Ə.Qəşəmoğlu:”Kənd Təsərrüfatı Nazirliyinin nəzdində elmi xarakterli qurum olmalıdır”
Dövlət son illər işsizliyin səviyyəsini minimuma endirmək, xüsusilə gənclərin işlə təminatı istiqamətində bütün zəruri addımları atır və bunun üçün məxsusi proqramlar qəbul edir. Müəyyən müsbət nəticələr də var, lakin etiraf edək ki, hələ də yetərli deyil, ilk növbədə gənclər arasında işsizliyin səviyyəsi yüksək olaraq qalır. Çünki artıq özünə pis-yaxşı həyat şəraiti qurmuş orta və yaşlı nəsldən fərqli olaraq, gənclər onlara təklif edilən iş yerlərindəki əməkhaqqı ilə nəinki gələcəkdə ailəsini, heç subaykən özünü təmin edə bilməz. Bu səbəbdən onların böyük hissəsi çıxış yolu kimi qazanc, iş dalınca xaricə üz tutmağa məcbur olur ki, bu da gələcəyimiz, ölkənin genefondu üçün potensial təhlükə yaradır. Çünki həmin gənclər getdikləri ölkələrdə də ailə həyatı qurur ki, bu da onların geridönüşünü mümkünsüz edir. Bu təhlükəli miqrasiya yalnız subay gənclərlə məhdudlaşmır, bəzən ailəli vətəndaşlarımız da ailə-uşağını taleyin ümidinə buraxıb çörək arxasınca xaricə üz tutur. İşsizlik, ailənin ehtiyacını ödəməmək, az əməkhaqqı son illər minlərlə ailənin dağılmasına gətirib çıxarıb. Sosioloji araşdırmalar da sübut edir ki, son illər artan boşanmaların mütləq çoxluğu sosial problemlərlə birbaşa bağlıdır. Əgər hökumət getdikcə özünü qabarıq şəkildə göstərən bu problemi həll edə bilməsə, Azərbaycan yaxın illər ərzində potensial işçi qüvvəsi sarıdan böyük çətinliklərlə üzləşə bilər. Ölkəni tərk edənlərlə bağlı əlimizdə konkret statistik rəqəmlər olmasa da, müşahidələr göstərir ki, bu rəqəm rəsmi qurumların təsəlliverici məlumatlarından dəfələrlə artıqdır və proses yüksələn xəttlə davam edir. Günün aktual problemi və vəziyyətdən çıxış yolları ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu ilə həmsöhbət olduq:
- Əhməd müəllim, həyata keçirilən tədbirlər, qəbul edilən dövlət proqramlarına rəğmən, bu gün gənc nəsil arasında işsizlik ölkə qarşısında duran problem, həm də kəskin problem kimi demək olar ki, həll olunmamış qalır. Sizcə bu sahədə vəziyyəti qənaətbəxş hala gətirmək üçün hökumət daha hansı addımları atmalıdır?
- Bu məsələyə tamamilə yeni bir yanaşma lazımdır. Çünki hər-hansı bir işi həll etmək üçün təbii ki, istehsal müəssisələri açmaq öz yerində, ənənəvi iş yerləri açmaq da öz yerində, perspektiv üçün əlverişlidir. Biz bunları etsək, bir qisim adamı doğrudan da işlə təmin etmiş olarıq və buna çox böyük ehtiyac var. Görün, Azərbaycanda bizim bir tərəfdən məhsuldar torpaqlarımız, digər tərəfdən Allaha şükür, neftdən , qazdan gələn gəlirimiz, pulumuz var, yəni ölkəmiz imkanlı ölkə sayılır. Əsasən , özümüzün işçi qüvvəmiz də var. Sadəcə olaraq bunları ahəngdar şəkildə, birlikdə təşkil eləmək lazımdır ki, bu pulu öz potensialımızı artırmağa yönəldək və öz kadrlarımızdan da istifadə edək.Təəssüf ki, illərdir bu barədə mütəxəssislər danışsa da məmurlar buna o qədər də ciddi reaksiya verə bilib, lazımı işlər görə bilmirlər. Ölkənin hədsiz böyük potensialı var. Elə turizmi götürək, bizim Ordubad kimi bir cənnət məkanımız var. Ordubadın hər bir qarışı o qədər gözəldir ki, nahaq yerə o yerin adı Urdubad, yəni Behişt bucağı kimi tərcümə edilməyib. İndi siz təsəvvür edin, biz əgər Ordubadda böyük bir turizm zonası yarada bilsəydik, Naxçıvan camaatının böyük hissəsi köçüb