Nazir C. Bayramov ölkənin təhsil sisteminə heç bir müsbət yenilik gətirmədi
Ölkəmizdə təhsil sistemi sanki təcrübə meydançasını xatırladır. Misir Mərdanovun təcrübəsi çox olsa da, həmin təcrübədən təhsilə heç nə vermədi, amma yaxşı var-dövlət yığdı. Mikayıl Cabbarovun nazirliyi dönəmində təhsil tam fəalkətə düşdü. Fəlakət elə həddə çatdı ki, Təhsil nazirliyində yerləşdirilən təhsildən tamamən uzaq kadrlar iş bacarmadıqları bir yana, hətta nazirlikdə dövlət dilində danışmağı belə, unutmuşdular. Nazirliyə daxil olub, dəhlizdə yeriyəndə, elə təəsürat yaranırdı ki, elə bil Azərbaycanda yox, Rusiyanın hansısa idarələrinin birinə daxil olmusan!
Ceyhun Bayramovun nazir vəzifəsinə təyin olunmasından xeyli vaxt keçib. Buna baxmayaraq, nazir müavini vəzifəsindən nazir postuna gələn bu insan, əslində, nazirlik üçün yeni deyil. Mikayıl Cabbarov nazir işlədiyi dönəmdə C. Bayramov nazirliyin bütün idarəetməsində fəal iştirak edib. Bütün qeyd etdiyim hallara baxmayaraq, M. Cabbarovun nazir vəzifəsindən başqa nazirliyə dəyişməsi və C. Bayramovun təhsil naziri postuna gətirilməsi ölkənin təhsil sisteminə yeni, müsbət heç nə vermədi. Amma mənfiləri sıralasaq, çox böyük yer tutar. Ona görə də hazırda təhsil sistemində mövcud olan korrupsiyadan, rüşvətxorluqdan, qohumbazlıqdan, yerlibazlıqdan hər kəs danışır. Bağça müdirləri, məktəb direktorları, ali məktəb rektorları açıq-aşkar rüşvətxorluqla məşğuldurlar.
Körpələrin və uşaqların bağçalara, məktəbin birinci sinifinə daxil oması prosesi, xüsusən şəhər məktəblərində çox acınacaqlı vəziyyətdədir. Rüşvətsiz ötüşmək mümkün deyil! Kimsə qeydlərimə şübhə ilə yanaşırsa, bir anlığa yaxşı düşünsün və Bakı şəhərindəki məktəblərdəki vəziyyəti göz önünə gətirsin! Məktəb, bağça ilə əlaqəsi olmayan ailə, insan demək olar ki, yoxdur. Guya, hər kəsə məlum olan bu hallar cənab nazirə bəlli deyil?! Əlbəttə, bəllidir. Bəs, niyə tədbir görmür?! Çünki bu məsələdə nazirin özünün maraqları var və bu maraqlar nazirə ciddi tədbir görməyə imkan vermir!..
Gəlin, ölkə təhsilindəki mənfi hallardan bir qisminə nəzər salaq. Ölkəmizin aşağı təhsil sahəsində müşahidə olunan son illərin təcrübəsi göstərir ki, valideynlər övladlarını baxça yaşlarından başlayaraq, təhsilin rus bölməsinə istiqamətləndirməyə daha çox üstünlük verirlər. Əgər rus dilində bir kəlimə belə, anlayışı olmayan valideyn övladının rus bölməsində təhsil almasına ciddi- cəhdlə səy göstərirsə, demək, bu, hər şeydən əvvəl, təhsilin Azərbaycan bölməsinə olan inamsızlıqdan irəli gəldiyini söyləməyə əsas verir. Yoxsa, 70 il rus imperiyasının istismarında olan, yalnız keçən əsrin 90-cı illərində rus tanklarının qarşısına əliyalın çıxıb, xeyli şəhid verib müstəqillik qazanan Azərbaycan vətəndaşı sizcə, niyə bu qanlı tarıxı yaşadıqdan sonra belə, övladını məktəbin Azərbaycan bölməsinə yox, rus bölməsinə yönəldir?! Cavab çox sadədir: - çünki rus bölmələrində həm tədrisin səviyyəsi yüksəkdir, həm də rus dilinin imkanları, dünyanın əksər yerlərində işlənmə xüsusiyyəti cəlbedicidir.
