Bərdə nə vaxt gözəl idi: Böyük Nizaminin dövründə, yoxsa indi?

 

Avtovağzaldan rayonlara avtobuslar qrafiklə deyil, yerlər dolanda çıxır

 

Təəssüflər olsun ki, dünyanın 11 iqlim qurşağından 9-nu özündə ehtiva edən, dünyanın cənnət guşələrindən biri sayılan Azərbaycan, bəzi sahələr və bir çox məsələlərdə öz vətəndaşları üçün cəhənnəmə çevrilib. İstər biznes qurumları olsun, istər dövlət sektoru, hara üz tutursan, anarxıya, xaos, özbaşınalıq baş alıb gedir. Bu yerdə ədalət naminə "ASAN xidmət"i istisna etməliyəm ki, bu yazını hirsli başla, şiddət xatirinə yazmıram. Ona görə qələmə alıram, mediada işıqlandırıram ki, aidiyyatı qurumlar nəticə çıxarsın, problemi görsün və aradan qaldırsın.

Belə ki, ötən gün bu sətirlərin müəllifi Bərdə rayonunun Alaçadırlı kəndinə səfər etməli olub. Səfərimin məqsədi həmin kənddə yaşayan, noyabır ayının 29-da Tərtər rayonunun Qaraqoyunlu kəndindəki yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində yaralanan və Respublika Yanıq Mərkəzində dünyasını dəyişən qohumumun hzür mərasimində iştirak etmək idi. Rayona günorta saatlarında çatmaq üçün o istiqamətə ən tez çıxan avtobusa bilet almağı qərarlaşdırdıq. Kassaya yaxınlaşıb elə bu şəkildə fikrimizi oradakı xanıma bildirdik. Xanım cavab verdi ki, o istiqamətə çıxan ilk avtobus Bakı-Tərtər marşrutudur, Bakıdan 8.30-da çıxacaq, uzağı 12.30-da Bərdədə olacaq. Biz də bu hesabla Bakı-Tərtər avtobusuna iki bilet aldıq. Biletin üzərində yerlərin nömrəsi, avtobusun vağzaldan çıxma saatı, hətta, bileti bizə satan xanımın adı icraçı qismində göstərilib: Ziba Məlikova. Saat 7.40 da avtobusa oturduq. Maşının mühərriki artıq işə salınmışdı, sevindik ki, tezliklə çıxar və biz vaxtında mənzil başına çatarıq. Avtobusun çıxma saatı çatan kimi, sürücü yoxa çıxdı. Artıq 8.40-da narahat olmağa başladıq, düşüb sürücünü axtaranda əlindəki vərəqdə nəsə çızma-qara edən, uniformalı bir nəfər diqqətimizi çəkdi. Müraciət edəndə bəlli oldu ki, bu adam dispeçerdi - elə bizim axtardığımız görəvli. Dispeçer bildirdi ki, narahat olmayın, avtobus bir azdan çıxacaq, sərnişin sıxlığı az olduğu üçün iki reysi birləşdirmişik, saat 10-da sizi yola salarıq. Elə bil başıma bir qazan qaynar su tökdülər, necə yəni 10-00-da yola salarıq, axı bizə satdığınız biletdə avtobusun çıxış vaxtı 8.30 yazılıb, bilet satan da bizə bileti bu təkliflə satıb ki, ən tez çıxan avtobus budur. Dispeçer yazıq mimika alaraq, ay müəllim, neyləyək, bizə tapşırıblar ki, yerlər dolmadan avtobusu buraxmayın.

- Onda niyə biletin üstünə çıxış vaxtını 8.30 yazırsınız, yazın ki, avtobus nə vaxt dolsa, onda yola çıxacaq...

