Səttar Möhbalıyev: «Gənclərin kənd yerlərində çalışmasını həvəsləndirən imtiyazlar təkmilləşdirilməlidir»
Bakıda “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda konfrans işə başlayıb
Yanvarın 23-də Bakıda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib.
Konfransda ASK-nın prezidenti Məmməd Musayev Prezident İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin son illər sürətli inkişafa nail olduğunu, xalqımızın rifah səviyyəsinin yüksəldiyini, dövlətimizin dünyada nüfuzunun artdığını deyib.
Təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılmasına ehtiyac var
“Əmək bazarının tələblərinə uyğun yüksək təhsil və təlimin təşkili, dayanıqlı iqtisadi artım, əmək bazarına aid təkmil analiz və statistika, həssas qrupların əmək bazarına inteqrasiyası düşünürük ki, yüksək səviyyəli məşğulluğun təmin olunması üçün əsas tərkib elementlərdəndir”, - deyə Məmməd Musayev bildirib.
O bildirib ki, bu gün ölkəmizdə sahibkarlar üçün əlverişli şərait yaradılıb: "Sadəcə, daha çox təşəbbüslə çıxış etməyə, cəsarətə, əzmkarlığa ehtiyac var".
M.Musayev əlavə edib ki, Azərbaycanda gənclərin məşğulluğu ümumi məşğulluğun ən əsas tərkib hissələrindən biridir: "Bu gün Azərbaycanda gənclər arasında sahibkarların sayının artmasında maraqlıyıq.Keyfiyyətli orta, peşə və ali təhsil olmazsa, gənclər üçün layiqli iş yerlərindən danışa bilmərik. Təhsil proqramlarının təkmilləşdirilməsinə, onların əmək bazarının tələblərinə uyğunlaşdırılmasına ehtiyac var".
Gənclər arasında işsizlik 9,2 faizdir
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli konfransın əhəmiyyətini yüksək qiymətləndirərək qeyd edib ki, aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan məşğulluq sahəsində göstəricilərinə görə dünyada ən yaxşı mövqelərdən birinə malikdir: "Azərbaycanda bu gün 14-29 yaşlı gənclər arasında işsizlik 9,2 faizdir. Bu göstərici ölkədəki ümumi işsizlik səviyyəsindən 2 dəfəyə qədər çoxdur. Bu tendensiya bütün dünya ölkələrində müşahidə olunur."
M.Kərimli deyib ki, gənclərin məşğulluğunun artırılması Azərbaycan hökumətinin məşğulluq siyasətinin tərkib hissəsidir. Nazir müavininin sözlərinə görə, Azərbaycan MDB məkanında və Şərqi Avropada əhalisinin gənclərin çoxluq təşkil etdiyi azsaylı ölkələrdən biridir: "Azərbaycanda əhalinin 25 faizindən çoxu məhz 14-29 yaşlıdır. Uşaqlar da nəzərə alınarsa, Azərbaycan əhalisinin 50 faizinin yaşı 29-dan aşağıdır".
M.Kərimli qeyd edib ki, hər il Azərbaycanda əmək bazarına 100 min gənc daxil olur.
Gənclərin kənd yerlərində çalışmasını həvəsləndirən imtiyazlar təkmilləşdirilməlidir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev sosial partnyorluq münasibətlərinin günü-gündən inkişaf etdiyini bildirərək, bu konfransın sosial tərəfdaşlığın bariz nümunəsi olduğunu qeyd edib: "Gənclərin kənd yerlərində çalışmasını həvəsləndirən imtiyazlar sistemi daha da təkmilləşdirilməli, həyat səviyyəsi yüksəldilməlidir."
Onun sözlərinə görə, ordudan tərxis olunan gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarəti gücləndirmək, onların peşələrinə uyğun müvafiq işlə təmin olunmasına nail olmaq lazımdır.
AHİK sədri qeyd edib ki, məşğul, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə beynəlxalq təcrübəyə əsaslanan işsizlikdən sığorta sistemini formalaşdırmaq və tətbiqini həyata keçirmək vacibdir. Azərbaycanda bu gün gənclərin sayının sürətlə artdığını deyən S.Möhbalıyev vurğulayıb ki, bu baxımdan onların məşğulluğu məsələləri də problem olaraq ortaya çıxır.
Konfederasiya sədrinin sözlərinə görə, iqtisadiyyat sahəsində məşğul olan əhalinin 25 faizindən çoxu 15-29 yaşında olan gənclərdir: "Hər il orta hesabla 33-35 min tələbə universitet bitirir ki, onların da işlə təmin olunmaları problem olaraq qarşıya çıxır".