Bakıya gəlməzdi, yaxud başqa ölkələrə getməzdi. Naxçıvanda kifayət qədər mineral sular var ki, o müalicəvi sulara dünyanın əksər ölkələrində ehtiyac var. Mən təkcə Naxçıvanı misal gətirdim, başqa bölgələrimiz də onun kimidir. Sadəcə olaraq mövcud potensialımızdan kifayət qədər səmərəli istifadə olunmur. Biz diqqəti daha çox qeyri-neft sektoruna yönəldirik. Aqrar sektorumuz isə kənd təsərrüfatıdır. Amma gəlin görək, kənd təsərrüfatındakı işlərimizi lazımı şəkildə təşkil edə bilirikmi? Hələ də kənd təsərrüfatında anlaşılmaz mexanizmlər var. Bir vaxtlar kənddə torpağı elə naşılıqla bölüblər ki, bir ailədə yeddi nəfər varsa, onların hərəsinə düşən pay torpağın biri kəndin bu başındadır, digəri isə o biri başında. Yəni bu torpaqdan o birinə getmək üçün mütləq maşın lazımdır, piyada yolu deyil. Ona görə də bu kimi məsələlərə yenidən baxılmalıdır. Torpağın potensialından düzgün, optimal, səmərəli isifadə etmək üçün, fərqli şəkildə mexanizmlər hazırlanmalıdır. Elə etmək lazımdır ki, kəndli ona məxsus torpaqda yalnız əkib becərmək barədə düşünsün. Kəndli torpağı əkmək üçün kredit , gübrə, texnika axtaranda, yetişdirdiyi məhsulun bazara çıxması üçün yollar axtaranda, o zaman başa düşür ki, bunların xərci borcu ödəməyəcək və heç bir xeyir götürməyəcəyi halda da ruhdan düşəcək. Bilirik ki, müəyyən qədər komplekslər, naşılıq içındə yaşayan kəndli torpağı becərib, oradan məhsul götürmək üçün eyni zamanda yuxarıda qeyd etdiklərimizin axtarışına qalxanda və heç bir xeyirli nəticə əldə edə bilməyəndə bu işdən əl çəkmək qərarına gəlir.
Ötən il marketlərdə soğanın bir kilosunun qiyməti 18-19 qərik idi. Təsəvvür edin, əgər market soğanın 1 kloqramını 18 qəpiyə satırsa deməli, bu məhsulu kəndlidən ən bahası 10 qəpiyə almışlar. Əgər bir kəndli yetişdirdiyi məhsulu 10 qəpiyə satırsa o, heç nə qazana bilməz, əksinə onu o qiymətə satır ki, batırdığı pulun bir hissəsini heç olmasa geri götürə bilsin. Bunlar reallıqlardır.
- Sizcə belə məqamda nə etmək lazımdır?
- Kənd Təsərrüfatı Nazirliyinin nəzdində bir elmi xarakterli qurum olmalıdır, həmin qurum müəyyən araşdırmalar aparıb sonra qərarlar verməlidir. Rayonlar da bilməlidirlər ki, bu il hansı məhsuldan nə qədər əksələr ölkə üçün həmin məhsul bəs edər, yaxud idxal edər. İki il əvvəl sarımsağın kilosu 6 manat idi, amma hamı fikirləşirdi ki, bu çox bahadır. Bu il sarımsağı daha çox əkdilər və qiymət düşdü 60-70 qəpiyə. Yəni bu işlərdə kəndliyə, fermerə kömək etmək lazımdır. Bu yöndə çox danışmaq olar, lakin əsas sözüm odur ki, bu məsələlərə elmi təminat baxımından yanaşmaq lazımdır, elmi yollar olmadan bu işləri yürütmək olmaz. Cəmiyyət günü-gündən inkişaf edir, mürəkkəbləşir. Bu mürəkkəbləşən cəmiyyət artıq əlli il bundan əvvəlki cəmiyyət deyil. Burada hər şey biri-digərilə balanslaşmış, ahəngdar şəkildə yaradılmalıdır. Bu dediklərim yaxın perspektiv üçündür, hansı ki, işsizliyin qarşısını almağa xidmət edir. Lakin istərdim sizin qəzetiniz vasitəsilə bir məsələyə də geniş yer ayrılsın. Biz çalışmalıyıq ki, ölkədə getdikcə sosial sferalarda, xidmət sahəsində iş yerlərinin işçilərini çoxaldaq. Çünki gün-gündən robortların sayı artır, bir sıra xəttlər avtomatlaşır. Əgər 30 il bundan əvvəl zavodda 2000 nəfər işləyirdisə, bu gün həmin zavodda 200 adam işləyəndə bəs edir və yerdə qalan 1800 nəfərə artıq ehtiyac yoxdur.