Belə olan halda biz Avtovağzalın internetdə yerləşdirilən əlaqə telefonuna (012-406-01-58) zəng edərək başımıza gələni telefonun o başındakı xanıma danışdıq. Xanım bildirdi ki, sürücüyə, avtobusun yanındakı dispeçirə deyin, maşını yola salsın. Bildirdim ki, demişik, onlar da bizə yuxarıdakı cavabı verib. Xanım bildirdi ki, yaxınlaşın kassaya, mən də ora gəlirəm. Xanımın dediyi kimi, kassaya yaxınlaşanda gördük ki, orada iki xanım var. Mən sözə başlayan kimi, ikinci xanım bildirdi ki, mən bayaq sizinlə danışanam, artıq sizin avtobus yola düşür, sizi gözləyirlər. Mən dedim ki, artıq fikrimdən daşındım, getmirəm heç yerə, mənim biletimi qaytarın. Cavab verdilər ki, biz artıq bileti qaytara bilmərik, vaxtı keçib, bir də indiyə kimi gözləmisiniz, avtobus çıxır, gedin, sizə yaxşı yol. Naəlac qalaraq, 27-AC-662 dövlət nömrəli, "Hyundai" markalı avtobusun sərnişini olmağa məhkum edildik.

 

Ziya Məmmədova

min rəhmət

 

Bu ifadəni nahaq demirəm. Avtovağzalda rastlaşdığım bir özəllik də burada dayanacaq haqqının artırılmasıdır. Ziya Məmmədovun zamanında avtovağzal ərazisində 10-15 dəqiqə qalmaq pulsuz idi. Bu gün isə, deyəsən yeni müdiriyyətin kasıblığındanmı deyim, acgözlüyündənmi deyim bilmirəm, adını siz qoyun, avtovağzala girib-çıxmaq 1 manatdır. Bunu heç gizlətmirlər də, açıq şəkildə elan olaraq hər tərəfə yapışdırıblar.

Yeni rəhbərliyin başqa bir özəlliyi, avtovağzalda mövcud olan dayanacaq sokülüb, orada hansı işlərin görüldüyü də heç kimə məlum deyil, yəni sökənlərdən başqa.

Bu da bir yana, fikir vermisinizsə, avtovaqzalın qənşərinə böyuk hərflərlə "Beynəlxal Avtovağzal"sözləri yazılıb, beynəlxalq ha, elə belə kənd vağzalı deyil. Həmin beynəlxalq avtrovağzalın avtobusları qəbul etdiyi ərazidə olmusunuzmu? Deyəsən, heç vağzal rəhbərliyi də olmayıb, heç kimə də arzulamıram. Bir dəqiqəlik giriş- çıxış üçün 1 manat tələb oluna ərazidə palçıq dizə çıxır. Camaat avtobusdan düşüb, yükünü qoymağa yer tapmır. Bir saatlıq müşahidəm onu deməyə əsas verir ki, həmin ərazidə bir gün yığılan pula, oranı Avropa standartlarına uyğun təmir etmək olar. Ancaq çifayda. Ziya Məmmədov getdi, nəqliyyat nazirliyi ləğv olundu. Bəs dəyişən nədir cənablar?

Biz bu gün qeyri-neft sektorunun inkişafından, turizmin ölkəmiz üçün prioritet inkişaf istiqamət olduğundan çox danışırıq. Belə bir avtovağzala düşən turist, bir də Azərbaycana üz tutarmı, mən tutmazdım!

Əlqərəz, deyiləsi sözüm çoxdur qalsın gələn dəfəyə. İndi isə yolum Bərdəyədir, ya Allah, sən bizə kömək ol!

 

Bilmədik, avtobus

xarab olub, yoxsa sürücünün qarnı ağrıyır?

 

Beləcə, düz bir saat gecikmə ilə - 9.30-da üz tutduq Tərtərə doğru. Avtobus yeni model olsa da, salondan gəlməyən iy yox idi, xüsusilə tozdan nəfəs almaq olmurdu. Amma nə avtobusun gec çıxmasına, nə də bu cür çirkli salonda səfər etməyə görə heç kim şikayət etmək, kimdənsə bu vəziyyətin dəyişdirilməsini tələb etmək barədə düşünən yox idi. O qədər də geniş olmayan sərnişin kontingentinin bir neçə nümayəndəsindən soruşdum ki, bu sizə xoşdurmu, elə belə də olmalıdır? Ahıl yaşda olan bir xanım dilləndi, eee, a bala, daha qulağımız dolub, deməyə baxan kimdi: "Birinin hərəkətindən şikayət edirsən, arxasından köklü-köşmərli məmur çıxır, durduğun yerdə düşürsən "zibilə". Ona görə də başımızın salamat qalması üçün hər şeyə dözürük, susuruq. Sən Allah, məni danışdırma, dilim duzludu, həmişə dilimin ucundan başım bəla çəkir..."

