Ədalət vicdanın şəhadətidir

 

Məqalə ədalətli qələmlərilə ədaləti

təbliğ edən “Ədalət”çilərə ithaf edilir...

 

Ədalət haqlıya haqqını vermə, hər bir işdə haqqı müdafiə etmə, ifrat və təfritə varmadan orta yol tutmaq deməkdir. Zülmün ziddi olan ədalət, öz mülkində azad və sərbəst, qanun qarşısında məsuliyyət və bərabərlikdir. Bu dəyər həm də saleh insanların elm və əməllərində etbarlılıq və rahatlıq mərtəbəsidir. «Allah qarşısında sabitqədəm və ədalətli olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etditklərinizdən xəbərdardır» (Məidə, 8)

Bu dəyər Allahın Əl-Ədl sifətinin təcəllisi olub, Onun mütləq və şəriksiz ədalətinin simvoludur. Həmin sifətdən bəhrələnən bəndə ədaləti isə, hər kəsin haqqını vermə, hər şeyi ağıl və məntiqlə, hikmət və məsləhətlə görmək deməkdir. Allah adildir. O, zülmü və zalımları sevmədiyi üçün pis işləri hökm etməz. O, mütləq ədalətli hakimdir. Və günahkara işlədiyi suça görə cəzasını, günahsıza da öz haqqını vaxtında verir. Elə bu baxımdan dünyəvi, hüquqi, demokratik dövlətin ədalət məhkəməsinin simvolu gözləri bağlı, bir əlində gücün rəmzi kimi xəncəri, digər əlində isə ədalətin (haqqın) rəmzi kimi tərəzini tutan Femida – ədalət ilahəsidir. Ədalət imandandır prinsipinə xüsusi əhəmiyyət verən Məhəmməd (ə) buyurub: "Bir gün ədalətlə iş görmək (idarə etmək), 60 ilin ibadətindən üstündür".

Həz. Əli buyurub: «İman dörd dirək üstündə dayanır: səbir, yəqin, cihad və ədalət». Həz. Ömər isə ədaləti mülkün təməli hesab edib.

Ədalət üç növdür: a) Allaha qulluq etmək, yəni hər insanın Yaradanına olan borcu. Belə ki, yaxşı işlər görüb, pis işlərdən əl çəkmək bu borclardan biridir; b) dünyasını dəyişən insanların haqqını vermək, yəni onların maddi və mənəvi borclarını qaytarmaq, vəsiyyətlərini yerinə yetirmək, qoyub getdikləri yetimlərin mallarına xəyanət etməmək və s. Sonuncu tələb barədə Rəbbimiz buyurub: “Özlərindən sonra (aciz və) zəif övladlar qoyub gedəsi olan şəxslər, onlardan ötəri necə qorxurlarsa, (yetimlərdən ötrü də) o cür qorxsunlar! Və buna görə də onlar Allahın qəzəbindən çəkinərək sözün doğrusunu danışsınlar. Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək...” (Nisə 9,10) v) diri insanların haqlarını ödəmək. Yeri gəlmişkən, bəndənin Allah haqlarına qarşı etinasızlığını Rəbbin bağışlaması istisna edilmir. Çünki burada haşə, tapdalanan haqq Allaha aid olduğu üçün, bu haqqı Allah bağışlaya bilər. Fəqət bir bəndənin digərinə və xüsusən müəyyən cəmiyyət və xalqa zülm və ədalətsizliyini Allah heç vaxt bağışlamır. Bağışlama, əfv o vaxt mümkündür ki, ədalətsizliyə məruz qalanlar tapdalanan haqlarını zalıma bağışlasınlar. Fəqət bu postulat özü mütləq ədalət prinsipinə zidd olduğu üçün, ədalətsizliyi özünə adət edən zalımları Rəbbin bağışlama ehtimalı da dəvənin iynə deşiyindən keçməsi kimidir.

Peyğəmbərimiz (ə) buyurub: «Ədalət naminə alçalmaq, günah işlər görüb ucalmaqdan yaxşıdır. Belə alçalmaq həqiqi ucalığa daha yaxındır» Təsadüfi deyil ki, 1789-cu il Böyük Fransa İnqilabının ideoloji rəhbərlərindən biri olan Lafeyt məşhur «İnsan Haqları Bəyannaməsin»ni hazırlayarkən bütün hüquq sistemlərini tədqiq etdikdən sonra, İslam hüququndakı ədalətin üstünlyünü görüb belə dedi: «Ey Məhəmməd, ədaləti həyata keçirmək sayəsində sənin çatdığın zirvə nə qədər bənzərsiz və möhtəşəmdir!».

