Əksəriyyəti düşündürən sualların cavabı budur
Azərbaycan müasir tipli, sürətlə inkişaf edən, regionda və dünyada sülhsevər dövlət kimi qəbul olunan gənc dövlətdir. Belə bir dövlətin vətəndaşı olmaq, əlbəttə, qürurvericidir. Son günlər ölkəmizdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən mühüm tədbirlər təkcə ölkə vətəndaşlarının deyil, bütün dünya ictimaiyyətinin diqqətini cəlb edib. Şəhid ailələri ilə görüşlər, 2019-2024-cü illərdə regionların inkişafına dair proqramın qəbul olunması, Gənclər Günü münasibəti ilə gənclərin nümayəndələri ilə keçirilmiş möhtəşəm görüş hər kəsdə dərin iz qoymuşdur. Ölkə Prezidenti və xanımı Azərbaycanın inkişaf etməsi və dünyada nüfuzunu qaldırmaq üçün lazım olan bütün addımları atmaqda qərarlıdırlar. Ölkədə görülən belə möhtəşəm işlərin fonunda gəlin görək, cəmiyyətdə hansı prosesləri müşahidə edirik.
Cəmiyyətimizin mənəvi-əxlaqi keyfiyyətinin get-gedə pisə doğru dəyişməsini inkar etmək mümkün deyil. Bu pisləşməni hər kəs öz həyatında, çevrəsində, hətta ailəsində də hiss edir. Hamı gileylənir. Heç kəs məsuliyyəti üzərinə götürüb, cəmiyyətdə, vətəndaş, ailə başçısı kimi, üzərinə düşən mənəvi borcu yerinə yetirmək istəmir. Cəmiyyətimizin sağlamlığı, saflığı, əxlaqi-mənəvi keyfiyyətlərinin mənbəyi ailədir. Təsadüfi deyil ki, ailə cəmiyyətin nüvəsi adlandırılır. Lakin bu sahədə olan çatışmazlığı, nöqsan və qüsurları həmişə ailədən daha çox cəmiyyətin üzərinə yükləyirik.
Bəzən şəxsi məsuliyyətsizliyimizi də cəmiyyətin ayağına yazmaqdan çəkinmirik. Özümüzlə birbaşa bağlı olan ailə problemlərini belə, bəzən cəmiyyətin, dövlətin üzərinə ataraq, məsuliyyətdən yayınmağı ən asan çıxış yolu hesab edirik. O qədər məsuliyyətsizləşmişik ki, küçədə qocalıb əldən düşmüz ahıl insanın yolu keçməsinə yardım etməyə belə, çox vaxt biganəlik edirik. Xoşagəlməz hadisə baş verəndə də həmin hadisənin mənfi nəticəsini aradan qaldırmaqdan qaçırıq və dodaqaltı mızıldanırıq: “Mənə nə? Kiməsə köməklik göstərib, niyə özümə problem yaratmalıyam, polis də gəlib yaxamdan yapışacaq ki, gəl, hadisə şahidi kimi, izahat ver?!.”. Nə isə...
Dünyanın bir çox ölkəsindəki cəmiyyətlər barədə oxumuşam, xeyli müşahidə və təsəvvürlərə sahibəm. Ölkələrin küçə mədəniyyəti ilə ölkəmizdə mövcud olan küçə mədəniyyətini, əlahiddə və fövqəladə vəziyyətlərdə insanların humanist, yardımçı davranışlarını, tələbkar cəmiyyətlərlə özümüzün hadisələrə biganə, adekvat reaksiyasız, az qala, “ölü” cəmiyyətimizlə müqaisə aparıb, bu cür həddindən ziyadə geri qaldığımıza heyrətlə təəssüflənirəm! Cəmiyyətimizin tərtibçisi olan insanlardan, xüsusən hər bir cəmiyyətin hərəkətverici qüvvəsi rolunu oynayan ziyalı zümrəmizin qeybə çəkilməsindən, ağsaqqal-ağbirçək adlandırdığımız dünyagörmüş insanlarımızın çatışmazlığından sanki cəmiyyətimiz deqradasiya edir. Cəmiyyətimizin rüşvətxorluq, korrupsiya, narkomaniya, dələduzluq kimi insanlıq və bəşəriyyət üçün fəlakət sayılan, söndürülməsi asanlıqla mümkün olmayan atəşin, alovun ağuşuna atıldığını hər birimiz hiss edirik! Məsuliyyətsiz, xalqa həqarət edən, haram və oğurluqla var-dövlət sahibinə çevrilmiş bir qrup qəliz adamların imkansız insanlar üzərində apardıqları uğursuz eksperimentlər millətin sosial durumunu ciddi sual altına alır. Hər kəsi bir şey düşündürür: hara gedir sabahımız?!..