Valideynlərin ikinci qismi isə öz övladlarının təhsilini ölkəmizdə fəaliyyət göstərən türk liseylərinə etibar etməyə üstünlük verir. Yəni, türk liseylərində də həm təhsilin keyfiyyəti yüksəkdir, həm də bizim dilimizə nisbətən daha geniş imkanlara malikdir. Etiraf etmək lazımdır ki, Azərbaycanda təhsil alan həkimlə, müəllimlə və digər peşə sahibləri ilə müqayisədə Türkiyədə təhsil alan mütəxəssislərin peşəkarlıq keyfiyyəti fərqlidir.
Övladlarını təhsilin Azərbaycan bölümünə göndərən valideynlərin əksəriyyəti isə ya maddi baxımdan ehtiyacı olan şəxslərdir, ya da öz dilinə, dövlətinə - nə vəchlə olur- olsun, sahib çıxmağa qərar verənlərdir. Məgər, bu sadaladıqlarımız həm də Azərbaycan təhsilinə olan güvənsizliyin ən böyük göstəricisi deyilmi!? İkidillilik şəxsiyyətin formalaşmasında mühüm rol oynasa da, son üç il ərzində yenidən uşaqların əcnəbi dilli tədris ocaqlarına yönləndirilməsi faktı çox ürəkağırıdıcıdır.
Dərsliklərin bərbad vəziyyətdə olması bir yana qalsın, demək olar ki, yeddi - səkkizinci sinifdən etibarən məktəblərdə Azərbaycan bölmələrində dərs keçilmir. Uşaqlar gələcəkdə alacaqları ixtisası müəyyənləşdirərək, bu sahənin mütəxəsis müəllimlərinə müraciət edirlər və repititor yanına getmək yolu ilə təhsillərini davam etdirməyə üstünlük verirlər. Bu isə onların başqa fənnlərlə bağlı bilik və bacarıqlarının yetərli olmamasına və dünyagörüşlərinin normal formalaşmasına mənfi təsir göstərir.
Ali təhsil seçiminə gəlincə, burada da boşluqlar yetərincədir. İmkanlı ailələr, əsasən övladlarını ali təhsil almaq üçün xarici ölkələrə göndərməyə üstünlük verirlər.
Təhsil isə demək olar ki, test yolu ilə yerli universitetlərimizə qəbul olduğu müddətdə tamamlanır. Dövlət universitetlərinin əksəriyyətində kəsirli tələbələr "müxtəlif yollarla" kəsirlərini həll edərək, təhsilə davam edirlər. Bu da onlarda təhsilə olan marağı və məsuliyyəti aradan qaldırmış olur. Nəticədə Azərbaycan universitetlərinin savadsız kadr idxalı ilə məşğul olduqları ortaya çıxır. Bu mənada özəl universitetlərin verdiyi təhsil qismən daha qənaətbəxşdir. Çünki bu universitetlərdə kəsirli tələbədən əlavə pul əldə edilir və tələbə də təhsilinin mükəmməlliyini artırmış olur.
Dilimizin təmizliyini qorumalı olan gəncliyimiz rus sektorunu bitirərək, Azərbaycan təhsilində çalışa biləcəklərmi? Axı öz dilinin zərifliyini hiss etməyən bir şəxs dövlət dili olan Azərbaycan dilinə necə sahib çıxa bilər? Məsələnin əsl mahiyyəti də, məhz buradan qaynaqlanır. İlk növbədə Azərbaycanlılar öz övladlarının təhsilini ana dilində almaları üçün ciddi işlər görülməlidir. Bu yalnız təbliğat vasitəsi ilə həyata keçirilməməlidir. Bu yolda ciddi işlər görülməlidir. Öz dilini unudan şəxs sabah öz kimliyini də unuda bilər. Ətrafı məkirli düşmənlə əhatələnmiş xalq üçün ən böyük faciə də elə budur.
Şahnaz Salehqızı