Həz. Əli isə: «Ədalət insafdandır; ədalət azadlıq və asudəlikdir; günaha bataraq üstünlük qazanan, üstünlük əldə etmir. O, şərlə ucalan zəlalətə düşür; insanlarla elə rəftar edin ki, öləndə sizə ağlayan, sağlığınızda isə sizi sevən olsun» deyib.

Həz. Əliyə görə, «ədalət anlayış və bilikdə dərin olmaq, aydın hökmlə qərar vermək və elmə söykənməkdən ibarətdir». Lakin həm Peyğəmbər (ə), həm də həz. Əli, haqq və ədalətin bərqərarı üçün zəhmət və mərhumiyyətlərə qatlaşan fədakarlığı da xüsusilə qeyd ediblər. Belə ki, Peyğəmbər (ə) buyurub: «Sizdən əvvəlkilər ona görə məhv oldular ki, özlərindən böyüklər oğurluq və zülm edəndə, onları cəzasız buraxdılar, özlərindən zəiflər oğurluq edəndə isə cəza verdilər». Həz. Əli isə deyib: «Bir yerdə ki, zəif qorxub çəkilərək dili dolaşa-dolaşa bir söz söyləməyə çalışa, amma qüvvətlidən öz haqqını ala bilməyə, o zümrə nə təmizə çatar, nə də xoşbəxtliyə qovuşar».

Ədalət anlayışı güc aparatı olan dövlət haqqında təsəvvürlə daha sıx əlaqəlidir. Həmin səbəbdən ədalətin meyarı olan hüquq, ictimai-siyasi həyatın nizamlayıcı normasıdır. Lakin qanunlar Allah əmrlərinə, Peybəmbər (ə) kəlamlarına söykəndiyi vaxt ədalətli olur. Herakl tələb edirdi ki, «Xalq öz doğma divarları uğrunda döyüşdüyü kimi, ədalətli qanunlar uğrunda da döyüşməlidir». Platon israr edirdi ki, «dövlət ədalətli qanunlar olan yerdə mövcud ola bilər. Ədalətli qanunlar isə dövlət və xalqın marağına uyğun qanunlardır». C.Lokk isə «qanun olmayan yerdə azadlıq ola bilməz» deyirdi. Fəqət ədaləti bərqərar etməyə qüvvə lazımdır. O da «qanun şahdır» prinsipilə işləyən ədalətli dövlət və onu idarə edənlərdir. Platon demişkən: «Qüvvətsiz ədalət aciz, ədalətsiz qüvvə isə zalım olur».

Məmurlarla xalq arasındakı bu münasibəti ümumiləşdirən həz. Əli yazıb: «Xalq buyruq sahiblərinin düzgün olmaları ilə intizama gələr. Buyruq sahibi də ancaq buyruğa əməl edənlərin doğruluğu ilə ucalar, qurtuluşa çatar. Xalq ona əmr edəndən haqqını tələb edərsə, əmr edən də tabeliyindəkilərə haqlarını verərsə, onların arasında həqiqət üstün olar. Onda din yolları düzələr, ədalət öz yerini tapar, dövlət qüvvətlənər, düşmənlərin ümidləri puça çıxar». Əks təqdirdə isə, yəni «məhkəmənin köməyinə müraciət mümkün olmayan yerdə müharibə başlayar» (H.Qrotski).

