Azərbaycanda “möcüzə həkim” - Təsadüfən rastlaşdığı imkansız qadını belə xilas etdi...

 
Bakıda apteklərdən birində maraqlı hadisə baş verib.
 
Medicina.az xəbər verir ki, hadisə Zərifə Əliyeva adına göz klinikasının yaxınlığında yerləşən aptekdə qeydə alınıb.
 
Belə ki, paytaxt sakini aptekə girərək lazım olan dərmanları almaq istəyib. Lakin pulu dərmanlara çatmayıb. O, ağlayaraq əczaçıdan dərmanları verməsini, borclu qaldığı pulu isə sonradan ödəyəcəyini xahiş edib. Lakin əczaçı onunla razılaşmayıb. Təsadüfən aptekdə olan bir şəxs ondan nə qədər pul lazım olduğunu soruşub və dərmanların pulunu  ödəyib. Üstəlik həmin xoşniyyətli şəxs pasiyentə evə gedib çıxa bilməsi üçün yol pulu da verib. Eyni zamanda onun xəstəliyi ilə maraqlanıb və müalicəsinə yardım etməyə də söz verib.
 
Qadın həmin şəxslə sağollaşıb evə getdikdən sonra təsadüfən onu televiziya kanallarının birinin efirində görüb. Məlum olub ki, ona yardım edən şəxs həkim-cərrah Gündüz Qasımov olub.
 
 
Pasiyent canlı efirə zəng edərək başına gələn hadisəni danışıb. O, G. Qasımovu "möcüzə həkim” adlandıraraq, bu hadisədən sonra Azərbaycan həkimlərinə inamının artdığını etiraf edib.
 
G. Qasımov başına gələn hadisə barədə Medicina.az-a danışaraq deyib ki, həmin vaxt aptekdən dərman alırmış: "Orada bir qadının qızı ilə əczaçıdan dərmana pul çatmadığına görə çıxılmaz vəziyyətdə qaldığını gördüm. Qadın hətta qızı ilə pulqabısını tam açmışdı, bütün pullarını dərmana vermişdi deyə, pulqabısının boş olduğu görünürdü. Sadəcə insanlıq naminə əczaçıdan nə qədər məbləğ çatmadığını soruşdum, elə də böyük olmayan məbləğə görə pasiyentin dərmansız qalmasını istəmədim və pulu ödədim. Aptekdən çıxanda qadın məni buraxmadı, kimliyimi öyrənmək istədi. Adımı demədim. Amma israr etdikdə həkim olduğumu bildirdim. Bu zaman qadın USM müayinə kağızlarını göstərdi və öd problemi, əməliyyatla maraqlandı. Qadın həqiqətən öddən əməliyyat olunmalı idi. Mən də nömrəmi verib "işlədiyim klinikaya gələrsən, 800 manatlıq əməliyyatdır, elə klinikanın 300 manatlıq xərcini ödəyərsən, mən səni təmənnasız əməliyyat edərəm” dedim.
 
Daha sonra həmin verilişdə məni görəndə tanıyıb, zəng edib, ağlaya-ağlaya baş verənləri danışıb, bir daha təşəkkürünü bildirdi. Verilişdən sonra da mənə zəng etdi. Mən o xanımı başa düşürəm, cəmiyyətdə  həkimlər elə qələmə verilir, ya pasiyentlər həkimlər barədə səhv düşüncədə olur deyə, bu cür hallarda gözlərinə inanmırlar. Amma həkim də insandır.
 
Əslində, hər birimizim həyatında belə məqamlar olur. Burada şişirdiləsi heç nə yoxdur. Biz həkimlərin borcudur ki, gücü yetdiyi qədər imkansız əhalinin köməyinə çataq. Belə hallara laqeyd qala bilmirəm, amma o veriliş, zəng olmasaydı, bunlar gizli də qalacaqdı”.
 
Aygün Musayeva
0.17219495773315