliyyətidir. Belə müstəsna şəxslər gəmilərin quruda da üzə biləcəyini sezə bilirlər” kimi kəlamlar, bəzəkli üslub çərçivəsini aşıb, aliyə yaxınlaşan üslubdur. Güllərdən gül suyu, gül suyundan da gül yağı alındığı kimi, ali üslub da adi sözlərdən yaranır. Fəqət uzun müddət adama ləzzət verən bir damla gül yağının qoxusu hara, ali üslubun zirvəsi olan Rəbb kəlamı hara?...
"İlahi feyzdən bir xəzinədir söz" (Füzuli)
Bəlağətli sözün zahiri zərif, batini lətif olmalıdır. Çünki: "Nitqin gücü az sözlə çox şey demək bacarığındadır" (Plutarx, 46-127). Lakin bəlağət və fəsahət sahibləri nə qədər kamil insan olsalar da, Quranın ecaz və möcüzəsi qarşısında acizdilər. Onlar fikirlərini nə qədər cilalasalar, Quran da bir o qədər yüksələr. Xeyr! Quranın ecazı o qədər böyüməz, o qədər yüksəlməz! Bu, bəndənin subyektiv fikridir. Əslində Quran bəşər ağlına, bəşər xəyalına sığmayacaq dərəcədə yüksəkdir. Çünki o, Rəbb kəlamıdır. Quran, ən ali bəşər fikrini ən aşağı dərəcədə - sadə göstərəcək mərtəbədə ucadır. Həmin səbəbdən onun xitabı avamından aliminədir. Quran Günəş kimidir. Avama da, arifə də fərqli işıq göndərməz. Fəqət, hər kəs də ondan eyni dərəcədə işıq ala bilməz. Quran həm də elə bir ilahi dağdır ki, kənardan baxan hər kəs onun ucalığını hiss edə bilməz.
Quran rəngarəng bəlağətli təşbih, təmsil və məsələlərlə də zəngindir. "Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxt öz tarlanıza gəlin. Özünüz üçün qabaqcadan yaxşı əməllər hazırlayın. Allahdan qorxun" (Bəqara 223) ayəsi yalnız bunlardan biridir. Kəlamdakı təşbihdə qadının qadınlıq üzvü torpağa (əkin yerinə), kişinin nütfəsi əkin yerinə səpilən toxuma, doğulacaq uşaq isə məhsula bənzədilib. Torpağa yaxşı qulluq edib, ona sağlam toxum səpilərsə, məhsul yaxşı olduğu kimi, kişinin də qadına yaxşı münasibəti ailəni sağlam və xoşbəxt edər. Həmin səbəbdən Quran buyurur: "Allahdan qorxun!", tarlanıza yaxşı baxın (qadın hüququna hörmət edin). "Ərəbin ən fəsahətlisiyəm" buyuran Peyğəmbər(ə)-nin: "Tikanlıqda bitən çiçəkdən qaçın" kəlamına səhabə soruşdu: "O nədir?". Peyğəmbər(ə) dedi: "Pis nəsildən törənən gözəl qadın". Və ya, zəkatı İslamın körpüsü, orucu qalxan, namazı dinin dirəyi hesab edən Peyğəmbər(ə)-nin: "Müflis kimdir" - sualına, səhabə: "Pulu-malı olmayan". Həzrət buyurdu: "Xeyr. Ümmətimdən müflis o kəsdir ki, qiyamət gününə namaz, oruc, zəkatla gedir (yəni sağ ikən namaz qılıb, oruc tutub, zəkat verib - V.C). Lakin o, dünyada insanları incitmiş, onların haqlarına təcavüz etmiş, böhtan və iftirada bulunmuşsa, qiyamətdə bu adamın namaz, oruc və zəkatı dünyada incitdiyi adamlara verilir. Fəqət onun sorğu-sualı heç də bununla bitmir. Onun zülm etdiyi adamlardan günahlar götürülərək, həmin adamın ayağına yazılır. Sonra da cəhənnəmə atılır".
Göründüyü kimi buradakı hər söz, onun mənası, bəlağət və üslubu Rəbb kəlamlarından qaynaqlanır. Həmin səbəbdən, Quran da daxil olmaqla, o dəyərlərin dirilik suyuna təşnəlik gündən-günə artır. Bu təşnəlik çağdaş dünyamızda o qədər qələbəli və şiddətlidir ki, hər kəs bulağın gözünə çatana kimi, onun aşağı axarlarından içmək məcburiyyətində qalır. Elə qüsurlu müəllifin Quranın məna, üslub, bəlağət və fəsahəti nurunda oxucuya təqdim etdiyi bu yazıda da məqsəd, həmin “məcburiyyəti” daha xeyrli və şövqli etməkdir.
Vaqif Cəliloğlu
Tex. elmləri üzrə fəlsəfə doktoru