Həz. Əli təsnifatına görə, ədalətin növlərindən biri də sosial ədalətdir. Yəni hər kəsin çalışıb, bilik və qabiliyyəti, gördüyü iş müqabilində haqqını alması, heç kimin istismar edilməməsidir. Sosial ədalət sosial bərabərlik deyil. Bir sinifdə oxuyan şagirdlərin bilik səviyyələri müxtəlif olduğu kimi, hər kəsin eyni gəlirə sahib olması da ədalət yox, ədalətsizlikdir. Mütləq bərabərlik nə təbiətdə, nə də cəmiyyətdə var. Bununla yanaşı, İslam cəmiyyətin əksər hissəsini bərabərsizliyə, yoxsulluğa və səfalətə məruz qoyan «sən qazan mən yeyim» prinsipini haram hesab edir; dövlət məmurlarının tabeliyində olanlarla alış-verişini xəyanət adlandırır. İslam xalqın müəyyən təbəqəsinin məmurlara yaltaqlıq və məddahlığını da qəbul etmir. Haqq tərəzisinin ədalət tərəfini yüngülləşdirənlər üçün ümumiləşmə aparan Peyğəmbər (ə) buyurub: «Xalqa başçılıq edənlərin itaətində olanlarla alış-verişə girişməsi öz işinə xəyanət deməkdir»; «Təəssüflər olsun o icmaya ki, başçıları səhv bir şey deyəndə belə, «İlahi nə düzgün buyurur!» deyə, onun sözlərinə haqq qazandırır»; «Bir əmirin hədiyyə alması haram, hakimin rüşvət alması isə kafirlikdir». Göründüyü kimi, əqidə və əməli pozğun, həqiqətdən məhrum, Allah və Qanuna hörmətin qazanc mənbəyi olduğunu iş prinsipinə çevirən başabəla məmurlar heç vaxt ədalətli ola bilməzlər. Dövlətçiliyimizin təməl prinsiplərini baltalayan münkir məmurlar Allahı qafil sayaraq cəzasız qalacaqlarını düşünsələr belə, fəqət Rəbbimiz nazil etdiyi kitablarında bunun tam əksini buyurur: “Allahı zalımların etdikləri əməllərdən əsla qafil sayma! (Allah) onların cəzasını yubadıb elə bir günə saxlayar ki, həmin gün gözləri hədəqəsindən çıxar” (İbrahim 42); «Fəqət onlar Allahın qəzəb və hökmünün izharı günündə sərtlik və tövbəetməz ürəklərinə görə özləri üçün qəzəb toplayanlardır» (İncil).

Əksinə, idarəçilikdə məsul olan başçı və məmurlar üçün ədalətli qərarlar vermək və halal yaşamaq onları daimi yaşadan dəyərlərdən biridir. Təsadüfi deyil ki, hələ XIII əsrdə Azərbaycan filosofu Siracəddin Urməvi deyirdi: «Ədalət ictimai mahiyyət daşıyır. Elə ona görə də, başçının ömrü onun ədaləti ilə ölçülür».

1453-cü ildə Konstantinopolu fəth edib onu İstanbul (yun. İstinpolis – şəhərə gedirəm) adlandıran Sultan Məhəmməd Fateh, öz vəzifəsini vicdanla yerinə yetirməyən bir xristian memarının əlini kəsdirdi. Memar İstanbul qazisi Xızır bəyə Sultandan şikayət etdi. Qazi Sultanın dostu idi və onun tərəfindən qaziliyə təyin edilmişdi. Qazi Sultanı adi bir vətəndaş kimi məhkəməyə çağırıb dedi: «Murad oğlu Məhəmməd, filan vaxt məhkəməyə gəl». Məhkəmə qaydasına görə, ifadə verənlər ayaq üstə durmalı idilər. Sultanın əyləşdiyini görən qazi ona belə müraciət etdi: «Məhkəmə qarşısındasan, ayağa qalx!».

Məhkəmə Sultanı müqəssir, şikayətçini isə haqlı saydı. İslam qanunlarına görə, ədalətsiz əli kəsilən şəxs, qarşı tərəfin əlinin kəsilməsini tələb edə bilər. Lakin tərəflər arasında razılaşma olarsa, haqsız tərəf tələbkar şəxsə diyə də verə bilər. Qazi bu hökmə görə Sultanın əlinin kəsilməsinə qərar verdi. Sultan isə: «Hökm Allahındır,» – dedi. Bu ədaləti görən xristian: “(İntiqam almaq məqsədilə) birinə cəza verəcək olsanız, sizə nə cəza verilibsə, eynilə həmin cəzanı verin. Əgər (intiqam almayıb) səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir” (Nəhl 126) ayəsini rəhbər tutaraq dedi: «Mən öz haqqımdan keçib, diyəni qəbul edirəm».Göründüyü kimi, tarix Sultan Fatehi təkcə İstanbulun fəthinə görə deyil, həm də ədalətinə görə əbədiləşdirib.

