Ekologiyanı korlayan insan...

 

İttiham olunan : ayı, canavar, tülkü-çaqqal

 "Bizə namuslu yaşamağı oğrular, xeyirxahlığı isə əclaflar öyrədir"(müəllifin kimliyini bilmirəm)

 "Dövlətliyik, əlbəttə şərafət də bizimdir, Əmlak bizimdirsə, əyalət də bizimdir, Divan bizim, ərbabi-hökumət də bizmidir..."

 Mən bu gün  maraqlı bir məsələdən söz açmaq istəyirəm, çünki bizi əhətə edən ekoloji mühit hər birimizi narahat edir. Son illər paytaxt Bakıda ekoloji vəziyyətin son dərəcə təhlükəli həddə çatdığı da, heç kimdə şübhə doğurmur. Lakin sizə söz açacağım və sizin müzakirənizə verəcəyim problem, heç də Bakının ekoloji durumu ilə bağlı deyil.

Son zamanlar ölkəmizin müxtəlif bölgələrində çöl heyvanlarının kəndlərə, qəsəbələrə, bəzən şəhərlərə, bir sözlə insanların məskunlaşdıqları məkanlara ayaq açması, təkcə ölkəmizə xas olay deyi. Belə hallar dünyanın hər yerində müşahidə olunur. Bəziləri belə düşünür ki, bu heyvanlar qida dalınca insanlara pənah gətirirlər. Mətbuatda geniş yer alan məlumatlarda, belə “çağrılmamış qonaq"ların, bəzən insanlara hücum çəkdiyi, hətta ölümlə nəticələnən faciələrin də yaşandığı qeyd olunur.

Görəsən kimsə, fikirləşirmi ki, bunun səbəbi nədir? Nə üçün çöl heyvanları (mən onları vəhşi adlandırmaqdan çəkinirəm, çünki bu gün dünyada elə insanlar var ki, ("Allahu Əkbər" deyərək insan başı kəsənləri, sadəcə olaraq müsəlman olduqları üçün gülləboran olununları, Xocalı faciəsini xatırlayın) həmin çöl heyvanlarından qat-qat artıq vəhşiliklər törədir, bununla belə insan adlanırlar) insanların yaşadıqları yerlərə gəlməkdə meyillidirlər? Burada bir zərurət, yaxud təbii qanunauyğunluq varmı?

Mən 15 yaşıma kimi kənddə yaşamışam və sonra şəhərə gəldim (kaş heç gəlməyədim). Kəndimiz demək olar ki, meşənin içində yerləşirdi. Burada insanlara, ev heyvanlarına, eləcə də çöl heyvanlarına məxsus yerlər hər kəsə bəlli idi. Böyüklərimiz bizə qoyun-quzu, mal-qara otarmağa gedəndə xəbərdarlıq edərdilər, "nə mal-qaranı,  çayın o tayına buraxın, nə də özünüz keçin". "Çayın o üzü" deyilən sahə çöl heyvanlarına aid idi. Hətta böyüklər belə, hansısa bir zərurətdən o sahəyə gedəndə təkbaşına, yaxud silahsız getməzdilər.

Dəfələrlə şahidi olmuşam ki, biz çayın bu üzündə mal-qara otardığımız zaman çöl heyvanları-canavar, çaqqal, tülkü və s. də öz sahəsində gəzişir, bizi mühaşahidə edirdilər. Lakin heç vaxt çayın bu üzünə keçib nə heyvanlara, nə də insanlara hücum etdiklərini nə görmüşəm nə də eşitmişəm.

 

İndi nə baş verir?

 

Açığını deyim ki, mən nə bioloqam, nə zooloq, nə də coğrafiyaşunas. Bu səbəbdən də, baş verənlərin elmi izahını vermək mənim üçün bir qədər çətindir. Sadəcə olaraq, oz müşahidələrimi və mülahizələrimi bölüşmək istəyirəm.

Çünki həmin heyvanların da, bizimlə birgə bu kainatda yaşamaq hüquqları var və bu hüquqlar qanunla qorunmalıdır və qorunur, əgər bir qism harınlar imkan versə...

Bu da məlum bir həqiqədir ki, Allah-Təala yeri, -göyü, kainatı və bu kainatda yaşayacaq məxluqatı (insanları, heyvanları, həşaratları, eyni zamanda bütün bitki aləmini) xəlq etdiyi zaman, həm də onların yaşayacağı məkanları dəqiqliyi ilə müəyyən edib. Belə olduğu təqdirdə bu gün baş verənlərin adı nədir?

Əslində, bu suala cavab vermək üçün gərəkdir ki, illərlə araşdırmalar aparasan, çöl heyvanlarını insan məskənlərinə cəlb edən nüansları öyrənəsən. Ancaq bu gün göz qabağında olan fakilar da var ki, onları da inkar etmək mümkün deyil.