Azərbaycan dövləti güclü iqtisadiyyata malikdir. Ölkəmizin İlham Əliyev kimi, qətiyyətli və vətənpərvər Prezidenti var. Güclü iqtisadiyyata və rəhbərə malik olan dövlətin isə, bütün sahələrdə gücü inkişafa nail olması da təbiidir. Lakin ölkəmizin Ermənistan kimi, dünyanın böyük güclərinin himayəsinə sığınmış və bu ədalətsizliyi himayə edən düşmən dövlətlə müharibə şəraitində olmasının cəmiyyətimizin normal formalaşmasına mənfi təsir etdiyini bilirik. Bu səbəbdən də sosial vəziyyətindən asılı olmayaraq, hər kəs ölkəmizin düşməndən müdafiə edilməsi naminə bütün imkanlarını, hətta lazım gələrsə, özünü, övladını belə, vətən uğrunda qurban verməyə hazır olmalıdır. Hazırda çox az ailə tapılar ki, onun düşmənlə üzbəüz səngərdə hərbi xidmət edən övladı olmasın.
Təəssüflə qeyd edim ki, düşmənlə üzbəüz səngərlərdə ölkəmizin keşiyində dayanan əsgərlərimizin arasında əksəriyyət kasıb, imkansız ailələrin övladlarıdır!
Uzun illərdir bu mənfi hala qarşı dövlət səviyyəsində mübarizə aparılsa da, döyüş səngərində məmurların, imkanlı adamların övladlarının kasıb ailələrin övladları ilə bir yerdə hərbi xidmət etməsinə hələ də rast gəlinmir! Bax, qeyd etdiyim bu nöqsan təkcə cəmiyyətimizin formalaşmasına yox, həm də cəmiyyətdə insanların müxtəlif barışmaz sosial qruplara bölünməsinə əlverişli şərait yaradır.
Məlumdur ki, xeyli sayda ailələrimiz şəhid verib, çoxlu sayda müharibə əlillərimiz var, bunların hamısı sosial sahədə xeyli çətinliklər yaradır. Bu da başadüşüləndir, müharibənin təsiri altında formalaşan, demoqrafik fəlakətlə üzləşən hər bir cəmiyyətdə çatışmazlıqların olması təbiidir. Amma cəmiyyətimizi bürümüş mənfi hallar, xüsusən rüşvətxorluq, korrupsiya, narkomaniya, fahişəlik, məmur özbaşınalığı və buna bənzər digər mənfi hallara qarşı aparılan mübarizənin keyfiyyəti ilə razılaşmaq mümkün deyil!
Xalqın formalaşdırdığı dövlət cəmiyyəti həlledici güc vasitəsi kimi tənzimləməyi bacarmalıdır, cəmiyyətimizi mürtəceləşdirən ünsürləri aradan qaldırmalıdır. Lakin bəzi dağıdıcı və harınlaşmış məmurların pis əməllərinin təsiri nəticəsində ölkəmizdəki mövcud durum dövlətlə cəmiyyət arasında olan ziddiyyətlərin aradan qalxmasına istiənilən səviyyədə xidmət edə bilmir və xarici düşmənlərimiz də bu faktordan istifadə edərək, faydalanmağa cəhd edirlər.
