Maddi bazası zəngin, xidmət səviyyəsi aşağı olan səhiyyəmiz...

 

Nazir Oqtay Şirəliyev səhiyyəni çox pis duruma salıb

  Azərbaycanın sürətli iqtisadi inkişafı ölkəmizdə bütün sahələrin keyfiyyətcə yeni mərhələyə daxil olmasına səbəb olub. Ölkə prezidentinin ciddi səyləri nəticəsində son 15 ildə dövlətimizin iqtisadi qüdrəti dəfələrlə artıb. Hazırda Azərbaycan regionda lider dövlət kimi dünya şöhrəti qazanıb. Dünyanın elə bir yeri yoxdur ki, orada ölkəmiz haqqında müsbət fikirlər söylənilməsin. Dünyanın elə bir güclü dövləti yoxdur ki, ölkəmizlə ikitərəfli dostluq və əməkdaşlıq əlaqələri qurmasın. Ölkəmizin beynəlxalq nüfuzu keçən hər gün yüksəlməkdə, müttəfiqlərimizin sırası genişlənməkdə, düşmənlərimizin sırası azalmaqda, dostlarımızın sayı isə çoxalmaqda davam etməkdədir. Ölkəmizin belə yüksək zirvəyə yüksəlməsində xalqımızla bərabər, ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xidmətləri çox böyükdür.

 

Açıq qeyd etmək lazımdır ki, 15 il ərzində ölkəmiz böyük iqtisadi sıçrayışa nail olsa da, dövlətin ayrı-ayrı sahələrinə rəhbərlik edən bəzi nazirliklər xalqımızın və dövlətimizin tələblərindən qat-qat aşağı səviyyədə çalışırlar və bəzilərinin fəaliyyəti isə çox yarıtmaz durumdadır. Təsadüfi deyil ki, yeni daxil olduğumuz 2019-cu ilin təkcə yanvar ayı ərzində ölkə prezidenti idarəetmədə çevikliyi təmin etmək məqsədi ilə ciddi struktur islahatlarına start verib. Dövlət strukturlarını yeni, müasir formada modernləşdirmək istiqamətində tədbirlər görülür. Yəni bundan əvvəl də nazirliklərin, komitələrin, idarələrin kiçik bir ölkə üçün həddindən çox olması və çox olmalarına baxmayaraq, səmərəsiz fəaliyyət göstərmələri mətbuatda dəfələrlə tənqid olunub.

Azərbaycanda xalqa xidmət sahəsində ən pis vəziyyətdə olan sahələrdən biri səhiyyədir. Bəli, düz oxudunuz. Apardığımız araşdırmaların nəticəsi belə bir qənaətə gəlinməsi ilə yekunlaşıb. Ölkəmizdə son illərdə əldə olunmuş müsbət nəticələrdən danışarkan, yeni tipli müasir xəstəxana binalarının tikilməsini və bu xəstəxanaların ən müasir tibbi avadanlıqlarla təchiz olunmasını qeyd etməmək insafsızlıq olar. Hazırda xəstəxanaların maddi bazasının yüksəkliyinə görə, ölkəmizin dünyada ən qabaqcıl yerlərdən birini tutması təsadüfi deyil.

Bununla yanaşı, ölkəmizdə səhiyyənin idarə edilməsi sahəsində və əhaliyə dövlət hesabına göstərilən tibbi xidmətdə çox böyük nöqsanlar hökm sürür. Azərbaycan əhalisinin vaxtında müayinə və müalicə olunub sağlam həyat sürmək istəyi səhiyyəmizin  hazırkı durumu ilə üst-üstə düşmür. Burada qeyd olunmalı əsas faktorlar isə, həm həkimlərin qeyri-peşəkarlığı, həm də qiymətlərin bahalığıdır. Bəzən bir xəstəliyi aşkar etmək üçün bir neçə tibbi müəssisəyə baş vurmaq lazım gəlir ki, buna da vətəndaşların maddi baxımdan gücü çatmır. Nəticədə əlac qalır daha ucuz tibbi xidmət təklif olunan ölkələrə. Bu sırada öncül yerləri isə həmişə olduğu kimi, İran və Gürcüstan tutur.