S.Möhbalıyev əlavə edib ki, "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının məşğulluq strategiyası"na görə əmək bazarında və ya təhsildə olmayan gənclərin (15-24 yaş) xüsusi çəkisini 2030-cu ilədək 15 faizə endirmək və 2025-ci ilədək bütün əhali qrupları, xüsusilə gənclər, qadınlar və əlilliyi olan şəxslər üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olmaq nəzərdə tutulur.
Konfederasiya sədri hesab edir ki, texniki-peşə təhsilində islahatların aparmaq və əmək bazarının tələbatına uyğunlaş-dırmaq, əmək şəraitini yaxşılaş-dırmaq, gənclərin müdafiə təminatını yüksəltmək, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası ilə əlaqədar regionlarda yeni yaradılacaq müəssisələrdə gənclərin işlə təmin edilməsi üçün xüsusi kvotaların müəyyən edilməsinə diqqət yetirilməlidir.
Peşə təhsili sistemində ciddi islahatlar həyata keçirilir
Təhsil nazirinin müavini İdris İsayev "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib ki, gənclərin məşğulluğu sahəsində problemlərin yaranmasına səbəb təhsil sistemi ilə əmək bazarı arasında uyğunsuzluğun olmasıdır: "Bu gün peşə təhsili sistemində ciddi islahat tədbirləri həyata keçirilir. Bəzən bizim əmək bazarında lazım olmayan sayda kadrların hazırlanması, hazırlanan kadrların hazırlıq səviyyəsinin isə işəgötürənlərin tələblərinə cavab verməməsi məşğulluqla bağlı problem yaradan əsas amillərdən biridir."
İ.İsayev əlavə edib ki, təhsilin məzmununun işəgötürənlərin tələblərinə uyğunlaşdırılması, bu sahəyə investisiyaların cəlb edilməsi üçün də tədbirlər həyata keçirilir: "Ötən il peşə sahəsində 20 yeni ixtisas peşə təsnifatına daxil edilib. Aparılan tədbirlər sayəsində artıq görürük ki, bizim məzunlar əmək bazarında öz yerlərini tutmağa başlayıblar. Məsələn, turizm sahəsi üzrə məzunların 62,3 faizi, informasiya texnologiyaları üzrə 73 faizi, xidmət sahəsi üzrə isə 69 faizi işlə təmin olunub".
Nazir müavini qeyd edib ki, dünyada hər təhsilli beş gəncdən biri əmək bazarında təmsil olunur və işləyən hər dörd gəncdən üçü qeyri-rəsmi şəkildə çalışır.
"Gənclər siyasəti haqqında" qanuna dəyişikliklər yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılacaq
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev isə konfransda çıxışı zamanı deyib ki, "Məşğulluq haqqında" qanuna gənclərin müəyyən kvotalar üzrə işə götürülməsi və sosial iş yerləri açıldıqda işəgötürənin gənclərə daha çox üstünlük verməsi ilə bağlı dəyişikliklərin edilməsi nəzərdə tutulub.
Onun sözlərinə görə, 2002-ci ildə qəbul edilən "Gənclər siyasəti haqqında" qanuna təklif edilən dəyişikliklər də yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılacaq.
Komitə sədri bildirib ki, 14 maddədən ibarət olan bu qanunun 9 maddəsində 25 dəyişikliyin olması nəzərdə tutulur: "Bu dəyişikliklər gənclərin hərtərəfli inkişafı, onların məşğulluq məsələsinin təminatı, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi ilə bağlıdır. Qanunda yeni istiqamətlərdən biri peşə hazırlığı, sahibkarlığın dəstəklənməsi, ümumilikdə dövlətin gənclər siyasəti ilə bağlı həyata keçirdiyi tədbirlər ilə bağlı bütün təşəbbüslərin dəstəklənməsidir.
Bundan başqa, müvafiq icra hakimiyyəti orqanları peşə, orta ixtisas və ali təhsilli gənclərin elektron uçotunu aparmağı nəzərdə tutur. Qanun layihəsində diqqət çəkən əsas məqamlardan biri odur ki, sosial müdafiəyə ehtiyacı olan, risk qrupu altında olan gənclərin, cəzaçəkmə müəssisələrindən çıxan, özlərindən asılı olmayan səbəblərdən işdə ixtisara düşən, hərbi xidmətdən tərxis olan gənclərin işlə təmin olunma məsələləri və müvafiq icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının bu istiqamətdə proqramlara cəlb olunması nəzərdə tutulub".
Tahir Abbaslı