Məsələn, ayı, canavar, tülkü və s. heyvanlar heç zaman onlara lazım olduğundan artıq yuva qurmazlar. Çaqqallar isə ümumiyyətlə "bömj"durlar, heç zaman öz yuvaları olmur, balalarını belə, başqalarının yuvalarında dünyaya gətirirlər.

Bizim vəhşi adlandırdığımız çöl heyvanları heç zaman onlara lazım olduğundan artıq şikar ovlamazlar. Heç görmüsünüzmü ki, tox heyvan ova çıxsın, kiməsə hücum etsin? Yəni bu, bir təbiət qanunudur və təbiətdə mövcud olan bütün canlılar (insanlar istisnadır) bu qanuna sözsüz əməl edərlər. Məsələn, bir canavar bir quzunu parçalayarsa, doyunca yeyər və çıxıb gedər. Yerdə qalanını tülkü-çaqqal yeyər. Onlardan artıq qalanı isə xırda gəmiricilərə qismət olar. Beləliklə aydın olur ki, bütün canlılardan, yalnız insan qismətinə və qədərincə olanına qane olmur. İnsan nəfsi heç bir hüdud tanımadığından gözü də doymur. Özündən artıq qalanını zibilliyə atar, ancaq imkansıza verməz. 

Çöl heyvanlarının insan məskənlərinə hücumunun da kökündə, bəlkə bu amil dayanır? Biz insanlar bütün pisliklərdə özümüzdən başqa hamını ittiham etməyə hazırıq. "Ayı, canavar, çaqqal, tülkü kəndə hücum etdi" deyibən az qala bu canlılara qarşı soyqırım belə gerçəkləşdirməyə hazırıq, təki günah bizdən keçsin.

Bir müddət əvvəl, keçmiş dövlət məmurlarından birinin söhbətinin istəmədən dinləyicisi oldum. Özünə yaxın bildiyi insanlarla söhbətindən belə aydın oldu ki, ailədə cəmi dörd nəfərdirlər- özü, həyat yoldaşı, qızı və oğlu. Belə bir ailənin normalda yaşayışı üçün hesab edirəm ki, doğma kəndində bir ev (qoy villa olsun, məmurdur axı, digərlərindən fərşlənməlidir ya yox) şəhərdə 3-4 otaqlı bir mənzil, şəhər kənarında bağ evi (qoy bu da villa olsun) kifayət edər.

Görün özü nə deyir: Daşkəsəndə, Xaçmazda (Nabranı nəzərdə tutur), Xızıda, Balakəndə, Lənkəranda istirahət evlərim var. Yayı Bilgəhdə, yaxud Mərdəkandakı evlərimdə keçirirəm. Qışda isə şəhərdəki 6 mənzilimdən birində oluram. Bu səbəbdən də məni evdə axtarmaqdansa, ən yaxşısı telefonla axtarın, mən də sizə harada olduğumu deyərəm. 

 Bu sözlərdən sonra onun üz cizgilərini görəydiniz, dəhşət idi İlahi, mən heç bir vəhşidə belə bir şey görməmişəm.

 Əgər məmləkətimizdə öz nəfsinin girovuna çevrilən belə məmurlanın və onların harın qohum-əqrabalarının sayını dəqiqləşdirsək, çöl heyvanlarının insan məkanlarına hücumlarının  səbəbləridə aydın olar.

 

Deyə bilirsiniz ki,

bunların arasında nə əlaqə var?

 

Əgər bu gün dövlət idarəçilik sistemində yüksək vəzifə tutub talançılıqla, quldurluqla (MTN generalları kimi) məşğul olan, vəzifə səlahiyyətlərindən istifadə edərək milyardları talayan nazirlər, bankirlər öz nəfslərini, mənəviyyatlarını pula, paraya qurban verirlərsə, onda çöl heyvanlarının insan məskənlərinə hücumundan niyə əndişələnirik ki?

Bu manqurdlar millətə, dövlətə, xalqa, onları həmin vəzifəyə təyin edən dövlət başçımıza xəyanət edərək, dövlətin, xalqın sərvətini talan etdikləri kimi,  bu dilsiz-ağızsız çöl heyvanlarının da yaşam ərazilərini zəbt edərək, onları bir növ yaşamaqdan belə məhrum ediblər. 

 

Bu canlılar

nə etməlidirlər?

 

Bu gün məmləkətimizdə təbiətə qarşı yaşıl soyqırım həyata keçirilir. Meşələr qırılır, bulaqlar quruyur, buradakı flora və fauna məhv edilir. Niyə, nə üçün?! Məmurlarımızın tamahının ödənişi naminə!

Nəzərə alsaq ki, ölkəmizdə çapıb, talamaq imkanı olan on min məmur və onların da hər birinin ətrafında ona yaxın olan 10 nəfər var və onların da hər biri ölkəmizin dilbər guşələrində 3-5 hektar meşə ərazilərini zəbt edərək, özününküləşdirib, onda illərlə bu ərazilərdə yaşayan çöl heyvanları hara getsinlər?