Son illərin statistikasına nəzər salsaq, Azərbaycandan müalicə məqsədilə Irana və Türkiyəyə gedən insanların sayının kəskin şəkildə çoxluğunu görərik. Hərçənd, Azərbaycanda həkimlərin, standartlara cavab verən klinikaların, müasir aparatların sayı yetərincədir. Amma buna baxmayaraq, əhalinin orta və kasıb təbəqəsi yenə də İran, Gürcüstan və Türkiyəni, daha imkanlılar isə müalicə və əməliyyat üçün Avropa ölkələrini seçirlər. Rəsmi hesablamalara görə, hər il təkcə Irana 1 milyon azərbaycanlı müalicəyə gedir və onların xərclədiyi vəsait də Azərbaycanın deyil, başqa ölkənin büdcəsinə daxil olur. Bununla da ölkəmizin büdcəsi milyardlar itirir.

Uzun illər Tibb Universitetinə rəhbərlik etmiş professor Yaqub Məmmədov deyir ki, bu problemin yaranmasında bir sıra faktorların rolu var. Onun sözlərinə görə, səhiyyənin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müvafiq tədbirlər görülür - tibb müəssisələri tikilir, onlara yaxşı şərait yaradılır, müasir avadanlıqlar alınır. Lakin bununla belə, yeni avadanlıqlar və aparatlardan istifadə edən mütəxəssislər də lazımdır.

Bu sahədə problemlərin olduğunu vurğulayan Yaqub Məmmədovun sözlərinə görə, hazırlanan mütəxəssislərin müasir səviyyəyə çatması üçün hələ çox iş görməyə ehtiyac var: “Səhiyyə işçilərinə verilən əməkhaqqı çox aşağıdır. Bir sıra faktorlar var ki, onları kompleks şəkildə işləmək vacibdir. Səhiyyənin maddi-texniki bazasının yaxşılaşdırılması işin hamısı demək deyil. Sovet vaxtında xaricdən bura gətirilən həkimlər bizim həkimlərin ümumi savadı, biliyi, qabiliyyətinin çox yüksək olduğunu təsdiq edirdilər. Lakin o vaxtlar səhiyyəmizin maddi-texniki bazası çox bərbad vəziyyətdə idi. İndi bu baza yaxşılaşdırılıb, amma əhalimiz xaricə axışır. Deməli, burda problemlər, çatışmazlıqlar var ki, onu həll etmək lazımdır. Həkimlərin  səviyyəsini yüksəltmək üçün müəyyən tədbirlər görmək lazımdır. Təkcə yaxşı xəstəxanalar tikmək, onları mərmərlə bəzəmək, müasir cihazlar almaqla iş bitmir. Məsələni hərtərəfli həll etməyə ciddi ehtiyac var. Güclü mütəxəssislər, həkimlər, müasir aparatlarla işləməyi bacaran həkim-kadrlar hazırlamaq, köhnə kadrların səviyyəsinə yenidən baxmaq və ciddi təkmilləşmə lazımdır”.

Mütəxəssisin fikirlərinə diqqətlə nəzər saldıq və ölkəmizin səhiyyə sisteminin real vəziyyəti haqqında səhih məlumat almış olduq.

Səhiyyə sisteminin ən böyük problemlərindən biri də bu sistemin idarə edilməsində olan ciddi qüsurlardır. Qüsurlardan söz açarkən, ilk növbədə sistemin rüşvət və korrupsiya ilə tam əhatə olunduğunu qeyd etmək lazımdır. Xüsusən xəstəxanalara baş həkim və aşağı kadrların seçilib təyin olunmasın, xəstəxanalarda ştat vahidlərinin bir neşə hissəyə bölünüb, bir ştatda iki deyil, hətta dörd həkimin saxlanması, xəstələrdən rüşvət alınması, xəstələrə pulsuz verilməli olan dərmanların apteklərdə satılması, xəstəxanaların doğum şöbələrində və doğum evlərində qopan rüşvət fırtınası və sadalamadığımız digər korrupsiya halları ölkə prezidentinin səhiyyə sistemini yaxşılaşdırmaq istiqamətində həyata keşirdiyi bütün layihələrin uğurla nəticələnməsinə ciddi maneə törədir.