- Çıxış yolunu nədə görürsünüz?
- Sosial sferalarda iş əhalinin güzəranını yaxşılaşdırmaq üçün yeni xidmət sahələrinin yaranmasıdır. Misal üçün, əvvəllər heç bir məktəbdə, yaxud təşkilatda sosial işçi mütəxəssisinə ehtiyac duymurdular. Amma indi sosial işçi olmadan müəssisədə işləri lazımı şəkildə qurmaq olmaz. İstənilən sosial sferada bizim araşdırmalar aparan, araşdırmalar sahəsində fəaliyyət göstərən, güzəranı, həyatı daha da asanlaşdıran , gözəlləşdirən yeni sahələr lazımdır, hansı ki, o sahədə mütəxəssislərimiz yoxdur. Ona görə də diqqəti indidən yönəltmək lazımdır ki, 10-15 ildən sonra robortlar və avtomatik texnikalar inkişaf edəndə insanlarımız həmin vaxt işsiz durumda kənarda qalmasınlar. Amma təəssüf ki, bu məsələlərə elmi təminat baxımından, elmin gözü ilə baxmaq lazımdır deyəndə bəzi insanlar elə zənn edirlər ki, biz sanki öz elmimizi nümayiş etdiririk. Bu, əsla belə deyil, heç mən yaşda adam üçün buna ehtiyac da yoxdur. Amma hər-halda mənim yaşım və təcrübəm imkan verir bir mütəxəssis kimi deyim ki, nələrə diqqət etmək lazımdır. Bu, həm də mənim vətəndaşlıq borcumdur.
- Əhməd müəllim, bəzən elə fikirlərə də rast gəlirik ki, bu gün kritik həddə çatan boşanmaların kökündə daha çox ailənin minimum yaşayışının təmin olunmaması durur, yoxsa başqa səbəblər var?
- Yox, bəzən belə deyib özümüzü aldadırıq. Ötən əsrin 30,40, 50-ci llərini yadımıza salaq. Məgər o vaxtlar əhalinin maddi imkanları indikindən yaxşı idi? Düzdür, ailənin dağılmasında maddi imkan mühüm amillərdən biridir. Lakin bu işdə indi daha çox rol oynayan mənəvi amillərdir. Əgər ailələrimizin qurulmasında mənəvi amillər öndə olsa, elə o kasıbçılığın içərisində xoşbəxtlik ola bilər və mənəvi dəyərlər kömək edər ki, ailə maddi tərəfdən də qazanmağın yollarını tapsın. Çox təəssüf ki, indi bizim ən böyük problemlərimiz mənəvi dəyərlərimizin öndə olmamasıdır. Bütün peyğəmbərlər, dini kitablar və müdrik insanlar deyib ki, o cəmiyyətdə ki, mənəvi dəyərlər öndə oldu, həmin cəmiyyət öz-özünü tənzimləyir. Bu, istər bir ailə, istər bir kənd, yaxud dövlət olsun, fərqi yoxdur, burada mənəvi dəyərlər öndə olanda insanlar özlərini tənzimləyəcək və hər bir işi qaydasına qoyacaq. Elə ki, mənəvi dəyərlər sıxışdırılıb arxa plana, maddi dəyərlər önə keçir, o zaman həmin cəmiyyətdə hökmən dağıntılar və gərginliklər olmalıdır. Bu, ailələrdə də belədir, küçədə də. Yəqin eşidirsiz, küçədə, yaxud ailələrdə günü-gündən bir-birilərini bıçaqlayan, təsadüfən birinin-digərini öldürməsi halları baş verir. Bütün bunlar ona görə baş verir ki, mənəvi dəyərlərimizi önə verib ondan lazımi şəkildə istifadə etmirik. Sovet dövləti kimi kifayət qədər hər cür insanları sıxışdıran, hüquqlarını tapdalayan dövlət yox idi, lakin həmin dövrdə mənəvi dəyərlərə daha çox önəm verildiyinə görə 70 il yaşasa da o 70 ildə sovet dövlətində çoxlu uğurlar oldu. Onları təhlil edəndə görürsən ki, onların kökündə mənəvi dəyərlərə verilən qiymət olub. Elə ki, mənəvi dəyərlərə verilən qiymət azaldı və rüşvət Moskvadan tutmuş Kamçatkaya və, eyni zamanda bizim ölkəmizə də yayılmağa başladı rüşvət mənəvi dəyərləri üstələyəndən sonra SSRİ də dağıldı. Yəni bu, birmənalı olaraq bütün sosial sistemlər üçün sosioloğiyanın əsaslandığı və gəldiyi qənaətdir.
Şahnaz Salehqızı