Təsadüfi deyil ki, ölkə Prezidenti cənab İlham Əliyev cəmiyyətlə bəzi dağıdıcı məmurlar arasında gedən və dövlətçiliyimizə ciddi ziyan vuran meyllərin aradan qaldırlması istiqamətində ardıcıl iş aparır. Kadr islahatları ön plana çəkilir, ən yüksək postlara gənc və perspektivli kadrlar təyin olunur, onlar rəhbər təyin olunduqları sahələrdə rüşvətxorluğun, korrupsiyanın və yuxarıda sadaladığım, dövlətçiliklə bir yerə sığmayan, dövləti və cəmiyyəti fəlakətə sürükləyən mənfi halların tez bir zamanda aradan qaldırılmasına səfərbər olunur. Bu ilin mart ayında keçirilmiş prezident seçkilərindən sonra həyata keçirilən kadr islahatlarına diqqət yetirsək, ölkə prezidentinin ölkəmizi və cəmiyyətimizi sağlamlaşdırmaq istiqamətində ciddi addımlar atmasını aydın görürük.
Bəli, Azərbaycan dövlətinin iqtisadi qüdrəti ilə yaradılmış cəmiyyət sağlam təməllər üzərində qurulduqca, hər bir vətəndaşın, hər bir ailənin və bütövlükdə cəmiyyətimizin sağlamlaşmasına nail olmaq mümkündür.
“Kadrlar hər şeyi həll edir” ifadəsi dünyada yeni siyasi epoxa kimi peyda olmuş, 70 il hökm sürmüş və sonda süqut etmiş SSRİ kimi nəhəng quruluşun lideri İ.V. Stalinə məxsusdur. Bu kəlamın bu gün də öz keyfiyyətini qoruyub saxladığını demək mümkündür. Bu mənada Azərbaycanın müstəqillik qazandığı 27 ildə kürsüyə gətirilmiş və bacarıqsızlığına, yarıtmazlığına görə, tutduğu postdan uzaqlaşdırılmış çoxsaylı kadrlar ordusunu nəzərdən keçirəndə insanı vahimə bürüyür! Təxminən yüzminlərlə kadr vəzifəyə gətirilmiş, bir müddətdən sonra həmin kadrlar yararsız olduqlarına görə, tutduqları vəzifədən kənar edilmişlər. Həmin kadrların ölkəmizə nə qədər böyük zərbə vurduğunu hesablamış olsaq, o zaman milyardların mənimsənildiyini və əksər hissəsinin ölkədən xaricə aparıldığını müəyyən etmiş olarıq. Bu faktı qeyd edərək, bir daha yada salmaq istəyirəm ki, müstəqillik əldə etmiş ölkəmizin ən çox əziyyət çəkdiyi sahələrdən biri və bəlkə də birincisi milli-mənəvi dəyərlərimizə yiyələnmiş, vətənpərvər və qafası yerində olan kadrların bu günədək çatışmaması və hələ də az olmasıdır!
Hakimiyyətin müxtəlif pillələrində lövbər salmış bəzi üzdəniraq məmurların cəmiyyətdə zəhərləyici fəaliyyəti ilə qarşılaşırıqsa, rüşvətxorluq və korrupsiya hallarına qarşı mübarizə aparmağ vətəndaş olaraq, qoşulmuruqsa, cəmiyyətimizin sağlam inkişafa yönəldilməsinə ciddi maneələr törədən mənfi qüvvələri məğlub etməyə səfərbər deyiliksə, ölkə prezidentinin dövlətimizin qüdrətini daha da gücləndirmək istiqamətində atdığı addımlara qarşı çıxan daxili və xarici düşmənləri susdurmuruqsa, deməli, hədəfimizdə olan uğurlara asanlıqla yetişə bilməyəcəyik!
Tahir Abbaslı