Qeyd etdiyimiz rüşvət və korrupsiya hallarının tibbi xidmət sahəsində geniş şəbəkəyə çevrilməsinin günahkarı isə, birbaşa 14 ildir Səhiyyə naziri postunda əyləşmiş Oqtay Şirəliyevdir.

Şəkərli diabet xəstələrinin daimi müalicə olunması üçün hər il dövlət büdcəsindən xeyli pul vəsaitinin ayrılması danılmaz həqiqət olduğu halda, nazir Oqtay Şirəliyevin rəhbərliyi altında çalışan xəstəxanalarda və poliklinikalarda xəstələrə mütəmadi olaraq verilməli olan şəkərölçən aparatların, dərmanların çatışmaması və ya olmaması barədə xəstələrə verilən cavablar, məhz bu sahədə olan böyük həcmli korrupsiyanın aşkar təzahürüdür. Azərbaycanda olan şəkərli dibaet xəstələrinin sayının hər ay artmaqda olduğunu nəzərə alsaq, bu xəstələrin müayinə edilməsi və lazım olan dərman preparatları ilə təmin olunmasının nə qədər vacib olduğunu müəyyən etmək çətin olmaz. Ancaq məsələ burasındadır ki, ölkədə olan şəkər xəstələrinin statistikası da düzgün aparılmır. Bu da Səhiyyə nazirinin məsuliyyətsizliyinə dəlalət edən ciddi nöqsanlar sırasına daxildir.

Səhiyyə nazirliyi sistemində yuva salmış rüşvət mənbələrindən biri də xəstə, şikəst olan insanlarla yanaşı, bəzi hallarda, hətta sağlam insanların yüksək rüşvət müqabilində əlil olduğunu göstərən saxta tibbi sənədlərin tərtib edilməsidir. Bu, sovet dönəmindən qalmış, tibb sahəsində ən çox yayılmış qazanc verən cinayət əməlidir. Təəssüf ki, bu mənfi hal ölkəmiz müstəqillik qazandıqdan sonra özünün çiçəklənmə dövrünə qədəm qoymuş və hazırda da səhiyyə sistemində vəzifə tutan işbazların əsas gəlir mənbələrindən birinə çevrilib. Son zamanlar ölkə başçısının tapşırığı ilə bu sahədə müəyyən tədbirlər görülsə də, işbazlar yenə də öz asan əldə olunan qazanclarından geri çəkilmək istəmirlər.

ƏƏSM nazirliyində təqaüdlərin təyin edilməsi sistemini təkmilləşdirmək adı altında internet vasitəsi ilə əliliyin qeydə alınmasını elə qurublar ki, hazırda həqiqətən əlil, şikəst, ağır vəziyyətdə yardıma ehtiyacı olan insanlar yox, dolayısı ilə nazirliyin “kompüter mərkəzinə” yol tapanlar daha çox əlillik dərəcəsi qazanırlar. Burada olduqca böyük bir şəbəkə fəaliyyət göstərir və bu şəbəkənin zərərsizləşdirilməsi heç də sadə məsələ deyil. Dövlətin güc strukturlarının müdaxiləsinə ehtiyac var.

Hər bir dövlətin təhlükəsizliyini təmin edən strukturlar arasında səhiyyə sisteminin ön cərgədə yer aldığını nəzərə alsaq, Səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərlik etdiyi Azərbaycan səhiyyə sistemində buraxılan ciddi nöqsanların dövlətimizin təhlükəsizliyi üçün böyük problemlər mənbəyinə çevrilmə ehtimalının yüksəkliyi diqqətə alınmalıdır. Əks təqdirdə, xalqımızın genefondunun qorunması və dövlətimizin təhlükəsizliyinin təmin edilməsi sahəsində yanlışlığa yol vermiş olarıq.

 Şahnaz Salehqızı

0.16658091545105