Elə bu dəm sürücü maşını yolun kənarına çəkib, saxladı. Salona hüznlü bir sükut çökdü. Hamı mənim üzümə baxdı, elə bil baxışları ilə deyirdilər ki, niyə qoymursan oturaq oturduğumuz yerdə, sənin üzündən qaldıq çölün düzündə. Pirsaat ərazisi idi, sükutu sürücünün telefon danışığı pozdu: "Maşın xarab olub, qalıb Pirsaatda, deyin, maşın göndərsinlər, camaatı aparsın". Salonu yenidən sükut bürüdü, bu dəfə donmuş akustikanı mühərrikin səsi canlandırdı. Sürücü bir neçə dəfə mühərriki işə salıb-söndürdü və yarım saatdan sonra yenidən yoluna davam etdi. Bərdə şəhərinə çatana qədər bu hal daha 3 dəfə baş verdi. Beləcə, saat 14.30-da - vaxtından düz iki saat sonra avtobus Bərdə şəhərinə yetişdi. Əvvəlki mərəzimlə, "Əlişin kuruqu" deyilən yerdə düşdüm ki, burdan Alaçadırlıya getmək daha asandı.

 

Bərdə nə? gözəldi...?

 

Mən həmişə Bərdəyə gedəndə dahi Nizaminin vətəni kimi, onun tərənnümü yadıma düşür:

"Bərdə nə gözəldir, necə qəşəngdir,

Yazı da, qışı da güldür, çiçəkdir."

Doğrudan, Bərdə bu misralara layiq bir diyardı, amma çifayda ki, biz Bərdəni öz mərəzimizlə eybəcər günə qoymuşuq. Bu tək yerli hökumətin deyil, həm də bərdəlilərin günahıdır. Şəhərdə küçələrə hücum çəkərək elə daraldıblar ki, elə bil bura Bərdə deyil, hansısa ucqar bir auldur. Bu məmləkətdə hamı yoldan kəsərək öz təsərrüfatını genişləndirir. Amma, bir düşünən yoxdur ki, mənim bu böyük təsərrüfatıma gəlmək istəyən hansı yolla gələcək?!

Nəysə, biz "Əlişin kruqu"nda Alaçadırlıya gedən yoldakı dayanacaqda  dayanmağımız taksi sürücülərinin diqqətini cəlb elədi. Bir sürücü bizə yaxınlaşaraq bildirdi ki, bu yol bağlıdır, Tərtər çayının üstündəki əsas körpü yeni təmirdən çıxıb, hələ açlışı olmayıb. Taksiyə oturub Alaçadırlıya sürməyini xahiş etdik. Biz adətən taksiyə mindiyimiz yerdən Alaçadırlıya 3-5 dəqiqəyə çatırdıq. İndi Bərdə kimi şəhərə giriş eni altı metr olan dar körpüdəndir. Həmin körpüdən keçib Bərdəyə daxil olmaq üçün düz 45 dəqiqə gözləməli olduq. Bərdənin mərkəzində pik saatlarda elə tıxac olur ki, heç Bakıda belə tıxac olmur.

Yerli sakinlərlə söhbətimiz zamanı bəlli oldu ki, Bərdə şəhəri bu ilin iyun ayından, körpü təmirə bağlandığı gündən bu cür iflic vəziyyətə düşüb. Deyilənə görə, körpünün yenidən qurulmasına heç ehtiyac da yox imiş, sadəcə, kiməsə pul silmək lazım idi, deyə sakinlər bildirdi. İndi isə körpu artıq bir həftədir ki, hazırdır, lakin təntənəli mərasim düzənləmək məqsədilə körpünün açılışı yubadılır. Belədə isə onminlərlə əhali əziyyət çəkir, əsəb-stress keçirir.

 

Akif Nəsirli

0.1697039604187