Açığını demək lazımdır ki, bu gün ölkəmizidə insanları çöl heyvanlarından yox, çöl heyvanlarını insanlardan (daha doğrusu, məmurlardan) qorumaq lazımdır. Bu sahədə əsl xaos hökm sürür.

Son illər məndə belə bir fikir formalaşıb ki, ölkəmizdə canlı təbiətin qorunması istiqamətində cəmi bir neçə insan düşünür- dövlətimizin başçısı, möhtərəm prezidentimiz İlham Əliyev, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla xanım Əliyeva, bir də ki, keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov. Hüseyn Bağırov bəlkə də, yeganə məmur idi ki, ölkəmizin təbiətinə biganə deyildi. Lakin çox təəssüflər olsun ki, onun da ölkəmizdə gündən-günə güclənən təbiət düşmənlərinə gücü çatmadı və döyüş meydanından çəkilmək zorunda qaldı. Yerini daha gənc, daha enerjili Muxtar Babayevə verdi. İnanmaq istərdik ki, yeni nazir ölkəmizin təbii sərvətlərinin qorunmasına ən azından dövlətimizin başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva qədər can yandıracaq, bu istiqamətdə bütün bacarığını səfərbər edəcək. 

 

"Nə gözəl yaraşır

Muğana ceyran"

 

Burada bir məsələni də xüsusi qeyd etmək istəyirm ki, bəzi məmurlar o dərəcədə harınlayıblar ki, dövlət baçılarımızın, eləcə də Heydər Əliyev Fondunun ölkəmizin flora və faunasının qorunması və artırılması istiqamətində görülən işlərə belə, barmaq uzatmaqdan çəkinmirlər.

Bildiyiniz kimi, dövlət rəhbərliyinin təşəbbüsü ilə Mil-Muğan düzündə və Qobustan ərazisində ceyranların populyasiyasının artırılması məqsədi ilə xüsusi bir layihə həyata keçirilir. Görün nə dərəcədə acınacaqlı haldır ki, hətta həmin hevanların belə ovuna çıxan harınlar tapılır bu məmləkətdə.

Bu yazını yazmaqda məqsədim kimlərisə ittiham etmək deyil. Heyvanları müdafiə etmək də, mənə düşməz zatən. Ancaq nə etməli ki, haqsızlığa göz yummaq da mənlik deyil. O dilsiz, ağızsız hevanların heç bir suçu olmadığı halda ittiham olunmaları ilə də razılaşa bilmərəm.

Yenə də qayıdıram kəndimizə. Son zamanlar bizim kəndimizdə də, canavar, tülkü-çaqqal yaman çoxalıb.

Heç kimin xətrinə dəyməsin, açıq demək zorundayam ki, bu heyvanlar heç də iki ayaqlı canavarlardan, tülkülərdən, çaqqallardan təhlükəli deyilllər, tam əksinə, inanın mənə!

Onlar da Allahın onlara bəxş etdiyi yerlərdə yaşamaq istəyirlər.

Əslində, bu heyvanlar insan məskənlərinə deyil, insanlar onların yaşadıqları yerlərə təcəvüz ediblər. Onlar sadəcə, öz məkanların qorumağa çalışırlar.

O ki qaldı, bu heyvanların hücumuna məruz qalan insanlara, əgər sən icazəsiz kiminsə həyətinə girirsənsə, ən azından ehtiyatlı olmalısan.

Çayın o üzündə yaşayan heyvanlar bu üzə keçmədilər. İnsanlar o üzə keçdilərsə, bu o deməkdir ki, təcavüzkar insandır, heyvan deyil.

Gəlin bir qədər düşünək. Bir ağacı əkilb boya-başa çatdırmağa bir insan ömrü yetmirsə, bizə kim haqq verir ki, onu öz nəfsimizin qurbanına çevirək.  Həyatında bir ağac belə əkib becərməyən birisi, onlarla, yüzlərlə ağacı qırırsa, sabah Allah qarşısında necə cavab verəcək?

Gözünüzü pul, sərvət, mal-dövlət elə tutub ki, hətta qanunları belə, satlıq əmlaka çevirmisiniz, haramxoşunuz olsun! Barı Allahdan qorxun, onun hüzurunda malın-dövlətin heç bir dəyəri yoxdur.

Heç görmüsünüz ki, kimsə gedəndə bu dünyada yığıb, yağmaladığından nə isə aparsın?

Belədirsə, bu qədər var -dövlət, sərvət toplamağın nə mənası var?

Sözün açığı bunu heç zaman anlamamışam, bu gün də anlamıram. Sizdə bir düşünün cənablar, düşünün! 

 Yusif Seyid

0.14921379089355