Korrupsiyaya qarşı mübarizə xeyli güclənib
Gördüyünüz kimi sərlövhə Beynəlxalq Transparency İnternational təşkilatının yanvarın 29-da dərc etdiyi Korrupsiya İndeksinin Azərbaycan haqqında gəldiyi nəticənin əleyhinədir. Həmin nəticənin nə qədər real olduğunu qeyd etmək çətin olsa da, ilk baxışdan burada da ölkəmizə qarşı beynəlxalq təzyiqlərin təsirini çox aydın şəkildə görmək mümkündür. Ölkəmizə qarşı aparılan ikili standartların çoxdan mövcud olduğu hər kəsə bəlidir. Ölkə rəhbərinin müstəqil siyasət yeritməyə üstünlük verməsi bir sıra dairələrdə həzim edilmir qısqanclıq yaradır. Ölkəmizin heç bir bloka qoşulmadan bütün dünya dövlətləri ilə ikitərəfli münasibətlər qurulması, region və dünya ölkələri ilə yaradılan qarşılıqlı isti münasibətlər dünyanın bəzi güc mərkəzlərinin xoşuna gəlmədiyi danılmaz həqiqətdir. Buna görə də Beynəlxalq Transparency İnternational təşkilatının yanvarın 29-da dərc etdiyi Korrupsiya İndeksinin Azərbaycan haqqında gəldiyi nəticəni normal hesab etmək mümkün deyil.
Azərbaycanın beynəlxalq korrupsiya hesabatında mövqeyinin daha da pisləşməsini şərh edən iqtisadçı Qubad İbadoğlu təklif edib ki, dövlətin nüfuzunu qorumaq üçün Nazirlər Kabineti ya özünü buraxmalı, ya da istefaya göndərilməlidir. Azərbaycanın sözügedən reytinqdə bərbad yerdə olmasından böyük biabırçılıq ola bilməz, baş verənlər tarixdə qara ləkə kimi qalacaq, hamımızı xəcalətli edəcək.
Korrupsiyaya dair hesabata görə, əslində, Azərbaycan 180 ölkə arasında 152-ci yerdə qərarlaşmayıb. Kamerun, Madaqaskar, Nikaraqua və Tacikistanla birlikdə, eyni balla 152-156-cı yerləri bölüşür. Bu, o deməkdir ki, Azərbaycan əvvəlki mövqeyindən 30-34 pillə geriləyib və dünyada korrupsiyanın artım sürətinə görə “çempion” olub. Azərbaycanda korrupsiyanın sürəti o qədər yüksək olub ki, əvvəlki siyahıda bizimlə yanaşı olan Qazaxıstanı və Cibutini ən azı 28 pillə, bizdən pis mövqedə olan Rusiyanı və İranı 14 pillə, Nigeriyanı 8, Uqandanı isə 3 pillə qabaqlayıb. Bu sürətlə davam edərsə, Azərbaycan gələn il nəinki Zimbabveni, İraqı və Venesuelanı ötər, hətta Şimali Koreyaya, Sudana və Suriyaya da çata, Somalinin əlindən “birinciliyi” də ala bilər.
- Q. İbadoğlu bildirib ki, Azərbaycanda baş verənlər, hətta adını çəkdiyi ölkələrdə baş versəydi, hökümətlər istefaya gedərdi. Odur ki, dövlətin nüfuzunu qorumaq üçün ən azından Nazirlər Kabineti ya özünü buraxmalı, ya da istefaya göndərilməlidir. Çünki korrupsiya ilə mübarizə milli təhlükəsizliyin təminatı qədər önəmlidir, korrupsiya nərdivanında bir ildə ən azı 30 pillə qalxmaqdan böyük biabırçılıq ola bilməz.
Azərbaycan korrupsiya səviyyəsinə görə dünyanın 180 ölkəsi arasında 152-ci yeri tutur. Beləliklə, ölkə ötən illə müqayisədə 30 bənd aşağı düşüb. Təşkilatın hesabatında qeyd edilir ki, son beş ildə Azərbaycanda korrupsiya səviyyəsində müsbət dinamika müşahidə olunub. Amma ötən il ölkədəki mənfi proseslərin gizlədilməsi məqsədilə Avropa qurumlarının ələ alınması faktları aşkar edilib. Xüsusən, “Azərbaycan landromatı” (tərcüməsi-camaşırxana deməkdir və çirkli, oğurlanmış pulların yuyulması mənasını verir-Ş.S) hesabatı Avropa Şurası deputatlarının mütəşəkkil şəkildə ələ alınması, böyük pul məbləğlərinin köçürülməsi faktlarını aşkar edib, deyə hesabatda qeyd edilir.
Qeyd edək ki, Korrupsiya İndeksində Gürcüstan 41-ci, Ermənistan 105-ci, Rusiya və İran 138-ci yeri tutub. Korrupsiya İndeksi ekspertlər tərəfindən məlumatların təhlili əsasında müəyyən edilir. Hesabatdan da göründüyü kimi, Azərbaycanın reytinq siyahısındakı yerinin kəskin pisləşməsi Avropa qurumlarının ələ alınması faktlarının aşkar edilməsilə bağlıdır. Ümumilikdə isə 2018-ci ildə Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində çox ciddi addımlar atılıb və nəticələr əldə olunub. Əslində, bunlar Azərbaycanın siyahıdakı mövqeyini yaxşılaşdırmalı idi.
Son zamanlar gömrük və vergi orqanlarında aparılmış çox ciddi islahatları dediklərimizə əyani misal kimi göstərmək olar. Bu baxımdan, Korrupsiya İndeksində Azərbaycanın birdən-birə 30 pillə aşağı yuvarlandırılması qərarının siyasi motivli olduğunu iddia etmək üçün kifayət qədər əsaslar yaradır.
Beynəlxalq Transparency İnternational təşkilatının yaydığı məlumatda Azərbaycanın birdən-birə 30 pillə aşağı salınması, ölkəmizlə müqayisədə xeyli geridə qalan, xüsusən Ermənistan kimi korrupsiyalaşmış ölkənin cədvəldə xeyli yuxarı çıxarılması, hər şeydən öncə, düşmənlərimizin ölkəmizə qarşı beynəlxalq aləmdə apardıqları təxribatlarla bağlıdır. Xristian aləminin islam aləminə qarşı son zamanlar bəslədiyi yanlış münasibətlər uzun illərdir ki, bu cür hesabatlara da öz təsirini göstərir və təsadüfi deyil ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad olunmaması da bu cür yanlış münasibətlərdən doğur.
Şahnaz Salehqızı