Lakin təəssüflə qeyd edək ki, təqdir olunan belə ədalət nümunələri zülmə nisbətən çox azdır. Həmin səbəbdən bəlaların atla gəlib piyada getdiyi müasir dünyada bir tərəfdən supergüclərin ərazi və sərvətlər uğrunda bir-birilə canavar kimi didişməsi, ədalət, demokratiya, insan haqq və azadlıqları adı ilə zəif dövlətlərə təhdidi, digər tərəfdən qanunçuluğun kölgəsində və ədalət bayrağı altında çıxış edən istibdadların öz xalqına qəddarlığı, keçici olsa da, dünya düzümündə zülmü ədalətdən daha çox tanıdıb. Mən hələ Somali, Yəmən kimi ölkələrdə yaşı 18-25, görünüşcə isə 7 yaşında uşağa bənzəyən və qabırğaları rahatca sayılan, dünyadan çox şey də yox, sadəcə qara çörək və su uman insanların çəkdiyi zülmü demirəm. Bu zülmlər az imiş kimi, nəinki kişi sözünə, hətta rəsmi etibarnaməyə etibar edilməyən, valideynlərin qocalar evinə, körpələrin zibilxanaya atıldığı və sələmin halal alış-veriş olduğunu iddia edən bu dünya, ədaləti minbir əziyyətlə asfalt altından boylanan çiçək kimi nadir bir tapıntıya çevirib.

Qeyd edək ki, hazırda bəşəri III Dünya müharibəsilə təhdid edən qlobal zülm, vaxtilə şeytanın bətnində gizlətdiyi local zülmlərin bugünkü törəməsidir. Həmin səbəbdən zülüm Rəbb və Peyğəmbər (ə) kəlamlarında Allaha üsyanla eyniləşdirilib: “Bir zalımın uzun ömür sürməsi üçün dua etmək, əslində yer üzündə Allaha qarşı üsyan edilməsini istəmək, buna həvəs göstərmək deməkdir” (həz. Məhəmməd). Sözügedən Peyğəmbər (ə) kəlamını rəhbər tutaraq deyə bilərik ki, zalımın zülmünə bilavasitə və ya dolayısı ilə kömək göstərmək, ona dəstək, yaxud dil rüşvəti vermək (yaltaqlıq etmək) zalımın özü və zülmündən də pisdir. Zalımla hətta yol getmək müvəqqəti olsa belə, mahiyyətcə zülmü dəstəkləmək deməkdir. Zalım üçün dua etmək onunla həmfikir olmaq anlamını verdiyi üçün, Allahdan zülm diləmək deməkdir. Belə dualar Yaradana asilik və ilahi harmoniyaya ziddir.

“Qüvvətsiz ədalət aciz, ədalətsiz qüvvə isə zalımdır” deyimi, yalnız bəndə fəaliyyətinə şamil olunur. Doğrudur, bəşər tarixi ədalətli güc sahiblərinin olmasını inkar etmir. Fəqət həmin ərlər özləri əbədi olmadıqları kimi, qoyub getdikləri güc və ədalətlər də əbədi qalmayıb. Peyğəmbər (ə)-nin qurduğu ədalətli və güclü dövlət onun vəfatından 48 il sonra ədalətsiz zalımın –Yezidin fitnə fəsadına tuş gəlmədimi?! Deməli, əbədi və əzəli ədalət və güc sahibi yalnız Odur.

Mütləq və sonsuz hakimiyyət, mülkində ədalətli nizam və idarəetmə də Allaha məxsusdur. Kim Ona məsləhətçi olub? Yaxud kim Ona əvvəlcə bir şey verib ki, indi əvəzini istəsin? Elə isə, İlahi Fərmanda deyildiyi kimi: «Allahın hüduduna riayət et və ədalətli ol».

O ki qaldı Rəbbin Adil isminin zərrəsini özündə daşıyan bəndəyə, onun iftixarının səbəbi, vicdanının şəhadəti, qəlbinin zəkatı, ruhunun qidası, nəslinin yaşamıdır, Ədalət!

 

P.S. Haqqı demək ədalətdəndir. Fəqət hər haqqı söyləmək də hər zaman doğru deyil. Bəzən haqq, niyyəti saf olmayanların «ədaləti» üzündən faciəyə də çevrilə bilər.

 

Vaqif Cəliloğlu

Tex. elmləri üzrə fəlsəfə doktoru

0.24755001068115